Bələdiyyələr cəmiyyətdə
özlərini təsdiq ediblər
Müsahibimiz Ədliyyə Nazirliyi
Bələdiyyələrlə İş Mərkəzinin rəisi,
3 dərəcəli dövlət ədliyyə müşaviri
Mehdi Səlimzadədir
-
Mehdi müəllim, yarandığı vaxtdan bugünədək
Azərbaycanda yerli özünüidarəetmə orqanlarının
fəaliyyətini ümumi şəkildə necə xarakterizə
etmək mümkündür?
- 12 ildən artıq bir dövrdür ki, respublikamızda bələdiyyələr fəaliyyət göstərir. Məlumdur ki, bu təsisat ilk milli Konstitusiyamız əsasında yaranıb. Bələdiyyələrin yaradılması prosesi isə bu sahədə qanunvericiliyin formalaşması ilə başladı. Bələdiyyələrin fəaliyyətini əgər onilliklər mərhələsi kimi xarakterizə etsək, artıq birinci mərhələnin başa çatdığını və ikinci mərhələnin başlandığını deyə bilərik. Bu dövr ərzində ilk dəfə olaraq bələdiyyələr təşkilati-struktur nöqteyi nəzərindən demək olar ki, formalaşıblar. İkincisi, bələdiyyələr yerli özünüidarə sahəsində bir idarəçilik təcrübəsi əldə ediblər. Yəni, bu sahə üzrə əvvəllər bizdə təcrübə yox idi. İlk illlərdə işin təşkilində, təşkilatın formalaşmasında ortaya çıxan problemlərdən biri ondan ibarət idi ki, bizim yerli özünüidarəetmə sahəsində təcrübəmiz yox idi. Amma bu o demək deyil ki, Azərbaycanda yerli özünüidarəetmə ənənəsi olmayıb.
Tarixə nəzər salsaq, görərik ki, sovet dövrünə qədər Azərbaycanda bu sistem mövcud olub. 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərindən götürsək, Rusiyada bolşevik inqilabına qədər Azərbaycanda bir nümunəni gətirmək istəyirəm ki, 1905-11-ci illərdə Bakı meriyası yaradılıb. 1905-ci ildən 1907-ci ilə qədər olan dövrdə Bakı meriyasında bələdiyyələrin üzvlüyündə ədalətsizliyə yol verilib. Çünki azərbaycanlıların sayı çox az olub, digər millətlərin nümayəndələri isə çoxluq təşkil edib. Buna etiraz edən azərbaycanlı ziyalılar növbəti mərhələdə -1907-ci ildən 1917-ci il inqilabına qədərki dövrdə Bakı meriyasında təmsilçiliyin artırılmasına nail olublar. Bu dövrdə üzvlərinin 57 faizi azərbaycanlı olmaqla Bakı bələdiyyəsi fəaliyyət göstərib. Hətta seçki dövründə çalışıblar ki, bələdiyyədə peşəkarlar təmsil olunsun. Həmin dövrdə azərbaycanlı iş adamı, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev də meriyanın üzvü olub. O zaman, bələdiyyənin maliyyə mənbələri, vergi rüsumları, mülkiyəti və s. olub. Bu tarixi fakt sübut edir ki, dövlətçilik tariximizdə yerli özünüidarəetmə təsisatı olub. Yəni, bu sahədə təcrübə var, milli ənənəmiz tarixən mövcuddur. Amma indiki sistem üzrə təcrübə olmayıb. Sovet sistemi isə əvəlki təcrübəni bizə unutdurub. Ona görə də, həmin təcrübədən lazımi səviyyədə bəhrələnə bilmirik.
Bələdiyyələrin yaradıldığı ilk vaxtlarda müəyyən çətinliklər oldu. Bunu inkar etmək olmaz. Çünki biz bu sahədə təcrübəsiz idik. Dövlət bu təsisatın formalaşmasında məsuliyyət daşıyırdı və bu yöndə əhəmiyyətli addımlar atıldı. Əks-mərkəzləşmənin mahiyyəti odur ki, ölkədə səmərəli yerli özünüidarə sistemi formalaşmalıdır. Yaradılan bu sistem ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf proqramına şərait yaratmalıdır. Bu sistemin bir məqsədi də dövlətin yerdə dayanıqlığını və yerli demokratiyanın inkişafını təmin etməkdir.
Eyni zamanda, hüquqi tənzimləmə məsələsi ortaya çıxırdı. Bu baxımdan, Ədliyyə Nazirliyinin nəzdində Bələdiyyələrlə İş Mərkəzinin yaradılması əhəmiyyətli oldu. Çünki, Ədliyyə Nazirliyi ölkədə hüquqi tənzimləməni həyata keçirən dövlət orqanıdır.
Ümumilikdə isə, ötən dövrdə bələdiyyələr təşkilati-struktur olaraq formalaşdılar və idarəetmə təcrübəsi əldə etdilər.
- Bəs bu dövrdə əldə edilən nəticələri necə qiymətləndirmək olar?
- Yeni
yaradılan bu sistemin formalaşması özünütəsdiqin
bir formasıdır. Nəzəri baxımdan ola
bilərdi ki, bələdiyyələrin formalaşma prosesi
getməsin, onlar iflasa uğrasınlar. Amma Azərbaycanda
bələdiyyələr özlərini təsdiq ediblər və
onlar işləyirlər. Bu gün bələdiyyələrin
dövlət orqanları ilə qarşılıqlı
münasibətlərinin tənzimlənməsində də
müəyyən irəliləyişlər var. Eyni zamanda, vətəndaşlarla
münasibətlərin qurulması da əhəmiyyətlidir.
Çünki bələdiyyələr vətəndaşlara
xidmət edən yerli idarəetmə orqanıdır, vətəndaşlar
qarşısında məsuliyyət daşıyırlar.
Bu mənada müəyyən işlər
görülüb, təcrübə əldə olunub.
Keçən dövr ərzində bələdiyyələr
ölkəmizin sosial-iqtisadi inkişaf proqramlarında da fəal
iştirak ediblər. Ölkəmizdə abadlıq-quruculuq
işləri genişlənir və bu işlərdə bələdiyyələrin
iştirakını da qeyd etməliyik. Bütövlükdə
deyə bilərik ki, özünüidarə orqanı kimi bələdiyyələr
özlərini təsdiq ediblər, müəyyən işlər
görüblər. Buna baxmayaraq, əks-mərkəzləşmənin
məqsədi odur ki, bələdiyyələrdə səmərəli
strukturlaşma olmalıdır, amma bu səmərəlilikdən
hələ dolğun şəkildə danışmaq
mümkün deyil. Təəssüf ki,
keçən dövr ərzində səmərəli yerli
özünüidarəetmə sistemi haqqında
danışmaq çətindir. Bunun səbəbləri
var.
- Bu səbəblər
nədən ibarətdir?
-
Birincisi, dövlət orqanları ilə bələdiyyələrin
arasında qarşılıqlı münasibətlərin tənzimlənməsində
müəyyən problemlər var. Bu problemlər imkan vermir ki,
bələdiyyələr səmərəli fəaliyyət
göstərsin. Problemlər özünü nədə
göstərir? İlk növbədə, təşkilati-struktur
işlərində, maliyyə-iqtisadi məsələlərində
problemlər var. Bu sahədə mövcud olan problemləri
aradan qaldıra bilsək, onda bələdiyyələrin
işində böyük dönüş yarana bilər.
Hazırda bununla əlaqədar müvafiq tədbirlər
görülür. Təşkilati-hüquqi
məsələnin tənzimlənməsində mövcüd
olan problemlərin aradan qaldırılmasında ən vacib məsələ
qanunvericiliyin mütəmadi olaraq təkmilləşdirilməsi
prosesidir. Hamıya məlumdur ki, ölkədə
qanunvericiliyin təkmillşədirilməsi prosesi gedir. O
cümlədən, bələdiyyələr haqqında
qanunlar da bu prosesdən kənarda qalmır. Hüquqi
təminat məsələsi də olsa, qeyd etdiyim problemlər
aradan qalxmış olar.
Bələdiyyələrin işinə maneçilik
törədən amillər aradan qaldırılmaqdadır. Maliyyə-iqtisadi
məsələsi də mütləq həllini
tapmalıdır. Çünki bələdiyyələrin
səlahiyyətləri çərçivəsində öz
işlərini görmək üçün maliyyə
imkanları uyğun gəlmir. 2012-ci ilin
yekununa görə, bələdiyyələrin 35 milyon manat gəliri
olub. Əgər biz bunu 1718 bələdiyyə
arasında bölmüş olsaq, hər ay bir bələdiyyəyə
təxminən 1500 manat pul düşür. Müəyyən əraziləri əhatə edən
bələdiyyələrə səlahiyyətləri ilə
müqayisədə 1500 manat imkan verirmi ki, bu işləri həyata
keçirsin? Əlbəttə ki, yox.
Bələdiyyələrin özləri
alternativ, yeni maliyyə mənbələri
axtarmalıdırlar ki, maliyyə imkanlarını artıra
bilsinlər. Bələdiyyə sədri
hesab edir ki, dövlət vəsait ayıracaq və o da həmin
vəsaiti xərcləyib işlərini görəcək.
Amma belə olmamalıdır. Bələdiyyə özünün gəlir mənbələrindən
əlavə yeni axtarışlarda olmalıdır. Eyni
zamanda, problemlərdən biri də budur ki, bələdiyyə
vəsaitlərinin düzgün xərclənməməsi
halları var. Həmin vəsaitlər yeni iş yerlərinin açılmasına
və s. xərclənməli idi. Amma yerli
özünüidarə orqanları bunu etmədilər.
Bu gün bələdiyyələr yeni layihələr
işləyib hazırlamalı, həmin layihələrin
icrasına dəstək vermək üçün dövlətə
müraciət etməlidirlər. Azərbaycan bu gün
investisiya yatıran dövlətə çevrilib. Ölkəmiz həm daxilə, həm də xaricə
investisiya yatırır. Bələdiyyələr
də ölkəmizdə investorlar axtarıb tapmalı,
onların imkanlarından istifadə etməlidirlər. Lakin bu təşəbbüslər hələ ki,
yoxdur. Bunun üçün QHT-lər,
assosiasiyalar layihələr hazırlayıb, bələdiyylərə
kömək etməlidirlər.
- Mehdi
müəllim, Azərbaycan bələdiyyələrinin beynəlxalq
əməkdaşlığı hansı səviyyədədir?
Beynəlxalq təcrübənin öyrənilməsi
baxımından, bu əməkdaşlığın əhəmiyyətini
necə qiymətləndirirsiniz?
- Azərbaycan Avropa Şurasına üzv olan dövlətdir. AŞ-nin nəzdində
Yerli və Regional Hakimiyyətlər Konqresi fəalliyət
göstərir. Bu qurum üzv dövlətlərin bələdiyyələrinin
inkişafı ilə bağlı həm təcrübə
mübadiləsinin aparılması, həm maarifləndirici tədbirlərin
görülməsi, tövsiyələrin verilməsi, müəyyən
qanun layihələri hazırlanarkən ona rəylərin
verilməsi və s. məşğul olur. Eyni
zamanda, beynəlxalq təcrübənin öyrənilməsinə
də dəstək verirlər. Bələdiyyələrimizin
nümayəndələri mütəmadi olaraq AŞ dövlətlərinin
təşkil etdikləri beynəlxalq konfranslarda, seminarlarda
iştirak edirlər. Əlbəttə, bu
tədbirlərdə bələdiyyələrlə
bağlı mövzular müzakirə olunur. Eyni zamanda, hər dövlətdən gələn
nümayəndələr öz dövlətlərinin bələdiyyə
işlərinin təqdimatını aparırlar. Yəni təcrübə mübadiləsi AŞ-nin xətti
ilə həyata keçirilir.
Eyni
zamanda, Türkiyə bələdiyyələri ilə sıx əlaqələrimiz
var. Bildiyiniz kimi, Türkiyədə bələdiyyələrin
bir çox birlikləri var. Amma 2003-cü ildən Türkdilli
Dövlətlərin Bələdiyyə Birliyi fəaliyyət
göstərir. Bu birliyə artıq 21 ölkə
qoşulub ki, onalırn hamısı türkdilli ölkə
deyil. Mən təşkilatın idarə heyətinin
üzvüyəm və ötən il
qurumun həmsədri seçilmişəm. Azərbaycanın
400-dən çox bələdiyyəsi bu təşkilata
üzvdür. Bu yaxınlarda birliyin hesabat
yığıncağından qayıtmışam.
Keçən
il Türkiyənin Kocaeli şəhərində
təcrübə mübadiləsi məqsədi daşıyan
seminarlar təşkil olundu. Türkiyənin
mütəxəssisləri bu seminarlarda bizim bələdiyyə
nümayəndələrinə mühazirələr oxuyublar.
Milli Məclisə təqdim etdiyimiz illik hesabatda da bu
faktları vurğulamışıq və millət vəkilləri
bu sahədə görülən işləri təqdirəlayiq
hesab edərək, prosesin davamlı olmasını tövsiyə
ediblər.
2013-cü
ilin iş planında da bu tədbirləri davam etdirmək nəzərdə
tutulur. Belə tədbirlərin bütün
türkdilli dövlətlərdə, o cümlədən Şimali
Kiprdə də keçirilməsi nəzərdə tutulub.
Yəni beynəlxalq sahədə əməkdaşlıq
davam etdirilir və müsbət nəticələr verir.
- Bələdiyyələrə
inzibati nəzarət hansı formada həyata keçirilir?
- İşin səmərəli təşkil olunması
üçün bələdiyyələrin fəaliyyətinə
nəzarət dövlət tərəfindən həyata
keçirilir.
Bu, beynəlxalq təcrübədə də
mövcuddur. Həm Konstitusiyamızda, həm Avropa
Xartiyasında, eləcə də bələdiyyələrin
statusu haqqında qanunda bələdiyyələrə inzibati nəzarətin
həyata keçirilməsi nəzərdə tutulur. 2003-cü ildə isə bələdiyyələrə
inzibati nəzarət haqqında qanun qəbul olunub və
2004-cü ildən bu qanun tətbiq olunur. Bu
qanunun icrası Ədliyyə Nazrliyinə, o cümlədən
Bələdiyyələrlə İş Mərkəzinə həvalə
olunub. Əlbəttə ki, yerli
özünüidarə orqanlarına inzibati nəzarət əhəmiyyətlidir.
Bələdiyyələr qəbul etdiyi qərarları
15 gün müddətində Mərkəzə təqdim edirlər. Əvvəlki
illərdə bələdiyyə sədrləri bu işə
bir qədər ciddi yanaşmırdılar. Müvafiq sənədləri bizə göndərməyən
800-ə qədər bələdiyyə sədrini inzibati məsuliyyətə
cəlb etmişik. Amma ildən-ilə bu
göstərici aşağı düşür.
Keçən il 52 mindən çox bələdiyyə
aktı Mərkəzə təqdim olunmuşdu. Bu,
çox böyük göstəricidir və ildən - ilə
artır. Bunların içərisində
biz1500-dək bələdiyyə aktının qanunvericiliyə
uyğun olmadığını müəyyən etdik. Yəni 52 min aktdan 1500-ü qanunauyğun deyildi.
İnzibati nəzarətin tətbiqinin müsbət
nəticəsidir ki, bələdiyyələr öz işlərini
təkmilləşdirirlər, nöqsanları aradan
qaldırırlar. Nöqsanlar da getdikcə
azalır.
Bununla yanaşı bələdiyylərin fəaliyyətinə
maneçilik törədən məqamlar var ki, bu da özlərinin
yol verdiyi qanunsuzluqlardır. Bu qanunsuzluqların
aradan qaldırılması üçün müvafiq işlər
görülür. Müxtəlif mənbələrdən
bizə daxil olan müraciətlərdə, həm aktlara
baxılarkən qanunsuzluğa rast gəlirik. Araşdırmalar nəticəsində ciddi
qanunsuzluqlar aşkar olunduqda mütləq onun hüquqi qiymətləndirilməsi
məsələsi gündəmə gəlir. Belə materialları Respublika Prokurorluğuna
göndəririk. Ötən il biz 28
fakt üzrə prokurorluğa müraciət etdik. Ümumilikdə isə, bələdiyyələrə
inzibati nəzarət yaxşı nəticələr verir.
- Bəs
bələdiyyələrin maarifləndirilməsi işi ilə
bağlı nə deyə bilərsiniz?
- Ədliyyə Nazirliyinin Bələdiyyələrlə
İş Mərkəzinin inzibati nəzarətlə
yanaşı vacib işlərindən biri də bələdiyyələrin
maarifləndirilməsi məsələsidir. Bu çərçivədə
qanunvericilik izah olunur, seminarlar keçirilir, tövsiyə
xarakterli məktublar göndərilir, metodik vəsaitlər
işlənib hazırlanır, eyni zamanda, kurslar təşkil
olunur. Keçən il bu işlər
görülüb və bu gün də davam etməkdədir. Fevral ayında biz bələdiyyələrin
respublika toplantısını keçirdik.
Eyni zamanda, bələdiyyə üzvlərinə Ədliyyə
Akademiyasında və Azərbaycan Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasında tədris kursu təşkil
olunur. Bundan əlavə, nazirliyin mətbu orqanları var
ki, onların səhifələrində bu yöndə təşviqat
xarakterli materiallar dərc olunur. Bələdiyyə
üzvləri arasında YAP üzvlərinin çoxluq təşkil
etdiyini nəzərə alsaq, belə maarifləndirmə
tşlərinin partiyanın mətbu orqanlarında da
aparılması bizim işimizə çox yaxşı dəstək
olardı.
- Mehdi
müəllim, siz həmçinin, YAP-ın yaranması
prosesində iştirak etmisiniz. İndi isə
xidməti vəzifənizlə əlaqədar partiyada təmsil
olunmursunuz. Bu gün kənardan
müşahidə zamanı YAP-ın ictimai-siyasi proseslərdəki
iştirakı, inkişaf dinamikası sizdə hansı təəssuratlar
yaradır?
-
Hazırki işimlə əlaqədar, siyasi fəaliyyətdən
kənarlaşmışam. Amma əvvəllər
YAP-da təmsil olunmuşam. YAP-ın Səbail rayon təşkilatının
yaradılmasında iştirak etmişəm. Dövlətimizin
qüdrətlənməsində, əmin-amanlığın
yaranmasında, ölkəmizin beynəlxalq nüfuzunun
artmasında, ictima-siyasi fəallığın təmin
olunmasında YAP-ın xidmətləri böyükdür.
YAP müstəqil dövlətimizin qurulmasında öndə
gedən partiya olub və bu sahədə xidmətləri əvəzsizdir.
Sevinirəm ki, bu gün YAP inkişaf edir, beynəlxalq
əlaqələri genişlənir.
Uğurlarla yanaşı bu gün partiyanın
qarşısına ciddi məsələlər də durur. Təşkilatlanma
prosesi mütəmadi davam etməlidir. Xüsusilə,
qarşıdan gələn prezident seçkilərində
YAP-ın üzərinə böyük vəzifə
düşür və inanıram ki. partiyamız
bu vəzifəni layiqincə yerinə yetirəcəkdir.
Mən
siyasi fəaliyyətlə məşğul oldum-olmadım,bizim də üzərimizə vəzifələr
düşür. Birincisi, Azərbaycan dövlətçiliyini
qoruyub saxlamaq və onun möhkəmləndirilməsində
siyasi fəallığımızı artırmalıyıq.
Bu, hər bir partiya üzvünün üzərinə
düşən vəzifədir. Partiyanın
ideoloji xəttini, dövlətimizin nailiyyətlərini təbliğ
etməliyik. Çünki özünü
müxalifət elan edənlər əslində müxalifətçiliklə
yox, düşmənçiliklə, Azərbaycan dövlətçiliyinə
qarşı mübarizə ilə məşğuldurlar.
Onlar Azərbaycan dövlətçiliyinə
qarşı çıxır, insanları
çaşdırmağa çalışırlar. Belələrinə qarşı mübarizə
aparmaq və insanlara reallığı izah etmək
lazımdır. Dünyada hansı dövlətin
prezidenti hər həftə ölkənin müxtəlif
bölgələrinə səfərlərə
çıxır? Yeganə dövlət
başçısıdır ki, Prezident İlham Əliyev hər
ay regionlara gedir, yeni obeyktlər açır, təməllər
qoyur. Ölkəmizin hər bir vətəndaşı
təbliğat işində fəal olmalıdır. Bu fəallığın artırılmasında
YAP-ın üzərinə vəzifələr
düşür. Əlbəttə, partiya
bu işləri həyata keçirir və bunu daha çox
artırmaq üçün potensiala malikdir. Bu yolda YAP üzvlərinə uğurlar
arzulayıram.
yap.org.az
Səs.- 2013.- 14
mart.- S.7.