Azərbaycanın
Yaxın və Orta Şərq ölkələrilə (Birləşmiş
Ərəb Əmirlikləri, İraq) əməkdaşlığı
Ərəb dünyasının ən zəngin ölkələrindən biri olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İKT-nin və digər beynəlxalq təşkilatlarının toplantılarında daim birmənalı mövqe tutmuş, Azərbaycanın haqq işini müdafiə etmişdir. BƏƏ ölkəmizlə 1992-ci il sentyabrın 1-də diplomatik münasibətlər qurmuşdur. İki ölkə prezidentlərinin ilk görüşü 1994-cü ilin dekabrında Kasablankada olmuşdur. Görüşdə Azərbaycan Prezidenti Heydər Əliyev və BƏƏ prezidenti Şeyx Zahid ibn Sultan ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi, Azərbaycana siyasi dəstək verilməsi, qaçqın və məcburi köçkünlərə humanitar yardım gostərilməsi və s. məsələləri müzakirə etmişlər. 1996-cı ilin avqustunda BƏƏ humanitar yardım kimi Azərbaycana 300 tona yaxın müxtəlif növ qida məhsulları göndərmişdir.
1997-ci ilin iyununda BƏƏ Dövlət Mülki Aviasiya Departamenti prezidentinin Azərbaycana səfəri zamanı Dubay-Bakı hava xəttinin açılışı olmuşdur. Hava xəttinin açılması iki ölkə arasında ticarət əlaqələrinin genişlənməsinə şərait yaratmışdır. Belə ki, 1997-ci ildə Azərbaycanla BƏƏ arasında mal dövriyyəsi 42,9 mln. ABŞ dolları təşkil etdiyi halda, 1998-ci ildə 48,6 mln. dollara çatmışdır. 1990-cı illərdə BƏƏ-dən əsasən qida məhsulları, tikinti materialları, avtomobillər, hesablama maşınları idxal olunduğu halda, Azərbaycandan ixrac olunan mallar arasında mis tullantıları, alüminium, maşın avadanlıqları, maqnit lentləri və s. üstünlük təşkil etmişdir.
Azərbaycan hökuməti bir sıra sosial-iqtisadi layihələrin həyata keçirilməsi işinin BƏƏ-nin müxtəlif maliyyə institutları ilə fəal iş aparır. Hələ 1996-cı ildə Əbu-Dabi İnkişaf Fondu "Bakı dairəvi avtomobil yolunun yenidən qurulması" layihəsinin reallaşdırılması üçün Azərbaycana 10 mln. ABŞ dolları məbləğində kreditin ayrılması barədə qərar qəbul etmişdi. 2004-cü ilin martında Azərbaycan hökuməti ilə fond arasında həmin layihənin maliyyələşdirilməsinə dair borc sazişi imzalanmışdır.
2004-cü ilin aprelində ərəb ölkələri arasında ilk dəfə olaraq, BƏƏ-də Azərbaycan Mədəniyyəti Günləri keçirilmişdir. Tədbirdə iştirak etmək üçün mədəniyyət naziri P. Bülbüloğlu başda olmaqla, 62 nəfərdən ibarət nümayəndə heyəti Əbu-Dabiyə gəlmişdir. Mədəniyyət günləri çərçivəsində Əbu-Dabi Mədəniy-ət Fondunun salonlarında Azərbaycanın incəsənət ustalarının iştirakı ilə konsert proqramları, habelə, qədim xalçalardan, paltarlardan, musiqi alətlərindən və müasir rəssamların əsərlərindən ibarət sərgilər təşkil olunmuşdur. Bu tədbirlər BƏƏ-də böyük rezonans doğurmuş, Əbu-Dabidə yaşayan yerli və xarici vətəndaşların dərin marağına səbəb olmuş, kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır.
İki ölkə arasındakı münasibətləri genişləndirmək məqsədilə, 1997-ci ildə BƏƏ-də Azərbaycanın səfirliyinin açılması haqqında qərar qəbul edilmişdir. 2001-ci ilin iyun ayından etibarən Azərbaycan Respublikasının səfirliyi BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində fəaliyyət göstərir.
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri BMT, İslam Konfransı Təşkilatı və digər nüfuzlu regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirlər. Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar BƏƏ tərəfi Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir.
1994-cü ilin oktyabr ayında Azərbaycan Respublikası Milli Məclisi sədrinin başçılıq etdiyi nümayəndə heyəti BƏƏ-yə rəsmi səfər etmiş, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin məktubunu BƏƏ prezidenti Şeyx Zayed ibn Sultan əl-Nəhyana təqdim etmişdir.
Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkünün olduğunu nəzərə alaraq, BƏƏ-nin Qırmızı Aypara Cəmiyyəti, "Dar əl-Bir" xeyriyyə cəmiyyəti, Zayed ibn Sultan əl-Nəhyan xeyriyyə təşkilatı və digər humanitar təşkilatlarla sıx əlaqələr qurulması istiqamətində müvafiq işlər görülür.
Görülən işlərin nəticəsi olaraq, BƏƏ-nin humanitar təşkilatları tərəfiındən Azərbaycandakı qaçqın və məcburi köçkünlərə müntəzəm olaraq humanitar yardımlar göndərilir. Qeyd edilməlidir ki, BƏƏ-nin "Dar əl-Bir" xeyriyyə cəmiyyətinin Bakıdakı nümayəndəliyi 1996-cı ildən fəaliyyət göstərir.
2000-ci ilin aprel və 2003-cü ilin may aylarında Bakıda keçirilmiş Azərbaycan hökuməti ilə ərəb inkişaf fondları arasında dəyirmi masa görüşlərinin hər ikisində Əbu-Dabi İnkişaf Fondunun nümayəndəsi iştirak etmişdir.
2001-ci ilin dekabr ayında Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini X.Xələfov Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdə olmuşdur. Səfər zamanı X.Xələfov BƏƏ xarici işlər nazirinin müavini Seyf Səid ibn Səidlə görüş keçirmiş, müxtəlif sahələrdə Azərbaycan-BƏƏ əməkdaşlığı məsələlərini müzakirə etmişdir.
2003-cü ilin iyul ayında BƏƏ-nin kommunikasiya naziri Əhməd Humeyd Əl-Tayerin başçılıq etdiyi nümayəndə heyəti Bakıda rəsmi səfərdə olmuşdur. Heyətin üzvləri respublikamızın əlaqədar idarə və təşkilatlarında öz tərəfdaşları ilə görüşmüş, bir sıra konkret məsələlər ətrafında müzakirələr aparmışlar. Səfər zamanı "Azərbaycan Respublikası hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri hökuməti arasında onların müvafiq əraziləri arasında və bu ərazilərin hüdudlarından kənarda hava əlaqəsinin yaradılması haqqında" saziş imzalanmışdır.
2005-ci ilin aprelində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BƏƏ-yə səfəri zamanı həmkarı Rəşid Abdulla Nueymi və BƏƏ planlaşdırma naziri Lübna Əl-Qasımi ilə görüşlər keçirmişdir. Danışıqlardan sonra iki ölkənin xarici işlər nazirlikləri arasında Anlaşma Memorandumu imzalanmışdır. Beləliklə, göründüyü kimi, Azərbaycan-BƏƏ arasında çoxtərəfli və ikitərəfli əlaqələr yüksələn xətlə inkişaf edir.
Yaxın və Orta Şərqdə, dünya siyasətində son illər ən mühüm amilə çevrilmiş İraqla münasibətlərə də Azərbaycan xüsusi əhəmiyyət verir. İraq Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 2-də tanımış, həmin ilin mart ayında ölkələrimiz arasında diplomatik münasibətlər qurulmuşdur. İraqın diplomatik nümayəndəliyi Azərbaycanda hələ sovet hakimiyyəti dövründə Baş Konsulluq səviyyəsində uzun illər fəaliyyət göstərmiş və 1992-ci ildən səfirlik statusuna qaldırılmışdır. Azərbaycanın İraqla əlaqələri elm, təhsil, mədəniyyət sahələrini əhatə etmiş, siyasi münasibətlər Bakıda fəaliyyət göstərmiş İraq səfirliyi, BMT, İKT çərçivəsində həyata keçirilmişdir.
Ə.Həsənovun fikrincə, Azərbaycan-İraq əlaqələrinin genişləndirilməsi sahəsində böyük imkanlar və potensial vardır. İraq yaxın gələcəkdə Azərbaycanın apardığı xarici siyasət xəttində prioritet istiqamətlərdən biri ola bilər. Yuxarıda göstərilən amil nəinki iqtisadi potensiala, həmçinin, ortaq dəyərlərə əsaslanır, eyni zamanda, İraqın beynəlxalq təşkilatlar, xüsusilə də, İKT çərçivəsində Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün aradan qaldırılması, işğal olunmuş ərazilərin azad edilməsi və qaçqınların öz doğma torpaqlarına qayıtmasını tələb edən qətnamələrin qəbul edilməsində Azərbaycanın mövqeyini dəstəkləməsi beynəlxalq siyasətdə əhəmiyyət kəsb edən amillərdəndir və islam aləmində, o cümlədən, ərəb dövlətlərində ictimai rəyin formalaşmasına güclü təsir göstərir.
Qeyd olunmalıdır ki, Ermənistan Respublikası ərəb dövlətləri ilə münasibətlərini nizamlamaq, İraq və Fars körfəzinin ərəb ölkələri ilə diplomatik əlaqələr qurmaq sahəsində müntəzəm və fəal cəhdlər göstərir. Ərəb ölkələrindəki, xüsusilə də, Livan, Suriya, Misir və İrandakı erməni diasporları bu ölkələrin KİV-ləri və işgüzar dairələri ilə uzun müddət ərzində formalaşmış əlaqələrindən məharətlə istifadə edərək, onların Azərbaycana münasibətdə tutduğu mövqeyinə təsir göstərməyə səy edirlər.
Bir sıra ərəb media və televideo vasitələrində çıxan erməni materiallarında erməni xalqının tarixi, onun ərəb aləmi ilə bağlılığı, islam mədəniyyətinin inkişafında müstəsna rolu barədə fikirlər təbliğ olunur. Erməni təbliğatı Azərbaycanla münaqişə probleminə geniş yer ayırır. Bununla əlaqədar, erməni diplomatiyası Azərbaycanın mənafelərinə İKT vasitəsilə də təsir göstərməyə və bu təşkilat çərçivəsində fəaliyyətimizi zəiflətməyə cəhdlər edir, bəzi hallarda buna nail olmağa yaxınlaşır (İKT çərçivəsində Ermənistanın təcavüzünə dair qətnamələrin qəbul edilməsində bəzi dövlətlərin fərqli mövqeyi). Ermənistan tərəifi dəfələrlə üzv dövlətlərə və İKT Baş katibliyinə müraciət edərək, Ermənistan-Azərbaycan konfliktinə dair "birtərəfli" mövqe tutmamağa, qəbul edilən qətnamələrdə "antierməni" ruhunu azaltmağa çağırmışdır. Eyni zamanda, İraq tərəfi və xüsusilə də, İraqın Azərbaycandakı səfirliyi dəfələrlə Ermənistanın İraqda fəal təbliğat fəaliyyəti aparması və rəsmi Bağdad ilə sıx münasibətlər yaratmağa cəhdlər göstərməsi barədə məlumatları diqqətə çatdırmışdır. Ermənistan İraq ilə diplomatik əlaqələr qurmağa müntəzəm cəhdlər göstərmiş, lakin Yerevanın bu istiqamətdə fəaliyyəti Bağdadın hazırkı dövrdə Yerevanla diplomatik əlaqələrin yaradılmasını mümkün hesab etməməsi səbəbindən müsbət nəticə verməmişdir.
Azərbaycanın İraqla dostluq tarixi qədimdir. Hələ 1979-cu ildə Bakının və Bəsrənin qardaşlaşmasına dair sənəd imzalanmışdır. Bundan başqa, 1994-cü il oktyabrın 21-də Bağdadda Azərbaycan və İraq Respublikasının Mədəniyyət və İnformasiya Nazirlikləri arasında əməkdaşlıq sazişi imzalanmışdır.
Azərbaycanın mədəniyyət və incəsənət xadimləri İraqda keçirilən Babil festivallarında iştirak edirlər. Eyni zamanda, azərbaycanlı zəvvarlar İraqda yerləşən müqəddəs islam məbədlərini ziyarət edirlər. Bu sahədə Qafqaz Müsəlmanları İdarəsi səviyyəsində münasibətlər mövcuddur.
İraq tərəfi, həmçinin, Azərbaycanla kənd təsərrüfatı, neft sənayesi, təhsil və din sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirmişdir. İraqda neft sənayesi sahəsində çalışan azərbaycanlı mütəxəssislərin və təcrübə mübadiləsi aparan digər işçilərin sayını da artırmaq olar.
Sabiq hakimiyyət müntəzəm olaraq, Bağdadda Azərbaycan səfirliyinin açılması təklifi ilə çıxış etmiş, səfirliyin bina ilə təmin edilməsinə hazır olduğunu bildirmişdir.
İraqın xarici işlər nazirinin birinci müavini Nuri İsmail Əl-Veyysin Azərbaycana səfəri zamanı Azərbaycan Respublikasının xarici işlər naziri V.Quliyev, iqtisadiyyat naziri N.Nəsrullayev, təhsil naziri M.Mərdanov, Dövlət Neft Şirkətinin prezidenti N.Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam A.Paşazadə, xarici işlər nazirinin müavini X.Xələfov, mədəniyyət nazirinin müavini Ş.Axundovla görüşlər keçirilmişdir. Azərbaycan ilə İraq arasında dövlət və hökumət başçıları, xarici işlər nazirləri səviyyəsində mütəmadi məktub mübadiləsi aparılmışdır.
2002-ci ilin dekabr ayında Azərbaycan tərəfi ölkələr arasında imzalanması nəzərdə tutulmuş iqtisadiyyat, ticarət, elm və texniki əməkdaşlıq haqqında saziş layihəsini İraq Respublikasının Bakıdakı səfirliyinə təqdim etmişdir.
Hazırda Azərbaycan əsgərləri İraqda sülhyaratma proseslərində iştirak edir.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.-
2013.- 15 mart.- S.15.