Azərbaycan-Türkiyə arasında incəsənət
sahəsində əlaqələr (sovet dövrü)
Heydər
Əliyev incəsənət sahəsində Türkiyə ilə
əlaqələrin genişləndirilməsinə
çalışır və bundan ötrü mühüm qərarların
qəbul edilməsinə nail olurdu. 1969-1982-ci illərdə MK
bürosunun iclaslarında müzakirə edilən məsələlərdən
biri xarici ölkələrlə, o cümlədən,
Türkiyə ilə mədəni əlaqələrin
genişləndirilməsi olmuşdu. Qeyd etmək
lazımdır ki, həmin illərdə həyata keçirilən
Azərbaycan-Türkiyə incəsənət əlaqələri
sovet hakimiyyətinin bütün əvvəlki dövrləri
ilə müqayisədə daha geniş, əhatəli və səmərəli
idi.Bəzi faktların sadalanması əlaqələrin
inkişaf dinamikasını aydın şəkildə göstərir.
1970-ci ildə Azərbaycan rəssamlarının əsərləri
Türkiyədə nümayiş etdirildi və uğur
qazandı. Nümayiş etdirilən tablolar, əsasən, Azərbaycanın
milli tarixi ilə bağlı yerlərə həsr
edilmişdi. 1969-cu ildən başlayaraq, demək olar ki, hər
il Azərbaycan incəsənət xadimləri Türkiyədə
səfərdə olur, mədəni əlaqələrin
inkişafına öz töhfələrini verirdilər.
Heydər
Əliyev görkəmli Azərbaycan dirijoru Niyaziyə
Türkiyə ilə əlaqələri
sıxlaşdırmağı məsləhət
görmüşdü. Məhz bu tövsiyyələr əsasında
Niyazi türk musiqiçiləri ilə yaxından əməkdaşlıq
qurmuşdu. 60-cı illərin sonundan 70-ci illərin sonunadək
Niyaziyə Türkiyədən 53 məktub gəlmişdi. Bu məktublarda
türklər Azərbaycan respublikasına və xalqına, mədəniyyətinə
sevgilərini, milli-mədəni inkişafda qazanılan
uğurlardan məmnunluq hisslərini ifadə edirdilər.
Ziyalılar əlaqələrin genişləndirilməsinə
çalışaraq, bu işə öz töhfələrini
verirdilər. Məsələn, 1970-ci ildə Türkiyənin
təhsil naziri Orxan Oğuz Azərbaycan mədəniyyət
naziri R.Hacıyevi Türkiyəyə səfərə dəvət
etmişdi. Səfər mədəni əlaqələrin
genişləndirilməsinə təsir etdi. Bundan sonra Azərbaycan
artistlərinin Türkiyəyə qastrol səfərləri
uğurla keçdi; 1972-ci ildə Azərbaycan bəstəkarları
Türkiyəyə səfər zamanı həmkarları ilə
əməkdaşlıq məsələlərini müzakirə
etdilər; 1973-cü ildə Niyazi, Polad Bülbüloğlu və
Fərəc Qarayev Türkiyədə səfərdə
oldular; 1977-ci ildə Niyazi türk bəstəkarı A.Sayqının
"Koroğlu" operasını tamaşaya qoymaq
üçün Türkiyəyə səfər etdi.
İncəsənət
sahəsində əlaqələr SSRİ-də mövcud olan
sovet rejimi şəraitində iki xalq arasında münasibətlərin
inkişafında mühüm rol oynayırdı. Azərbaycan
sənətçilərinin səfərləri münasibətlərdə
olan bütün özünəməxsusluqları üzə
çıxarırdı. Türklər bu konsertlər
zamanı istismar olunan türk xalqlarının azad
olunmasına dair şüarlar səsləndirir, respublikadan gələn
qonaqların milli hisslərini qızışdırır, Azərbaycan
rəhbərinə və xalqına öz dərin
ehtiramlarını bildirirdilər. Məsələn, görkəmli
müğənni Zeynəb Xanlarovanın 1977-ci ildə
Türkiyədə verdiyi konsertlərin birində belə bir
hadisə baş vermişdi. Konsert günlərində
Türkiyədə fəaliyyət göstərən Azərbaycan,
Dağıstan və Şimali Qafqaz xalqlarının
mühacirət təşkilatları tərəfindən təşkil
olunmuş "İstismar olunan türklərin
azadlığı həftəsi" keçirilirdi. Onları
Türkiyənin qatı antisovet təşkilatları
açıq şəkildə müdafiə edirdilər. Sovet
xüsusi xidmət orqanlarının məlumatında deyilirdi
ki, bütün bu təşkilatları "Mərkəzi Kəşfiyyat
İdarəsi və yerli hakimiyyət orqanları maliyyələşdirdiklərindən
kampaniya daha geniş xarakter daşıyır". Konsertlərin
birində həmin təşkilatın yerli nümayəndələrindən
bir nəfər səhnəyə qalxaraq əlindəki
jurnalı Zeynəb xanıma təqdim edir. Jurnal istismar olunan
türklərin ağır vəziyyətinə, onların
azad edilməsi yollarının aranmasına həsr
edilmişdi və SSRİ-nin türk xalqlarını rus
müstəmləkəçilik əsarətindən
qurtulmağa səsləyirdi. Z.Xanlarova jurnalı alaraq
tamaşaçılara müraciətlə deyir: "Mən
sizə sovet xalqının salamını və dostluğunu gətirmişəm.
Mən belə kirli kağızları görmək istəməzdim".
Zal onun bu cavabını gurultulu alqışlarla
qarşılayır. Bir neçə gəncin antisovet
şüarlar qışqırmasına tamaşaçılar
elə də reaksiya vermirlər.
Qeyd
etmək lazımdır ki, Türkiyədə səfərdə
olan Azərbaycan musiqi kollektivlərinin konsertlərini bəzən
Azərbaycan Kültür Dərnəyi təşkil edir, beləliklə,
yığılan vəsaitin bir qismi dərnəyin
ehtiyaclarına, o cümlədən, "Azərbaycan" dərgisinin
nəşrinə xərclənirdi.
Türkiyəyə
səfər edən Azərbaycan incəsənət xadimləri
türk cəmiyyətinin müxtəlif təbəqələri,
həmçinin, siyasi mühacirətin nümayəndələri
ilə çoxsaylı görüşlər keçirirdilər.
Maraqlı idi ki, bir çox türklər konsertlərə
böyük həvəslə gəlir, fasilələrdə
keçirdikləri görüşlərdə SSRİ-nin yeni
Konstitusiyası, xüsusilə, milli dillərin statusu məsələsi
ilə maraqlanır, suallar verirdilər. Məsələn,
1981-ci ildə görkəmli pianoçu Fərhad Bədəlbəylinin
Türkiyə prezident simfonik orkestri ilə verdiyi konsert
türk musiqi həyatında mühüm hadisəyə
çevrilmişdi. Türkiyənin dövlət və
hökumət rəhbərlərinin iştirak etdiyi bu konsert
barədə türk mətbuatı çoxlu müsbət rəylər
vermişdi. Məqalələrdə Azərbaycanda mədəniyyətin
yüksək inkişafı, respublika rəhbəri Heydər Əliyevin
ona verdiyi diqqət xüsusi vurğulanırdı.
Heydər
Əliyevin hakimiyyəti illərində türkiyəli
aktyorlar Azərbaycan səhnəsində rollar ifa edirdilər.
Məsələn, 1981-ci ildə Azərbaycan Dövlət
Opera və Balet Teatrında C.Rossininin "Sevilya bərbəri"
tamaşasında Don Brazil, V.Huqonun "Faust" operasında
Mefistofel partiyalarını ifa etmək üçün
türk aktyoru Atilla Maniazadə Azərbaycanda oldu.
Həmin
ildə Ankarada Opera və Balet Teatrında görkəmli bəstəkar
Arif Məlikovun "Məhəbbət əfsanəsi"
baleti böyük uğurla oynanıldı. Prezident Kənan Evrenin,
Milli Təhlükəsizlik Şurası üzvlərinin,
nazirlərin, deputatların, türk ictimaiyyətinin nümayəndələrinin
iştirak etdiyi tamaşa Türkiyənin mədəni və
ictimai həyatında geniş əks-səda doğurdu.
SSRİ-nin Türkiyədəki səfiri A.Rodionov Heydər Əliyevə
yazdığı 1981-ci il 9 iyun tarixli məktubunda Arif Məlikovun
"Məhəbbət əfsanəsi" baletinin Ankara
Dövlət Opera və Balet Teatrında yüksək səviyyədə
oynandığını, tamaşada yüksək vəzifəli
dövlət adamlarının iştirakını,
tamaşanın iki ölkə arasında münasibətlərin
inkişafında mühüm rol oynadığını
böyük razılıq hissi ilə qeyd edərək
vurğulayırdı: "Çox hörmətli Heydər Əlirza
oğlu, fürsətdən istifadə edib sovet-Türkiyə əlaqələri
məsələlərinə daimi qayğı və diqqət
göstərdiyinizə görə Sizə bir daha təşəkkür
etmək istərdim". Sovet səfiri iki ölkə
arasında dostluq münasibətlərinin inkişafından
ötrü Azərbaycandan daha çox mədəniyyət və
incəsənət xadimlərinin Türkiyəyə göndərilməsini
təklif edirdi.
Məktubu
oxuduqdan sonra Heydər Əliyev MK-nın ideologiya katibi H.Həsənova
belə bir dərkənar yazmışdı: "MK bürosu
üzvlərini tanış etməyinizi xahiş edirəm.
Kütləvi informasiya vasitələrində bu barədə
yaxşı material vermək olardı". Məhz həmin
göstərişdən sonra Azərbaycan mətbuatında
tamaşa haqqında geniş məqalələr dərc edildi.
Heç şübhəsiz, belə yazıların verilməsi
Azərbaycanda Türkiyə haqqında məlumatın
yayılmasına, dostluq əlaqələrinin möhkəmlənməsinə
kömək edirdi.
Azərbaycan
artistləri 1982-ci ildə Türkiyədə uğurla konsertlər
verdilər. Öz növbəsində, 70-80-ci illərdə Azərbaycanda
Türkiyə incəsənət ustalarının konsertləri
də yüksək səviyyədə keçir və azərbaycanlıların
rəğbətini qazanırdı. Qeyd etmək
lazımdır ki, həmin illərdə Türkiyəyə səfər
etmiş mədəniyyət və incəsənət xadimləri
90-cı illərin əvvəllərində Azərbaycanın
dövlət müstəqilliyinin bərpa edilməsi prosesində
mühüm rol oynadılar, erməni separatizminə və Ermənistanın
təcavüzünə qarşı mübarizədə ən
yüksək kürsülərdən cəsarətlə
öz sözlərini dedilər.
Heydər
Əliyev dönəmində hətta tələbə gənclərin
Türkiyədən gəlmiş qonaqlarla ünsiyyətinə
şərait yaradılırdı. Məsələn,
monoqrafiya müəllifi tələbə yoldaşları ilə
birlikdə 70-ci illərdə Azərbaycana səfər
etmiş Türkiyənin həmkarlar ittifaqlarından birinin
nümayəndəsilə indiki Xətai Mədəniyyət
Sarayında keçirilən görüşə getmişdi.
Salonda oturanlar qonağın söhbətini başa
düşdüyü halda, tərcüməçi Azərbaycan
dilinə bəzən yanlış çevirdiyindən
türkiyəli qonaq onu dayandıraraq, səhvini düzəldib
nitqinin anlaşıldığını deyib, tərcüməçisiz
danışmağa davam etmişdi. Bu isə ona olan rəğbəti
artırmış və hərəkəti alqışlarla
qarşılanmışdı.
Türk
ordusunun 1974-cü ildə Kiprdə başladığı
xilaskarlıq hərəkatına azərbaycanlı tələbə-gənclər
rəğbət bəsləyirdilər. Heydər Əliyev
türk xalqının istiqlal savaşına hörmətlə
yanaşır, milli azadlıq mübarizəsi tarixini və
Türkiyə Cümhuriyyətinin tərəqqisini ən ali
kürsülərdən daim yüksək qiymətləndirirdi.
Məsələn, o, 1977-ci il may ayının 16-da Bakıda
keçirilən beynəlxalq konfransdakı məruzəsində
deyirdi ki, milli azadlıq hərəkatının coşqun
yüksəlişi Türkiyənin milli suverenliyinin möhkəmlənməsinə
gətirib çıxardı.
Heydər
Əliyev sovet sistemi şəraitində ziyalıların
gücündən istifadə edərək, Azərbaycan-Türkiyə
əlaqələrini qırılmağa qoymurdu. Sonralar o
deyirdi: "Əgər xalqlarımız əsrlər boyu
yaşayıblarsa, mübarizə apararaq öz mənliyini
qoruya biliblərsə, öz milli xüsusiyyətlərini
itirməyiblərsə, böyük mərhələlərdən
keçərək indi müstəqil xalq kimi, dövlət
kimi yaşayırlarsa, bütün bunlara görə
xalqlarımız öz içərisindən çıxan
mütəfəkkirlərə, yazıçı və
şairlərə, bəstəkarlara, rəssamlara, memarlara,
alimlərə minnətdardırlar. Böyük iftixar hissilə
demək olar ki, xalqlarımız bu sahədə çox zəngindirlər.
Bu zənginlik xalqlarımızda milli ruhu, milliliyi, milli ənənələri
yaşadıb, nəsildən-nəslə keçirib, bu
günə gətirib çıxarmışdır.
Soyuq
müharibə illərində SSRİ-Türkiyə münasibətlərində
müəyyən problemlər yaranmasına, zaman-zaman gərginliklər
yaranmasına baxmayaraq, Azərbaycan mətbuatında Türkiyə
haqqında əsasən xoş məramlı məqalələr
dərc edilirdi;
-
Türkiyə mətbuatında da Azərbaycan əleyhinə
verilən yazıların sayı azalmışdı. Heydər
Əliyev Azərbaycan haqqında yazan jurnalistləri, səhifələrində
Azərbaycan mədəniyyətinə, tarixinə, adət-ənənələrinə
yer ayıran qəzet və jurnalların redaktorlarını
respublikaya dəvət etdirir, onlara xüsusi qayğı
göstərirdi. Türk mətbuatında Heydər Əliyev
xalq adamı, milli lider, milli-mənəvi dəyərləri
inkişaf etdirən, respublikanı tərəqqiyə aparan,
milləti ucaldan rəhbər kimi təqdim olunurdu;
-
Türkiyədə yaşayan Azərbaycan mühacirətinin
nümayəndələri Heydər Əliyevin milli-mədəni
inkişafa göstərdiyi qayğıdan razı qalır, onu
tədqir edir, Moskvaya daimi işləməyə
aparılmasına, dünyanın fövqəldövlətinin
rəhbərlərindən biri olmasına sevinirdilər;
-
Türkiyə tarixini, coğrafiyasını,
iqtisadiyyatını, türk xalqlarının
yaratdıqları dövlətlərin tarixini, türk dilini
mükəmməl bilən Heydər Əliyev öz nitqlərində
türk xalqının milli azadlıq mübarizəsini,
Türkiyənin suverenliyinin möhkəmləndirilməsini
yüksək qiymətləndirirdi;
- Azərbaycanın
xüsusi xidmət orqanları verdikləri məlumatlarda
Türkiyə ərazisində antisovet radiostansiyaların fəaliyyət
göstərmədiklərini yazırdılar;
-
Sovet dövründə Türkiyə ilə birbaşa əlaqələrin
qurulmasına imkan verilməsə də, məhz Heydər Əliyevin
səyləri nəticəsində iki xalq arasında əsrlər
boyu mövcud olan dostluq və qardaşlıq münasibətləri
daha da inkişaf etdi.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2013.- 17 mart.- S.14.