Hədəflərim böyükdür
Aytac Əliyeva: "Gələcək
həyat yoldaşım məni burada görəcək və burada tanıyacaq"
Müsahibimiz YAP Gənclər Birliyinin
sədr müavini Aytac
Əliyevadır
-
Aytac xanım, uşaqlığınız, məktəb və
tələbəlik illəriniz necə keçib? Bu illəri
necə xatırlayırsınız?
- Əvvəlcə gəlin, yeni açılmış bu rubrikanız münasibətilə sizi təbrik edim. Uğurlarınız və müsahibləriniz bol olsun. Suala gəlincə, belə deyək də, uşaqlıq illərim mənim üçün bir əlçatmaz dünyadır. Həqiqətən, uşaqlıq illərimə geri dönüb, yenidən yaşamaq istərdim. Uşaqlıqda çox nadinc olmuşam. Məhəlləmizdə yaz gələndə qonşularımız meyvə ağaclarını məndən qorumanın yollarını axtarırdılar. Çünki meyvələr hələ yetişməmiş, mən onları "yetişdirib", barlarını məhv edirdim... (gülür-red.) Həm də çox ədalı olmuşam. Məhəllədə sadəcə mənim velosipedim vardı və buna görə də forslanırdım. Amma dostlarıma da verirdim ki, sürsünlər. Bacım məndən böyük olduğuna görə, evdəkilər qonaqlığa və ya toya gedəndə onu aparırdılar. Mənim də buna acığım tuturdu və buna görə bacımla yola getmirdim. Amma sonradan başa düşdüm ki, həqiqətən də, uşaq olmuşam bu hərəkətləri edəndə. Buna baxmayaraq, uşaqlıq illərimin sonları həm ailəm üçün, həm də xalqımız üçün heç də ürəkaçan olmadı. Dağlıq Qarabağda baş verən hadisələr, torpaqlarımızın işğalı böyük sarsıntıya səbəb oldu. Mən o zamanlar "Cücələrim" rəqs ansamblına gedirdim. Yadıma gəlir ki, Xocalıda baş verən hadisələri eşidəndən sonra anam məni rəqsdən çıxardı. Sanki sabah olmayacaq... Dayım könüllü müharibəyə getdi və 2 ilə yaxın onu görmədik. 1994-cü ildə atəşkəs imzalandıqdan sonra geri döndü.
Məktəb illərim, artıq tamam başqa aləmdir mənim üçün. İbtidai sinif rəhbərim Gülcənnət müəllimə, Allah ona rəhmət eləsin, biz təzəcə dərsə başlayanda bir söz dedi və bu günə kimi mənim qulağımdadır: "Paxıllıq eləmə ki, onun pulu çoxdur, mənim az, paxıllıq eləmə ki, o gözəldir, mən kifir. Paxıllıq elə ki, o, əlaçıdır, mənsə yox. Paxıllıq elə ki, o, mübarizdir, mənsə tənbəl..." - deyə bilərəm ki, bu ifadənin mənim həyatımda yeri olduqca böyükdür. Elə birinci sinifdən qarşıma məqsəd qoydum ki, mən əlaçı olmalıyam, oldum da. 4-cü sinifdə imtahan verib, Bakü Türk Anadolu Lisesinə daxil oldum. Liseni də uğurla başa vurub, Qərb Universitetinin Siyasi elmlər fakultəsinin Politologiya ixtisasına daxil oldum və orada özümü, axtardığım və tapdım. Qrupda hər kəslə gizli və ya açıq rəqabət aparmışam. Qrupumuz universitetimizin, demək olar ki, ən əlaçı qrupu idi. Mən də bunu nəzərə alıb, ən əlaçı tələbə olmalıydım. Buna çətinlik çəkmədən müvəffəq oldum. Daha sonra magistr təhsilimi Bakı Dövlət Universitetinin Sosiologiya və psixologiya fakultəsində davam etdirdim. Bundan əlavə, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ixtisasartırma kursunu başa vurdum. Hər üç təhsili fərqlənmə diplomu ilə bitirmişəm.
Tələbəlik illərinin öz duzlu məqamları var - dərsdən qaçmaq, "axşam işıqlar sönmüşdü, suyumuz kəsilmişdi, qaz yox idi" - kimi yalanlar uydurmaq. Təəssüf edirəm ki, mən bunlardan istifadə etməmişəm, dərsdən qaçmamışam, düzü qrupumuz etməyib, bəlkə etsəydi, mən də palaza bürünüb, ellə sürünərdim (gülür-red.). İkinci qrupda may ayında Qubaya getdik, orada asma körpüdən çaya düşdüm. Qrup yoldaşlarım yığışanda, yada salıb gülürük (gülür-red.).
Ictimai fəaliyyətə,
məhz tələbəlik illərində gəlmişəm.
Ikinci kursda yeni yaradılmış Tələbə Gənclər
Təşkilatının sədri seçildim.
Gənclər və İdman
Nazirliyi, Bakı şəhər Gənclər
və İdman Baş
İdarəsi, Səbail rayonu icra hakimiyyəti tərəfindən təşkil
olunan bütün tədbirlərdə
iştirak etməyə başladım, gənclərin
ictimai-siyasi həyatında fəallığıma
görə müxtəlif diplom və
təltiflərə layiq görüldüm.
Bütün bunların kuliminasiyası
2007-ci ildə oldu. Mən çox
az sayda gənclərlə
birlikdə 2 fevral günündə
ölkə başçısı cənab İlham
Əliyev tərəfindən qəbul edildim
və çox maraqlı görüşümüz
oldu.
- YAP
sıralarına qoşulmağınız necə baş verdi?
- Qeyd etdiyim kimi, tələbəlik illərində mən özümü tapdım. Həyatdan nə istədiyimi, həyata gəliş missiyamı müəyyən elədim. İndi növbə siyasi əqidə seçimi idi ki, mən bunu 1993-cü ildən etmişdim. Ailəmin bütün üzvləri Yeni Azərbaycan Partiyasının üzvüdür. Yaşım imkan verəndə, mən də doğma partiyamıza üzv oldum.
Deyir niyyətin
hara, mənzilin ora. Deməli, may ayı idi, Ümummilli
Lider Heydər Əliyevin anadan olmasının 80 illik yubiley tədbirləri keçirilirdi. Artıq yaşım 18-i haqlamışdı.
Mən qrup yoldaşım Təranə ilə birlikdə gəldik hazırda işlədiyim
YAP İcra Katibliyinə.
Qapıdakı polisə partiyaya
üzv olmaq istədiyimizi bildirdik və polis də bizi YAP Səbail rayon təşkilatına göndərdi.
Ünvanı səhv saldığımıza
görə, bir yolu düz 3 dəfə gedib gəldik, amma nəticə etibarilə istədiyimiz yerə gedib çıxa bilmədik. Çox yorulmuşduq deyə,
dedik qalsın səhərə. Səhər
isə universitetə gələndə, öyrəndik
ki, elə universitetimizin tərkibində
ərazi ilk təşkilatı
var və ərizə yazmaqla heç yana
getmədən, elə
universitetimizdən YAP-a üzv
ola bilərik... Vaxt itirmədən ərizəmizi
yazdıq və bir aydan sonra
artıq biz Yeni Azərbaycan Partiyasının
üzvü idik.
Bundan sonra YAP Gənclər Birliyinin keçirdiyi tədbirlərdə iştirak
elədim, müxtəlif
çıxışlarım oldu, diplomlar aldım. Düşünürəm ki, bu gün YAP İcra Katibliyində işləməyim
taleyin mənə hədiyyəsi oldu, siyasi əqidəmə bu qədər bağlı olduğum üçün məni mükafatlandırdı.
- YAP Gənclər Birliyində
təmsil olunmağın,
siyasi fəaliyyət göstərməyin bir qadın üçün çətinlikləri və
üstünlükləri nədən
ibarətdir?
- Yeni Azərbaycan
Partiyası bu gün həm ölkəmizin, həm də regionun ən böyük siyasi təşkilatıdır. Belə bir
təşkilatın gənclər
birliyində təmsil
olunmaq, həqiqətən
də, böyük məsuliyyət tələb
edir. YAP Gənclər Birliyi öz ətrafında 200 mindən çox ölkə gəncini birləşdirir. Bu gənclər Prezident cənab İlham Əliyevin siyasi kursunu dəstəkləyir
və bir ordu kimi ölkəmizin
müdafiəsindədir.
Bir xanım
olaraq, bu işdə olmaq, əlbəttə, müəyyən
çətinliklər yaradır. Şərq dünyasının
özünəməxsusluğu, həm də xanımlarının daha çox incə, daha çox qayğıya, nəvazişə,
ailəyə ehtiyac duymasıdır. Lakin siyasət
səhnəsində aslanın
erkəyi-dişisi olmur.
Daima mübarizədəsən
və seçilmək,
qalib və qəbuledilən olmaq
üçün üzərində
çalışmalısan. Gənclik çılğınlıq sevir,
lakin siyasət yox. Ona görə, burada
gənclik çılğınlığını
unutmalısan. Üstünlüklərinə gəlincə, burada
çox üstünlüklər
var (gülür-red.).
Azərbaycan oğlanlarının, kişilərinin xanımlara
qarşı daima diqqətli, nəzakətli,
nəvazişli olması,
əlbəttə, bu sahədə də işimizə yarayır və bizə müstəsna üstünlüklər
verir.
- YAP Gənclər Birliyinin ofisində xanımlar çoxluq təşkil edir . Qadınların bu aktivliyinin
səbəbi nədir?
- Partiya rəhbərliyi, nəinki YAP Gənclər
Birliyindəki, həmçinin,
ümumilikdə, qadın
üzvlərinə qarşı
daima diqqətlidir. Bu diqqət ölkə
başçısı, partiyamızın
Sədri cənab İlham Əliyevdən gəlir və biz xanımların da sevincinə səbəb olur. Partiyamız daima fəal,
yenilikçi, özünü
təsdiq edən qadınlara diqqət göstərib və onların layiq olduqları yerdə təmsil olunmaları üçün əlindən
gələni edir.
Düşünürəm ki, YAP Gənclər
Birliyinin ofisindəki bu göstərici də dediklərimin məntiqi nəticəsidir.
- Siyasi karyeranız hazırda fəaliyyət göstərdiyiniz sahə
şəxsi həyatınıza
mane olmur ki?
- Bu gün məşğul olduğum sahə, karyeram şüurlu şəkildə seçdiyim
yoldur və mən bu yolda
xoşbəxtəm. Düzdür, bəzən düşünürəm
ki, hər bir xanıma ailə lazımdır və mən işim, karyeram deyərək, burada gecikmişəm. Karyerada qazandığım
uğurun davamını
şəxsi həyatımda
hələ ki, gətirə bilməmişəm.
Amma nə etmək olar?! Hələ hər şey
qarşıdadır (gülür-red.).
- Həyat yoldaşınız
işinizə "senzura"
qoysa bundan vaz geçərsinizmi?
- Bilirsiniz, mən bu gün siyasətdə,
belə deyək də, böyük siyasi meydana gedən yolda müəyyən uğur qazanmışam. Hələ pilləkənin ilkin
pilləsindəyəm. YAP Gənclər Birliyinin
sədr müaviniyəm,
gənclər tərəfindən
qəbul edilir, sözüm eşidilir və özümü təsdiq etmişəm.
Üzr istəyirəm, gələcək
həyat yoldaşım
da məni burada görəcək və məni burdan tanıyacaq. Belə olan halda isə
"senzuranın" qoyulması
inandırıcı gəlmir.
Nə bilim, mən belə düşünürəm
ən azından (gülür-red.). Lakin onu
da deyim ki, mən də
Azərbaycan, Şərq
dünyasına aid xanımam
və ailənin önəmini anlayır və ailədə vəzifə bölgülərini
gözəl başa düşürəm. Gələcəkdə ailə həyatı qurduqda, ailəmin milli dəyərləri qoruyub-saxlayan nümunəvi
olması üçün,
təbii ki, əlimdən gələni
əsirgəməyəcəm.
- Son olaraq iş və şəxsi həyatınızda hədəfləriniz
nələrdir?
- Hədəflər böyükdür,
təki Allah nəsib eləsin. İlk olaraq, onu deyim ki, hər
bir halda mütaliəmi davam etdirməliyəm və elmi dərəcə almaq üçün üzərimdə işləməliyəm.
Makiavellinin gözəl
fikri var: "Məqsəd vasitəyə
haqq qazandırır".
İnsani və müəyyən
dəyərləri çıxmaqla,
məqsədimə çatmaq
üçün üzərimdə
durmadan işləməliyəm
və özümü
daha geniş siyasi arenada təsdiqləməliyəm. Bunun üçün Prezidentimiz
biz gənclərə bütün
şəraiti yaradıb,
qalıb bizlərin bundan yararlanması.
Şəxsi həyata gəlincə,
burada da ilk hədəfim kifayət qədər mütaliəli,
məni anlayan, işimə dəyər verən və ailə başçısı
olmağa hazır olan bir insanla
tanış olub, ailə həyatı qurmaqdır. Ailə kiçik dövlətdir və mən də öz kiçik dövlətimlə
böyük dövlətimə
xeyir vermək istəyərəm.
Ruqiyyə Cəfərova
Səs.- 2013.- 17 mart.-
S.10.