Daşkəsən rayonu
65 illik yubileyini qeyd etdi
Əhəd Abıyev: "Daşkəsənin
müasir şəhərə çevrilməsi
üçün planlı tədbirlərin həyata
keçirilməsində və qarşıdan gələn
prezident seçkilərində var qüvvəmizi əsirgəməyəcəyik"
Dünən
Daşkəsəndə qədim, milli bayramımız olan
Novruz bayramı ərəfəsində 65 illik yubileyini
böyük təntənə, sevinclə qeyd ediblər. Heydər
Əliyev meydanında böyük bir el şənliyi, möhtəşəm
təntənə ilə qeyd olunan yubiley tədbirində Bahar
qızı və Dədə Qorqudun müşayiəti ilə
geniş tədbir keçirildi. Meydanda bayram münasibətilə
təşkil olunan rayonun kənd təssərrüfatı və
sənaye məhsullarının nümunələri, məktəblilərin
hazırladıqları sərgilər, yerli sənətkarlıq
və xalçaçılıq nümunələri, həmçinin,
idmançıların nümayiş etdirdikləri oyunlar,
bayram tonqalları rayon ictimaiyyəti və qonaqlar tərəfindən
böyük sevinclə qarşılandı. Mərasimdə
çıxış edən Daşkəsən rayon icra
hakimiyyətinin başçısı Əhəd Abıyev
xalqımızın ən əziz bayramı ərəfəsində
Daşkəsən rayonunun yaradılmasının 65 illik
yubileyi münasibəti ilə bütün daşkəsənliləri
təbrik etdi: "Daşkəsənlilər bu gün ikiqat
bayram içindədir - həm xalqımızın əziz
bayramı Novruzu qeyd edir, həm də doğma Daşkəsən
rayonumuzun yaranma tarixini. Respublikamızın hər yerində
olduğu kimi, Daşkəsən rayonunda da böyük
quruculuq-abadılıq işləri gedir. Bu gün beynəlxalq
aləmdə ölkəmizin nüfuzu artmış, mövqeləri
möhkəmlənmiş, ictimai-siyasi sabitlik təmin
edilmiş və qarşıda duran bütün vəzifələr
uğurla həyata keçirilməkdədir. Ölkəmizdə
aparılan bütün sahələr üzrə bu uğurlu
işlər biz daşkəsənliləri də ürəkdən
sevindirir. Möhtərəm Prezidentimizin diqqət və
qayğısı sayəsində Daşkəsən rayonunda da
çox böyük nailiyyətlər qazanılmış,
elmi əsaslarla "Yeni Daşkəsən" layihəsi
işlənib hazırlanmış, çoxsaylı Dövlət
Proqramlarının layihələri ölkə rəhbərimizin
tapşırıq və tövsiyələrinə əsasən
davamlı olaraq yerinə yetirilməkdədir". Ə.Abıyev onu da bildirdi ki,
ölkə Prezidenti cənab İlham Əliyev və Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, millət vəkili Mehriban xanım Əliyevanın
Daşkəsəndə olarkən əhali ilə
görüşü rayon ictimaiyyətinin böyük sevincinə
səbəb oldu: "Ölkə Prezidenti rayonumuzun çox
böyük imkanları, potensialı olduğunu vurğulamaqla
yanaşı, əminliklə bildirmişdir ki, burada turizmin
inkişafı daha da sürətlə gedəcəkdir. Bu
gün, həqiqətən də, Daşkəsəndə
sürətli tikinti-quruculuq və abadlıq işləri
aparılır. Artıq "Yeni Daşkəsən" layihəsinin
uğurla həyata keçirilməsinə
başlanılmışdır. Rayonda "Daşkəsən
filizsaflaşdırma" Açıq Səhmdar Cəmiyyəti,
əhəng daşı, mərmər və qranit istehsal edən
karxana və sexlər fəaliyyətə başlamış,
yeni iş yerləri açılmış, unikal Çovdar
qızıl emalı zavodunun tikintisi başa
çatdırılmışdır. Hazırda həmin zavodda
istehsala başlamaq üçün hazırlıq işləri
aparılır".Ə.Abıyev sonda rayon ictimaiyyətini
Novruz bayramı münasibəti ilə təbrik etdi və
bildirdi ki, rayonun dörd nəfər Böyük Vətən
müharibəsi, Qarabağ müharibəsi və
Çernobıl əlillərinə Prezident Administrasiyası
rəhbərliyi tərəfindən "NAZ-Lifan" minik
avtomobilləri, həmçinin, Daşkəsən rayon icra
hakimiyyətinin maddı-texniki təminatının möhkəmləndirilməsi
ilə bağlı nəzərdə tutulmuş iqlim şəraiti
çətin olan rayonumuza "Toyota" markalı xidməti
minik avtomobili verilməsidir: "Bütün bu işlər
möhtərəm Prezidentimizin daşkəsənlilərə
olan diqqət və qayğısının parlaq təzahürüdür.
Daşkəsənə göstərilən diqqət və
qayğıya görə bütün daşkəsənlilər
ölkə Prezidentinə böyük ehtiram və dərin
minnətdarlığını bildirirlər".Daha sonra
rayon rəhbərləri və qonaqlar rayon ərazisində
yerləşən "N" saylı hərbi hissədə
xidmət edən əsgər və
zabitlərin qonağı oldular. Ə.Abıyev Novruz
bayramı münasibətilə əsgərləri təbrik
edərək, onlara şərəfli xidmətlərinin yerinə
yetirilməsində müvəffəqiyyətlər
arzuladı və hərbi hissənin şəxsi heyətini
ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı cənab İlham Əliyev tərəfindən
ordumuz üçün yaradılan şərait müqabilində
daha yaxşı xidmət etməyə
çağırdı. Rayon rəhbəri onu da
vurğuladı ki, güclü ordumuz, həmçinin,
dövlət başçısının apardığı
məqsədyönlü siyasət nəticəsində
işğal altında olan bütün Azərbaycan
torpaqlarının düşməndən azad ediləcəyinə,
ölkəmizin ərazi bütövlüyünün bərpa
olunacağına əmin olduğunu, lazım gələrsə,
Prezidentimizin əmri ilə silaha sarılaraq müharibə
yolu ilə torpaqlarımızın azad olunması
üçün bütün qüvvələrini səfərbər
etməyə hazır olduğunu bildirdi.Tədbirdə YAP
İcra katibininr müavini, millət vəkili Mübariz
Qurbanlı çıxış edərək daşkəsənliləri
Novruz bayramı və rayonun 65 illik münasibəti ilə təbrik
etdi, onlara bu inkişaf yolunda uğurlar arzuldı. M.Qurbanlı
onu da vurğuladı ki, iqtisadi tərəqqinin sürətlənməsi
xalqın həyat səviyyəsinin yüksəlməsi,
sosial-müdafiə sisteminin qabaqcıl dünya ənənələri
əsasında təkmilləşdirilərək yenidən
qurulması üçün möhkəm bünövrə
formalaşdırıb: "Bu işlərin əyani sübutu
olaraq Daşkəsən rayonunda həyata keçirilən
layihələrin gerçəkləşdirilməsi rayon
sakinlərinin sosial müdafiəsinin gücləndirilməsinə
və rifah halının
yaxşılaşdırılmasına xidmət edir".Sonra əsgərlərə
Novruz sovqatı və xonçalar paylandı. Bayram tədbiri
musiqi proqramı ilə başa çatdı. Qeyd edək ki,
bayram tədbirində millət vəkili Rövşən
Rzayev, YAP Mərkəzi Aparatının məsul
işçisi Hüseyn Paşayev iştirak etdilər.
R.KAMALQIZI
Səs.- 2013.- 17 mart.- S.7.