Zərifə xanım Əliyeva – 90
Nəciblik və mənəvi paklıq
timsalı
"Cənnət anaların ayağı altındadır" ulu peyğəmbərimizin buyurduğu kəlam anaya, qadına verilən qiymətin ən ali dəyərdir. Azərbaycan qadınları çoxəsrlik mənəvi, əxlaqi dəyərləri, milli adət-ənənlərimizin qoruyucusu, dünya sivilizasiyasına öz töhvələrini verən Varlıq kimi bu dəyərlərin içində ən ülvi sevgiyə layiq olmuşlar. Bir qadın ətrafında nə qədər məsuliyyət cəmləşib: ana, bacı, həyat yoldaşı, Vətən keşiyində duran elmli, zəkalı ziyalı. Ali və ülvi hisslər uğrunda fədakarlıq göstərən, müdrilik dolu bir ömür yaşayan qadınlar doğma ocağın istisinə sığınaraq övlad tərbiyyə edir, bir ailənin məsuliyyətini, yükünü üzərində daşıyırlar. Tarixən Azərbaycan qadınlarını fərqləndirən dəyərlər onları dünya miqyasında şöhrətləndirib.
Elm, ədalət, səxavət, səbr, həya, ismət kimi keyfiyyətlər Azərbaycan qadınlarının həyat simvoluna çevirilib. Bu dəyərlər içərisində Azərbaycan qadını güclüdür, fədakarlır. Azərbaycan tarixinə məxsusi dəyələri ilə iz salan qadınları sırasında əməlləri ilə seçilən və sevilən, ən yüksək bir pillədə dayanan Zərifə xanım Əliyevanın adı əbədidir. Yaşanılan ömür yolunun sərlövhələri onu zamanımızın seçilən xanımı olması ilə yanaşı, gələcək nəsillər üçün örnək olacaq bir simaya çevirib.
Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi hər kəsə bəlli bir nümunəvi yoldur. Onun olduqca zəngin və şaxəli həyat yolu bir çox istiqamətlərdə özünü büruzə verir. Bu həyat yoluna nəzər saldıqda, bitib-tükənməyən arzulara doğru yol açan ömrün gözəlliyi diqqəti cəlb edir. Bir ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü. Bu keyfiyyətlər və dəyərlər məhz şəxsiyyət olaraq ziyalının ömrünə işıq saçmışdır. Zərifə xanım incə, zərif duyğuların vəhdətində Azərbaycan xanımına məxsus olan çalarlı bir ömrünü yazılı salnamələrdə əks etdirdi. Onun ömür işığında qaranlıq dünyalara şəfa verildi. Zərifə Əliyeva... Duyğulu, düşüncəli, fərqli bir dünyası ilə zamanla əqidəsini bir vaxtda cəmləşdirib həyat fəlsəfəsinin silinməyən izlərini özü də hiss etmədən gərgin axtarışları, zəhməti, elmi, biliyi ilə bu aləmə həkk etdi. Bu ömrün yazılmış səhifələrində Zərifə xanımın portretini sezməmək mümkün deyildi. Qəlb dünyasının işığı onun Azərbaycan məkanında tanınmasına gətirib çıxardı. Sonralar bunun coğrafi məkanı daha da genişləndi. Sərhədləri ilə tanınan dünyamızı yaratdığı əsərləri, elmi kəşfləri, axtarışların nəticəsi birləşdirdi. Beynəlxalq aləmdə cəm olunaraq bir araya gələn alimlərin müzakirə obyektinə çevrilən elmi nailiyyətləri Azərbaycanın səhiyyəsinin dünyaya nüfuz etməsinə gətirib çıxardı. Bu baxımdan onun fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.
Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Görkəmli alim, ictimai xadim, Azərbaycan EA-nın akademiki, tibb elmləri doktoru, professor, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu oftalmologiya kafedrasının müdiri, Azərbaycan EA Fiziologiya İnstitutunun laboratoriya rəhbəri, Azərbaycanın əməkdar elm xadimi, Tibb Elmləri Akademiyası mükafatı laureatı, Sülhü Müdafiə Komitəsinin üzvü, "Bilik" Cəmiyyəti Rəyasət Heyətinin üzvü Zərifə xanım Əliyeva tibb elminə və praktikasına, yüksək ixtisaslı tibbi kadrların hazırlanmasına əvəzsiz töhfələr vermişdir. Onun çoxcəhətli elmi fəaliyyətinin nəticələri 130 əsərdə, o cümlədən, 5 monoqrafiyada, həkimlər üçün bir sıra dərs vəsaitlərində, sənayenin müxtəlif sahələrində göz zədələrinin profilaktikasına dair metodik tövsiyələrdə öz əksini tapmışdır. Kimya sənayəsində göz zədələnmələrinin öyrənilməsinə və praktikasına dair orijinal əsərlər silsiləsinə görə Tibb Elmləri Akademiyası onu akademik M.İ.Averbax adına mükafatla təltif etmişdir. Z.Ə.Əliyevanın Azərbaycan EA-nın akademiki seçilməsi onun böyük xidmətlərinin, çoxillik səmərəli Elmi-Tədqiqat işinin etirafıdır.
Alimin elmi fəaliyyətinin istiqamətlərindən biri gözün oftalmoloji, histomikroskopik və histokimyəvi tədqiqinə həsr edilmişdir. Bu istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri onun "Yaşla əlaqədar gözün və görmə siniri yollarının dəyişməsi", "Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası" adlı monoqrafiyalarında geniş və ətraflı şəkildə öz əksini tapmışdır.
Dünya oftalmologiya elminin tanınmış simaları Zərifə xanım Əliyevanın elmi fəaliyyətini, peşəkarlığını yüksək qiymətləndirmişdilər. Belə ki, Moskva oftalmoloji məktəbi Zərifə xanımı oftalmologiyanın mirvarisi, professor A.Brovkina onu nəciblik və mənəvi paklıq timsalı adlandırmışdır. Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü M.M.Krasnov isə yazırdı: "Zərifə xanım Əliyeva haqqında xatirələrimi bir sözlə ifadə etməli olsaydım deyərdim: O, həm Xeyirxah idi, həm Ağıllı idi, həm də Qüdrətli idi!"
Zərifə Əliyeva həkimlik etikası ilə bir nümunə idi. Zərifə xanım öz həmkarlarına da həmişə tövsiyə edirdi ki, insana tibbi yardım göstərmək, sağlamlığı uğrunda mübarizə aparmaq həm də onu özünə qaytaran əsil humanist xidmətdir. Bu, Zərifə xanımın təbabət fəlsəfəsinin başlıca qayəsi olub. Həkimin başlıca peşəsi müalicə kursunu müəyyənləşdirməklə yanaşı, xəstəyə insani dəyərlər prizmasından yanaşmaq, Onun şəxsiyyətinə dərin ehtiram göstərməkdir ki, bu da Zərifə xanım Əliyevada özünü açıq-aydın büruzə verirdi.
Zərifə xanım Əliyevanın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Lakin bu adlar sırasında ən şərəflisi Ana adıdır. Qeyri-adi bir ana olan Zərifə xanımın övladlarına münasibəti də xüsusi olub. Övladlarını Ulu Tanrı tərəfindən bəxş olunan nur payı tək qəbul edib. Zərifə xanım Əliyeva cəmiyyət üçün böyük dəyərlərə malik övladlar tərbiyə etmişdir. Bu, Onun fədakar ana olmasndan irəli gəlirdi. O, nə edirdisə, böyük sevgi ilə edirdi. Onun sevgisinin gücü öz ailəsinin hüdudlarında dərindən və qabarıq duyulurdu.
Əziz anam, şirin sözlü anam,
Qəlbin kövrək, eşqin solmaz bahar.
Gülər üzlü, qara gözlü anam,
Hara getsəm gözün mənə baxar,
Ana qəlbin layla olar gəzər,
Doğma səsin ömrü-günü
bəzər.
Müasirləri Onun haqqında söz açarkən, nəcib bir Azərbaycan qadını olduğunu vurğulayırlar. Zərifə xanım işinin gərginliyinə baxmayaraq,
həmişə bir qadın olaraq mülayimliyi ilə, həssaslığı, insanlara
mehriban və qayğı ilə yanaşması ilə seçilib. Özünün insani təravəti, səmimiliyi, başqalarının
kədərinə yanması
və köməyinə
çatması, ən
ağır anlarda insana dayaq durması
məxsusi dəyərləri
sırasında hallanır.
Bəli, bu keyfiyyətləri, peşəkarlığı, ictimai
fəallığı ilə
Zərifə xanım
Əliyeva yüksəkdə
dayanır və zaman-zaman xatırlanaraq, fəaliyyətinə nəzər
yetirilir.
Nəzakət ƏLƏDDİNQIZI
Səs.- 2013.- 17 mart.- S.3.