Azərbaycan -Türkiyə əməkdaşlığının
inkişafında ölkə Prezidenti İlham Əliyevin rolu
Ulu
Öndər Heydər Əliyevin layiqli
varisi olan İlham Əliyev
Prezident kimi Türkiyəyə
ilk rəsmi səfəri ərəfəsində demişdi:
"Biz öz siyasətimizi müstəqil şəkildə aparmalıyıq
ki, xalqlarımız, millətimiz daha da güclənsin,
qüdrətlənsin, möhkəmlənsin. Bizim
gücümüz də birlikdədir". Ankara
görüşlərində həm Azərbaycanın, həm
də Türkiyənin xüsusi beynəlxalq problemlərinin həllində
hər iki dövlətin başçılarının
prinsipial mövqe nümayiş etdirməsi həmin
"güc birliyi"nin siyasi reallıq olduğunu
bütün dünyaya bir daha nümayiş etdirdi.Turkiyənin
Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana
işgüzar səfərlərindən biri zamanı Azərbaycan
Prezidenti İlham Əliyev öz bəyanatında demişdir:
"Bu gün biz Türkiyə-Azərbaycan münasibətlərinin
bütün aspektlərini geniş müzakirə etdik.
Bildiyiniz kimi, bizim aramızda əlaqələr çox
sürətlə inkişaf edir və deyə bilərəm
ki, bu gün bu əlaqələr ən yüksək zirvədədir.
Bütün sahələrdə - həm siyasi, həm iqtisadi,
həm mədəni sahələrdə Türkiyə -Azərbaycan
əməkdaşlığı, işbirliyi güclənir və
həm ölkələrimiz, xalqlarımız
üçün, həm də ki,
yaşadığımız bölgə üçün də
çox müsbət nəticələr gətirir.
Biz
çalışacağıq ki, gələcəkdə də
bütün başlanan layihələr icra olunsun və bizim tərəfimizdən
irəli sürülən birgə təşəbbüslər
tezliklə həyata keçirilsin. Bildiyiniz kimi, bizim
aramızda çoxlu sayda iqtisadi, nəqliyyat, enerji layihələri
var və bütün bu layihələr həm ölkələrimizi
gücləndirir, həm də bölgəyə əməkdaşlıq,
bölgəyə sabitlik gətirir. Türkiyə-Azərbaycan
əməkdaşlığı amili bölgədə
sabitliyin, əmin-amanlığın, sülhün bərqərar
olunması üçün çox mühüm rol
oynayır.
Bütövlükdə,
bütün müstəqillik dövrü ərzində Azərbaycan
Türkiyə ilə münasibətlərdə ən səmimi
addımlarla öz niyyətini ifadə etmişdir və
Türkiyə tərəfindən biz daim dəstək,
qardaşlıq, dostluq görmüşük. Bu gün bu
münasibətlər bizə imkan verir ki, əməkdaşlığımızın
bütün formatlarını daha da genişləndirək.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və
Bakı-Tbilisi-Qars kimi nəhəng layihələr onu göstərir,
bizim iradəmiz ona gətirib çıxarır ki, hətta bəzilərinin
inanmadıqları layihələr bizim təşəbbüsümüzlə,
bizim təkidimizlə uğurla icra edilir.
Əlbəttə
ki, enerji təhlükəsizliyi, nəqliyyat təhlükəsizliyi
məsələləri bu gün diqqət mərkəzindədir
və bizim danışıqlarımızın mövzusu idi.
Başqa məsələlərlə də bağlı fikir
mübadiləsi aparılmışdır."
"Əlbəttə
ki, bu gün biz Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli üçün
atılmış addımları da müzakirə etmişik.
Bir daha demək istəyirəm ki, həmişə olduğu
kimi, Türkiyənin mövqeyi bu gün də səsləndi.
Türkiyə Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyir və Azərbaycanın
haqlı olduğunu bildirir. Bütün başqa münaqişələrlə
birlikdə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi də yalnız beynəlxalq hüquq
normaları əsasında öz həllini tapa bilər. Azərbaycanın
ərazi bütövlüyü bərpa olunmalıdır və
Azərbaycanın ərazi bütövlüyü
danışıqlar mövzusu deyildir.
Eyni
zamanda, biz bu gün bütün başqa məsələləri
də geniş şəkildə miizakirə etdik. Bizim gündəliyimiz
çox böyükdür, gündəliyimizdə çoxlu
məsələlər dayanır. Bizim artan siyasi və iqtisadi
potensialımız, gücümüz, əlbəttə ki,
bölgədə mövqelərimizi möhkəmləndirir.
Türkiyə və Azərbaycanın mövqeləri nə qədər
möhkəm olsa, bölgədə sabitlik də bir o qədər
möhkəm olacaqdır".
Türkiyənin
Baş naziri Rəcəb Tayyib Ərdoğan cavab
çıxışında demişdir: "Hörmətli
qardaşım İlham Əliyevlə təkbətək və
nümayəndə heyətlərinin iştirakı ilə
keçirilən görüşlərdə Gürcüstanda
yaşanan və Cənubi Qafqazın sülh və sabitliyinə
ciddi bir təhdid kimi dəyərləndirilən hadisələri
hərtərəfli müzakirə etdik. Bundan başqa, ikitərəfli
əlaqələrimizin gündəliyində yer alan siyasi və
iqtisadi məsələləri təfsilatı ilə
danışmaq fürsətimiz oldu.
Bildiyiniz
kimi, son dövrdə Türkiyə, Azərbaycan və
Gürcüstan birlikdə tarixi əhəmiyyət
daşıyan layihələri həyata keçirdilər.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum,
Bakı-Tbilisi-Qars layihələri iyirmi birinci yüzilin ən
böyük layihələrindəndir. Bu layihələr
bölgənin sabitliyi, bölgə xalqlarının rifahı
üçün çox böyük önəm
daşıyır. Yaşadığımız bölgə
üçün sülh və sabitliyin
rahatlığımız, rifahımız üçün həyati
əhəmiyyəti vardır. Son hadisələr sülhə,
sabitliyə və rifaha təsir edəcək, hətta bunu təhdid
edəcək vəziyyət yaratmışdır və bu,
narahatlıq doğurur. Cənubi Qafqazda sülh, sabitlik, rifah və
əməkdaşlığın yaranması barədə
hörmətli İlham Əliyevlə eyni fikirdə
olduğumuzu gördüm.
Görüşlərimizdə
Dağlıq Qarabağ münaqişəsini də müzakirə
etmək imkanı oldu. Dağlıq Qarabağ münaqişəsinin
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində,
beynəlxalq hüquq normalarına uyğun olaraq həll edilməsinin
vacibliyini bir daha vurğuladıq. Biz Türkiyə olaraq, bu
münaqişənin sülh yolu ilə həllini arzu edirik. Bu
istiqamətdə bütün səyləri, fəaliyyəti dəstəkləyirik.
Ancaq 16 ildir Minsk Qrupunun hələ də bir nəticə əldə
edə bilməməsi, həqiqətən, bizi
düşündürür.
Təsdiqləyərsiniz
ki, bölgədəki son hadisələr Cənubi Qafqazın
təhlükəsizliyə nə qədər həssas
olduğunu bir daha ortaya qoymuşdur. Bu qarşıdurmadan nəticə
çıxararaq əsas diqqətimizi və enerjimizi bölgə
xalqları arasındakı düşmənçiliyin aradan
qaldırılmasına yönəltməliyik. Sizlərin də
izlədiyiniz kimi, keçən həftə Moskvaya və
Tbilisiyə səfərim zamani Qafqazda Sabitlik və Əməkdaşlıq
Platformasının yaradılması təklifini irəli
sürdüm. Qafqazda sülh, təhlükəsizlik və
sabitliyin tam bərqərar olması baxımından bu
platformanın gerçəkləşdirilməsinin vacibliyini
düşünürük. Azərbaycanın da
qoşulmasını xüsusilə istədiyimiz bu təklifin
əsas prinsipləri bunlardır:
İlk
növbədə, bu platforma coğrafi əsasda
olmalıdır. Platforma bölgənin sülh və təhlükəsizliyini
hədəfləməli, iqtisadi işbirliyini və enerji təhlükəsizliyini
təmin etməlidir. Bu platforma ATƏT-in prinsiplərinə əsaslanmalı
və istənilən problemin birgə həllini və idarəetmə
mexanizmini əhatə etməlidir. Platforma bölgədə
sabitlik və əməkdaşlığı daha da gücləndirəcəkdir.
Hər hansı bir problem, sıxıntı yaşandıqda isə,
bunları bu platformanı qəbul edən ölkələr əsas
prinsiplər və mexanizmlərlə həll etməlidir.
Türkiyə,
Azərbaycan və Gürcüstan arasında önəmli əməkdaşlıq
mövcuddur. İnanıram ki, bunun həmin platforma çərçivəsində
daha da inkişaf etdirilməsi gerçəkləşəcəkdir.
Rusiya və Gürcüstan tərəflərinin bu təklifə
müsbət yanaşdığını məmnuniyyətlə
müşahidə etdik. Bu gün həmin mövzunu əziz
qardaşım. hörmətli İlham Əliyev ilə ətraflı
şəkildə müzakirə etdik. Azərbaycanın da bu təklifə
müsbət yanaşması bizi sevindirmişdir.
Xarici
İşlər Nazirliyimiz bu məsələ ilə
bağlı fəaliyyətə başlamışdır və
maraqlı ölkələrin xarici işlər nazirləri ilə
birgə müzakirə aparıb bunu reallaşdırmaq
mümkündür. Qafqaz bölgəsini sülh, sabitlik və
rifah mərkəzinə çevirmək istiqamətində Azərbaycan
və Gürcüstan ilə birlikdə
atdığımız addımların davam edəcəyinə
inanıram.
İnanıram
ki, siyasi əlaqələrimizlə bərabər, əhəmiyyətli
dərəcədə inkişaf müşahidə olunan
iqtisadi və ticari əlaqələrimiz daha da genişlənəcəkdir.
Son ildə ticarət dövriyyəmizin həcmi 1,5 milyard
dollara çatmışdır və bunun daha da
artacağı aydındır. Bu sahədə hər iki tərəfin
mövqeyi müsbətdir.
Bugünkü
görüşlərimizdə ikitərəfli əlaqələrimizin
hər sahədə daha da inkişaf etdirilməsi barədə
əziz qardaşım, hörmətli İlham Əliyevlə
yekdil fikrə gəldik. Bu səfərimizin bölgədə
uzunmüddətli sülh və sabitlik şəraitinin
yaranmasına kömək edəcəyinə inanır, sizə
təşəkkür edirəm".
Azərbaycan
və Türkiyə dövlət
başçılarının qarşılıqlı səfərləri
zamanı hər iki qardaş ölkə və xalq arasında
siyasi, iqtisadi, hərbi, mədəni sahələrdə əməkdaşlıq
daha da genişləndi və bu proses bu gün də uğurla
davam etməkdədir.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2013.- 16 mart.- S.14.