Azərbaycan caz musiqisinə orijinal
üslub bəxş edən sənətkar
Martın 16-sı dünyanı
musiqisi ilə heyrətləndirən Vaqif Mustafazadənin
doğum günüdür
Bu
gün dünya şöhrətli caz ustası Vaqif Mustafazadənin
doğum günüdür. 16 mart 1940-ci ildə anadan olan sənətkarın
73 yaşı tamam olur. İfası, novatorçuluğu ilə
Azərbaycan caz musiqisinə yeni, orijinal üslub bəxş edən
sənətkar yaşadığı qısa bir zaman məsafəsində
dünyanı musiqisi ilə heyrətləndirə bildi.
Yaradıcılığa kiçik yaşlarından
başlayan Vaqif Mustafazadənini sənət uğurları məhz
onun sənət səhifələrini bəzədi. Belə
ki, sənətkar musiqisi ilə dünyaya səs saldı.
Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz
fikrinin yaradıcısıdır. O, Azərbaycan musiqisinin,
muğamın klassik Amerikan caz musiqisi ilə sintezini
yaratmışdır. Onun yeni devizi caz-muğam adlanır. Sənətkarı
Azərbaycan muğam caz hərəkatının memarı da
adlandırırlar.
Klassik
ənənələri yaşadan və davam etdirən sənətkarı,
musiqiçini xatırlamaq hər birimizin borcudur, onun həyat
və yaradıcılığı isə bizim hər birimiz
üçün nümunədir. Caz-muğam üslubunun banilərindən
biri olan Vaqif Mustafazadə zaman anlayışına
sığışmayan bir insan idi. O, yaddaşlarda gözəl
pianoçu olmaqla yanaşı, həm də çoxsaylı
caz əsərləri yaratmış istedadlı bir bəstəkar
kimi qalmışdır.
Atası
Əziz hərbçi olsa da, musiqiyə son dərəcə
bağlı insan idi, gözəl tar çalmağı
bacarırdı. Anası Zivər xanım isə ilk azərbaycanlı
pianoçu qadınlardan biri olub. Üzeyir bəy Hacıbəyov
məktəbinin yetirməsi olan Zivər xanım gözəl
pianist olmaqla yanaşı, muğamı bütün incəliyi
ilə bilirdi. Belə bir ailədə böyüyən Vaqifin
istedadı, musiqiyə olan qeyri-adi bağlılığı
qətiyyən təəccüblü deyildi. Onun bu meyilini
hamıdan tez anası Zivər xanım duyur. Bu haqda Zivər
xanım xatirələrində belə yazırdı: "Hələ
Vaqifin beş yaşı olanda bir dəfə ona Səməd
Vurğunun "Vaqif" poemasından bir parça oxudum.
Üstündən bir qədər keçməmiş balaca
Vaqif həmin parçanı olduğu kimi əzbərdən
dedi. O zaman hiss
etdim ki, Vaqif böyüyəndə qeyri-adi bir insan olacaq. Sonralar onun piano arxasında saatlarla
çalışması mənim ümidlərimi
doğrultdu".
Uşaq
yaşlarından oğlunu musiqiçi görmək istəyən
ananın ümidlərini doğruldan Vaqif az
keçməmiş onu heyrətləndirir. Özü də
pianoçu olan, saatlarla çalmaqdan yorulmayan Zivər
xanım Vaqifin az qala bütün gün ərzində
pianonun arxasından bir dəfə də qalxmamasına təəccübünü,
heyrətini, eyni zamanda, sevincini gizlədə bilmir. Həqiqətən də, Vaqif görünməyən
bir inadkarlıqla işləyirdi. Bəzən
barmaqları keyləşib işləməyənə qədər
pianonun şirmayı dillərindən əl çəkmirdi.
Onun bu inadkarlığı, yorulmadan işləmək
əzmi sonralar onun dadına çatır. Musiqi sahəsində qazandığı uğurlara
görə Vaqif, ilk növbədə, öz anasına minnətdar
idi. Doqquz yaşında ikən milli
melodiyaları yaxşı mənimsəmiş Vaqifin pianoda hər
bir musiqini özünəməxsus bir tərzdə ifa etməyə
çalışması Zivər xanımı çətin vəziyyətə
salırdı. Zivər xanımın
uzun-uzadı izahlarına və söhbətlərinə
baxmayaraq, improvizə etməsini hələ özü də
anlamayan balaca Vaqif inadından dönmürdü. Beləliklə,
Vaqif musiqi məktəbinə daxil olur və burada o vaxtadək
yaxşı tanış olduğu
muğamlarla yanaşı, Bax, Motsart, Şopen kimi dahi klassik bəstəkarların
əsərlərindən də bəhrələnir. Vaqifin məşhur
caz musiqiçilərinin lent yazılarını dinləmək
imkanı onun musiqi fəaliyyətinin istiqamətini seçməsində
həlledici rol oynadı.
On altı yaşında ikən Vaqifin həyatında ən
unudulmaz və əlamətdar günlərdən biri oldu. Məhz həmin
gün o, Bakı Filarmoniyasının böyük səhnəsində
Mendelsonun fortepiano ilə konsertinin birinci hissəsini məharətlə
ifa edərək Azərbaycanın görkəmli dirijoru və
bəstəkarı Niyazini valeh etmişdi.
Vaqif əmək
fəaliyyətinə Asəf Zeynallı adına
Bakı Musiqi Məktəbinə daxil olduqdan bir il sonra 1958-ci
ildə Azərbaycan Dövlət Radio Verilişləri Komitəsində
solist kimi başlayır. 1964-cü ildə o, Ü.Hacıbəyov
adına Azərbaycan Dövlət
Konservatoriyasına daxil olur və 1965-ci ildə Tbilisiyə
köçür. Onu "Orero" ansamblına
musiqi rəhbəri vəzifəsinə dəvət
etmişdilər. Tbilisidə V.Mustafazadə
peşəkar musiqinin qiymətini bilən istedadlı
musiqiçi Tomaz Kuraşvili ilə dostlaşır və
onunla əməkdaşlıq edir. Onlar
birlikdə yeni layihələr yaradır, caz festivallarında və
konsertlərdə müvəffəqiyyətlə
çıxış edirlər. Belə
festivallardan biri də Tallində keçirilən
Ümümdünya Caz Musiqisi Festivalı oldu. Bu festivalda V.Mustafazadə bir neçə
kompozisiyanı böyük məharətlə ifa edərək
tamaşaçıların və festival
iştirakçılarının hərarətli
alqışları ilə qarşılanır.
1968-ci ildə Azərbaycanın musiqi aləmində
yüksək nüfuza malik olan məşhur bəstəkar, Azərbaycanın
mədəniyyət naziri Rauf Hacıyevin təkidi ilə Vaqif
Mustafazadə Tbilisidən Bakıya qayıdır. Doğma Bakı,
İçərişəhərin dar küçələri,
burada keçirdiyi uşaqlıq illərinin unudulmaz xatirələri,
tanış insanların mehriban
çöhrələri Vaqif üçün sanki yeni ilham mənbəyinə
çevrildi və o, yaradıcı fəaliyyətinin yeni mərhələsinə
qədəm qoydu. Beynəlxalq caz müsabiqələri
və festivallarının laureatı olur.
Fortepiano və simfonik orkestr üçün konsertin,
"Muğam" simfoniyasının, bir sıra caz
kompozisiyalarının və pyeslərin müəllifi olan bəstəkar
1970-ci ildə "Leyli" vokal kvartetini yaradır. Qısa
müddətdə bu qrup bakılı musiqisevərlərin
böyük rəğbətini qazanır. Bir il sonra 1971-ci ildə bəzi səbəblərə
görə "Leyli" vokal qrupunun tərkibi və adı dəyişir.
Bu dəfə "Sevil" adlanan qrup
tamaşaçılara daha doğma, daha yaxın olur. Bu dövrdə müxtəlif mahnı və
melodiyaların caz üslubunda yazılışları və
videokliplərin təşkili işləri üzərində
işləyən Vaqif Mustafazadə özünün həm də
bacarıqlı, öz işini gözəl bilən və
düzgün yol göstərən musiqi rəhbəri
olmasını sübut etdi. O öz kompozisiyalarında
tez-tez dünya və Azərbaycan klassiklərinin
yaradıcılıqına müraciət edir və onlardan bəhrələnirdi.
Azərbaycan bəstəkarlarının əsərlərinə
hədsiz rəğbət bəsləyən Vaqif Mustafazadə
dahi Üzeyir Hacıbəyovun sənətkarlığı
qarşısında baş əyir, Qara Qarayev, Fikrət Əmirov,
Niyazi kimi peşəkar bəstəkarların
yaradıcılığına böyük hörmətlə
yanaşırdı.
Xüsusən, ona dəstək verən, heç vaxt
öz köməyini əsirgəməyən unudulmaz bəstəkar
Tofiq Quliyevin, eləcə də, Rauf Hacıyevin və Pərviz
Rüstəmbəyovun respublikada caz musiqisinin yayılması
sahəsində misilsiz fəaliyətlərinə görə
onlara minnətdar idi. Rafiq Babayevlə Vaqif
Mustafazadəni birləşdirən isə səmimi dostluq
münasibətləri və hər ikisinin caz musiqisinə
vurğun olması idi. Onlar konsertlərdə
tez-tez birlikdə çıxış edir, caz festivallarına
birlikdə gedirdilər.
1971-ci ildən 1977-ci ilə kimi "Sevil"
vokal-instrumental qrupuna başçılıq edir. 1977-ci ildən
1979-cu ilə kimi "Muğam" instrumental qrupuna
başçılıq edir. Ansamblın
belə adlanması heç də təsadüfi deyildi. Vaqif caz və muğamın incə sintezini ilk
baxışda bir-birinə tam əks olan Şərq və Qərb
aləmlərini birləşdirən musiqini çoxsaylı sənətsevərlərin
yaddaşında əbədi həkk etdi. Kollektivdə
işləyən peşəkar musiqiçilər ondan
çox şey öyrənmişdilər. Bu,
sözün həqiqi mənasında, yüksək musiqi məktəbi
və öz üzərində daimi iş illəri idi. V.Mustafazadənin ifasını başqa musiqiçilərdən
fərqləndirən yalnız ona məxsus olan fenomenal
yaddaş, parlaq ifa tərzi, zərif və incə ifa
üslubu idi. O, vaxtını və gücünü əsirgəmədən
işləyir, mübaliğəsiz demək olar ki, bu işə
ürəyini və canını sərf edirdi.
1978-ci ildə Monakoda keçirilən 8-ci Beynəlxalq
Caz Festivalında "Əzizəni gözləyirəm"
musiqisinə görə birinci mükafatı
almışdır. 1979-cu ildə Azərbaycanın əməkdar incəsənət
xadimi adına, 1982-ci ildə isə
ölümündən sonra Azərbaycan Dövlət
Mükafatına layiq görülmüşdür. O, fortepiano
konsertlərinin, "Muğam" simfoniyası və başqa
fortepiano şedevrlərinin müəllifidir.
Lakin bütün bunlar Vaqifin öz övladlarından -
iki qızından ötrü həqiqi sənət
adamının nümunəsi və etalonu olmasına, onlara
gözəl tərbiyə və əla musiqi savadı verməsinə
mane olmadı.
Gürcüstanda keçirilən "Tbilisi
78" Ümumittifaq Festivalında Vaqif kiçik qızı Əzizə
ilə birlikdə çıxış edirdi. Bu festivalda
Vaqifin laureat adına layiq görülməsi,
səkkiz yaşlı Əzizəyə isə festivalın
xüsusi mükafatının verilməsi hər ikisinin qəlbində
hədsiz qürur və sevinc hissləri oyatdı. O vaxt Vaqif bəlkə
də heç təsəvvür edə bilməzdi ki, gənc
Əzizə onun arzularını həyata keçirəcək,
dünya şöhrətli musiqiçi olacaq.
Təəssüf ki, Vaqif dünya caz səhnəsində
çıxış edib öz məharətini göstərə
bilmədi. Dövrün sərt qanunları çoxlu
maneçilik və çətinliklər törədirdi.
Yalnız bir dəfə, 1979-cu ildə Vaqifin Monakoda
keçirilən Ümumdünya Caz Musiqi Müsabiqəsinə
göndərdiyi "Əzizəni gözləyərkən"
adlı kompozisiya müəllifini bütün dünya
musiqiçiləri ilə rəqabət apara biləcəyini
sübut etdi. Vaqif kompozisiyasının müsabiqədə
birinci yer tutması, özünün isə dünya
miqyaslı musiqiçilər arasında ən yaxşı
ifaçı adına layiq görülməsi
xəbərini alanda, bəlkə də ömrünün ən
həyəcanlı və xoşbəxt anlarını
yaşadı. Müsabiqədə qalib gəldiyinə
görə ona hədiyyə kimi, sülh və həyat
eşqinin rəmzi, sırf musiqi rəmzi olan "Ağ
royal" verilmişdi. Vaqif Mustafazadənin
musiqisi bax, belə musiqi idi.
Azərbaycanda
sosializm siyasətinin və sərt qaydaların hökm
sürdüyü, heç də asan olmayan o illərə bu
günümüzün prizmasından baxanda başa
düşürük ki, Vaqif Mustafazadə kimi qeyri-adi,
heç kəsə bənzəməyən pianoçu və
bəstəkar üçün o dövrdə yaşamaq və
işləmək heç də asan deyilmiş. Vaqif şəxsiyyətinin ətrafında həmişə
çoxlu mübahisə və polemikalar olub, onun
sağlığında da, ölümündən sonra da.
O, cəmiyyətin yaratdığı stereotiplərə tabe
olmurdu. Onun əsər və improvizasiyaları
bu gün həm peşəkar caz musiqiçiləri, həm də
onun işini davam etdirməyə cəhd göstərən gənclər
tərəfindən diqqətlə təhlil və müzakirə
edilir. Vaqif Mustafazadə öz zəmanəsinin
inqilabçısı və görkəmli şəxsiyyət
idi. Gerçəkliyi qəbul etmək istəməyənlər
daha canfəşanlıqla onun əleyhinə təbliğat
aparsalar da, o, sənətdə bir etalon oldu. Vaqifin yaradıcılığını milli
musiqimizə, muğama xəyanət kimi qiymətləndirənlər
bununla da kifayətlənmirlər. Vaqifin
televiziyada solo-konsert vermək cəhdi dəfələrlə
boşa çıxır. Vaqif bu ədalətsizliyin,
haqsızlığın fövqündə dayansa da, gündən-günə
gərilən əsəblər özünü büruzə
verir.
1979-cu il dekabrın 15-də Vaqif "Muğam"
qrupu ilə birlikdə Daşkənd şəhərində
növbəti qastrollarda idi. Konsertin birinci hissəsi zamanı
hiss etdi ki, barmaqları sözünə baxmır, nəfəsi
təngiyir. Həkimlər konsertin davam etdirilməsini
məsləhət görmədilər, lakin Vaqif öz fikrindən
dönmədi və ikinci hissədə çox gözəl
ifa edib, çıxışını sona
çatdırdı. Bu, Vaqif Mustafazadənin
həyat eşqi və enerjisi ilə dolu insanın, Azərbaycan
caz musiqisinin əfsanəsi olan musiqiçinin son konserti oldu.
Vaqifin ölümü onun bütün yaxın
adamları üçün, onu sevənlərin hər biri
üçün çox gözlənilməz idi. Çünki hələ lap cavan olan, otuz doqquz
yaşlı Vaqifi irəlidə bütöv bir həyat və
saysız-hesabsız əsərlər gözləyirdi. Lakin müdriklər demişkən, "ölüm ən
yaxşıları seçir" və taleyin qismətindən
qaçmaq mümkün olmadığı kimi, bizi tərk
edib getmiş insanları da qaytarmaq mümkün deyil.
ZÜMRÜD
Səs.- 2013.- 16
mart.- S.12.