Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti beynəlxalq əlaqələrini
daha da genişləndirir
19 mart 2013-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılmasından 6 il ötür. Miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə 19 mart 2007-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında 560 nömrəli Fərman imzalanmışdır.Ötən dövr ərzində, ölkəmizdə miqrasiya sahəsində vahid dövlət orqanı kimi çıxış edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsinin daha effektiv təmin edilməsi, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, miqrasiya proseslərinin idarə olunması və proqnozlaşdırılması məqsədilə həm yerli qanunvericiliyə, həm də inkişaf etmiş ölkələrin təcrübəsini öyrənmək, lazım gələrsə tətbiq etmək məqsədilə beynəlxalq əməkdaşlığa xüsusi önəm vermişdir. Beynəlxalq təcrübənin öyrənilməsi, bu sahədə ölkə qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən Birləşmiş Millətlər Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı, Avropa İttifaqı, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz, Müstəqil Dövlətlər Birliyi və digər aidiyyəti beynəlxalq qurumlarla sıx əməkdaşlıq əlaqələri yaradılmış, həmçinin ikitərəfli münasibətlər əsasında Türkiyə Respublikasının, Almaniya Federativ Respublikasının, Niderland Krallığının və bir çox digər ölkələrin aidiyyəti qurumları ilə əlaqələr daha da genişləndirilmiş, eyni zamanda, adıçəkilən və digər ölkələrə qarşılıqlı səfərlər təşkil edilmişdir.Miqrasiya sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi baxımından Azərbaycan Respublikasının əsas tərəfdaşı kimi Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) çıxış edir. BMqT 1996-cı ildən Azərbaycan Respublikasında fəaliyyət göstərir. 8 dekabr 1999-cu il tarixdə imzalanmış "Azərbaycan Respublikası ilə BMqT arasında əməkdaşlıq haqqında Saziş" 8 fevral 2000-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə minmişdir. BMqT-nin təşəbbüsü ilə Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün miqrasiyanın idarə edilməsi və tənzimlənməsi sahəsində bir sıra təlim və seminarlar keçirilmişdir. Hazırda Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə həyata keçirilən və icrasına 2013-cü ilin yanvarından başlanılmış "Azərbaycan, Gürcüstan və Ermənistanda effektiv readmissiya idarəçiliyinin yaradılmasına dəstək" layihəsində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti digər aidiyyəti dövlət orqanları ilə yanaşı BMqT-nin tərəfdaşı kimi iştirak edir.Dövlət Miqrasiya Xidməti Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) ilə əməkdaşlığı çərçivəsində qaçqın və sığınacaq məsələləri ilə bağlı hüquq-mühafizə orqanları və sərhəd xidməti əməkdaşları üçün mütəmadi olaraq təlim-treninqlər keçirir. Eyni zamanda, DMX sığınacaq axtaran şəxslərin mənşə ölkələrinə könüllü surətdə qaytarılması, qaçqınların yaşamaq üçün üçüncü ölkələrə göndərilməsi, statistik məlumat mübadiləsi və sair sahələrlə bağlı BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi ilə sıx əməkdaşlıq edir. 19 may 2011-ci il tarixdə ölkəmizdə səfərdə olan BMT-nin Qaçqınlar üzrə Ali Komissarı cənab Antonio Quterreş Dövlət Miqrasiya Xidmətində olmuş və qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirmişdir. 01 - 05 oktyabr 2012-ci il tarixlərdə Cenevrə şəhərində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 63-cü sessiyasında Dövlət Miqrasiya Xidmətinin rəisi də iştirak etmişdir. Milli sığınacaq sisteminin təkmilləşdirilməsi və qaçqın statusunun müəyyənləşdirilməsi ilə bağlı qərar qəbuletmənin keyfiyyətinin yaxşılaşdırılması, eləcə də, müraciət edənlərin hüquqlarının müdafiəsi məqsədilə "Şərqi Avropada və Cənubi Qafqazda sığınacaq sistemlərinin keyfiyyətinin artırılması təşəbbüsü" adlı layihənin həyata keçirilməsi üçün Dövlət Miqrasiya Xidmətinin BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi ilə birgə hazırladığı "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi arasında Anlaşma Memorandumu" layihəsi aidiyyəti dövlət qurumları ilə müvafiq qaydada razılaşdırıldıqdan sonra baxılması üçün Nazirlər Kabinetinə göndərilmişdir.Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Müstəqil Dövlətlər Birliyinin Miqrasiya Orqanları Rəhbərləri Şurasının üzvlərindən biridir. Dövlət Miqrasiya Xidməti öz səlahiyyətləri çərçivəsində ölkə rəhbərliyinin xüsusi rəylərini nəzərə almaqla Şuraya üzv olan dövlətlərlə (Ermənistan Respublikası istisna olmaqla) əməkdaşlıq edir. Miqrasiya Orqanları Rəhbərləri Şurası Rusiya Federasiyası, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Ermənistan respublikalarından ibarətdir. Ukrayna şurada müşahidəçi qismində iştirak edir. Şuranın iclaslarında, əsasən, üzv dövlətlərdə miqrasiyanın vəziyyəti, Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərinin Dövlət Başçıları Şurasının, Hökumət Başçıları Şurasının və Miqrasiya Orqanları Rəhbərləri Şurasının qərarlarının icrası və eyni zamanda, miqrasiya proseslərinin tənzimlənməsinin prioritet istiqamətləri müzakirə olunur və digər məsələlərə toxunulur. Şuranın 8-ci iclası 2010-cu ilin sentyabrında Bakı şəhərində keçirilmişdir.Dövlət Miqrasiya Xidməti Avropa İttifaqının yardım alətlərindən (TAİEX, Tvinninq, MİEUX proqramları) fəal istifadə edir. Dövlət Miqrasiya Xidməti Avropa İttifaqı ilə birgə 2013-cü ilin yanvarından əsas məqsədi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və fundamental azadlıqlarını qoruyan beynəlxalq öhdəliklərə uyğun olaraq qanunsuz miqrasiyanın azaldılması və tədricən aradan qaldırılmasına yönəlmiş dövlət siyasətinin hazırlanması və icra edilməsi, həmçinin, cari miqrasiya qanunvericiliyinin Avropa İttifaqı standartlarına uyğunlaşdırması olan "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və ona tabe idarələrin kollektivinin professional inkişafı və bacarıqlarının artırılmasına və miqrasiya haqqında cari qanunvericiliyin Avropa İttifaqı standartlarına uyğunlaşdırılmasına dəstək" adlı Tvinninq layihəsinin icrasına başlamışdır. Layihə üzrə Xidmətin Avropa İttifaqı tərəfindən tərəfdaşı "Niderland, Latviya və Rumıniya Konsorsiumu"dur. Layihənin iki il ərzində fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur. Layihə aşağıdakı 4 komponentdən ibarətdir:
1.Miqrasiya sahəsində qanunverciliyin Avropa İttifaqı qanunverciliyinə uyğunlaşdırılması;
2. Sistematik təhlil yolu ilə qeyri-qanuni miqrasiyanın qarşısının alınması;
3. Təlimlər vasitəsilə peşəkar bacarıqların artırılması;
4. İctimaiyyətlə əlaqələrin daha təkmin metodlarla qurulması, məlumatlandırma və maarifləndirmə kampaniyalarının aparılması bacarıqlarının yaradılması;
Komponentlər üzrə 42 tədbirin həyata keçirilməsi planlaşdırılır. Bura Azərbaycan Respublikası və Avropa İttifaqı ekspertləri ilə birgə keçiriləcək görüşlər, seminarlar, Avropa İttifaqı ölkələrinə təlim səfərləri və iş planına uyğun olaraq digər fəaliyyətlər daxildir.
2012-ci ildə TAİEX proqramının "Rumıniyada sığınacaq prosedurları ilə tanışlıq" adlı layihəsi çərçivəsində 27-31 avqust tarixlərində Dövlət Miqrasiya Xidməti nümayəndələri Rumıniyada təlim səfərində, 3-7 sentyabr tarixlərində isə Rumıniyanın aidiyyəti qurumunun ekspert missiyası Dövlət Miqrasiya Xidmətində ezamiyyətdə olmuşlar.Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Aİ və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzlə birgə MİEUX (Miqrasiya: Avropa İttifaqının Ekspertizası) proqramı çərçivəsində "Seçilmiş Aİ üzv dövlətlərinə təlim səfəri", "Aİ-nin miqrasiya sahəsində qanunvericiliyinin öyrənilməsinə dair" layihələri reallaşdırmışdır. 2011-2012-ci illərdə MİEUX proqramının növbəti -"Qanunsuz miqrasiya ilə mübarizə və qayıdışın idarə olunmasına dəstək" layihəsi həyata keçirilmişdir. Layihə çərçivəsində Bakı şəhərində Dövlət Miqrasiya Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının və aidiyyəti beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə 22 noyabr 2011-ci il tarixdə "Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin idarə edilməsi" və 24-26 iyul 2012-ci il tarixlərdə isə "Readmissiya və qayıdışa dəstək" adlı treninqlər keçirilmiş və təlimlərin sonunda iştirakçılara ixtisaslaşmış kurs üzrə sertifikatlar təqdim olunmuşdur. Həmçinin, layihə çərçivəsində 15-21 aprel 2012-ci il tarixlərdə Dövlət Miqrasiya Xidməti əməkdaşları Niderland Krallığında təlim səfərində olmuşlar.Azərbaycan Respublikası miqrasiya sahəsində əməkdaşlığı genişləndirmək və beynəlxalq təcrübəni öyrənmək, eləcə də, və Aİ, həmçinin, digər ölkələrlə inteqrasiyanı sürətləndirmək üçün iki əsas prosesə qoşulmuşdur. Azərbaycan Respublikasının miqrasiya sahəsində qoşulduğu proseslərdən biri Budapeşt Prosesidir. Prosesin əsas hədəfi qanuni miqrasiya üçün davamlı və geniş sistemlərin inkişaf etdirilməsi, yalnız Avropa regionunda deyil, ona qonşu olan ölkələrdə də qanuni və qanunsuz miqrasiya, sığınacaq, viza, sərhəd idarəçiliyi, insan alveri və miqrant qaçaqmalçılığı, readmissiya və qayıdış sahələrində məlumat və təcrübə mübadiləsinin həyata keçirilməsini təmin etmək, qeyri-qanuni miqrasiyaya qarşı birgə addımlar atmaqdır. Budapeşt prosesi miqrasiya sahəsində yaxşı idarəçiliyin, qeyri-qanuni miqrasiya ilə mübarizədə vahid yanaşmanın, miqrasiya anlayışlarının və siyasətlərinin ölkələr arasında mübadiləsinin təmin olunmasına xidmət edir.Azərbaycan Respublikasının miqrasiya sahəsində qoşulduğu digər bir proses Praqa Prosesidir. Praqa Prosesinin əsası 2009-cu ilin aprel ayında Çexiyada keçirilən Nazirlər Konfransı ilə qoyulmuşdur. Bu konfransda iştirak edən nazirlər miqrasiyanın idarə olunması sahəsində əməkdaşlığın uzunmüddətli prioritetlərini müəyyən edən "Miqrasiya Tərəfdaşlıq quruculuğu" adlı Birgə Bəyanat qəbul etmişdirlər. I Konfrans Şərqdə və Cənub-Şərqdə miqrasiyaya Aİ-nin qlobal yanaşmasının tətbiqinə siyasi zəmin hazırlamışdır. Prosesin fəaliyyət vasitələrindən biri - ölkələr üzrə hazırlanan Miqrasiya İcmalları və bu icmallar əsasında yaradılan Miqrasiya Marşrutu xəritəsidir (BMP i-map/ Migration Routes i-map). 2011-ci ilin noyabr ayında Polşanın Poznan şəhərində keçirilən II Nazirlər Konfransında I konfransda qəbul edilmiş Birgə Bəyanatda əksini tapmış prioritet məqsədlərə nail olmaq üçün 2012-2016-cı illəri əhatə edən Fəaliyyət Planı iştirakçı ölkələrin miqrasiya üzrə nazirləri tərəfindən təsdiq olunmuşdur. Prosesdə Azərbaycan Hökumətini Dövlət Miqrasiya Xidməti təmsil edir.Azərbaycan Respublikasının da dəstəklədiyi Aİ-nin Şərq Tərəfdaşlığı təşəbbüsü Aİ və Şərq tərəfdaş ölkələri arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasını, mövcud əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatda davam etdirilərək genişləndirilməsini nəzərdə tutur. Əməkdaşlığın əsas sahələrinə uyğun olaraq, dörd tematik platforma (demokratiya, yaxşı idarəçilik və sabitlik; iqtisadi inteqrasiya və Aİ siyasətlərinə yaxınlaşma; enerji təhlükəsizliyi; insanlar arasında təmaslar) yaradılmışdır. Dövlət Miqrasiya Xidməti "Demokratiya, yaxşı idarəçilik və sabitlik" adlı birinci platformada təmsil olunur.17 iyun 2011-ci il tarixdə Aİ ölkələrinin Miqrasiya Missiyası üzrə nümayəndələrinin ölkəmizə səfəri çərçivəsində dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə plenar iclas keçirilmişdir. İclasın sonunda Dövlət Miqrasiya Xidməti əməkdaşlarının iştirakı ilə Aİ və Azərbaycan Respublikası arasında miqrasiyanın idarəedilməsi, qeyri-qanuni miqrasiyanın səmərəli şəkildə qarşısının alınması sahəsində gələcək əməkdaşlığın və dialoqun gücləndirilməsinə xidmət edən Birgə Bəyannamə qəbul edilmişdir.Azərbaycan Respublikasının və vətəndaşlarının maraqları tam nəzərə alınmaqla, Azərbaycan Respublikası və Aİ arasında viza rejiminin sadələşdirilməsi və readmissiya sazişlərinin bağlanması məqsədilə Dövlət Miqrasiya Xidmətinin iştirakı ilə tərəflər arasında 4 görüş (1-2 mart 2012-ci il tarixlərində Bakıda, 31 may-1 iyun 2012-ci il tarixlərində Brüsseldə, 6-7 noyabr 2012-ci il tarixlərində Bakıda və 11-12 mart 2013-cü il tarixdə Brüsseldə ) keçirilmişdir. Hazırda bu istiqamətdə danışıqlar davam etdirilir.Dövlət Miqrasiya Xidmətinin ikitərəfli əlaqələr konteksində əməkdaşlığa başladığı ilk dövlətlər kimi Almaniya Federativ Respublikasını və Niderland Krallığını xüsusi ilə fərqləndirmək olar. Xidmət rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti 2008-ci ilin noyabr və 2011-ci ilin oktyabr aylarında Almaniya Federativ Respublikasının Daxili İşlər Nazirliyinin dəvəti ilə həmin ölkədə rəsmi səfərdə olmuşdur. Bu səfərlərlə yanaşı, Almaniyanın miqrasiya üzrə səlahiyyətli aidiyyəti qurumlarının nümayəndələrinin də Azərbaycana səfərləri olmuş, Dövlət Miqrasiya Xidmətində bir sıra görüşlər keçirilmişdir. 2009-cu ilin iyun ayında Almaniya Federativ Respublikasının daxili işlər naziri müavininin, 2011-ci ilin aprel ayında isə Almaniya Federal Kriminal Polis İdarəsinin Prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətləri ilə Dövlət Miqrasiya Xidmətində görüşlər keçirilmişdir. Bunlarla bərabər, xidmət rəisinin rəhbərlik etdiyi nümayəndə heyətinin 2007-ci ilin dekabr, 2009-cu və 2011-ci illərin oktyabr aylarında Niderland Krallığına rəsmi səfərləri baş tutmuşdur. Həmçinin, Niderland Krallığının Repatriasiya və Geri Qaytarma Ximdətinin rəsmiləri ilə 2008-ci ilin aprel, 2009-cu ilin iyul, 2010-cu ilin noyabr və dekabr aylarında Dövlət Miqrasiya Xidmətində görüşlər keçirilmişdir. 2010-cu ilin avqust ayında Niderland Krallığının Ədliyyə nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Miqrasiya Xidmətində olmuşdur. 11-13 aprel 2012-ci il və 12-13 fevral 2013-cü il tarixlərdə DMX-nın inzibati binasında Niderland Krallığının ölkəmizdəki səfirliyinin dəstəyi ilə saxta sənədlərin aşkara çıxarılması ilə bağlı xidmət əkəmdaşları üçün treninqlər təşkil olunmuşdur. Bunlarla bərabər, Dövlət Miqrasiya Xidməti Niderland Krallığının Repatriasiya və Geri Qaytarma Xidməti ilə birgə Aİ-nin yardım alətlərindən olan MİEUX proqramı çərçivəsində 2011-2012-ci illərdə "Azərbaycan Respublikasında qanunsuz miqrasiya ilə mübarizə və qayıdışın idarə olunması sahəsinə dəstək" adlı layihəni həyata keçirmişlər. Tvinninq proqramı çərçivəsində Xidmətin Avropa İttifaqı tərəfindən tərəfdaşlarından olan Niderland Krallığının Repatriasiya və Geri Qaytarma Xidmətinin baş direktoru xanım Rodia Maas 2012-ci ilin noyabr ayında Bakıda adıçəkilən proqramın təqdimatında iştirak etmiş və xidmət rəhbərliyi ilə görüşmüşdür.Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi ilə Almaniya Federativ Respublikasının Əcnəbilərlə İş üzrə İdarəsinin və Niderland Krallığının Repatriasiya və Geri Qaytarma Xidmətinin rəhbərliyi arasında 2008-ci ildə olan şifahi razılaşmalara əsasən, Dövlət Miqrasiya Xidmətinin ekspertləri Almaniya Federativ Respublikasında və Niderland Krallığında qeyri-qanuni yaşayan və Azərbaycan Republikası vətəndaşları olmaları ehtimal edilən şəxslərin geri qaytarılmaları ilə bağlı vətəndaşlıq mənsubiyyətinin araşdırılması məqsədilə mütəmadi olaraq həmin ölkələrdə səfərlərdə olmuşlar. Hazırda bu istiqamətdə işlər davam etdirilir.Türkiyə Respublikasının müvafiq qurumları ilə Dövlət Miqrasiya Xidməti arasında miqrasiya sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə Dövlət Miqrasiya Xidməti rəisinin rəhbərlik etdiyi nümayəndə heyətinin 21-25 fevral 2011-ci il və 27-29 noyabr 2012-ci il tarixlərində bu ölkəyə səfərləri olmuşdur. Səfərlər zamanı Türkiyə Respublikasının daxili işlər naziri, baş polis idarəsinin rəisi, əmək və əhalinin sosial müdafiəsi naziri və digər şəxslərlə mühüm görüşlər keçirilmiş, iki ölkə arasında miqrasiya sahəsində münasibətlərin daha da inkişaf etdirilməsi yolları və qurumlararası əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur. 2011-ci ilin aprel, həmçinin, 2012-ci ilin iyul və sentyabr aylarında ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri xidmət rəisi və müavini tərəfindən qəbul edilmişlər. Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti arasında 2013-cü ildə imzalanması nəzərdə tutulan və əmək miqrasiyası sahəsində əməkdaşlığın gücləndirilməsinə, o cümlədən, hər iki ölkənin vətəndaşlarının hüquqlarının qorunmasına xidmət edən "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair Saziş" layihəsi aidiyyəti dövlət qurumları ilə razılaşdırıldıqdan sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilmişdir.Dövlət Miqrasiya Xidməti ilə Əfqanıstan İslam Respublikasının müvafiq qurumları arasında əlaqələr inkişaf etdirilir. Belə ki, ölkə ərazisində sənədsiz olan və qaçqın kimi yaşayan Əfqanıstan İslam Respublikası vətəndaşlarının problemlərinin həll olunmasında bu əməkdaşlıq artıq öz töhfəsini vermişdir. Həmçinin, əfqan icması, eyni zamanda, bu dövlətin ölkəmizdəki səfirliyi, həmçinin, beynəlxalq tədbirlərdə Əfqanıstan nümayəndələri ilə görüşlər keçirilir, qarşılıqlı fikir mübadiləsi aparılır.Yaranmasından qısa müddət keçməsinə baxmayaraq, mərkəzi icra hakimiyyəti orqanı olan Dövlət Miqrasiya Xidməti öz səlahiyyətləri çərçivəsində qarşısına qoyulmuş vəzifələri vaxtında və uğurla icra etməkdədir. Ölkə başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi: "Bu illər ərzində xidmət formalaşdı, gücləndi. Bu gün Azərbaycanın iqtisadi maraqlarının qorunması üçün Miqrasiya Xidmətinin çox mühüm rolu vardır... Bir də demək istəyirəm, Miqrasiya Xidmətinin qısa müddət ərzində fəaliyyəti onu göstərir ki, qarşımıza qoyduğumuz məsələlər icra olunur." Həqiqətən, Prezident cənab İlham Əliyevin şəxsən xüsusi diqqət və qayğısı sayəsində fəaliyyətini tam formalaşdıran Dövlət Miqrasiya Xidməti artıq beynəlxalq təcrübənin öyrənilməsi və bu sahədə ölkə qanunvericiliyinin təkmilləşdirilməsində öz sözünü deyir. Belə ki, miqrasiya sahəsində vahid qanunvericilik bazasının formalaşdırılması məqsədilə beynəlxalq təcrübə, o cümlədən, Avropa İttifaqı qanunvericiliyi nəzərə alınmaqla Dövlət Miqrasiya Xidməti tərəfindən hazırlanmış "Miqrasiya Məcəlləsi"nin layihəsi hazırda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasında baxılmaqdadır.Dövlət Miqrasiya Xidmətinin hər bir əməkdaşı üzərinə düşən xidməti vəzifələrin icrasını təmin etmək məqsədilə bundan sonra da bütün qüvvə və bacarığını səfərbər edərək respublikamızın inkişafına öz layiqli töhfəsini verəcəkdir.
Pərviz Musayev,
Azərbaycan Respublikası Dövlət
Miqrasiya Xidmətinin rəis
müavini,
III dərəcəli dövlət
miqrasiya xidməti müşaviri
Səs.- 2013.- 16 mart.- S.8-9.