Ulu Öndər
Heydər Əliyevin sovet dövründə Azərbaycan-Türkiyə
mədəni əlaqələrini genişləndirməsi
Heydər Əliyev Türkiyə ilə mədəni əlaqələrdə Azərbaycanın daha geniş iştirakını təmin etmək üçün mərkəz qarşısında konkret məsələlərin həllini qaldırırdı. Bildirirdi ki, hər il sentyabr ayında Bakıda Yaxın və Orta Şərq ölkələri bəstəkarları və müğənnilərinin iştirakı ilə Şərq musiqisi festivalı keçirilsin. Belə bir festivalın keçirilməsi təkcə Azərbaycanın musiqi mədəniyyətinin deyil, eyni zamanda, Şərq musiqisinin məşhur olduğu bu region xalqları arasında Orta Asiya xalqlarının da musiqisinin yayılmasına kömək edərdi. Heydər Əliyev Azərbaycanın teatr və konsert kollektivlərinin, ayrı-ayrı ifaçıların Türkiyəyə səfərlərinin genişləndirilməsini, ən yaxşı azərbaycanlı quruluşçu rejissorların, dirijorların Türkiyədə kontraktla işləmələrinə şərait yaradılması təklif edirdi. O yazırdı ki, təcrübə göstərir, Azərbaycan ifaçılarının Türkiyəyə səfərləri uğurla keçir və türk ictimaiyyətinin böyük marağını çəkir. Nümunə kimi məktubda Niyazinin, Azərbaycan Dövlət Rəqs Ansamblının və b. səfərləri göstərilirdi.
Heydər Əliyev rəssamlar arasında əlaqələrin qurulmasına önəm verərək, Türkiyədə Azərbaycan rəssamlarının əsərlərinin sərgisinin keçirilməsini təklif edirdi. Həmçinin, müxtəlif tədbirlər keçirilərkən ən yaxşı Azərbaycan kinofilmlərinin nümayişini tövsiyə edirdi. Bildirildi ki, Azərbaycan dili türk tamaşaçısı tərəfindən başa düşüldüyündən "Azərbaycanfilm"in istehsalı olan kinofilmlərin Türkiyədə satışını təşkil etmək məqsədəuyğun olardı.
Təkliflərdə deyilirdi ki, beynəlxalq idman əlaqələri münasibətlərdə mühüm rol oynaya bilər. Ona görə də Heydər Əliyev Bakı şəhərində Türkiyə idmançılarının iştirakı ilə daha çox beynəlxalq idman oyunlarının keçirilməsini, Azərbaycanla Türkiyə arasında idman kollektivlərinin qarşılıqlı mübadiləsini praktikadan keçirməyi təklif edirdi.
Heydər Əliyev Türkiyə ilə əlaqələrdə qardaşlaşmış şəhərlər hərəkatından istifadə edilməsi təklifini irəli sürür, Bakı və İzmir şəhərinin qardaşlaşması məsələsinə baxmağı xahiş edirdi. Yazırdı ki, İzmirdə xeyli azərbaycanlı yaşayır, zaman-zaman Ankara və İzmir şəhərlərinin merləri Bakı ilə qardaşlaşmış şəhərlər çərçivəsində əməkdaşlıq etmək istəyində olduqlarını bildirmişlər.
Heydər Əliyev Türkiyəyə səfərə gedən müxtəlif səviyyəli sovet nümayəndə heyətlərinin tərkibinə azərbaycanlılardan nümayəndələrin daha çox daxil edilməsi təklifini irəli sürürdü. Təkliflərdə deyilirdi ki, Türkiyədə azərbaycanlılar çox yaşadıqlarından və ölkənin ictimai-siyasi həyatında mühüm rol oynadıqlarından bu ölkədəki sovet nümayəndəliklərində, o cümlədən, müxtəlif obyektlərin tikintisinə azərbaycanlı mütəxəssislər daha çox göndərilsin. Heydər Əliyev təklif edirdi ki, Türkiyədən SSRİ-yə gələn turistlərin səfər proqramlarına Azərbaycana səyahət də daxil edilsin.
Azərbaycan rəhbəri xarici ölkələrdə yaşayan azərbaycanlıların Ümumittifaq Vətən Cəmiyyətinin və Azərbaycanın xarici ölkələrlə dostluq və mədəni əlaqələr cəmiyyətinin birgə xətti ilə daha çox dəvət olunmalarını təklif edirdi. Heç şübhəsiz, bu təkliflər SSRİ-Türkiyə əlaqələrini canlandırmaq, Türkiyədə qızışdırılan antisovet təbliğatını aşağı salmaq məqsədini güdürdü. Yaranmış vəziyyətdən istifadə edən Heydər Əliyev iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsində Azərbaycan xalqının rolunu artırmağa, mühacirət təşkilatlarında hökm sürən antisovet əhval-ruhiyyəni zəiflətməyə, onunla işləməyə çalışırdı. Çünki azərbaycanlı mühacir təşkilatların antisovet fəaliyyəti Moskvanı qıcıqlandırır, respublikda milli ziyalıların qorunması çətin olur, ziyan Azərbaycana dəyirdi. Buna görə də Heydər Əliyev xaricdəki azərbaycanlıların antisovet fəaliyyətlərdə iştirakını arzulamırdı. Qeyd etmək lazımdır ki, Heydər Əliyevə qədər işlənmiş Azərbaycan sovet rəhbərlərindən heç biri Türkiyə ilə münasibətlərin inkişaf etdirilməsinə dair mərkəz qarşısında belə tutarlı, əsaslandırılmış və cəsarətli təkliflər verməmişdi.
Heydər Əliyevin təkliflərinin nəzərə alınması nəticəsində iki ölkə arasında münasibətlər yaxşılaşır, Türkiyədə antisovet təbliğat zəifləyir, türk xalqı Azərbaycanı daha yaxından tanıyır, siyasi mühacirət nümayəndələri vətənə səfərlər edirdilər.
70-80-ci illərdə Heydər Əliyev Türkiyə ilə mədəni, elmi və turizm əlaqələrinin inkişaf etdirilməsini diqqətdə saxlayırdı. Məsələn, onun tapşırığı ilə Azərbaycanın məsul şəxsləri İzmirdə keçiriləcək sərgi-yarmarkaya bir neçə ay əvvəlcədən ciddi hazırlaşmağa başlamışdılar. MK bürosunun hələ 1970-ci il 17 aprel tarixli iclasında İzmirdə keçiriləcək beynəlxalq yarmarkaya Azərbaycandan 22 nəfər incəsənət ustasının göndərilməsi barədə qərar qəbul edilmişdi. Bu qərar uğurla yerinə yetirildi. Görkəmli müğənnilər Ş.Ələkbərova, G.Məmmədov, P.Bülbüloğlu və "Qaya" vokal-instrumental ansamblının Türkiyədə verdikləri konsertlər böyük rəğbətlə qarşılandı.
Heydər Əliyevin səyləri nəticəsində
Azərbaycan 1970-ci ilin avqust-sentyabr aylarında İzmirdə
keçirilən beynəlxalq yarmarkada ayrıca pavilyonda təmsil
olundu. Yarmarkada Azərbaycanın 500-dək eksponatı,
"Azıx mağarası", "Təsnif", "Şəki
sarayı", "Abşeron mahnıları" və s.
qısametrajlı televiziya filmləri, xalqımızın
tarixi, dili və mədəniyyəti ilə bağlı 136
adda kitab nümayiş etdirildi. Yarmarkadakı Azərbaycan
pavilyonu Türkiyədə böyük sevgi və məhəbbətlə
qarşılandı. Türklər azərbaycanlı
mühacirlər pavilyonuna xüsusi maraq göstərir, Azərbaycandan
gələnlərlə söhbət edib respublikadakı vəziyyətlə
maraqlanırdılar. Onlara
Azərbaycan milli musiqi nümunələri yazılmış
plastinkalar, ana dilində kitablar verilirdi. Sərgi-yarmarkanın
keçirildiyi müddətdə türk mətbuatı Azərbaycana
dair çoxlu yazılar verdi. Məsələn, nüfuzlu
"Ekspres", "Demokratik İzmir" və başqa qəzetlər
Azərbaycana rəğbət dolu məqalələr dərc
etmişdilər. İzmirdə keçirilən sərgi-yarmarkada
Azərbaycanın iştirakı azərbaycanlılarla
türklər arasında əlaqələrin
canlandırılmasına güclü təsir edirdi.
70-80-ci
illərdə Azərbaycan elmi və ədəbi mühitində
Türkiyə mövzusu müəyyən müzakirələr
obyektinə çevrilmişdi. Məsələn, 1971-ci ildə
Azərbaycan Yazıçılar İttifaqının V
qurultayında etdiyi çıxışında Süleyman
Rüstəm deyirdi: "Mən ta gənclik illərindən
bu günə qədər qəribə məktublar alıram.
Aldığım son məktubun müəllifi (əlbəttə,
imzasız müəllif) məni partiya məddahlığında
günahlandırır... Deyir ki, bəzi xalqlara qardaş deyə
şeir yazırsan, bəs niyə Bakıya gəlmiş
türklərə şeir yazmırsan?" S.Rüstəm bu
sözləri Heydər Əliyevin iştirak etdiyi məclisdə
deyir və az sonra ona siyasi, ideoloji don geyindirirdi.
Heydər
Əliyev Azərbaycan şair və
yazıçılarının Türkiyəyə səfərlərinə
şərait yaradır, onu təşviq edir,
baxışları üstündə əvvəlki illərdə
sıxışdırılan şəxslərin qardaş
ölkə ilə əlaqə yaratmalarına imkan verir, bundan
ötrü mərkəzdən icazə alır və
yardımlar göstərirdi. 1974-cü ildə Azərbaycan
şair və yazıçılarından R.Rza Türkiyəyə
səfər etdi, öz növbəsində, Bakıya türk
yazıçıları gəldi. 1975-ci ildə Azərbaycan
yazıçıları Türkiyəyə səfər edərək,
həmkarları ilə görüşdülər. Həmin
ilin may-iyun aylarında Anar, K.Simonov, həyat yoldaşı
L.A.Jadova və V.Feofonov Türkiyədə səfərdə
oldular. Anarın nümayəndə heyətinin daxil edilməsi
Türkiyədə SSRİ-nin türk xalqlarına xüsusi
maraq yaradır və rəğbəti daha da
artırırdı. Türkiyədə ziyalılar Anarla
görüşlərə can atırdılar. Keçirilən
görüşlər Azərbaycan ədəbiyyatı
haqqında məlumatların yayılmasına kömək
edirdi. Səfərdən sonra K.Simonov 26 səhifəlik hesabat
yazaraq əslini Sov. İKP MK-ya, nüsxəsini isə Azərbaycan
KP MK-ya göndərdi. Hesabatda deyilirdi ki, Türkiyənin
müxtəlif yerlərində azərbaycanlıların,
türkmənlərin, SSRİ-nin türk xalqlarının
azadlığı komitələri yaradılır. Onlar bu
xalqların müstəqilliklərinə qovuşmaları
istiqamətində fəal iş aparırlar. Hətta
1973-cü ildə Türkiyədə nəşr olunan sovet
türkləri antologiyası "Əsirlikdə olan türk
diyarlarından... " adlandırılmışdı.
Səfər
haqqında Türkiyənin "Milliyyət", "Yeni
ortam", "Yeni gün", "Sənət dərgisi"
və b. kütləvi informasiya vasitələri geniş məlumatlar
verdilər. "Cümhuriyyət" qəzetinin müxbiri
Kamal Özerin Anarla müsahibəsində Azərbaycan-Türkiyə
əlaqələri, ədəbiyyat, incəsənət,
türk şair və yazıçılarının Azərbaycanda
tanıdılması barədə söhbət getmişdi.
Anar deyirdi ki, biz istərdik, Türkiyədə Azərbaycan ədəbiyyatını
heç olmasa, Azərbaycanda türk ədəbiyyatını
bilən kimi bilsinlər. "Yeni gün" qəzetinə
müsahibədə Anar "Qobustan", "Kitabi-Dədə
Qorqud" dastanı haqqında söz açaraq Azərbaycanda
mədəniyyətə və elmə verilən qiymətdən,
yaradıcı adamlar üçün yaradılan əlverişli
şəraitdən danışmışdı. Belə səfərlər
və verilən müsahibələr, heç şübhəsiz,
biri-birindən ayrı düşmüş Azərbaycanın
Türkiyə və türk dünyası ilə əlaqələrinin
inkişafına müsbət təsir edirdi.
Heydər
Əliyevin tövsiyəsi əsasında Türkiyənin elm,
təhsil və mədəniyyət ocaqları ilə müntəzəm
əlaqələr yaradılır və inkişaf etdirilirdi.
1970-ci ildə Azərbaycan EA kitabxanası Türkiyədəki
türkoloji mərkəzlə, 1973-cü ildə isə
İstanbuldakı kitabxana ilə əlaqə qurdu. Sonraki illərdə
də bu iş uğurla davam etdirildi. 1982-ci ildə
Ankaradakı Türk Dil Qurumu, Ərzurumdakı Atatürk
Universiteti ilə EA kitabxanası arasında əlaqə
yaradıldı. Bu əlaqələrin nəticəsində Azərbaycan
alimləri Türkiyədə çap olunan ən son elmi nəşrlərlə
tanış olur və əməkdaşlığı
genişləndirirdilər. Türk mətbuatının
icmalını alan respublika Xarici İşlər Nazirliyi onu
EA-nin İctimai elmlər üzrə elmi-informasiya mərkəzinə
araşdırmalarda istifadə etmək üçün təqdim
edirdi. Azərbaycanda 70-ci illərdə Türkiyə üzrə
elmi-tədqiqat işləri, məqalə və kitab
çapı genişləndirilirdi. Türkologiyaya maraq
güclənirdi.
Heydər
Əliyev Türkiyədə Azərbaycan tarixi və ədəbiyyatından
dərs verən müəllimlərin respublikaya səfər
edərək azərbaycanlıların həyatı ilə,
qazanılmış uğurlarla tanış olmalarına, Azərbaycan
mənbələri əsasında araşdırmalar
aparmalarına şərait yaradırdı. Məsələn,
1981-ci ilin mart ayında Ərzurum Universitetinin müəllimi,
Azərbaycan ədəbiyyatından dərs verən,
M.F.Axundovun əsərlərini türk dilinə çevirən
Əli Yavuz Akpınarın Azərbaycana gəlib tədqiqat
işi aparmasına nəinki icazə verildi, eyni zamanda,
bütün xərcləri Azərbaycan KP MK-nın birinci
katibi Heydər Əliyevin göstərişi ilə Azərbaycan
xarici ölkələrlə dostluq və mədəni əlaqələr
cəmiyyəti tərəfindən ödənildi. Bundan sonra Ə.Y.Akpinar
Azərbaycan ədəbiyyatı haqqında dəyərli əsərlər
yazdı.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2013.- 19 mart.- S. 15.