Əminəm ki, çox zəngin milli mədəniyyətimiz
daha geniş üfüqlər fəth edəcək və
dünya xəzinəsinə yeni-yeni töhfələr verəcək
Müsahibimiz Azərbaycanda
Atatürk Mərkəzinin müdiri, Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü, MM-in Mədəniyyət
Komitəsinin sədri Nizami Cəfərovdur
- Nizami müəllim, məlumdur ki, ölkəmizdə mədəniyyətin inkişafına böyük qayğı göstərilir. İstərdik ki, bu sahədə həyata keçirilən dövlət siyasəti barədə ətraflı məlumat verəsiniz.
- Biz hamımız yaxşı bilirik və bu, dünyada da hər zaman etiraf olunub ki, Azərbaycan Yer üzünün ən qədim və zəngin mədəniyyətə malik ölkələrindən biridir. Ola bilər ki, hansı dövrdəsə bizim, belə deyək, müstəqil dövlətçiliyimiz olmayıb və yaxud hansısa dövrdə, xüsusilə də, orta əsrlərdə müxtəlif imperiyaların tərkibində yaşamışıq, ancaq bu halda da bizim milli məzmunlu, eyni zamanda, bəşəri, dünya səviyyəli mədəniyyətimiz inkişaf edib. Bu mənada bir neçə əsərin adını çəkmək kifayətdir. Məsələn, Azərbaycan xalqı "Kitabi-Dədə Qorqud", "Koroğlu" eposlarını yaradıb, Nizami, Nəsimi, Füzuli kimi, sonrakı dövrlərdə M.P.Vaqif, M.F.Axundzadə, XX əsrdə isə C.Məmmədquluzadə, M.Ə.Sabir, H.Cavid, S.Vurğun kimi dahilər yetişdirib. Azərbaycan xalqı məhz belə nəhəng ədəbiyyatın varisidir. Bizim, eyni zamanda, çoxlu tarixi abidələrimiz var. Qız Qalası, Şirvanşahlar Sarayı, Möminə Xatun Türbəsi, Şəki Xan Sarayı və digər abidələrimiz bu sıradadır. Hələ mən daha qədim dövrlərin yadigarı olan Qobustan haqqında söhbət açmaq istəmirəm. Azərbaycan xalqı zəngin musiqi xəzinəsinə də malikdir, həmçinin, kifayət qədər rəngarəng təsviri sənətimiz, rəssamlığımız, dünyada nadir sayılan xalçaçılığımız var. Bu mənada bizim xalqımız həqiqətən dünyanın ən mədəniyyətli xalqlarından biridir. Bizim mədəniyyətimizə həm də mükəmməl, çevik, canlı bir xalq ruhu hakimdir.
Azərbaycan xalqı Sovet hakimiyyəti illərində də böyük mədəniyyət məhsuldarlığı nümayiş etdirib, dünyanın mədəniyyət xəzinəsini bir sıra yüksək səviyyəli sənət əsərləri, görkəmli yaradıcı simalarla zənginləşdirib. XX əsrin sonlarında Azərbaycan müstəqilliyə qovuşduqdan sonra ölkəmizdə dövlətin mədəniyyət siyasəti Ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirildi. Mədəniyyət, əlbəttə ki, təbii inersiya ilə, fitrətən yaranan bir hadisədir. Ancaq dövlət mədəniyyətin əsaslı, daha harmonik bir şəkildə inkişafı üçün istər-istəməz müəyyən siyasi-ideoloji prinsiplər verir. Müstəqillik dövründə, daha doğrusu, Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra ilk növbədə mədəniyyətimizə, ədəbiyyatımıza, incəsənətimizə kifayət qədər böyük maliyyə ayrıldı və bu siyasət indi də davam etdirilir. Beləliklə, bütövlükdə mədəniyyət öz axarına buraxılmadı. Çünki elə sənət, incəsənət məsələləri var ki, onların arxasında mütləq dövlət dayanmalıdır və dayandı da. Ölkənin nə qədər büdcə imkanları oldu, bir o qədər və hətta bəzən başqa sahələrə ayrıldığından daha çox incəsənətə, mədəniyyətə vəsait ayrıldı və bu, əlbəttə ki, böyük bir özül yaratdı.
Mənim müşahidələrimə və apardığım təhlillərə görə, dövlətimizin həyata keçirdiyi mədəniyyət siyasətində 3 əsas prinsip gözlənilir. Bu prinsiplərdən birincisi tarixən yaranmış mədəniyyət abidələrinin qorunması, bərpası və təbliğ olunmasından ibarətdir. Bu istiqamətdə hələ sovet dönəmində Ümummilli lider Heydər Əliyev respublikaya rəhbərlik etdiyi illərdə çox böyük işlər görülüb. O dövrdə görün nə qədər çoxlu abidələr yarandı, heykəllər qoyuldu, qədim mədəni irs xalqa tanıtdırıldı. Azərbaycan müstəqillik qazandıqdan sonra isə bu iş daha prinsipial xarakter aldı. Bütün dahilərin yubileyləri keçirildi, onlar haqqında tədqiqatlar aparıldı, yaradıcılıqları cəmiyyətə çatdırıldı. Məsələn, "Kitabi-Dədə Qorqud"un yubileyi-1300 illiyi çox böyük hadisə oldu. Yubiley tədbirləri bir neçə il davam etdi. Sadəcə, onu demək kifayətdir ki, həmin müddət ərzində Azərbaycanda "Kitabi-Dədə Qorqud" haqqında o qədər tədqiqatlar aparıldı, o qədər kitablar çap olundu ki, onlar indiyə qədər epos haqqında dərc olunan nəşrlərin ümumi sayından çoxdur və elə keyfiyyətcə də kifayət qədər mükəmməldirlər. Eposa aid ayrıca ensiklopediyanın nəşr olunması çox böyük hadisə idi.
Bütün bunlara istinadən deyə bilərik ki, klassik irsin qorunması, təbliği, xalqa çatdırılması dövlətimizin mədəniyyətlə bağlı siyasətinin mühüm tərkib hissəsidir. Bu istiqamətdə görülən işlərin miqyası kifayət qədər genişdir və bu barədə daha ətraflı söhbət açmaq mümkür.
Dövlətimizin mədəniyyət siyasətində mühüm yer tutan ikinci prinsip bazar iqtisadiyyatına keçidlə bağlıdır. Mədəniyyət də digər sahələr kimi, müasir dövrün tələblərinə uyğun surətdə inkişaf etdirilməlidir. Yəni, dünyanın hər yerində olduğu kimi, bizdə də mədəniyyət özü-özünü maliyyələşdirməyə keçməlidir. Başqa sözlə desək, incəsənət əsəri bazara çıxmalıdır və gəlir gətirməlidir. Bu, çox mühüm bir prinsipdir. Əlbəttə, respublikamızda təcrübənin, ənənələrin kifayət qədər olmaması üzündən bu proses tədricən həyata keçirilir. Yəni dövlət mədəniyyətin inkişafına kifayət qədər böyük təminatlar verir, eyni zamanda, bazar iqtisadiyyatı prinsiplərinə keçməkdən ötrü şərait də yaradılır.
Mədəniyyətin inkişafının bazar iqtisadiyyatı prinsipləri ilə tənzimlənməsində hər iki tərəf nəzərə alınır. Yəni bir tərəfdən incəsənət əsərini yaradan bilməlidir ki, onun əsəri istehlak, mənəvi istehlak edilə və pul gətirə bilən əsər olmalıdır, digər tərəfdən istehlakçı da düşünməlidir ki, paltara, ərzağa görə pul ödədiyi kimi, incəsənətdən istifadə zamanı aldığı mənəvi qidaya, zövqə görə də, müəyyən qədər vəsait ödəməlidir. Bunsuz mümkün deyil. İncəsənət bütünlüklə dövlətin himayəsində saxlanılarsa, o inkişaf edə bilməz. Burada digər bir mühüm cəhəti də nəzərə almaq lazımdır. Hər nə qədər olsa da, incəsənət əsərinin yaradılmasının müstəqilliyi məsələsi var. Dövlət nəyi isə maliyyələşdirəndə mütləq orada müəyyən maraqları, daha çox da ümummilli xüsusiyyətləri nəzərə alır. Ancaq elə incəsənət əsəri də ola bilər ki,o, məsələn, elitar, aristokrat bir hadisədir və ondan heç bir ümummilli zövq almaq mümkün deyil. Ondan yalnız ayrı-ayrı adamlar mənəvi qida ala bilərlər. Belə əsərlərin maliyyələşdirilməsi də, təbii ki, ayrı-ayrı adamlar tərəfindən həyata keçirilməlidir.
Bütün bu məsələlərin tənzimlənməsi üçün ölkəmizdə hələ təzə-təzə təşəkkül tapan yeni institut-prodüsser institutu, düşünürəm ki, daha mükəmməl şəkildə formalaşmalıdır. Sənət adamı əsərini bazara çıxarmaq texnologiyalarını bilmir, heç bilə də bilməz. Məsələn, rejissorun araya-ərsəyə gətirdiyi tamaşanın nə vaxt, hansı şəraitdə və hansı məkanda nümayiş etdirilməsini prodüsser müəyyənləşdirməlidir. Buna görə də, ölkəmizdə prodüsser institutu inkişaf etdirilməli, möhkəmləndirilməlidir.
Dövlətin mədəniyyət siyasətində gözlənilən üçüncü prinsip ondan ibarətdir ki, ölkəmizdə yaradıcılığın istər-istəməz fərdi olduğu nəzərə alınır. Yəni, məsələn, bir Səməd Vurğun dünyaya gəlir və Azərbaycan poeziyasını bir neçə əsr qabağa aparır. Üzeyir Hacıbəyli musiqimizin inkişafına təkan verir. Səttar Bəhlulzadə böyük bir mədəniyyət yaradır. Ona görə də, fərdi adamların, fərdi yaradıcıların cəmiyyətdə xüsusi mövqeyi olmalıdır. Təsadüfi deyil ki, Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə çalışıb ki, yaradıcı insanları qiymətləndirsin, sənət adamlarına xüsusi mövqe qazandırsın, onlara xüsusi status versin, layiq olanlar dövlət mükafatları alsınlar. Ümummilli liderimizin əsasını qoyduğu bu siyasət hazırda Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən davam etdirilir.
Mən Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətinin mahiyyətini və əsas prinsiplərini, hədəflərini qısaca olaraq belə qiymətləndirərdim. Əminəm ki, göstərilən davamlı dövlət qayğısı və yaradıcı insanlarımızın yüksək peşəkarlığı sayəsində milli mədəniyyətimiz daha geniş üfüqlər fəth edəcək, dünya mədəniyyətinə bundan sonra da yeni-yeni töhfələr verəcək.
- Siz Milli Məclisdə Mədəniyyət Komitəsinə rəhbərlik edirsiniz. Qanunvericilik orqanında mədəniyyətin və incəsənətin inkişafının tənzimlənməsi ilə bağlı hansı qanunlar qəbul edilib? Yeni qanun layihələri üzərində iş aparılırmı?
- Mən artıq üç çağırışdır ki, Milli Məclisin deputatı seçilirəm. Məndən əvvəl MM-də Mədəniyyət komitəsinin sədri görkəmli yazıçımız Anar müəllim olub və mən də həmin komitənin üzvü idim. Yeri gəlmişkən, deyim ki, mən qanun yaradıcılığı fəaliyyətinə Anar müəllimin təşəbbüsü ilə hələ deputat seçilməzdən öncə cəlb edilmişəm. Anar müəllim məni Mədəniyyət komitəsində görüşə çağırdı və mənim "Dövlət dili haqqında" Qanun layihəsi hazırlayan işçi qrupun rəhbəri təyin olunduğumu bildirdi. "Dövlət dili haqqında" hazırladığımız qanun bir müddət qəbul edilmədi. Sonra tale elə gətirdi ki, mən deputat seçildim və bu dəfə deputat statusunda həmin qanunu MM-in müzakirəsinə təqdim etmək yenə mənə həvalə olundu.
Ümumiyyətlə, mədəniyyət sahəsində qanunvericilik bazasının qaydasında olduğunu söyləmək mümkündür. Hələ mən Mədəniyyət komitəsinin sədri seçilməmişdən öncə bu sahədə bir sıra qanunlar, o cümlədən, kitabxana, nəşriyyat işi, tarixi-mədəniyyət abidələrinin qorunması, kino sənətinin inkişafı, muzeylərlə bağlı qanunlar, ələlxüsus da "Mədəniyyət haqqında" ilk qanun hazırlanaraq MM-də qəbul edilib. Mən Mədəniyyət komitəsinin sədri seçildikdən sonra ilk hazırladığımız qanun teatrla bağlı idi. Bu qanun geniş müzakirələrdən sonra qəbul edildi. Sonra bir sıra digər qanunlar da hazırladıq. Ancaq düşünürəm ki, ən böyük uğurumuz "Mədəniyyət haqqında" yeni qanunun qəbul edilməsi oldu.
Mədəniyyətlə bağlı yeni qanunun hazırlanması onunla əlaqədar idi ki, artıq əvvəlki qanunun qəbulundan xeyli vaxt ötmüşdü. O zaman ölkənin maddi durumu, dünyaya inteqrasiyası, incəsənət məsələləri ilə bağlı bir sıra baxışlar, belə deyim ki, lazimi səviyyədə deyildi. Ancaq 2000-ci ildən etibarən ölkəmiz dinamik inkişaf yoluna çıxdı, respublikanın maliyyə imkanları artdı, mədəniyyət sahəsində çox əsaslı işlər görüldü. Ölkədə yaranan yeni şərait mədəniyyətlə bağlı yeni qanunun hazırlanmasını həm zəruri edirdi, həm də buna imkan verirdi. Məsələn. Muğam və aşıq sənətləri ilə bağlı böyük iş həcmi yerinə yetirilmişdi, Azərbaycan mədəniyyəti, incəsənəti dünyanın, demək olar ki, bütün nüfuzlu mədəniyyət mərkəzlərində uğurla təqdim olunurdu. Bütün bunlar mədəniyyətlə bağlı yeni qanun hazırlanmasını zəruri edirdi.
Beləliklə, biz ilk növbədə Mədəniyyət və Turizm Nazirliyinin, qanunvericilik sahəsində Ədliyyə Nazirliyinin, eləcə də, digər əlaqədar qurumların, parlamentin sosial siyasət şöbəsinin köməyi ilə mükəmməl bir qanun hazırladıq. Bilirsinizmi, Azərbaycanda mədəniyyətlə bağlı qanunun hazırlanması üçün istinad olunacaq kifayət qədər geniş materiallar, mənbələr var idi. Ancaq bununla belə, biz elə bir qanun hazırlamağa çalışdıq ki, o daim işləsin. Ümumiyyətlə, mədəniyyət, incəsənət, mənəviyyat sahələrində qanun yaradıcılığı kifayət qədər mürəkkəbdir. Bu nə mülki, nə də cinayət məcəlləsi deyil ki, onun konkret göstərişləri olsun. Burada müqayisə aparmaq yerinə düşərdi: Bir adam hansısa cinayəti törədəndə onun cəzalandırılması bəlli modellər, prinsiplər əsasında həyata keçirilir. Ancaq bir yazıçı və yaxud musiqiçi birdən millətin, cəmiyyətin əxlaqına böyük ziyanlar vurur, bununla belə, bilmirsən ona neyləyəsən. Buna görə də burada daha çox ictimai rəy və peşəkarlıq rol oynayır. Bu səbəbdən də biz dəbdəbəli, həyatdankənar bir qanun hazırlamadıq. Praktik olaraq bu sahəni idarə edən Mədəniyyət və Turizm Nazirliyinin təcrübəsini nəzərə alaraq əsas diqqəti ona yönəltdik ki, bu qanun işləsin. Yenə deyirəm, çox mürəkkəb məsələlər ortaya çıxır. Deyək ki, məsələn, tarixi abidələrin sökülməsi, onlardan xüsusi məqsədlər üçün istifadə olunması, özəlləşdirilməsi qadağandır. Amma bununla belə, dünya təcrübəsi var: nəyə biz tarixi abidə deyəcəyik? Bəzən uçulub dağılmış, xaraba bir yeri biz elə o cür də saxlayaq ki bu tarixi abidədir? Belə də olmaz. Dünya təcrübəsinə əsasən, bəzən tarixi abidələri, hətta ayrı-ayrı şəxslərə də verirlər ki, onlar burada müəyyən bir şərait yaradaraq həm maliyyə qazansınlar, həm də tarixi abidəni məhv olmağa qoymasınlar. Çünki bütün abidələri dövlət qoruya bilməz. Digər tərəfdən, bu abidələr də istər-istəməz gəlir gətirməlidir. Turizmin inkişafı üçün şərait yaradılmalıdır. Qeyd edim ki, Azərbaycanda da belə abidələr çoxdur. Onlar tədqiq olunmalıdır. Yəni bütün bunlar mürəkkəb məsələlərdir və bəzən fərdi yanaşmalar tələb edir.
Hazırda parlamentin Mədəniyyət komitəsində paralel olaraq bir neçə qanun layihəsi üzərində iş aparılır. "Yaradıcılıq ittifaqları və yaradıcı şəxslər haqqında" qanun hazır olsa da, müəyyən mübahisəli məqamlara görə onun müzakirələri davam etdirilir. Mədəniyyət komitəsinin sədr müavini Rəfael Hüseynov iki qanun layihəsi hazırlayıb. Onlardan biri muğam, digəri isə aşıq sənəti haqqındadır. Komitənin digər bir üzvü Leyla Əliyeva "Kulinariya mədəniyyəti haqqında" qanun hazırlayır.
Biz yeni qanunlar hazırlamaqla yanaşı, həm də mövcud qanunlar üzərində müəyyən düzəlişlər aparırıq. Bizim qanun yaradıcılığında əsas işimiz, yuxarıda vurğuladığım kimi, həm də müəyyən məsələləri ictimai səviyyəyə, cəmiyyətin müzakirəsinə çıxarmaqdan ibarətdir. Çünki mədəniyyət, incəsənət məsələləri bir tərəfdən qanunvericiliklə tənzimlənirsə, digər tərəfdən də cəmiyyətin, xalqın özünün iradəsi, fitri istedadı ilə nizamlanır. Ona görə də, çalışırıq ki bir sıra məsələlərə geniş müzakirələrdə baxaq.
- Milli mədəniyyətimizin inkişafına və təbliğinə Ümummilli lider Heydər Əliyevin adını daşıyan fond da böyük töhfələr verir.
- Açığını deyim ki, Heydər Əliyev Fondu yaradılanda mən özüm də onun mədəniyyətimizin, incəsənətimizin inkişafında bu qədər böyük rol oynayacağını təsəvvür etmirdim. Çünki dünyada hələ belə təcrübə yoxdur. Belə bir təcrübə yoxdur ki, hər hansı fond yarana və qısa müddətdə bu qədər genişhəcmli iş görə. Fondun, hətta yalnız indiyə qədər gördüyü işləri nəzərə alsaq, deyə bilərik ki, qurum Azərbaycan mədəniyyətinin inkişafı üçün tarixi bir missiya yerinə yetirib. Fond tərəfindən mədəniyyətimizin, incəsənətimizin dünyada təbliğində, respublika daxilində inkişafında, dünya mədəniyyətinin Azərbaycanda təbliğində o qədər nəhəng işlər görülüb ki, onların reallaşdırılması üçün, bəlkə də, çox böyük zaman tələb olunardı. Ancaq təxminən 10 il ərzində bizim mədəniyyətimiz dünyaya tanıdıldı, o yerdə ki, mədəniyyətimizə təcavüz halları olurdu, onun qarşısı alındı. Fond tərəfindən, belə deyə bilərəm ki, mədəniyyətimizin hər bir hadisəsi çeşidləndi, özünəməxsusluğu müəyyənləşdirildi və xüsusi təqdim olundu. Məsələn, Muğam festivalı mədəni həyatımızda xüsusi hadisəyə çevrildi. Novruz bayramı, muğam Heydər Əliyev Fondunun təqdimatında UNESCO-nun qeyri-maddi-mədəni irs siyahısına daxil edildi. İstər Novruz bayramı, istərsə də muğam müxtəlif xalqlara məxsusdur, ancaq Azərbaycan bu sahələrə, bu mədəniyyət hadisələrinə sahib çıxdı. Fondun dəstəyi ilə Azərbaycanda mədəniyyətlərin dialoqunun keçirilməsi çox mühüm hadisədir. Bakı Heydər Əliyev Fondunun yaxından iştirakı ilə keçirilən və dünyanın məşhur simalarının qatıldığı beynəlxalq mədəniyyət tədbirlərinə, forumlarına müvəffəqiyyətlə ev sahibliyi edir. Paytaxtımızda "Eurovision" kimi möhtəşəm musiqi yarışmasına fond hər cür dəstək verdi. Beynəlxalq səviyyəli belə bir musiqi yarışmasının respublikamızda keçirilməsi Azərbaycanın qələbəsi idi.
Son vaxtlar dünya miqyasında elə bir ciddi mədəniyyət hadisəsi yoxdur ki, Azərbaycan orada böyük müvəffəqiyyətlə iştirak etməsin. Fondun məqsədyönlü fəaliyyəti sayəsində öz peşəkarlığı, yüksək səviyyəsi ilə seçilən Azərbaycan mədəniyyəti, incəsənəti dəfələrlə dünya mədəniyyətinin paytaxtı sayılan Parisi, Avropanın digər şəhərlərini fəth edib. Bu mənada fondun rəhbəri, millət vəkili, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın mədəniyyətimizin, incəsənətimizin inkişafı naminə göstərdiyi xidmətlər Vətən, xalq qarşısında böyük tarixi xidmətlər kimi dəyərləndirilməlidir.
- Azərbaycanın zəngin maddi-mədəniyyət abidələrinin, həmçinin, xalqımızın adət-ənənələrinin qorunması istiqamətində nə kimi işlər görülür?
-Əvvəla, onu deyim ki, Azərbaycanda çoxlu sayda maddi-mədəniyyət abidələri var və etnoqrafiyamız kifayət qədər zəngindir. Tarixi abidələrin qorunması dövlət siyasətinə uyğun həyata keçirilir. Tarix, arxeologiya və etnoqrafiya institutlarında maddi-mədəniyyət nümunələri ilə bağlı geniş tədqiqatlar aparılır. Muzeylərimiz bərpa olunur, demək olar ki, bütün rayonlarda kifayət qədər zəngin olan tarix-mədəniyyət mərkəzləri var. Onlar ya muzey şəklində, ya da hər hansı başqa formada, deyək ki, açıq səma altında qorunur və fəaliyyət göstərir. Bakıda, Şəkidə, Naxçıvanda, Gəncədə bu cür mərkəzlərin sayı artırılmalıdır. Tarixi-mədəniyyət abidələri hər bir xalqın qeydiyyatıdır. Yəni, bir var ki xalqın tarixinin qədimliyini, mədəniyyətinin zənginliyini ortaya çıxarmaqdan ötrü, deyək ki, 100 kitab, yüzlərlə məqalə yazasan. Ancaq tək Möminə Xatun Türbəsi, Yusif Küseyiroğlu Türbəsi və yaxud Qız Qalası, Şəki Xan Sarayı, Şuşa abidələri o qədər kitabdan, məqalədən daha əyanidir və əlbəttə ki, daha təsirlidir. Bu mənada tarixi-mədəniyyət abidələrinin qorunması elə xalqın tarixinin qorunması deməkdir. Hesab edirəm ki, bizim qədim yer adlarımız da mənəvi baxımdan tarixi-mədəniyyət abidələridir və onlar da qorunub saxlanılmalıdır.
Respublikamızda tarixi maddi və mənəvi mədəniyyət abidələrinin qorunması istiqamətində dövlət xətti ilə böyük iş aparılır. Abidələrimiz bərpa olunur, həmin abidələr olan yerlərdə festivallar keçirilir, müxtəlif dillərdə kitablar nəşr olunur, onlayn portallar yaradılıb, bir sıra maddi-mədəniyyət nümunələrimizə beynəlxalq status verilib. Abidələrimizin müəyyən hissəsi artıq beynəlxalq turizm şəbəkəsinə daxildir və turistlər həmin abidələri ziyarətə gəlirlər.
Mən yuxarıda da vurğuladım, tarixi abidələr həm də lazımi miqdarda gəlir gətirməlidir ki, yaşaya bilsinlər, gələcəyə gedə bilsinlər. Sizə bir misal deyim: Konya şəhəri Mövlanə Cəlaləddin Rumi ilə fəxr edir və həm də onunla yaşayır. Bu şəhərə o qədər ziyarətçi gəlib-gedir ki, az qala şəhərin bütün büdcəsini onlardan gələn gəlirlər təşkil edir. İbrətamizdir, deyilmi? Yəni, həm mənsub olduğu xalq üçün bu qədər böyük mədəniyyət, bu qədər bəşəri ideyalar qoyub gedəsən, həm də belə deyim, bir müqəddəs kimi o şəhəri qoruyasan, saxlayasan, ruhun daim o şəhərin üstündə ola. Bax bizim Nizami Gəncəvi də elə şəxsiyyətdir. Onun məzarını ziyarətgaha çevirmək mümkündür. Gəncə dahi şairin ruhu ilə yaşaya bilər. Başqa yerlərdə də digər görkəmli şəxsiyyətlərin məzarları var. Onlar da bizim abidələrimizdir. Həmin abidələr yüksək səviyyədə abadlaşdırılsa və təbliğ olunsa, ora çoxlu sayda ziyarətçilər cəlb etmək mümkündür.
Adət-ənənələrə gəldikdə, bizim həqiqətən zəngin toy, yas ənənələrimiz, bayramlarımız, dini səciyyə daşıyan mərasimlərimiz var. Adət-ənənələrimizdən söhbət açarkən üç mühüm cəhəti qeyd etmək gərəkdir. Bir qrup adət-ənənələrimiz türkçülükdən gəlir. İslam dini ilə bağlı yaranan adət-ənənələrimiz də kifayət qədər çoxdur. Nəhayət, müasir dünyaya inteqrasiya nəticəsində əxz etdiyimiz beynəlmiləl xarakterli ənənələr. Beləliklə, adət-ənənələrimiz üç mərhələdə, üç spektrdə mövcuddur. Bu da bizim xalqımızı, əlbəttə ki, zənginləşdirir, adət-ənənələrimizin çoxqütblü olmasını təmin edir.
Adət-ənənələrimizlə də bağlı hərtərəfli tədqiqatlar aparılır, dövlət səviyyəsində xalqın ənənələrdən faydalanması, öz mənəvi-ruhi gücünü əldə etməsi üçün şərait yaradılır. Yəni, respublikamızda bütün milli-dini və müasir adət-ənənələr, bayramlar dövlət səviyyəsində qeyd olunur. Bu mənada deyə bilərəm ki, adət-ənənələrimiz yaxşı qorunur.
- Söhbətimizi bayram əhval-ruhiyyəsi ilə tamamlamaq istərdik. Qarşıdan allı-güllü Novruz gəlir. Xalqımızın çox sevdiyi bu bayramın mənşəyinə, dövlət səviyyəsində qeyd olunmasının tarixinə qısa nəzər salmağınızı xahiş edirik.
- Novruz bayramı bir sıra xalqlarda, ələlxüsus da orta qurşağa aid olan xalqlarda qeyd olunur və kifayət qədər də qədim tarixi var. Bu bayram antik dövrdə Yunanıstanda, həmçinin, türk xalqlarında geniş qeyd olunurdu. Bu bayramın mənşəyini, ideologiyasını izah edən çoxlu sayda miflər, əfsanələr yaranıb. Onlardan ən mühümü və geniş yayılanı odur ki, qədim türklər məhdud coğrafi məkanda yaşayırlarmış. Zaman ötdükcə türklər hər tərəfdən dəmir dağlarla əhatə olunan və Ərgənəkon-ana Vətən adlanan həmin əraziyə sığmırlar. Yaşamaq üçün yer çatışmır. İnsanlar çoxlu odun-ocaq yığıb tonqal qalayırlar və dəmir dağı əridərək geniş dünyaya çıxmaq üçün yol açırlar. Bundan sonra türklərin dünyaya yayılması başlayır. Həmin hadisə bahara, təxminən martın 20-22-si arasına təsadüf etdir və türklər bu tarixi-Ərgənəkondan geniş dünyaya çıxma gününü həmişə bayram edirlər. Bu, əlbəttə, həm də yazın gəlişi, təbiətin, insanın, ruhun oyanması ilə bağlıdır. Bu bayram o qədər güclü olub, türkərin məişətinə, mentalitetinə o qədər möhkəm daxil olub ki, hətta sonrakı dövrlərdə İslam dini yayılanda ona, demək olar ki, toxunmayıb, hətta onu klassik din dəyərləri ilə zənginləşdirib. Sonralar türklərin İran mənşəli xalqlarla qarşılıqlı əlaqələrinin çox sıx olması üzündən bayramın tarixi adı fars mənşəli "Novruz" sözü ilə əvəzlənib.
Bu bayram xalqları birləşdirən bir bayramdır. Novruzun bu xüsusiyyəti, bəlkə də, orta qurşaqda yaşayan xalqların oxşar həyat tərzləri, ortaq dəyərlərə malik olmaları ilə bağlıdır.
Novruz bayramı respublikamızda xalq səviyyəsində həmişə keçirilib. Sovet hakimiyyətinin milli adət-ənənələrə ən sərt münasibət göstərdiyi illərdə də insanlar Novruzla bağlı tonqal yandırmaq, aş bişirmək, səməni göyərtmək kimi ənənələri icra etmişlər.
Ümummilli liderimiz Heydər Əliyev ötən əsrin 70-80-ci illərində Azərbaycana rəhbərlik etdiyi dövrdə respublikamızda Novruzun qeyd olunmasına geniş şərait yaradıldı, bu bayram yeni atributlarla zənginləşdirildi. Məsələn, Novruz bayramı üçün klassik ənənədə olmayan Bahar Qız obrazı yaradıldı, Atəşgahdan od götürmək ənənəsi formalaşdı və başqa bu kimi yeni tərtibatlar meydana çıxdı. Yəni, bu bayram tarixilik, qədimlilik gözlənilməklə müasirləşdirildi.
Bu gün artıq Novruz bayramı müstəqil Azərbaycanın dövlət bayramları sırasındadır, insanlara ən çox istirahət günləri məhz bu bayramda verilir, bayram şənliklərində Azərbaycanın Prezidenti şəxsən iştirak edir. Elə hesab edirəm ki, bunun özü Azərbaycanın mədəniyyət siyasətində çox mühüm bir amildir.
Səs.- 2013.- 19
mart.- S.13.