20 Mart - “Beynəlxalq
Ağız Boşluğunun
Sağlamlığı Günü” kimi qeyd olunacaq
Müsahibimiz ATU-nun kafedra
müdiri, əməkdar elm xadimi, professor Rəna Əliyevadır
- Rəna
xanım, bildiyimiz kimi, Azərbaycan müstəqillik əldə
etdikdən sonra ölkəmizdə yaradılmış bir
çox təşkilatlar müxtəlif beynəlxalq qurumlarda
təmsil olunur, ölkənin nüfuzunu daim yüksəklərə
qaldırır. Söz yox ki, Azərbaycanda inkişaf edən
sahələrdən biri də məhz səhiyyə sahəsidir
ki, bu sahə üzrə müvafiq assosiasiyalar uğurla fəaliyyət
göstərirlər. Azərbaycan Stomatoloji Assosiasiyası
(ASA) da onlardan biridir. Bildiyimiz kimi, Siz, elmi və ictimai fəaliyyətinizlə
yanaşı artıq 15-ci ildönümünü qeyd edən
ASA-nın prezidenti vəzifəsini icra edirsiniz.
Mümkündürsə, assosiasiyanın yaradılması və
iş funksiyanız haqqında söhbət
açardınız...
-
Assosiasiyamız 1997-ci ildə təsis olunub və
yarandığı gündən başlayaraq, beynəlxalq aləmdə
nüfuz dairəsini genişləndirib. Təşkilatımız
artıq 1998-ci ildən etibarən Beynəlxalq Stomatoloji
forumlarda aktiv iştirak edərək, respublikamızda da
stomatologiyanın bir çox sahəsinə həsr olunmuş
beynəlxalq konfrans və simpoziumlar təşkil edib. Bizim əsas
məramlarımızdan biri də ondan ibarət olub ki, ASA hər
zaman dünya stomatologiyasına inteqrasiya olunmaq
üçün sürəkli addımlar atsın.
Çünki dünyanın stomatoloji yeniliklərini,
texnologiyalarını əldə etmək, bu sahədəki
praktikanı genişləndirmək, Azərbaycan
stomatologiyasına yeniliklər gətirməyə əsaslanır.
Düşünürəm ki, biz buna nail olmuşuq. Məhz
dünyanın 133 daimi, 9 assosiativ,
25 korporativ
üzvünü birləşdirən Beynəlxalq Stomatoloqlar
Federasiyasına (FDİ) qəbul olunmağımız da
apardığımız işlərin uğurlu nəticəsidir.
Dünya stomatoloqlarını birləşdirən bir təşkilata
üzv olmaq həm də SSRİ dağıldıqdan sonra
bizim üçün ən əsas vəzifə borcu idi. Daha
bir maraqlı fakta toxunaraq bildirmək istərdim ki, ASA-nın
FDİ-ə qəbul olunmasından öncə, MDB ölkələrindən
yalnız Rusiya həmin təşklata üzv
seçilmişdi. Azərbaycan isə bu sırada ikincidir.
- ASA
dünya stomatoloqlarının federasiyasına necə üzv
oldu, çünki bildiyimiz qədər FDİ-yə qəbul
olunmaq elə də asan iş deyil?
-
Bilirsiniz, ASA FDİ-yə üzv olunmamışdan bir il
öncə federasiyaya paket sənədlər təqdim etdi. Həmin
sənədləri Federasiyanın Baş Assambleyası nəzərdən
keçirdi və gizlin səsvermə prosedurlarından sonra Azərbaycanın
da beynəlxalaq təşkilatın üzvlüyünə qəbul
olunması yekdilliklə bəyənildi. Məhz həmin ildən
etibarən - 1998-ci ildən başlayaraq İspaniyanın
Barselona şəhərində ASA ukraynalı həmkarları
ilə birlikdə daimi üzvlüyə seçildi və bu
günə qədər federasiyanın keçirdiyi
bütün beynəlxalq tədbirlərdə iştirak edir.
- Rəna
xanım, ASA-nın ölkədəki fəaliyyət istiqaməti
necə təşkil olunub?
- Azərbaycan
dövlət müstəqilliyi əldə etdikdən sonra,
xüsusilə, xalqımızın Ümummilli Lideri Heydər
Əliyev ikinci dəfə hakimiyyətə gəldiyi dövrlərdən
başlayaraq, ölkədə bütün sahələrlə
yanaşı, səhiyyə sahəsində də bir çox
uğurlu islahatlar aparılmağa başlandı. Məhz
stomatologiya sahəsində görülən davamlı işlərin
nəticəsidir ki, bu gün təşklatımız mütəmadi
şəkildə yeni-yeni layihələr həyata
keçirir, uğurlar əldə edir.
Təbii
ki, bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu
layiqincə davam etdirən möhtərəm Prezidentimiz cənab
İlham Əliyevin də səhiyyəyə göstərdiyi
diqqət və qayğısı bizim apardığımız
məqsədyönlü işlərimizə kifayət qədər
stimul, təkan verir. Mən burada Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, millət vəkili
Mehriban xanım Əliyevanın fəaliyyətinə də
toxunmaq istərdim. Çünki Onun rəhbərlik etdiyi fond
nəinki Azərbaycanda, eləcə də, dünyanın ən
ucqar nöqtələrində belə, bir çox nəhəng
layihələr həyata keçirmişdir. Bir səhiyyə
işçisi kimi Mehriban xanımın bu sahə üzrə
də göstərdiyi fəaliyyətini yüksək dəyərləndirməklə
yanaşı, həm də Onun bir Azərbaycan qadını,
Azərbaycan xanımı kimi nə qədər alicənab
şəxsiyyət olmasını da vurğulamaq istərdim.
ASA-nın
fəaliyyətinə gəlincə, assosiasiyamızın
iş istiqaməti bir neçə yerə bölünüb.
İlk istiqamət yuxarıda vurğuladığım kimi,
beynəlxalq fəaliyyətlə bağlıdır. Qeyd edim
ki, FDİ-də fəaliyyətini uğurla davam etdirən ASA
2005-ci ilin nəticələrinə görə beynəlxalq təşkilatın
inkişaf fondunun donorlarından biri kimi tarixə
düşmüşdür. Həmçinin, ASA Azərbaycanda
beynəlxalq stomatologiyanın aktual problemlərinə həsr
olunmuş konfranslar keçiribdir. Bununla yanaşı,
ASA-nın rəsmi nümayəndələri hər il FDİ
tərəfindən təşkil edilən bütün konqreslərdə
yaxından iştirak etmişdir. Artıq növbəti
konqresin keçiriləcəyi şəhər də müəyyən
olunub. Bu, qardaş ölkə Türkiyənin İstambul
şəhərində 28-31 avqustda baş tutacaq.
İkinci
istiqamətimiz isə ölkədaxili fəaliyyətimizin təməlini
təşkil edir. Belə ki, ASA Azərbaycanın paytaxtı
ilə yanaşı, bölgələrdə çox
uğurlu layihələr də reallaşdırıb. Gəncədə,
Şəkidə, cənub və şimal regionlarımızda
müxtəlif adda simpoziumlar həyata keçirilib, həkimlər
üçün maarifləndirici işlər təşkil
olunub. Bu işlər artıq ənənə şəkli
almışdır. Qeyd edək ki, bütün tədbirlər
pulsuz olaraq assosiasiyamızın daxili hesabları sayəsində
gerçəkləşdirilməkdədir. Bu faktor isə onu
deməyə əsas verir ki, Azərbaycanda səhiyyə sahəsinə
göstərilən dövlət qayğısı olmasa idi, əlbəttə
ki, bizlər bu kimi uğurla yekunlaşan layihələrimizi həyata
keçirə bilməzdik.
ASA-nın
fəaliyyətinin əhəmiyyətli mərhələlərindən
biri də assosiasiyamızın dövri mətbuat
orqanının yaradılmasıdır. “Qafqazın Stomatoloji
Yenilikləri” adlı dərgimiz apardığımız
işlərin hesabatlarını, qarşıda dayanan məqsəd
və məramlarımızı oxucuların diqqətinə
çatdırır. Belə ki, dərginin redaksiya heyətinə
MDB-nin, eləcə də, xarici ölkələrin görkəmli
alimləri daxil olmuşlar.
- Rəna
xanım, ASA-nın başqa hansı layihələri
mövcuddur və qarşıdakı planlarınız nədən
ibarədir?
- ASA
yalnız stomatoloji xəstəliklərlə deyil, eləcə
də, digər sahələr üzrə də fəaliyyət
proqramları təşkil etməkdədir. Belə ki, 1999-cu
ildən başlayaraq, assosiasiyamız şəkərli diabet xəstəsi
olan uşqalar üçün ağız boşluğunun
sağlamlaşdırmaq istiqamətində proqram həyata
keçirir. ASA-nın üzvləri şəhər və
respublika endokrinoloji dispanser nəzdində diabetli uşqalarda
ağız boşluğunun gigiyenasını mənimsətmək
məqsədi ilə dərslər keçir.
Uşaq
yaşlarında stomatoloji xəstəliklərin
azaldılmasının vahid və təsirli vasitəsi həm
də profilaktik proqramlardır. Bununla əlaqədar rəhbərlik
etdiyim assosiasiya müvafiq tanınmış şirkətlərlə
Azərbaycanda məktəb-təhsil proqramını
reallaşdırmışdır. Bu proqram ağız
boşluğu gigiyenasının
yaxşılaşdırılmasına xidmət edir. Qeyd edim
ki, mövcud proqram çox uğurla həyata
keçirilmiş və 10 il ərzində Bakı,
Sumqayıt, Mingəçevir, Gəncə və Şirvanda
300 min uşaq həmin proqrama cəlb edilmişdir. Onu da
bildirim ki, bizim dərs vəsaitlərimiz Təhsil Nazirliyi tərəfindən
də təsdiqlənmişdir. Qarşıda dayanan planlara gəlincə,
bildirmək istərdim ki, ASA ölkədə növbəti
elmi-praktiki konfranslarını keçirmək niyyətindədir.
Çünki bu konfransların keçirilməsi nəticəsində
həkim stomatoloqların bilik, ixtisas səviyyələri
artırılır, aparılan fikir mübadilələri
işimzi uğurlu şəkildə qurmağa kömək
edir.
Digər
bir məsələyə də aydınlıq gətirmək
istərdim. Belə ki, hər il sentyabr ayının 12-si
FDİ tərəfindən elan olunmuş “Beynəlxalq
Ağız Boşluğunun Sağlamlığı
Günü (WOHD)” kimi qeyd edilməkdə idi. Artıq bu tarix
2013-cü ildən başlayaraq martın 20-də qeyd olunacaq.
ASA da, öz növbəsində, bu qərarı dəstəkləyərək,
əvvəlki illərdə olduğu kimi, bu il də bu
günlə bağlı müxtəlif istiqamətlərdə
öz təbliğati işlərini aparıb və bundan sonra
da insanlar arasında bu istiqamətdəki işlərini
uğurla quracaq.
RƏFİQƏ HÜSEYNOVA
Səs.- 2013.- 19 mart.- S.7.