Müstəqillik illərində Azərbaycan və Türkiyə arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığının və türk dünyasının inteqrasiyasında Ulu Öndər Heydər Əliyevin rolu

 

AMEA -nın müxbir üzvü, əməkdar elm xadimi, professor Nizami Cəfərov "Türk dünyasının birliyi strategiyası: Heydər Əliyevdən İlham Əliyevə" adlı məqalədə yazır ki, müasir Azərbaycan dövlətçiliyinin qurucusu, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi-ideoloji fəaliyyəti Azərbaycanla məhdudlaşmayıb, bütövlükdə, türk dünyasını, ümumən, dünyanı əhatə edir. Böyük tarixi şəxsiyyətin türk dünyası ilə bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar, söylədiyi mülahizələr elmi-nəzəri mükəmməlliyi ilə yanaşı, praktik perspektivliliyilə də böyük tarixi əhəmiyyətə malikdir. Heydər Əliyev Azərbaycanın türk dünyası, xüsusilə, müstəqil türk dövlətləri ilə əlaqələrinin müfəssəl proqramını vermişdir ki, buraya əsasən aşağıdakılar daxildir:

- Azərbaycanın iqtisadi, siyasi, ictimai problemlərinin həllində türk dünyasının imkanlarından istifadə etmək;

- türk dünyasının qüvvələrini birləşdirmək, hər hansı türk dövlətinin problemlərinin, xüsusilə, beynəlxalq problemlərinin həllində türk dünyasının birgə hərəkətini təmin etmək;

- türk dünyasının beynəlxalq nüfuzunun daha da gücləndirilməsinə çalışmaq və bunun üçün hər bir müstəqil türk dövlətinin imkanlarından yararlanmaqs.

...Heydər Əliyevin türk dünyasının problemləri ilə daha ardıcıl məşğul olduğu mərhələ 1993-cü ildən, müstəqil Azərbaycan Respublikasının Prezidenti seçiləndən sonra başlayır. İstanbulda İqtisadi Əməkdaşlıq Təşkilatının 2-ci görüşünün iştirakçılarına 5 iyul 1993-cü il tarixli müraciətində Heydər Əliyev demişdi: "İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin - Türkiyənin, İranın, Pakistanın, Əfqanıstanın, Qazaxıstanın, Özbəkistanın, Türkmənistanın, Qırğızıstanın, Tacikistanın, Azərbaycanın istifadə edilməmiş zəngin təbii sərvətləri, material ehtiyatları vardır. Onlardan birgə istifadə olunması əsil müsəlman intibahına çevriləcək, bütün bəşəriyyətin inkişafına töhfə verəcəkdir"... Bu müraciətdə türklük düşüncəsinin ən azı üç tarixi əlaməti əks olunur:

1) ayrı-ayrı türk dövlətlərinin müstəqilliyinin müdafiə olunması;

2) türk (və ümumən müsəlman) dünyasının birliyinə çalışılması;

3) həmin birliyin dünyada harmoniya yaradılmasına xidmət etməsi

ideyasının müdafiəsi.

Heydər Əliyev türk birliyinin möhkəmlənib inkişaf etməsində Türkiyənin rolunu həmişə yüksək qiymətləndirmiş, Türkiyə Cümhuriyyətinin yaradıcısı Mustafa Kamal Atatürkün tarixi fəaliyyətini dönə-dönə dəyərləndirmiş, onu "iyirminci əsrin bəşəriyyətə verdiyi böyük dühalardan" saymışdır. Türkiyə haqqında müxtəlif vaxtlarda deyilmiş aşağıdakı sözlərin hamısı Heydər Əliyevə məxsusdur: "Türkiyə hazırda dünyanın siyasi durumunda nüfuzlu təsir qüvvəsinə malik, ümumbəşəri dəyərləri qorumaq əzmində olan, iqtisadi və mədəni səviyyəsi etibarilə inkişaf etmiş qüdrətli dövlətlərdən birinə çevrilmişdir...", "Azərbaycanlıların qəlbində Türkiyənin xüsusi yeri var... ", "Türkiyə Azərbaycan üçün qardaş,  dost ölkədir", "Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin qədim və zəngin tarixi var ", "İndi Azərbaycan Respublikası bir müstəqil dövlət kimi Türkiyə Cümhuriyyəti ilə bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsinə çalışır... ", "Mən bu gün bir daha Türkiyə torpağına ayaq basmağıma, Türkiyə torpağında olmağıma görə, özümü çox xoşbəxt hesab edirəm... ", "Yeni doğulmuş müstəqil Azərbaycan dövləti Türkiyənin köməyini, yardımını, qayğısını daim hiss edir", "Hələ gənc yaşlarımda kitablardan,  qəzetlərdən  Türkiyə haqqında, türk xalqı haqqında oxuyarkən Türkiyəyə həmişə həsrətlə baxır, ona böyük maraq göstərir, Böyük Millət Məclisinin işi barədə, onun qəbul etdiyi qərarlar barədə məlumatları həvəslə, diqqətlə oxuyurdum",   "... Bizim tariximiz bir, dilimiz bir, dinimiz birdir", "... Türkiyə ilə Azərbaycan arasında indiyədək yaranmış əlaqələr yeni mərhələyə keçir", "... xalqlarımız bir kökdəndir... Hətta son dövrdə ayrı düşməyimiz də bu birliyimizi əlimizdən almamışdır. İndi biz bu birliyi davam etdirmək üçün bütün imkanlara malikik... ", "Biz bir millət, iki dövlətik... ", "Burada, bu salonda kimin türkiyəli, kimin azərbaycanlı olduğunu ayırmaq mümkün deyildir...", "Azərbaycanla Türkiyə arasındakı sədlər, sərhədlər, qadağalar, yasaqlar götürülmüşdür "...

Heydər Əliyev 1994-cü ilin fevralında Türkiyə Cümhuriyyətinin prezidenti Süleyman Dəmirəlin dəvəti ilə Türkiyədə rəsmi səfərdə olarkən müxtəlif görüşlər keçirmiş, bu ölkə barəsində on illərlə ürəyində, beynində daşıdığı fikirlərinin əksəriyyətini ilk dəfə söyləmişdir...

90-cı illərin əvvəllərində hələ Naxçıvanda olarkən Heydər Əliyev Süleyman Dəmirəllə, Türkiyənin böyük ictimai-siyasi və dövlət xadimləri ilə tez-tez görüşmüş, sıx əlaqələr saxlamışdır... Müşahidələr göstərir ki, Süleyman Dəmirəl Azərbaycan Prezidentinin ən çox qiymətləndirdiyi, hətta özünə qardaş hesab etdiyi türk dövlət başçılarından, dünya ictimai-siyası xadimlərindən biri və bəlkə də birincisidir. Heydər Əliyevin Süleyman Dəmirələ müraciətlə dediyi aşağıdakı sözlər bunu bir daha sübut edir: "Türkiyə Cümhuriyyətinin beynəlxalq aləmdə xarici siyasətini aparmaqda, onu beynəlxalq təşkilatlarda  təmsil   etməkdə,   Türkiyə Cumhuriyyətinin ilbəil dünya birliyində layiqli yer tutmasında sizin böyuk xidmətləriniz varbuna görə də siz təkcə Türkiyədə yox, yalnız türk dünyasında yox, bütün dünyada məşhur bir siyasi-ictimai xadimsiniz, dövlət xadimisiniz."

Heydər Əliyev daha sonra demişdir: "Azərbaycan xalqının sizə xüsusi hörmət və məhəbbəti vardır. Çünki xalqımız sizi çox yaxşı tanıyır, siyasi fəaliyyətinizi, dövlət fəaliyyətinizi həmişə izləyir. Təsadüfi deyil ki, hələ "soyuq müharibə" vaxtı, Sovetlər İttifaqı ilə Türkiyə Respublikası arasında münasibətlərin gərgin olduğu bir dövrdə, Azərbaycan Respublikası, xalqımız Sovetlər İttifaqının tərkibində olduğu bir vaxtda - 25 il bundan öncə siz Türkiyənin baş naziri kimi Sovet İttifaqına ilk səfər etmisiniz. Moskvada, Sovetlər İttifaqının başqa şəhərlərində olmusunuz. Biz o zaman hiss etdik ki, qəlbiniz, ürəyiniz Azərbaycana da gəlməyi sizə əmr etmiş, Bakıya gəlməyi sizə tövsiyə etmişdir. Siz Bakıya, Azərbaycana gəldiniz".

Heydər Əliyev Süleyman Dəmirəli "böyük öndər Mustafa Kamal Atatürkün işinin etibarlı davamçısı kimi, onun böyük şagirdi kimi" qiymətləndirmiş, "türk dünyasının, türk dövlətlərinin bir-birinə daha yaxın olması" yolunda hələ çox işlər görəcəyinə əminliyini ifadə etmişdir...

Böyük dövlət xadimi Süleyman Dəmirəl isə "Azərbaycan Prezidenti, qardaşım Heydər Əliyev" adlı məqaləsində Azərbaycan xalqının Ümummilli Liderinin tarixi xidmətlərini dünyanın böyük dövlət adamlarının öz xalqları qarşısındakı tarixi xidmətləri ilə müqayisə edib göstərir ki, Çörçillin 1940-cı, Ruzveltin 1942-ci, Adenauerin 1946-cı, de Qollun 1958-ci ildə gördükləri işləri Heydər Əliyev 1993-cü ildə gördü. Heydər Əliyevin "intəhasız təcrübəsi, qətiyyəti, əzmi, uzaqgörənliyi, sülhsevərliyi, Azərbaycana və Azərbaycan xalqına olan sonsuz məhəbbəti, türk tarixinə, mədəniyyətinə və türklüyə bağlılığı, vətənpərvərliyi hər cür tərifdən yüksəkdə dayanır".

Türkiyə, xüsusilə, 20-ci illərdən başlayaraq yalnız türkiyəlilərin deyil, ümumən, dünya türklərinin mənəvi vətəni olmuşdur. Sibir, Türküstan, Volqaboyu,  Şərqi  Avropa,  Şimali Qafqaz, Azərbaycan türkləri həmin illərdən etibarən ümidlərini Türkiyəyə bağlamışdılar. Bunun bir səbəbi də o idi ki, cəza orqanlarının təqibindən qaçan yüzlərlə türk mücahidi 20-40-cı   illərdə  məhz  Türkiyədə məskunlaşmışdılar: onların içərisində Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə, Əhməd Bəy Ağaoğlu, Zəki Vəlidi Toğan, Yusif Akçura oğlu, İsa Yusif Alptəkin, Əhməd Cəfəroğlu... kimi böyük simalar vardı ki, elmi, ictimai-siyasi, mədəni-ədəbi fəaliyyətlərinin sonuna qədər türkçülüyü Türkiyəçilik səviyyəsinə enməyə qoymamış, böyük ideallar uğrunda gərgin mücadilələr vermişlər. Və beləliklə, Türkiyə faktiki olaraq, bir neçə on il ümumən türklərin vətəni olmuşdur...

Heydər Əliyev, görünür, Türkiyəni birona görə sevmişdir ki, bütün Türk dünyasından Türkiyəyə yollar uzandığı kimi, Türkiyədən də bütün Türk dünyası görünür. Yalnız uğurları ilə deyil, həm də qüsurları, problemləri ilə... Türkiyə təkcə həmin uğurlara sevinmir, problemlərin həllinə, mübahisələrə, dedi-qodulara da səbrlə münsiflik edir.

Çıxışlarının birində Ulu Öndər demişdir: "Türkiyə Cümhuriyyətinin demokratiya sahəsində böyük nailiyyətləri var. Biz bu gün Türkiyə Cümhuriyyətinin tarixinə nəzər salarkən, böyük Mustafa Kamal Atatürkün başçılığı ilə yaranmış cümhuriyyətin keçdiyi yola öz hörmətimizi bildiririk, şanlı və şərəfli yola öz hörmətimizi bildiririk. Türkiyə Cümhuriyyətinin əlli il müddətində demokratiyanın inkişafında, iqtisadiyyatın demokratiya prinsipləri əsasında inkişafında, insan hüquqlarının qorunması sahəsində göstərdiyi səylərə, əldə etdiyi nailiyyətlərə öz hörmət  və ehtiramımızı  bildiririkbütün bunlara görə, "... indiyə qədər olduğu kimi, bundan sonra da biz Azərbaycan üçün tarix boyu dostqardaş olan Türkiyə ilə, türk xalqı ilə, Türkiyə Cümhuriyyəti ilə öz əlaqələrimizi inkişaf etdirəçəyik."

Türkiyənin sabiq prezidenti Süleyman Dəmirələ müraciət edərək Ulu Öndər demişdir: "Hörmətli prezident, hörmətli dostumuz və qardaşımız Süleyman Dəmirəl. Siz dediniz ki, Türkiyənin qəlbi Azərbaycanın qəlbi ilə döyünür. Bilirsiniz və yəqin bunu bu gün bir daha hiss edəcəksiniz və hiss edirsiniz ki, Azərbaycanın da qəlbi daim Türkiyənin qəlbi ilə döyünür. Azərbaycanda hər bir vətəndaş Türkiyəyə böyük məhəbbət və sevgi hissi bəsləyir, Türkiyənin yüksəlməsini,  Türkiyənin   artmasını   istəyir, Türkiyənin daha da güclü olmasını istəyir. Türkiyənin daha da inkişaf etməsini istəyir. Böyük sınaqlardan keçən dostluq və qardaşlıq əlaqələri bizi məhz bu yola gətirib çıxarmışdır, bizdə məhz belə məhəbbət və sevgi hissləri yaratmışdır. Bu hisslər heç vaxt sönməyəcəkdir. Bunu söndürmək də mümkün deyildir. Çünki bu, içdən gələn, qəlbdən gələn hisslərdir. Türkiyənin Azərbaycana, onun müstəqillik əldə etməsinə və müstəqillik yolunda ağır sınaqlardan çıxmasına etdiyi köməklərə görə mən Azərbaycan xalqı adından, Azərbaycan dövləti adından sizə, hörmətli prezident, Türkiyə Cümhuriyyətinə, Türkiyə xalqına bir daha  öz təşəkkürümü və minnətdarlığımı bildirmək istəyirəm."

 

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2013.- 28 mart.- S.15.