Azərbaycan teatr sənətinin
böyük ustadı
Sidqi
Ruhulla Azərbaycanın müqtədir səhnə
ustalarından biridir. O, yaradıcılığının ilk
günlərindən aydın bir məqsəd yolçusu,
mütərəqqi siyasi görüşə malik olan həqiqi
səhnə xadimi olmuşdur. H.Ərəblinski, M.Əliyev, C.Zeynalov,
Ə.Vəliyev və H.Sarabski kimi S.Ruhulla da vətənpərvər,
tərəqqipərvər, demokrat ziyalılar nəslinə mənsubdur.
S.Ruhullanı da qabaqcıl fikirli müasirləri kimi
xalqımızın yeni azad həyat uğrunda irtica ilə
apardığı mübarizə şəraiti yetirmişdir.
Sidqini səhnəyə gətirən, hər şeydən əvvəl
yeni həyat həsrəti, azadlıq arzusu olmuşdur.
S.Ruhulla
Ərəblinski məktəbinə mənsub aktyordur.
Ustadı kimi, onun da səhnə fəaliyyəti hər
cür köhnəliyə, irticaya qarşı
çevrilmişdir.
1906-1907-ci
illlərdə mürtəce qüvvələr M.F.Axundov, H.B.Vəzirov
və Ə.Haqverdiyev kimi xalqın məhəbbətini
qazanmış Azərbaycan dramaturqlarının əsərlərini
primitiv əsərlər adlandırıb, onların səhnədən
yığışdırılmasına və əvəzində
yeni Qərb mühərrirlərinin əsərlərinin
oynanmasını tələb edəndə, Sidqi öz həmməsləkləri
ilə birgə coşqun vətənpərvərliklə
Axundovun, Vəzirovun, Haqverdiyevin əsərlərində
çıxış edirdi. Bəzi mətbu orqanların
antipatriotik sayıqlamalarına cavab olaraq, S.Ruhulla 1906-10-cu illərdə
«Musibəti-Fəxrəddin»də Rüstəm bəy,
«Dağılan tifaq»da Nəcəf bəy, «Qaçaqlar»da Frans
surətlərini yaradır. Müasirləri söyləyirlər
ki, Sidqinin bu rolları geniş tamaşaçı kütləsi
və qabaqcıl sənət adamları tərəfindən
böyük məhəbbət və heyranlıqla
qarşılanırdı. Ancaq Sidqinin hər bir roluna «əsil-nəcabəti
olan təbəqələrə endirilmiş ağır bir zərbə»
kimi baxırdılar. Xüsusən Nəcəf bəy və
Rüstəm bəy rolları ilə deyildiyinə görə,
Sidqi Bakının «əyan və əşrəflərini»
çox qorxuya salarmış. Sidqini hər gecə oyundan sonra
təqib edər, incidərdilər. Bu, çox aydın bir məfkurə
mübarizəsi idi.
1906-cı ildə Sidqi ilk dəfə Azərbaycan səhnəsində böyük faciə aktyoru Ərəblinskini Axundovun «Lənkəran xanının vəziri» komediyasında Teymur ağa rolunda gördü. Bu andan etibarən Sidqinin gələcək taleyi həll olundu. Sidqi çoxdan axtardığı fəaliyyətini tapmış oldu. Hələ kənddə - Buzovnada yaşadığı illərdə tez-tez şəbehlərdə iştirak etdiyi üçün onu artist adlandırmışdılar. Həqiqi teatrı görəndən sonra bu həvəs daha da qüvvətləndi. Ərəblinski ilə dost oldu. Səhnəyə olan həvəsini ona bildirdi. Faciə rollarının mahir ifaçısı H. Ərəbliniski Sidqinin səsində, qamətində, mimikasında, jestlərində böyük bir gələcəyi olan aktyoru əvvəlcədən görə bildi. Sidqini səhnəyə cəlb etdi. Sidqi hər şeyi buraxıb peşəkar aktyor olmağı qərara alır. Atasından qalma yeganə mülkü satıb Ərəblinski ilə birlikdə bir neçə ay Yerevan, Naxçıvan, Batumi və Vladiqafqazı gəzib, tamaşalar verdi.
Onu da qeyd etmək lazımdır ki, özbək qızlarının ilk dəfə səhnəyə cəlb olunmasına S.Ruhullanın qastrolları da təkan vermişdi. S.Ruhulla ölkəmizin müxtəlif rayonlarında onlarca belə gənc səhnə ustalarının yetişməsinə kömək etmişdir. O zamankı mətbuat S.Ruhullanın qastrollarından aramsız yazılarla çıxış etmişdir. Bu şöhrət təkcə Sidqinin yox, Azərbaycan səhnəsinin şöhrəti idi. Sidqinin inqilabdan əvvəlki həyatı daima nəzarət altında yaşayan bir mücahid həyatına bənzəmişdir. Sənətkar ömrünün bir gününü belə inqilabdan əvvəl azad, sərbəst yaşaya bilməmiş, hər bir oyundan sonra polis idarəsinə çağırılmış, istintaq edilmiş, hədələnmişdir.
Sidqi Fərhad rolunda birinci dəfə çıxış etdiyi zaman Ərəblinskini tamam heyrətə salmışdı. Sidqinin zəngin daxili aləmini, onun azadlıq üçün çırpınan qəlbini mövcud quruluşa qarşı kəskin nifrətini görə bilmişdi.
Buna görədir ki, ustad öz istedadlı şagirdini Fərhad rolunda təbrik edərkən demişdir: «Sidqi, mən sənə öz ampluamı verdiyimə görə çox şadam». Sidqi mürtəcelərin təbiətini çox gözəl bilirdi.
1912-ci ildə Sidqi Bakıda bir gecədə, eyni bir tamaşada Rüstəm bəy və Fəxrəddin rolunda çıxış etmiş, hər ikisini yüksək səviyyədə oynamışdır.
Sidqinin ən böyük rollarından, heç şübhəsiz, S.Vurğunun «Vaqif» dramında yaratdığı Qacar surətidir. Bu da təsadüfi deyildir. Sidqi Qacar rolunda və ümumiyyətlə İranın müstəbid şahlarının surətini yaratmaqda 36 illik təcrübəyə malik idi. Qacar rolunda ilk dəfə Haqverdiyevin 1912-ci ildə «Ağa Məhəmməd şah Qacar» əsərində çıxış etmişdi. 1920-ci ilə qədər, demək olar ki, hər il bu rolu oynamışdı. İkinci dəfə Sidqi 1922-ci ildə «Molla Pənah Vaqif» adlı başqa bir dramda yenə Qacar rolunda oynamışdır. Nəhayət, 1938-ci ildə S.Vurğunun «Vaqif» dramında Qacar rolunu tamamilə təzə bir sənətkarlıq, yeni bir ilhamla yaratmışdır.
S.Ruhulla 44 il fasilə vermədən səhnədə olub.
Zümrüd
Səs.- 2013.-29 mart.- S.12.