Mübariz Qurbanlı: “Həmsədrlər Ermənistana təzyiqlərini davam etdirməlidirlər”

 

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının SƏS TV-yə müsahibəsi:

 

- Mübariz müəllim, bu il Azərbaycanda prezident seçkiləri keçiriləcək. YAP seçkilərə necə hazırlaşır?

- Azərbaycanda seçki öncəsi mühit olduqca normaldır. Bu gün Azərbaycan demokratik bir ölkə kimi azad, ədalətli, şəffaf seçkilərin keçirilməsi üçün hər bir şərait yaradıb. Azərbaycanda müxtəlif siyasi partiyaların nümayəndələri bölgələrə gedirlər, görüşlər keçirirlər və mətbuatlarında müəyyən seçki ilə əlaqədar təbliğatlarını aparırlar. Bu təbii ki, bu seçki öncəsi hazırlığa hesablanıb. YAP-ın bununla bağlı proqramı vardır. Biz seçikilərə həmişə hazır partiyayıq. Eləcə də bu hazırlıqla bağlı bizim müəyyən etdiyimiz strategiya mövcuddur. Biz bu strategiyaya uyğun fəaliyyət göstəririk. YAP təşkilati o cümlədən səfərbəredici xarakterli və s. işlər həyata keçirməkdədir. YAP-ın rəhbərliyi, icra katibliyi müxtəlif istiqamətli fəaliyyət göstərir, yerlərdə hakim partiyanın fəalları ilə görüşlər keçirilir və bu görüşlərdə davamlı olaraq davam edəcəkdir. Bu görüşlərdə də əsas məqsəd yerli təşkilatların seçkilərə hazırlıqla əlaqədar vəzifələrini komkretləşdirməkdir. Biz Novruz bayramından öncə YAP rayon-şəhər təşkilatı sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. Bu müşavirədə də konkret tapşırıqlar seçki qrafiki ilə bağlı qarşıda duran vəzifələr onlara bir daha çatdırılıb. Bizim yerlərdə təşkilatlarımız kifayət qədər güclüdür. Təşkilat sədrləri seçki təcrübəsinə malik şəxslərdir. Biz seçkilərin yüksək səviyyədə təşkili və keçirilməsi üçün əlimizdən gələni edəcəyik.

- ATƏT-in Minsk qrupunun həmsədrləri aprelin ilk həftəsində regiona növbəti səfərini reallaşdıracaqlar. Bu səfərdən gözləntilər nə olacaq? Yoxsa, bu səfər də digərləri kimi turistik xarakteri daşıyacaq?

- ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfər etməsi və görüşlər keçirməsi mübət hal kimi dəyərləndirilməlidir. Amma buna baxmayaraq ATƏT-in bütövlükdə isə həmsdərlərin fəaliyyətindən Azərbaycan razı deyil və bununla bağlı ölkə rəsmilərinin açıqlamaları vardır. Azərbaycan tərəfinin əsas istəyi odur ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bölgədə sülhə nail olmaq üçün Ermənistana təzyiq etsin və konkret olaraq lazımi addımlar atsın. Ancaq çox təəssüflər oslun ki, həmsədrlər vasitəçi olaraq bu məsələdə ləngimələrə yol verirlər. Buna baxmayaraq danışıqlar prosesi davam edir. Ermənistan tərəfi nə qədər fitnəkar addımlar atsa da, danışıqları pozmağa cəhdlər etsə də Azərbaycan səbrlə bu danışıqları davam etdirir. Hesab edirəm ki, indiki şəraitdə həmsədrlərin gəlişi də lazımi məsələdir. Çünki son illərdə danışıqlarda müəyyən durğunluq müşahidə olunur. Xocalı aeroportu ilə bağlı onu deyə bilərəm ki, Ermənistan tərəfinə bu hava limanı lazım deyil. Çünki bu hava reysi açılmış olarsa, nə İrəvandan kütləvi sürətdə insanların bura gəlişi gözlənilmir, nə də ki, Xankəndi və Dağlıq Qarabağdan əks tərəfə bu uçuşlarım müsbət səmərə verəcəyi planlaşdırılmır. Sadəcə, bu hava xəttinin açılması ilə bağlı iddianın ortaya qoyulması növbəti erməni fitnəkarlığından xəbər verir. Yəni onlar bu məsələni gündəmə gətirməklə digər problemlərdən diqqəti yayındırmağa çalışırlar. Yəni işğalçı tərəf belə bir problemi ortaya qoymaqla həm beynəlxalq, həm də bizim dplomatların enerjisini bu məsələyə yönəltməyə çalışır. İşğalçı ölkə bu məsələni gündəmə gətirməklə Azərbaycanı daha çox qıcıqlandırmağa çalışır. Bu bir erməni hiyləgərliyidir. Beynəlxalq Aviasiya Agentliyi, beynəlxalq təşkialtlarda İrəvan-Xocalı aeroportunun açılmasının əleyhinə bəyanatlar verib. Hesab edirəm ki, həmsdərlər bu məsələlərə konkret mövqe nümayiş etdirməlidirlər. Beləcə, Ermənistan tərəfi də bilməlidir ki, bu fitnəkarlıq onun özünə qarşı yönələcək.

- Batumidə Azərbaycan, Gürcüstan, Türkiyə XİN rəhbərləri Elmar Məmmədyarov, Mayya Pancikidze və Əhməd Davudoğlunun iştirakı ilə ikinci üçtərəfli görüşü reallaşıb. Batumidə üç ölkənin nazirləri 2013-2015 illərdə idarələrarası əməkdaşlıq çərçivəsində iş planını qəbul ediblər. Bəs, Ermənistanın bu kimi əməkdaşlıqdan kənarda qalması nə ilə bağlıdır?

- Bu cür görüşlər mütəmadi olaraq keçirilir. Bölgədə bu üç ölkənin (Azərbaycan, Gürcüstan, Türkiyə) ortaq marağları vardır. Bölgənin strateji əhəmiyyət kəsb edən iqtisadi və siyasi xarakterli layihələri vardır ki, bu layihələri yalnız bu üç ölkə birlikdə həll edə bilər. Məhz buna görə də bizim xarici işlər nazirləri, dövlət başçıları səviyyəsində görüşlərimiz daimi, ardıcıl xarakter daşıyır. Hesab edirəm ki, Batumi görüşü və burada aparılan müzakirələr bütövlükdə Cənubi Qafqaz, o cümlədən Türkiyə ərazisi ilə bağlı bəzi iqtisadi xarakterli layihələrin daha intensiv şəkildə həyata keçirilməsinə müsbət təsir göstərəcək. Təbii ki, Ermənistan bu cür layihələrdə iştirak edə bilməz. Məlumdur ki, Ermənistan işğalçı ölkədir. Bu dövlətin bu kimi layihələrdə iştirakı o zaman mümkün ola bilər ki, Ermənistan işğal olunmuş torpaqlardan çıxsın və sülh sazişi imzalasın. Batumidə bundan əvvəl keçirilən görüşlərdə də iqtisadi xarakteri forumlarda da Ermənistan heç dəvət belə olunmayıb. İşğalçı ölkəyə bunun ziyanı ilə bağlı məsələyə gəldikdə isə deyə bilərəm ki, bu məsələ açıq-aşkar ortalıqdadır. Bunu Ermənistan tərəfi artıq gizlədə də bilmir. Həmin layihələrdən kənarda qalmaq işğalçı ölkənin iqtisadiyyatına ağır zərbə vurub. Bu gün qondarma dövlətin iqtisadiyyatı faktiki olaraq çökmə həddinə gəlib çatıb. Hər il bu ölkədən 100 min nəfər Ermənistan vətəndaşı mühacirət edir. Bu dövlət işğalçı siyasətinə görə, çox itkilər verib və verməkdədir də. Gələcəkdə də Ermənistan bu kimi layihələrdə heç bir zaman iştirak edə bilməz. Bildiyiniz kimi Azərbaycan istənilən beynəlxalq sənədi imzaladıqda Ermənistanla əlaqədar orada "qeyd-şərtsiz" yazır.

- Martın 22-də İsrailin baş naziri Benyamin Netanyahu türk həmkarı Rəcəb Təyyib Ərdoğana zəng vuraraq 3 il əvvəl “Mavi Mərmərə” gəmisində baş vermiş insident zamanı 9 nəfərin ölümünə görə üzr istəyib. Sizin qənaətinizcə, Türkiyə-İsrail münasibətlərinin yaxşılaşması geosiyasi baxımdan Azərbaycana nə vəd edir?

- Bu gün Türkiyə Orta Şərqin ən aparıcı ölkələrindən biridir. Türkiyə eyni zamanda dünya siyasətinin aktorlarından birinə çevrilib. Bu gün böyük 20-lər deyilən dövlətlər qrupu vardır. Böyük 20-lərin toplantılarında Türkiyə daimi iştirakçıdır. Bu dövlət öz iqtisadiyyatına görə dünyada on altıncı yeri tutmaqdadır. Bu günki hakimiyyət 2023-cü ilə qədər Türkiyəni dünya dövlətləri içərisində iqtisadi inkişafının göstəricisinə görə, onluğa daxil etmək istəyir. Bununla belə adı çəkilən dövlət eyni zamanda NATO-nun Cənub tərəfində öz silahlı qüvvələrinə görə, ən öndə gedən ölkədir. Məhz buna görə də Türkiyənin mövcud imkanları və potensialı onunla hesablaşmağı zəruri edir. İsrail-Türkiyə münasibətlərinə gəldikdə isə deyə bilərəm ki, İsrail dövləti Orta Şərqdə atom bombasına malik olan ölkələrdən biridir və onun nüvə silahı vardır. Bununla belə İsrailin Avropa İttifaqı, ABŞ-la ikili əlaqələri mövcuddur. Həmçinin ABŞ İsarildə, Yaxın Şərqdə, Orta Şərqdə ən güclü tərəfdaşlardan biridir. Türkiyə ilə İsrailin qarşı-qarşıya gəlməsi əslində bölgədə kimin-kim olması məsələsinə hesablanmışdı. Məlumdur ki, İsrailin Ərəb ölkələri ilə problemləri vardır. Türkiyə isə İslam ölkəsi olduğuna görə, təbii ki, Ərəb ölkələri və Fələstin məsələsində daima ərəblərin tərəfindədir. İndiki şəraitdə Türkiyənin artan nüfuzu İsraili sövq etdi ki, yaranmış bu situasiyada üzristəmə mərhələsini işə salsın. Bu cür hadisələr çox nadir hallarda baş verir. Burada Türkiyənin əsas şərtlərindən biri odur ki, Qəzza bölgəsi blokadadan çıxarılsın. Hazırda Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın da Qəzzaya səfəri gözlənilir. Əlbəttə bu cür yaxınlaşma, ikili əlaqələrin yaranması Türkiyənin maraqlarına uyğundur. Türkiyə bizim strateji müttəfiqimiz olduğuna görə və qardaş ölkənin bölgədə nüfuzunun artması nəticə etibarilə bizim üçün də əlverişlidir. Biz İsrail dövləti ilə ikili əlaqələrə malikik. Türkiyə-İsrail qarşıdurması Azərbaycan-İsrail münasibətlərinə mənfi təsir göstərməsə də biz strateji müttəfiqimizlə münasibətlərin yaxşı bir məcrada davam etməsini istəyirdik. Bu hərəkətlər bütövlükdə Yaxın şərqdə sülh prosesinə müsbət təsir göstərməklə eyni zamanda bölgənin stiuasiyasında yeni bir vəziyyəti yaratmaqdadır.

- Mübariz müəllim, aprelin 3-də İrəvan-Van-İrəvan birbaşa aviareysinin açılacağı məsələsi gündəmə gəlib. Türkiyə hökumətinin bu cür addımlara göz yumması iki ölkə arasındakı münasibətlərə necə təsir edə bilər?

- Türkiyə ilə Ermənistanın problemləri DQ-dan əvvəldə mövcud idi. Türkiyə ilə Ermənistan arasındakı münasibətlərdə Dağlıq Qarabağ məsələsi üç şərtdən biridir. Birinci şərt ondan ibarətdir ki, Ermənistan qondarma "soqırımı" məsələsindən əl çəkməlidir. İkincisi, işğalçı ölkə Türkiyəyə qarşı ərazi iddialarından imtina etməlidir və bunu sübut etmək üçün özünün kontitusiyasındakı müddəalara əl gəzdirərək orada Türkiyənin torpaqlarına aid yazılan maddələr çıxarmalıdır. Üçüncüsü, Ermənistan DQ-dan işğalçı qüvvələrini çıxarmalıdır. İndi bu üç şərtin yerinə yetirilmədiyi təqdirdə Türkiyənin Ermənistanla hanısa iqtisadi, siyasi əlaqələr qurması realdırmı? Hətta Türkiyədəki hansısa siyasi bir hakimiyyət belə addım atmış olarsa Türkiyə Böyük Millət Məclisində (TBMM) və ictimai rəyində təpki ilə qarşılaşacaq. Çünki qardaş ölkə bu şərtlər çərçivəsində Ermənistanla münasibətlər qurmağın tərəfdarı idi. Məlumdur ki, Surix protokollarında Türkiyə bu kimi şərtlər ortalığa qoyurdu. İrəvan-Van-İrəvan birbaşa aviareysinin açılacağı ilə bağlı məsələyə Türkiyə tərəfi açıqlamalar verib. Bu hanısa bir kommersiya təşkilatının Vana Ermənistandan turist gətirilməsi ilə əlaqədar təklifi idi. Bu təklif hələlik reallaşmayıb. Ermənistan və Türkiyə tərəfindən də yayılan məlumatlarda belə görünür ki, bu hava xəttinin açılması real görünmür. Amma bütövlükdə Azərbaycan ictimai rəyi ona tərəfdardır ki, nə qədər ki, üç şərt aradan qalxmayıb, Türkiyənin işğalçı ölkə ilə əməkdaşlıq etməsi bu ölkənin maraqlarına uyğun deyil.

 

 

Səs.- 2013.- 29 mart.- S.5.