Heydər Əliyevin ədəbi-tarixi
proses konsepsiyası
Böyük
Britaniyanın baş naziri Toni Bleyer yazmışdır: “Heydər
Əliyev Azərbaycanın böyük lideri idi. O,
böhranlar dövründə öz ölkəsinə sabitlik
gətirdi. Azərbaycan xalqı Onun qoyduğu
irs ilə fəxr edə bilər”. Bu bizim hamımıza
gün kimi aydın olan bir həqiqətdir. Heydər Əliyevin
qoyub getdiyi irs isə həqiqətən olduqca zəngindir:
müstəqil Azərbaycan, dönməz
istiqlalçılıq, dövlətçilik nəzəriyyəsi,
müstəqilliyimizin iqtisadi təməli olan “Əsrin
müqaviləsi” - neft kontraktları, ədəbiyyat və mədəniyyətimiz
haqqında dərin nəzəriyyə, siyasi sabitlik və ən
başlıcası “Müasir dövrün lider etalonu”
(Ç.Aytmatov) olan oğul - Azərbaycan Prezidenti İlham Əliyev!
Bu varislik Azərbaycan tarixinin yeni səhifəsidir.
Heydər Əliyevin irsi hələ cild-cild
traktatların mövzusu olacaq. Bu zəngin irsin dəyərli bir
hissəsi də ədəbi - tarixi proses haqqında Heydər Əliyev
konsepsiyasıdır. Bu konsepsiyanı Ulu Öndərin
bütövlükdə milli sərvətimiz olan elmi - nəzəri
irsi kontekstində nəzər salmaqla izah etmək olar. Beləliklə, nədir “ədəbi-tarixi proses” və
Heydər Əliyevin nəzəriyyəsində o, hansı
xüsusiyyətlərə malikdir?!
XX əsrin
70-ci illərinin ortalarına qədər nəinki ədəbi-tarixi
proses, ümumən ədəbi proses haqqında nə bizdə,
nə də ümumsovet elmində müəyyən nəzəri
anlayış olmamışdır (Ətraflı bax: Şəmsizadə
N. “Tənqidin ədəbi prosesdə rolu”. 2004.
s.5-40). 1974-cü ildə Leninqrad da “İstoriko-literaturnıy
proüess. Problemı i metodı izuçeniye”
adlı mükəmməl bir məcmuə çap olundu.
Burada məşhur nəzəriyyəçi
E.N.Kupreyanova “Tarixi - ədəbi proses elmi anlayış kimi”
adlı əsas məqalə ilə çıxış etdi.
Göstərilən
kitabda görkəmli rus nəzəriyyəçiləri
E.N.Kupreyanova, A.N.Yuzitov, Y.A.Andreyev, A.S.Buşmin və
başqaları ədəbi prosesə milli ədəbiyyatların
rolunu azaldan, sovet ədəbiyyatının rolunu şişirdən
tam ictimai-tarixi
prosesdən asılı sosioloji izahlar verdilər.
Azərbaycan
alimi, nəzəriyyəçi ədəbiyyatşünas və
tənqidçi N.Şəmsizadə mövcud mübahisələri
təhlil edərək yazır: “Ədəbi proses bədii
sistemindən, cərəyan və istiqamətindən, metod və
üslubundan, janr və qəhrəmanından asılı
olmayaraq müəyyən zaman məsafəsində
yazıçı, tənqidçi və oxucu arasında bədii
əsər zəminində baş verən və onun vasitəsi
ilə hərəkətə gətirilən xüsusi
inkişaf formasıdır. Başqa sözlə ədəbi
proses yazılma, oxuma, təhlil və tənqid kimi proseslərin
həm daxili (struktural), həm də xarici əlaqələrin
əsasında baş verən ədəbi-bədii inkişaf
tipidir. Burada birləşdirici mərkəz, əsas
obyekt bədii əsərdir”. (Şəmsizadə
N. Seçilmiş əsərləri. Üç cilddə,
III c. B., Elm., s. 24-25). Xeyli mükəmməl olsa da burada söhbət ədəbi
- tarixi prosesdən yox, ədəbi prosesdən gedir.
Ədəbi
- tarixi proses tarixi hərəkətə gətirən, onu izah
edən, öz daxilində tarixi əks etdirən ədəbi
- bədii prosesdir. Heydər Əliyevi də daha çox ədəbiyyatın,
bədii - fəlsəfi sözün, cəmiyyəti, ictimai
düşüncəni, tarixi hansı səviyyədə
əks etdirməsi, ona izah verməsi
düşündürürdü.
“Yazıçı öz qələmini xalqın xidmətinə
vermişsə, belə bir şəraitdə onun ən
mühüm vəzifəsi məhz ictimai inkişafın
müqəddəratını müəyyən edən prosesləri
və hadisələri ilk növbədə ifadə etməkdir”. (Əliyev Heydər.
Ədəbiyyatın yüksək borcu və
amalı. s. 138). Ədəbi-tarixi prosesin özünəməxsusluğu
bundadır ki, bədii ədəbiyyat “ictimai inkişafın
müqəddəratını müəyyən edən proses
və hadisələri” obyektiv tarixilik prinsipi əsasında əks
etdirir. Bu, heç də o demək deyildir ki, bədii
ədəbiyyat ictimai-tarixi gerçəkliyin dalınca gedib,
onun sadəcə qeydçisinə çevrilməlidir. Əksinə, tarixiliyə güvənən bədii
düşüncə Allah vergisi olan istedadının
gücü ilə tarixin gedişatını
qabaqlamalıdır. Heydər Əliyev öz ədəbi-tarixi
proses nəzəriyyəsini əsaslandırarkən tez-tez
S.Vurğun yaradıcılığına müraciət edib.
O, S.Vurğunu yazıçılara misal çəkib deyirdi:
“Səməd Vurğun ölməz “Vaqif” dramında
böyük Azərbaycan şairinin tarixi obrazını
yaratmış, o dövrün ictimai-siyasi həyatını heyrət
doğuran məharətlə canlandırmışdır”
(s.140). Heydər Əliyev tarixə yanaşmanın
metodologiyasına, onun taktika və strategiyasına xüsusi
önəm verirdi: “Tarixi simaların obrazları yaradılan və
tariximizin çox mühüm dövrləri tərənnüm
olunan ədəbi əsərlər ən yüksək səviyyədə
yazılmalıdır. Bunlar çox mühüm,
açıq deyək ki, mürəkkəb mövzulardır. Belə mövzuların öhdəsindən
yalnız yüksək istedadlı, dərin bilikli sənətkarlar
gələ bilərlər. Buna görə
də tarixi mövzuda əsərlər yaratmağa girişməzdən
əvvəl ədib öz qüvvə və imkanlarını
götür-qoy etməli, böyük və ciddi
hazırlıq işi aparmalıdır” (s.140).
Beləliklə, böyük
lider, tarixi mövzuya ciddi münasibət üzərində
dayanır, tarixi obyektiv dərk və əks etdirmək
üçün istedadla bərabər, tədqiqatçılıq
işi aparılmasının zəruriliyini qeyd edirdi. Tarixə
təkcə mövzu xatirinə, oxucunu əyləndirmək üçün
müraciət etmək olmaz. Tarix
xalqın milli sərvətidir. Əgər
yazıçı onu olduğu kimi yüksək bədii
obrazlarla əks etdirmirsə, o tarixə toxunmamalıdır.
Heydər
Əliyevin ədəbi - tarixi proses konsepsiyası onun ümumən
ədəbiyyat və mədəniyyətin tarixi taleyimizdəki
roluna verdiyi yüksək dəyərdən kök alır:
“Biz xalqımızın tarixi, keçmişi ilə, əldə
etdiyi nailiyyətlərlə həmişə fəxr edirik. Bu sahədə xalqımızın tarixində ən
görkəmli yeri mədəniyyət, ədəbiyyat tutur.
Çoxəsrlik tariximizdə məhz mədəniyyət,
ədəbiyyat, incəsənət xalqımızı çətin
yollarla bu günə gətirib çıxarıbdır və
xalqımızın mənəviyyatını, zənginliyini
dünyaya nümayiş etdirib, dünya xalqlarına
çatdırıbdır. Keçmişdə də
indi də xalqımız, respublikamız ən çox
öz mədəniyyət, ədəbiyyat, öz intellektual səviyyəsi
ilə dünyada tanınır” (s.260).
Heydər
Əliyevin mədəniyyət,
ədəbi-tarixi proses
konsepsiyasının arxasında, onun siyasi-ideoloji
baxışları, dövlətçilik məsələləri
dayanırdı. Onun fikrincə, ədəbiyyat
(ümumən mədəniyyət!) həm dünənki
tarixin, həm də bugünkü tarixin bədii salnaməsi
olmalıdır. Yazıçının vəzifəsi
çevrəsində olduğu gerçəkliyi,
yaşadığı tarixi və zamanı əks etdirmək,
gələcək nəsillər üçün onun barəsində
həqiqət qoyub getməkdir. Ədəbi-tarixi proses
canlı tarixin bütöv bədii fəlsəfi
obrazıdır.
Heydər
Əliyev mülahizələrinin birində demişdir: “Bizim ədəbiyyatımızın
xalqımıza etdiyi ən böyük xidmət ondan ibarətdir
ki, şairlərimiz,
yazıçılarımız öz əsərləri ilə
Azərbaycanda, xalqımızda, millətimizdə daim
hissiyyatları oyatmağa çalışmışlar, milli
özünüdərk, milli oyanış, dirçəliş
prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan
gəlir”.(Bax: “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”
B., “Şərq-Qərb”,2009, s. 244). Ədəbiyyatın
qüdrətinə belə inam, hər şeydən öncə
Heydər Əliyevin bədii-mənəvi sərvətlərimizə
tükənməz məhəbbətindən irəli gəlirdi.
Çünki onun fikrincə Azərbaycan
xalqının tarixi də, fəlsəfəsi də ən
aydın və parlaq şəkildə məhz bədii ədəbiyyatda
öz əksini tapmışdır.
Şərq ədəbiyyatı o cümlədən Azərbaycan
klassik irsi özündə onlarla elmi ehtiva edən
bütöv bir sistemdir. Heydər Əliyev yazırdı: “Tarixin bir-birinə
qovuşdurduğu əsrlər bir çox xalqların oğul
və qızlarını qızğın məhəbbətlə
tərənnüm edən Nizami dühasının ölməz
əsərlərini, Füzulinin insanpərvərlik və
xeyirxahlıq dolu misralarını, Nəsiminin fəlsəfi
fikirlə zəngin lirikasını, Xaqaninin məhəbbət
və iztirab tərənnüm edən poemalarını, Vidadi
və Vaqifin xalq yaradıcılığı çeşməsindən
qidalanan ölməz şerlərini bizə gətirib
çatdırmışdır. Tarix tələbkar
ittihamçıdır. Hökmdarlar, saray əyanları,
zülmkarlar
unudulub getmişlər. Azərbaycanın
böyük mütəfəkkir və humanist şairlərinin
təravətdən düşməyən misraları isə
bu gün də öz hikməti və insanpərvərlik ruhu
ilə dünyanı heyran qoyur. Onlar xalqın
azadlığı və səadəti haqqında öz dərin
fikirlərini və sönməz arzularını əsrlərdən, nadanlıq, dini
fanatizm, milli əsarət və ictimai ədalətsizlik
zülmətindən keçirərək nəsillərə
bəxş etmişlər” (s.71).
Təkcə bu mülahizələr imkan verir belə qənaətə
gələsən ki, təkcə bir oxucu, bir vətəndaş
kimi yox, həm də bir dövlət xadimi, cəmiyyətşünas
olaraq Heydər Əliyev Azərbaycan ədəbiyyatına bir
fəlsəfi məxəz kimi yanaşırdı. Düşünürsən
ki, ədəbiyyat və incəsənətin estetik zövq tərəfi,
insanlara təsir yönü onun üçün sonrakı məsələ
idi. Bir qədər əvvəlki mülahizələrinə
bir də qayıdaq: “Milli özünüdərk, milli
oyanış, dirçəliş prosesi xalqımıza birinci
növbədə ədəbiyyatdan gəlir”. Ədəbiyyatın
qüdrət və əzəmətinə belə yüksək
qiymət hələ heç bir lider tərəfindən
verilməyib. Bu fakt göstərir ki, Heydər
Əliyev xalqın tarixi taleyi ilə bağlı problemləri
həll edərkən ən ağır dövlətçilik
məsələlərini, xüsusilə milli istiqlal
konsepsiyasını işləyərkən bədii ədəbiyyata
güvənirdi.
Heydər
Əliyevin ədəbi-tarixi proses konsepsiyası statik, donuq ədəbi-siyasi
təlim deyildir. Əksinə, onun fikrincə ədəbiyyat,
bədii yaradıcılıq ictimai fikri, real tarixi şəraiti
dinamik bir vəziyyətdə saxlamalı idi. Bu
özü ayrıca bir problemdir ki, uzaq- görən siyasətçi,
böyük psixoloq insanları, kütlələri idarə
etmək, bu məqsədlə özünə sərfəli
mühit yaratmaq üçün Heydər Əliyev ədəbiyyat
və incəsənətin mənəvi təsir
imkanlarından bacarıqla istifadə edirdi. Gənc ədəbi
nəslin vaxtında formalaşması, nəsillər
arasında əlaqə, ənənə və varisliyin
qorunması bu sırada mühüm yer tuturdu: “Birinci növbədə
ədəbiyyata təzə qüvvələr gəlməsi,
gənc istedadların aşkara çıxarılması və
tərbiyə edilməsi qayğısına qalmaq
lazımdır. Müasir dövrün problemlərinə, ən
aktual sosial və bədii problemlərin həllinə gənc
yazıçıların canlı marağını hər
vasitə ilə müdafiə etmək, özlərinin
yaradıcılıq səylərini real gerçəkliyin tələblərinə,
cəmiyyətimizin ali məqsədlərinə
uyğunlaşdırmaqda onlara kömək etmək
lazımdır.
Cavan
söz ustalarının dünyagörüşünün
formalaşması Azərbaycan ədəbiyyatçılarının
bütün nəsilləri arasında əlaqələrin
daha da möhkəmlənməsi
ilə, bütün ədəbiyyatımızın ideya-bədii
axtarışları ilə sıx bağlıdır. İdeya əqidəsi estafeti olmadan nəsillərin
varisliyi mümkün deyildir” (s.148).
Ümumiyyətlə, Heydər Əliyev
mühit nəzəriyyəçisi, mühitşünas idi. Həm siyasi-ideoloji, həm də ədəbi-elmi sahədə
o, lazımi mühit yaratmadan qlobal göstəriş vermirdi.
Bu, ümumiyyətlə böyük tarixi şəxsiyyətlərə-liderlərə
xas olan mühüm xüsusiyyətdir. Liderlər, o
cümlədən, Ümummilli Lider, ayrı-ayrı
adamları, iqtisadi və siyasi klanları və zümrələri
idarə etmir, onlara müvafiq mühit yaradır, onları həmin
mühitlərə daxil edir və mühitləri idarə edirdi.
Hər bir dünya şöhrətli lider kimi
Heydər Əliyevin də gücü ilk növbədə
bunda idi. Məsələn, o
yazıçılar mühitinə daxil olur,
yazıçılar onu sevirdilər. Və
o daxili-psixoloji vəziyyəti dərindən öyrəndikdən
sonra, özü də ayrı ayrılıqda həm
yaşlı, həm də gənc ədiblərlə
görüşürdü. Söhbətlərinin birində
o səmimiyyətlə etiraf edərək deyir: “1969-cu ildən
tale mənim üzərimə böyük bir vəzifə,
böyük bir məsuliyyət qoymuşdur. Mən məsuliyyəti
dərk edərək o vəzifəni layiqincə yerinə
yetirməyə çalışaraq, həmişə hesab etmişəm,
bu gün də hesab edirəm ki, ədəbiyyata, mədəniyyətə
diqqət yetirmək, qayğı göstərmək
lazımdır, ədəbiyyatdan, mədəniyyətdən həyatın
başqa sahələrində işin müvəffəqiyyətlə
həyata keçirilməsi üçün istifadə etmək
lazımdır” (s.414). Məhz bu mülahizələr
göstərir ki, Heydər Əliyevin ədəbiyyata, ədəbi-tarixi
prosesə baxışları bir çox hallarda ədəbi-bədii,
nəzəri-estetik çərçivələrdən
çıxır. O, bədii ədəbiyyatı zamana
görə işlədir, tarixin tələbini əsas götürür, ən
maksimum hüdudlarda ədəbiyyata tarixiliyi bir prinsip olaraq tətbiq
edirdi. Heydər Əliyev həm dövlətimizə,
həm ədəbi-bədii və mənəvi-əxlaqi məsələlərdə,
ümumən dəyərvermə meyarlarında tarixilik
prinsipinə-tarixin təcrübəsinə istinad edirdi.
İstiqlal dövründə bir çox liderlər kənarda
nəzəri istinadgah axtararkən Heydər Əliyev inamla
yazırdı: “Bu gün ümumiyyətlə, müstəqillikdən
danışarkən ədəbiyyatımızın
xalqımız üçün nə qədər zəngin sərvət
olduğunu qeyd etmək lazımdır. Bizim ədəbiyyatımız,
mədəniyyətimiz xalqımızın mədəni sərvətidir,
intellektual mülkiyyətidir” (s.419).
Milli sərvət
və intellektual mülkiyyət ədəbiyyatdan istedad,
ideyalılıq və həyat həqiqətinə sədaqət
tələb edən Heydər Əliyevin ədəbi-tarixi
proses konsepsiyasının tərkib hissələri idi. Çünki Heydər Əliyev təkcə ədəbiyyatdan
real gerçəkliyin obrazlı təcəssümünü
yox, həm də romantik vüsət tələb edirdi.
Əlbəttə, Heydər Əliyev bir filosof kimi
materialist, bir ədəbi-nəzəri fikir sahibi kimi realist
idi. Onun üçün bədii ədəbiyyatın dəyəri
hər şeydən öncə həyat həqiqətini, real
və tarixi gerçəkliyi hansı bədii obrazlarla,
hansı hüdud və çərçivələrdə əks
etdirməsi ilə ölçülürdü. Onun “ədəbi-tarixi proses” nəzəriyyəsi də
belədir. Real gerçəklik tutumu bu
anlayışı da ölçmək, onun məzmununu və
bədii sərhədlərini təyin etmək
üçün başlıca meyardır. Burada realist dünyabaxışı ilə tarixilik
bir-birini tamamlayır. O, bütün problemlərin həllində
tarixiliyə istinad edir və ona görə uduzmur, həmişə
obyektiv mövqe tutmağa və qərar verməyə nail
olurdu.
Heydər
Əliyevin ədəbi-tarixi proses konsepsiyası çoxcəhətli
təlimdir. Ona məxsus başlıca bir cəhəti də
qeyd etməliyik: bu konsepsiyanın aparıcı təmayüllərindən biri də maarifçilik idi.
Böyük siyasətçi bədii sözün qüdrətindən nəinki
geniş mənada oxucunu maarifləndirmək
üçün istifadə edir, hətta gənc yazıçıların
klassik ənənələrdən, bədii irsin təcrübələrindən
öyrənməsini zəruri hesab edirdi. O özü bədii
ədəbiyyata böyük sevgi ilə yanaşır və
bunu başqalarına da təlqin edirdi. Bədii ədəbiyyat
ona xalqı milli bir toplum kimi təşkil etmək,
psixologiyalara təsir etmək, öz sözünə
inandırmaq və mövqeyini təsdiq etmək
üçün lazım idi. Belə ki,
“Kitabi-Dədə Qorqud”u sevən xalq “Kitabi-Dədə Qorqud”u
sevən lideri sevməyə bilməz.
Heydər
Əliyevin nəzəri-fəlsəfi görüşlərində
maarifçilik xüsusi bir problemdir və onun müstəqil
bir tədqiqata ehtiyacı var. Onun bütün sahələrdə
baxışları kimi ədəbi-tarixi proses konsepsiyası
üçün də təməl prinsip tarixilikdir. Ulu Öndərə görə hər bir şəxsiyyəti,
o cümlədən, ziyalını - yazıçını
və alimi tarix yetişdirir. Buna rəğmən ədəbi-tarixi
proses ədəbiyyatın tarixdəki rolunu müəyyən
edən, həm zamanla, həm fitri istedadla, həm də sənətkarın
estetik idealı ilə bağlı olan bir prosesdir. Obrazlı desək, o “Tarix söz sənətinin, ədəbiyyatın
məcrasında necə hərəkət edir?” sualına cavab
verir, onu praktik şəkildə əyaniləşdirir. Burada
sosial məzmun və estetik amil vəhdətdə
çıxış edir.
Salatın ƏHMƏDOVA,
filologiya üzrə
fəlsəfə doktoru
Səs.- 2013.- 29
mart.- S.3-4.