Azərbaycan - BMT əlaqələrində yeni mərhələ

 

Qaçqın və məcburi köçkün problemlərini BMT-nin müzakirəsinə çıxaran respublikamız 1993-cü ildə BMT Baş Assambleyasının 48-cı sessiyasında "Azərbaycanda qaçqın və köçkünlərə fövqəladə beynəlxalq yardım" adlı qətnamə qəbul edilməsinə nail olmuşdur. Bu qətnamə əsasında BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycanın qaçqın və məcburi köçkün əhalisinin həyat şəraitinin yaxşılaşdırılması üçün ötən dövr ərzində davamlı şəkildə maddi yardım göstərmişdir.

Ermənistanın hərbi təcavüzü nəticəsində dağıdılmış yaşayış məntəqələrinin və digər ərazilərin minalardan təmizlənməsi və bərpa edilməsi sahəsində görülən işlərin səmərəsini artırmaq üçün BMT-nin İnkişaf Proqramı Azərbaycanın Bərpa və Yenidənqurma Agentliyi (ARRA) və Ərazilərin Minalardan Təmizlənməsi üzrə  Milli Agentliyi (ANAMA) vasitəsilə müxtəlif layihələr həyata keçirir, onların madditexniki bazasının genişləndirilməsi məqsədilə yardımlar ayırır.

Azərbaycan Beynəlxalq Valyuta Fondu, Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) və BMT-nin başqa qurumları ilə davamlı və səmərəli əməkdaşlıq əlaqələri yaratmışdır. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 1994-cü ildə YUNESKO nəzdində Azərbaycanın Milli Komissiyası təsis olunmuşdur. Mədəniyyət abidələrinin - Şirvanşahlar sarayı, Möminə Xatın türbəsi və s. qorunması və bərpası sahəsində bir sıra layihələr həyata keçirilmişdir. İqtisadi islahatların hazırlanması və gerçəkləşdirilməsi sahəsində Beynəlxalq Valyuta Fondu ilə sıx əlaqələr qurulmuşdur.

Ə.Həsənov göstərir ki, BMT-nin Azərbaycanda fəaliyyət göstərən təşkilatlarının geniş şəbəkəsi qarşılıqlı əlaqələrin inkişaf səviyyəsini aydın göstərir. Hazırda Azərbaycanda BMT-nin İnkişaf Proqramı, Qaçqınlar üzrə Ali Komissarlığı, Humanitar İşlərin Koordinasiyası Ofisi, Əhali Fondu, İctimai İnformasiya Departamenti, Uşaq Fondu (YUNİSEF), Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və Ümumdünya Ərzaq Proqramı Bakıda açdıqları öz nümayəndəlikləri vasitəsilə fəaliyyətlərini təşkil edirlər. BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO), Beynəlxalq Əmək Təşkilatı, Ətraf Mühit Proqramı və başqa qurumları isə xüsusi nümayəndəlik açmadan Azərbaycanın müxtəlif dövlət orqanları və təşkilatları ilə əməkdaşlıq əlaqələri qurublar.

2001-ci il sentyabrın 11-də ABŞ-da baş vermiş terror aktlarından sonra Azərbaycan BMT-nin keçirdiyi beynəlxalq antiterror tədbirlərində fəal iştirak edir. Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının Terrorizmə Qarşı Komitəsi və Əfqanıstanla bağlı sanksiya komitəsi ilə sıx əməkdaşlıq edərək, terrorizmə qarşı mübarizə sahəsində həyata keçirdiyi tədbirlər barədə öz hesabatlarını təqdim etmişdir.

Erməni terrorçularının törətdiyi 32 terror aktı nəticəsində 2 min nəfərdən çox insanın həlak olduğu və yaralandığı Azərbaycanda terrorizmə qarşı mübarizə sahəsində qəti və ardıcıl addımlar atılır. 2001-ci il oktyabrın 4-də "Azərbaycan Respublikasının 'Terroizmin  maliyyələşdirilməsinə qarşı  mübarizə  haqqında" BMT Konvensiyasına qoşulması barədə" Qanun qəbul edilmiş, daha sonra isə Prezident Heydər Əliyev terrorizmə qarşı mübarizənin gücləndirilməsi məqsədilə 2002-ci il mayın 11-də BMT TŞ-nin 1368, 1373 və 1377 saylı qətnamələrinin həyata keçirilməsi haqqında Sərəncam imzalamışdır.

Azərbaycan BMT ilə əlaqələrin inkişafına çalışır, onun daha səmərəli fəaliyyət göstərməsinə töhfə vermək üçün irəli sürülən  təkliflərin  müzakirəsində  fəal  iştirak  edir.  Bütövlükdə, BMT-də, o cümlədən, Təhlükəsizlik Şurasında islahatların aparılması ilə bağlı ideyalara əsaslandırılmış münasibət bildirən Azərbaycan BMT-nin rolunun gücləndirilməsi və nüfuzunun artırılması üçün islahatların keçirilməsini məqsədəuyğun hesab edir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sırasının yeni 5 dövlət, qeyri-daimi üzvlərinin isə 1 dövlət hesabına genişləndirilməsi təklifini müdafiə edərək, Almaniya və Yaponiyanın daimi üzv kimi təmsilçiliyini dəstəklədiyini bildirmişdir. Son illərdə beynəlxalq aləmdə baş vermiş dəyişikliklər nəticəsində Şərqi Avropa qrupuna daxil olan dövlətlərin sayının iki dəfə artmasını nəzərə alaraq, Azərbaycan Respublikası Təhlükəsizlik Şurasında bu qrupa əlavə bir yerin verilməsini məqbul hesab edir.

KİV-in verdiyi məlumata görə, 2003-cü ilin sentyabrında BMT Baş Assambleyasının 58-ci sessiyasındakı çıxışında Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev beynəlxalq aləmdə mürəkkəb proseslərin cərəyan etdiyi dövrdə üzvlərin arasında qarşılıqlı anlaşılmazlıqların meydana çıxmasına görə, BMT TŞ-nin şəraitə uyğun çevikadekvat münasibət göstərə bilməməsini qeyd edərək, mövcud BMT mexanizmlərinin zamanın tələbinə cavab vermədiyini vurğulamış və bununla bağlı BMT-də islahatların vacib məsələyə çevrildiyini bildirmişdir. Azərbaycanın hökumət başçısının fikrincə, BMT Təhlükəsizlik Şurasında "həm bugünkü, həm də yarıməsrlik reallıqlar öz əksini tapmalıdır".

Azərbaycan Respublikası BMT mexanizmlərinin yenidən işlənməsini, xüsusilə də, Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququna yenidən baxılmasını təklif edir. Azərbaycan beynəlxalq aləmdə BMT-nin rolunun artırılması və mövcud problemlərin həllində daha təsirli tədbirlərin görülməsinə nail olmaq üçün əlavə addımların atılması zərurətini BMT Baş Assambleyasının 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında yenidən gündəliyə gətirdi. Sessiyada çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də həyata keçirilmədiyini bəyan etmiş və onların həyata keçirilməsinin işlək mexanizminin yaradılmasını ümdə məsələ kimi irəli sürmüşdür.

Azərbaycan Prezidenti bildirmişdir ki, "təkmilləşdirilmiş Təhlükəsizlik Şurası daha geniş tərkibli, daha çox məsuliyyətli və demokratik, onun metodları daha şəffaf olmalı, XXI əsrin yeni təhdidləri, riskləri və təhlükələrinə daha operativ cavab verməlidir". Qeyd olunan islahatların həyata keçirilməsi BMT-nin fəaliyyət mexanizminin təkmilləşməsinə, müasir dünyanın sürətli proseslərinə çevikdaha səmərəli yanaşma nümayiş etdirməsinə, adekvat qərarlar qəbul etməsinə geniş imkanlar yaradacaqdır.

Beləliklə, Azərbaycan Respublikasının BMT üzvlüyünə daxil olması ilə yaranan qarşılıqlı əlaqələr sürətli inkişaf yolu keçərək, çoxşaxəli əməkdaşlığa çevrilmiş və Azərbaycanın müstəqil dövlət kimi inkişafında, beynəlxalq aləmdə müvafiq yer tutmasında mühüm rol oynamışdır. Eyni zamanda, Azərbaycan da bu mötəbər beynəlxalq təşkilatın daha səmərəli fəaliyyət göstərməsinə, beynəlxalq təhlükəsizliyin və sülhün qorunmasına öz töhfəsini vermişdir.

Rauf Gəngərli "Xalq qəzeti"ndə Azərbaycan -BMT  əməkdaşlığına həsr etdiyi məqaləsində göstərir ki, Azərbaycan - BMT əlaqələrinin inkişafı, möhkəmlənməsi və ölkəmizin bu təşkilatda böyük nüfüz qazanmasını göstərən ən əhəmiyyətli hadisə, şübhəsiz ki, 2011-ci il oktyabrın 24-də Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurası kimi nüfuzlu bir quruma qeyri-daimi üzv seçilməsi faktıdır. Bu, həm də 21 illik müstəqillik dövründə diplomatiyamızın qazandığı ən böyük uğurlardandır. Azərbaycan Prezidenti İlham Əliyev xarici siyasətimizin möhtəşəm qələbəsi münasibəti ilə verdiyi bəyanatda da qeyd etmişdir ki,   BMT-nin Təhlükəsizlik  Şurası kimi dünyanın ən mötəbər təşkilatına üzv olmaq böyük uğur, möhtəşəm nailiyyətdir.

Məlumdur ki, Təhlükəsizlik Şurası dünyada sülh və təhlükəsizliyin təmin edilməsi üzrə BMT-nin məsul qurumu olaraq, 5 daimi və 10 qeyri-daimi üzvdən ibarətdir. Hər il BMT TŞ-nin 10 qeyri-daimi üzvündən 5-i yenilənir. 2011-ci ildə də 2012-2013-cü illər üçün Təhlükəsizlik Şurasının 5 qeyri-daimi üzvü seçilməli idi. BMT TŞ-nin qeyri-daimi üzvülüyünə seçkilərdə namizədlər regional qruplar adlandırılan qruplar tərəfindən irəli sürülür. Belə ki, AfrikadanAsiya-Sakit okean regionundan dərhal beş ölkə öz namizədliyini irəli sürmüşdür. Bunlar Qırğızıstan, Mavritaniya, Mərakeş, PakistanToqo olmuşdur. Onlar 2011-ci il dekabrın 31-də Qabon, LivanNigeriya tərəfındən azad olunan yerlər uğrunda mübarizə aparmışlar. İlin sonunadək Bosniya və Herseqovinanın tutduğu yerə Şərqi Avropa dövlətləri qrupundan üç ölkə - Azərbaycan, Macarıstan və Sloveniya iddia etmişdir. Reqlamentə görə, qeyri-daimi üzvlüyə seçkilər gizli səsvermə yolu ilə həyata keçirilir. Yalnız Azərbaycan, Qırğızıstan və Qvatemaladan başqa, doqquz namizəd ölkə artıq bundan əvvəl BMT TŞ-nin qeyri-daimi üzvii olmuşdu.

Fərəhləndirici haldır ki, mötəbər quruma qeyri-daimi üzv seçilmək üçün ölkəmiz çox gərgin bir mübarizəni, deyərdik ki, ölkələrin dünyadakı nüfuz mübarizəsi mərhələsini uğurla sona çatdırmışdı. Bu prosesi bir daha yada salmaq istərdik. Çünki məhz həmin səsvermə, dünya ölkələrinin seçim prosesi çox şeyi ifadə edir. Belə ki, səsvermənin gedişində biz 116 səs topladıq, sona qalan digər namizəd - Sloveniya isə cəmi 77 səs ala bildi. Bu məqamda xatırlatmaq istərdik ki, Sloveniya həm Avropa Birliyinin, həm də NATO-nun üzvüdür. Buna rəğmən, yəni həm Avropa ölkələrinin, xüsusən, Fransanın dəstəyinə baxmayaraq hər dəfə səsvermə keçiriləndə Sloveniya daha az səs aldığı üçün Azərbaycan ilə sonadək rəqabət aparmaqdan imtina etdi. Ölkə BMT Təhlükəsizlik Şurasma namizədliyini geri götürməli oldu. Məlumdur ki, sonuncu səsvermədə Azərbaycan daha bir uğura imza ataraq, ona dəstək verən ölkələrin sayını daha da artırdı, 155 səs topladı, 24 dövlət bitərəf qaldı, 13-ü isə əvvəlki kimi, yenə öz namizədliyini geri götürən Sloveniyaya səs verdi. Bütün bunlar ölkəmizin BMT-də böyük nüfuza malik dövlətlər sırasına yüksəlməsindən xəbər verirdi.

2012-ci ilin may ayında ölkəmizin müstəqillik, BMT ilə əlaqələr tarixində növbəti mühüm və əlamətdar hadisə baş verdi. Həmin ay Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etdi. Bu, bir daha göstərdi ki, Azərbaycan qlobal problemlərin həllində yaxından iştirak etmək, dünya səviyyəsində qəbul olunan qərarlara təsir göstərmək imkanı əldə etmişdirbuna qadirdir. Bu, həm də Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyi qısa müddət ərzində artıq dünyanın təhlükəsizlik siyasətini müəyyən edən əhəmiyyətli ölkələrin birinə çevrildiyini bir daha sübut edirdi. Haqlı olaraq hər bir azərbaycanlı bundan qürur hissi keçirdi. Aparılan uğurlu xaricidaxili siyasətimiz belə deməyə əsas verir ki, Azərbaycan Respublikası bundan sonra da böyük uğurlara imza atacaqdır.

 

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2013.- 15 may.- S.15.