Müstəqil Azərbaycan Respublikası və
Rusiya əməkdaşlığının
Avrasiya inteqrasiyasında rolu
Rusiyalı
ekspertlərin "Avrasiya" termini ilə müəyyənləşdirdikləri
ərazilər hazırda MDB üzvləri olan ölkələri
əhatə edir. SSRİ dövründə isə
"Avrasiya" Rusiya üçün daha geniş anlamda
başa düşülürdü. Bu areala hazırkı MDB
üzvlərindən və keçmiş Şərqi Avropa
sosialist düşərgəsindən əlavə Türkiyə
İran, Əfqanıstan və Monqolustan da daxil idi. Hazırda
Şərqi Avropanın artıq qərbləşmiş
dövlətləri bu kateqoriyaya daxil edılmir. İndı
Rusiya üçün "Avrasiya" anlayışı əsasən
MDB üzvlərini, Türkiyə və İranı əhatə
edir. Ə.Həsənov yazır ki, SSRİ
dağıldıqdan, Şərqi Avropanın sosialist ölkələri
nəzarətdən çıxdıqdan, dünya dövlətlərinə
20-ci əsr boyu davam etmiş təsir mexanizmləri aradan
qalxdıqdan sonra Rusiya öz xarici siyasəti
qarşısında üç əsas vəzifə
qoymuşdu ki, bunun da hər biri Avrasiya ilə
bağlıdır:
-
ABŞ, Avropa İttifaqı və NATO-nun Şərqə
doğru hərəkətinin qarşısını almaq;
-
keçmiş sovet məkanına Qərb dövlətlərinin
müdaxiləsinə və yeni müstəqil dövlətlərin
Qərbə meyillənməsinə mane olmaq;
-
Rusiya Federasiyasının bütövlüyünü qorumaq,
onun milli təhlükəsizliyini və dövlət
maraqlarını bütün vasitələrlə təmin etmək.
Birinci
müddəanı yerinə yetirmək üçün
Rusiyanın MDB məkanında agent dövlətləri və
separatizm mənbələri var ki, Kreml onların vasitəsilə
müxtəlif istiqamətlərdə mövqelərini
saxlamağa çalışır.
Rusiya
Cənub Qafqaz istiqamətində uzun müddət etnik
separatizm meyillərindən istifadə edərək, region
ölkələrini öz təsir dairəsində saxlamaq
siyasətini yürütmüşdür. Bundan başqa, Kreml
Cənubi Qafqaz ölkələrinin (xüsusən, Azərbaycanın)
kənd təsərrüfatı məhsullarının ənənəvi
bazarının məhz Rusiya olmasını, bu öləkələrin
vətəndaşlarının müəyyən hissəsinin
işçi qüvvəsi kimi müvəqqəti Rusiyada
yaşamasını da bölgə ölkələrindəki
siyasi həyata təsir göstərmək mexanizmi kimi istifadə
etməyə çalışır.
2000-ci
ildən başlayaraq, Rusiya məhsul ixracatına məhdudiyyətlər
qoymaq və diaspora faktorlarından daha çox istifadə etməyə
üstünlük verir. Ə.Həsənovun fikrincə,
MDB-nin yaradılması da Rusiyaya daha çox öz həyati mənafelərini
təmin etmək, mərkəzdənqaçma
tendensiyalarının qarşısını almaq, Qərbin bu
ərazilərdə təsirini zəiflətmək, üzv
ölkələrin xarici siyasətini mümkün qədər
koordinasiya etmək (Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatı, vahid gömrük ittifaqı yaratmaq, sərhədləri
birgə mühafizə etmək və s. tədbirlər vasitəsilə)
məqsədi güdür. Çünki məsələn,
Ukrayna və Belorus ərazisindən Qərbə Rusiyanın əsas
nəqliyyat-kommunikasiya xətləri, qaz və neft kəmərləri
çıxır, Baltikyanı ölkələrdən
Kalininqrad vilayətinə hərəkət təmin edilir.
Rusiyanın qərb sərhədləri Belorusdan, cənub sərhədləri
Tacikistan, Qırğızıstan və Özbəkistandan, Azərbaycan,
Ermənistan və Gürcüstandan keçir. Bu əraziləri
əldən verməklə Rusiya öz geostrateji və milli təhlükəsizliyinə
xələl gətirə bilərdi.
Bundan
başqa, Orta Asiya, Xəzər hövzəsi, Qara dəniz ətrafı
və Cənubi Qafqazı itirməklə Rusiya bütün
Avrasiyada, dünya enerji, nəqliyyat-kommunikasiya sistemində
öz təsirini itirmiş olur. Odur ki, Rusiya bütün
mümkün vasitələrlə öz həyati
maraqlarını, təsir dairəsini Avrasiya subregionunda
qorumağa və təmin etməyə
çalışır. MDB-nin ətraf aləmlə münasibətlərini,
Avrasiyanın İran, Türkiyə, Çin və ümumiyyətlə,
dünyanın aparıcı ölkələri ilə əlaqələrini
də məhz Rusiya özü müəyyənləşdirməyə
səy göstərir.
Ə.Həsənov
yazır: "Müasir dünya və beynəlxalq münasibətlərin
yeni tendensiyaları dünya siyasətində Rusiyanın rolunu
xeyli azaltsa da, Avrasiya regionundan onu sıxışdırmaq
çox çətindir. Geosiyasi və geostrateji
xarakteristikasına görə, dünyanın ən nəhəng
dövlətlərindən hesab olunan bu ölkə çox zəngin
təbii ehtiyatlara (Rusiya öz enerji ehtiyaclarını 100%
ödədiyi halda, Yaponiya bu sahədə 82%, Almaniya və
Fransa 50%, ABŞ 23% xarici aləmdən asılıdır)
malikdir, nəhəng hərbi potensialı (nüvə
texnologiyası, atom silahları və strateji raketdaşıma
kompleksləri), Avropaya, dünyanın istənilən quru, hava
və su keçidlərinə çıxış
imkanları var.
Rusiyanın
iqtisadi, siyasi, hərbi, mədəni, sosial, maliyyə təsiri
bütün MDB məkanında ciddi hiss olunur və bu ölkədə
baş verən hər hansı bir ciddi dəyişiklik dərhal
özünü bütün MDB məkanında göstərir.
Rusiya
MDB-də ciddi siyasi, ictimai və informasiya mexanizmlərinə
də malikdir. Bu ölkələrin ərazisində, həm də,
25 milyondan çox rusdilli əhali yaşayır, Rusiyanın
televiziya, radio və kütləvi informasiya vasitələri
postsovet məkanında sərbəst yayılır və
ictimai rəyə ciddi təsir göstərir. MDB ölkələri
Rusiya üçün əsas ixracat bazarıdır (rus
malları bu ölkələrdə üstünlük təşkil
edir). Eyni zamanda, Rusiya da MDB ölkələrində istehsal
olunan kənd təsərrüfat məhsulları
üçün böyük bazar rolunu oynayır və
mühüm əmək miqrasiyası məkanıdır. MDB
ölkələrinin əhalisi azalmaqda olan Rusiyanın əmək
ehtiyaclarının xeyli hissəsini ödəyir."
Müəllif
qeyd edir ki, 90-cı illərin əvvəllərində
Rusiya MDB ölkələri üzərində hüquqi nəzarətini
itirsə də, iqtisadi və siyasi təsirini saxlamaqda davam
edirdi. Region dövlətləri isə, öz növbəsində,
Qərblə Rusiya arasında manevrlər edərək,
iqtisadi-sosial problemlərinin həllinə
çalışırdılar.
Rusiyanın
Avrasiya siyasətində Azərbaycan beynəlxalq münasibətlər
sisteminin mövcud olduğu bütün dövrlərdə
mühüm yer tutmuşdur. Hələ çar Rusiyası
dövründə Xəzər dənizinə
çıxış, Azərbaycanın işğalı və
bu ərazidən İran, Türkiyə və digər Şərq
dövlətlərinə müdaxilə və təsir kimi
istifadə edilməsi rus imperatorlarının fəaliyyətində
xüsusi yer tutmuşdur. Rus-İran, rus-türk müharibələri,
Qafqazın işğalı və s. hadisələrdə Azərbaycan
məsələsi daim diqqət mərkəzində
olmuşdur. Sovet hakimiyyəti illərində də Azərbaycan
Şərqə təsir üçün forpost kimi istifadə
edilmiş, müsəlman Şərqinə və Türkiyəyə
çıxış üçün qapı rolunu
oynamışdır.
1991-ci
ildə SSRİ dağılandan sonra Rusiya Azərbaycanı
müstəqil dövlət kimi tanımağa məcbur oldusa
da, onun birdəfəlik itirilməsi, Qərb ölkələri
və Türkiyə ilə inteqrasiyaya daxil olması ilə
uzun müddət barışa bilmədi. Azərbaycanın bərabərhüquqlu
əsasda, qarşılıqlı-faydalı əməkdaşlıq
şəraitində, beynəlxalq hüquqa və mehriban
qonşuluq münasibətlərinə uyğun əlaqələr
qurmaq istəyinə Rusiya uzun müddət müsbət
reaksiya vermədi. Əslində, müstəqilliyinin ilk illərində
Azərbaycan rəhbərliyi də Rusiya ilə sivil münasibətlər
yaradılması sahəsində ciddi addımlar ata bilməmişdir.
Odur ki, 1991-1993-cü illərdə iki ölkə arasındakı
münasibətlər qeyri-normal idi. Hazırda Rusiya Azərbaycanın
müstəqilliyi və Qafqaz bölgəsinin nüfuzlu,
perspektiv imkanları geniş olan dövlət statusu ilə
barışmış və onunla praqmatik münasibətlər
yaratmaq əzmi nümayiş etdirir.
Ə.Həsənovun
göstərdiyi kimi, Azərbaycan Rusiya üçün bir
neçə xarakteristikasına görə əhəmiyyətlidir:
1. Azərbaycan
müsəlman Şərqinə və Türkiyəyə
çıxış üçün, Yaxın və Orta
Şərqdə baş verən proseslərə təsir
imkanlarına görə əhəmiyyətlidir.
2. Azərbaycan
Şərq-Qərb nəqliyyat kommunikasiyaları və dəhlizlərinin
mərkəzində yerləşir və bu baxımdan,
Rusiyanın rəqibidir.
3. Azərbaycanın
zəngin karbohidrogen yataqları (xüsusən, Xəzər dənizində)
mövcuddur ki, bunların istismarı, istehsalı və
ixracı Rusiyanı biganə qoya bilməz. Bu sahədə də
Azərbaycan Rusiyanın dünya bazarında rəqibidir (Bu
haqda təfsilatı ilə "Azərbaycanın neft siyasəti"
bölməsində bəhs edilir).
4. Azərbaycan
Rusiya malları üçün satış bazarı, kənd
təsərrüfatı məhsulları ilə isə təminatçı
rolunu oynayır.
5. Azərbaycanda
çoxsaylı rusdilli əhali, Rusiyada isə azərbaycanlılar
yaşayır ki, bu faktor da Rusiyanın maraqlarını əks
etdirir.
6. Azərbaycanın
əraziləri Rusiyanın təhlükəsizliyi
baxımından çox böyük əhəmiyyət kəsb
edir.
7. Azərbaycanı
təsirində saxlamaq üçün Rusiya 1991-1997-ci illərdə
irticaçı siyasət yürüdərək, bu dövlətə
həm daxildən (separatizmi, xaosu, iqtisadi böhranı, siyasi
və vətəndaş qarşıdurmasını
qızışdırmaq və s.), həm də xaricdən
(iqtisadi blokada, Ermənistanın işğalçı siyasətini
dəstəkləmək, Rusiyada yaşayan azərbaycanlıları
sıxışdırmaq, beynəlxalq aləmdə Azərbaycana
zərbə vurmaq, Xəzər dənizinin statusunu qabartmaq və
Qərb ölkələrinin Azərbaycanla əlaqələrini
pozmaq və s.) ona zərbə vurmağa
çalışmışdır. Bu işdə Rusiyanın bəzi
siyasi dairələri, xarici işlər, müdafiə və təhlükəsizlik
nazirlikləri xüsusi seçilirdilər. Onların kobud
güc mövqeyi nümayiş etdirməsi Azərbaycanı və
onun ictimaiyyətini də Rusiyaya qarşı adekvat addımlar
atmağa vo düşünməyə vadar edirdi.
1997-ci
ildən Rusiyanın hakim dairələrində baş verən
kadr dəyişiklikləri, Azərbaycanın müstəqil
dövlət kimi Qərblə partnyorluq əlaqələrinin
inkişafı və onun milli haqlarının beynəlxalq dəstəyi,
Prezident Heydər Əliyevin Moskvaya ilk rəsmi dövlət səfəri
və keçirdiyi çoxsaylı görüşlər
Rusiyanın mövqeyində ciddi korrektələrə səbəb
oldu. 1997-2000-ci illərdə tədricən iki ölkə
arasındakı etimadsızlıq mühiti və "soyuq
müharibə" praqmatik əlaqələrlə əvəz
olunmağa başlayır. 2001-ci ilin
başlanğıcında Rusiyanın yeni prezidenti V.Putinin Azərbaycana
rəsmi səfəri bu yöndə mövcud olan problemlərin
həllinə xüsusi müsbət təsir göstərdi.
Baxmayaraq ki, iki dövlət arasında diplomatik əlaqələr
1992-ci ilin 4 aprelində qurulmuş və həmin ildə iki
ölkə arasında səfirlik mübadiləsi
yaradılmışdı, 1997-ci ilə qədər rəsmi
dövlətlərarası münasibətlər çox kəskin
və arzuolunmaz vəziyyətdə idi.
Hazırda
iki ölkə arasındakı münasibətlər yüksələn
xətlə inkişaf edir. Prezident İlham Əliyevin Moskva səfərləri
çərçivəsində iki ölkə əlaqələrinin
bütün sahələri üzrə ortaq mövqelərə
nail olunub. Xüsusən, Xəzər dənizinin sektor
bölgüsü, iqtisadi, mal-ticarət dövriyyəsinin
yaxşılaşdınlması və s. sahələr üzrə
dövlətlərarası və hökumətlərarası
müqavilələr bağlanıb.
Ə.Həsənov
yazır: "Əlbəttə, bu tədbirlər iki ölkə
arasındakı bütün problemləri, o cümlədən,
Avrasiya bölgəsindəki rəqiblik və fərqli milli
maraqlarla bağlı məsələləri tam həll etməyib
və edə də bilməz. Rusiya və Azərbaycan tranzit, nəqliyyat-kommunikasiya,
neft-boru kəmərləri, enerji
daşıyıcılannın ixracı və
satışı üzrə rəqibdirlər. Lakin bu rəqabət
sağlam əsaslar üzərində qurulursa (buna son illərdə
meyil edilir), hər iki tərəf öz maraqlarını
qarşılıqlı şəkildə həll edir. Bundan
başqa, iki ölkənin Qərbə inteqrasiya, Cənubi
Qafqazın dünya təhlükəsizlik sistemində
iştirakı, transmilli korporasiyaların Xəzərə və
Cənubi Qafqaza yatırım qoymasına baxışları
da fərqlidir. Məsələn, Rusiya Bakı-Tbilisi-Ceyhan
neft, Bakı-Ərzurum qaz kəmərlərini öz
maraqlarına uyğun olaraq qəbul etmək istəmir. Əvəzində,
Azərbaycan da öz neftini Rusiyanın Novorossiysk kəməri
vasitəsilə əsassız baha tariflə nəql etmək,
Rusiya qazından asılı vəziyyətdə qalmaq istəmir.
Yaxud Rusiya ABŞ və NATO-nun Azərbaycanda hərbi baza
yaratmasını, Azərbaycan isə Rusiyanın Ermənistanda
analoji addımlarını məqbul saymır. Lakin
bütün bunlara baxmayaraq, həm Azərbaycan, həm də
Rusiya rəhbərliyi son illərdə praqmatik
düşüncə nümayiş etdirərək, bir-biri ilə
münasibətləri tam sahmana sala bilmişdi."
Son
üç ildə iki ölkənin iqtisadi, siyasi, təhlükəsizlik,
sərhəd, sosial, mədəni təşkilatların
arasında qarşılıqlı əlaqələri
nizamlayan çoxsaylı müqavilə və sazişlər
imzalanmış və həyata keçirilir. Azərbaycanın
Rusiyanın regionları ilə iqtisadi əlaqələri
genişlənmiş və qarşılıqlı-faydalı əməkdaşlıq
bərqərar olmuşdur. Rusiya Avrasiyanın ən
böyük dövləti kimi, həm Mərkəzi Asiyada,
Qara dəniz və Xəzər dənizi hövzəsində və
Cənubi Qafqazda öz maraqları çərçivəsində
siyasət yürüdür. Bunu regionun bütün ölkələri,
o cümlədən də, Azərbaycan dərk edir. Azərbaycanın
xarici siyasətinin bu istiqamətdə əsas vəzifəsi
ondan ibarətdir ki, bölgədə bütün ölkələrlə,
o cümlədən, Rusiya ilə qarşılıqlı
maraqların ortaq nöqtəsini tapsın və bu yöndə
də öz milli mənafelərini təmin etsin.
Ə.Həsənovun
fikrincə, beləliklə, göründüyü kimi, Rusiya
1991- 1997-ci illərdə Avrasiya siyasətində regional
münaqişələr yaratmaq, yerli hakimiyyətlərə təzyiqlər
göstərmək, ölkələri bir-biri ilə
üz-üzə qoymaqla öz mövqelərini qorumağa
çalışırdısa, münaqişələrin tədricən
Rusiya ərazisinə keçməsi təhlükəsi 2000-ci
ildən Moskvanı postsovet məkanındakı münaqişələri
dondurmağa və öz siyasətini tədricən dəyişməyə
məcbur etdi. 1997-2000-ci illərdə Rusiya Avrasiya məkanı
ölkələrinə münasibətdə yeni siyasi
yanaşma axtarışlarına başlayır. Vladimir Putinin
prezident seçilməsindən sonra 2001-ci ildən
başlayaraq, Rusiya praqmatik siyasətlə sözügedən
məkanda öz maraqlarını reallaşdırmağa
başlayır. Bu dövrün əsas xarakterik xüsusiyyəti
Rusiyanın region siyasətinin əsasında iqtisadi əməkdaşlığın
qoyulması, qeyri-sivil siyasi təzyiqlərin tədricən
gündəlikdən çıxması hesab oluna bilər.
Hazırda iqtisadi və təhlükəsizlik maraqları
Rusiyanın Avrasiya siyasətinin ana xəttini təşkil etməyə
başlayır.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2013.- 2 may.- S.22.