XX əsrin əvvəllərində Azərbaycan
(ADR)-Sovet Rusiyası münasibətləri
və ikinci işğal
aktı
XX əsrin
əvvəllərində yaranmış müstəqil Azərbaycan
dövlətini 1917-ci ildə yaranmış Sovet Rusiyası
işğal etməyə fürsət axtarırdı. 1919-cu
ilin avqustunda "qısa müddətə üzərinə
götürdüyü və təşəkkürsüz məsuliyyətə
bir elə güclü marağı olmayan" Böyük
Britaniya Zaqafqaziyadan qoşunlarının çəkilməsi
əməliyyatını başa çatdırdı və
Batumda cüzi hərbi qüvvə saxladı. Azərbaycan
üçün tam müstəqillik mərhələsi
başlandı. Qəribə də olsa, kənardan himayə
olunmayan demokratik respublika tənəzzülə uğradı.
Daha Denikin tərəfdən təhlükə gözlənilmirdi,
1919-cu ilin ikinci yarısında, o, Zaqafqaziyanı hədələyəcək
taqətdə deyildi. Bu dəfə üfüqdə əvvəlkindən
daha qara olan bir bulud görünməyə başladı.
Qırmızı ordu ağları təqib edərək
durmadan Cənuba doğru irəliləyirdi.
Qırmızıların Azərbaycan sərhədində
dayanacaqları fikrinə düşmək üçün
heç bir əsas yox idi və yenə də başıalovlu
Bakı öz təhlükəsizliyini təmin etmək
yollarını axtarırdı. Zaqafqaziya dövlətlərinin
ümumi cəbhəsini yaratmaq cəhdləri Azərbaycan-Gürcüstan
qarşılıqlı müdafiə paktından, özü
də ermənilər bu pakta qoşulmadılar, çox
uzağa getmədi. Versal konfransında iştirak edən Azərbaycan
nümayəndəliyi Antanta başçılarından
müəyyən qədər kömək əldə etməyə
səy göstərirdi. Nəticədə, Azərbaycan 1920-ci
ilin yanvarında diplomatik cəhətdən defakto
tanındı və silah təminatına dair
üstüörtülü vəd qazandı. Nəticə
etibarı ilə Azərbaycanın xarici siyasəti İran və
Türkiyə kimi tarixən aralarında spesifik əlaqələr
olan iki ölkələrlə manevr etmək sərbəstliyini
saxlaya bildi.
Həm
Zaqafqaziyadakı, həm də Anadoludakı türklər Azərbaycanın
öz müstəqilliyini qoruyub saxlayacaqlarına o qədər
də dərindən inanmırdılar. Şəxsən
Mustafa Kamal Paşa uzaqgörənliklə bildirirdi ki, zəif
Zaqafqaziya dövlətləri tədricən yenidən
Rusiyanın hakimiyyəti altına qayıdacaqlar.
Əsas
həqiqət ondan ibarət idi ki, Rusiya vətəndaş
müharibəsi Azərbaycan iqtisadiyyatının dirçəlişinə
mane olurdu və ölkənin müstəqilliyi pat vəziyyətinə
düşmüşdü. Sözsüz ki, müharibəni
udan hansı tərəf olursa-olsun, o, itirilmiş ərazilərin
yenidən qaytarılması prosesinə başlayacaqdı.
Moskvaya hücum edən könüllülər ordusu nizəyə
tuş gələn şar kimi darmadağın edildi və bu -
1919-cu ilin oktyabr-noyabr məğlubiyyəti Rusiya vətəndaş
müharibəsinin dönüş nöqtəsi oldu. Taleyin
dramatik dəyişikliyə uğratdığı
ağların qoşunları cənub istiqamətində tələm-tələsik
qaçmağa üz qoydular və açıq-aydın məlum
idi ki, məhz qırmızılar qalib çıxacaqlar.
İşlərin bu cür gedişi hadisələr
meydanından uzaq olan azərbaycanlıların gələcəyi
üçün yaxşı ümidlər verirdi.
Bununla
belə, sayca az olmasına baxmayaraq, ancaq bolşevik
"Hümmət"i yerli qrup olaraq yekdil qüvvəyə
çevrilə bildi ki, Sovet Rusiyası yəqin ki, məhz
onunla Azərbaycanın gələcəyinə dair tədbirlər
planını müzakirə etmək istərdi. 1919-cu ilin
"Hümmət"i iki il bundan əvvəlki "Hümmət"dən
bir sıra cəhətlərinə görə fərqlənirdi.
Bakı Kommunasının tərəfdarı olan və Nərimanovun
başçılıq etdiyi "köhnə komanda"
hakimiyyəti devrildikdən sonra pərən-pərən
düşdü, onun üzvləri isə Rusiyada
sığınacaq tapdılar. Müsəlmanların
qırğını ilə başlayıb, ermənilərin
qırğını ilə başa çatan Bakı
Kommunasının iş təcrübəsi hümmətçiləri
milli fərqlərə məhəl qoymayan rus sentralizminin
düzgünlüyünü şübhə altına
almağa vadar etdi. Vətəndə cəm olmuş yerli
kommunistlərin yeni heyətinə gəlincə, onların əksəriyyəti
20-30 yaşlarında olan rəhbərləri Heydər Qarayev,
Mirzə Davud Hüseynov və Fəttah Musəvi kimi şəxsiyyətlər
idi. Onlar Azərbaycanda sovetlərin hakimiyyətini münasib və
zəruri bilərək, bunu bir məqsəd kimi qəbul
edirdilər, lakin "Hümmət"in rus partiyasına
qoşularaq onun içində "əriməsinə"
razı deyildilər və sovet sistemi daxilində muxtariyyət
verilməsində israr edirdilər.
Adətən,
Bakı hümmətçiləri Rusiyadakı sovet siyasətini
müsəlmanların xeyrinə istiqamətləndirməkdə
müəyyən səlahiyyətlər əldə etmiş
ayrı-ayrı dostları arasında özlərinə dayaq
tapırdılar. Onlar arasında ən nüfuzlusu Nərimanov
idi. 1919-cu ilin iyununda Stalin onu əvvəlcə xarici işlər
üzrə Xalq Komissarlığının Yaxın Şərq
şöbəsinin rəisi (Narkomindel), sonralar Milli Məsələlər
üzrə Komissarlığın (Narkomnats) sədr müavini
təyin etdi. Bu cür imkanlara malik olduğu zaman Nərimanov
inqilabın müsəlman Şərqinə
yayılmasının tərəfdarı kimi tanındı:
"Şərq məsələsinə dair fikirlərimizdə
yoldaş Stalinlə tam razılığa gəldik...
Avropadakı, xüsusilə, İngiltərədəki sosial
inqilab iqtisadi böhranla müşayiət olunacaq və onun
ocağı Asiya olacaqdır. Bu səbəbdən xarici siyasətimizin
və partiya Mərkəzi Komitəsinin diqqəti Şərqə
tərəf, xüsusilə, müsəlman Şərqinə
tərəf yönəlməlidir". Bu istiqamətdə
inqilabı yaymaq üçün Azərbaycan əsil dayaq
nöqtəsi, "Türkiyə və İran arasında birləşdirici"
əlaqə idi və Nərimanov rus süngülərinin
gücü ilə vətəninin sovetləşdirilməsinə
çağırırdı. Eyni zamanda, o, azərbaycanlı
olmayan kommunistləri "adətləri, milli-tarixi
baxışları, icma həyatının xarakterik cəhətlərini,
mənəviyyatla bağlı məsələləri,
psixologiyanı" nəzərə almadıqlarına görə
tənqid edirdi. Nərimanov inanırdı ki, Rusiya Sovet Azərbaycanını
müstəqil elan edəcəkdir ki, bu da muxtariyyət
qazanılmasından da irəli atılmış mühüm
addım idi. Bu, həmçinin, Nərimanovun vətəndən
xaricdə müsəlmanları cəlb etmək marağı
ilə uzlaşırdı. Nərimanovun fikrinin əksinə
olaraq, Bakıdakı gənc hümmətçilər,
çox güman ki, Azərbaycanı rus inqilabının ancaq
tərkib hissəsi hesab edirdilər.
Azərbaycanlı
kommunistlər davam etdirdikləri kommunist təbliğatında
böyük artım dalğası müşahidə etdilər.
Sovet mənbələrinə görə, 1920-ci il aprelin
sonlarında Azərbaycan Kommunist Partiyasinda üzvlərin
sayı 4000 nəfər təşkil edirdi, ilin əvvəlindən
artım 1000 nəfərə çatmışdı.
Özü də artım, əsasən, Bakıda qeydə
alınmışdı. Azərbaycandakı vəziyyətin
gerçəklikləri hər hansı kommunist təbliğatından
inandırıcı idi, yenilməz qırmızı ordunun Azərbaycan
sərhədinə yaxınlaşması ilə Sovet
Rusiyasının Azərbaycanı işğal etməsi təhlükəsi
artırdı. Faktiki olaraq, martın 17-də Lenin
"Bakını almaq bizim üçün, çox, həddindən
artıq vacibdir" - məzmunlu direktiv verdi və Bakı
neftinə cavabdeh olmaq üçün məsul nümayəndə
A.P.Serebrovskini təyin etdi. Aprelin 8-də Orconikidze və onun
müavini Sergey Kirovun rəhbərliyi altında xüsusi
yüksək səlahiyyətli orqan, Qafqaz Bürosu
(Kavbüro) yaradıldı ki, bu da işğalın hərbi
və siyasi aspektlərini əlaqələndirməli idi.
1920-ci
il aprelin 28-də Azərbaycan Kommumst Partiyasının Mərkəzi
Komitəsi bəyanat verdi ki, Müsavat partiyasının
satqın, cinayətkar, əksinqilabçı hökuməti
devrilmişdir və hal-hazırda yeganə qanuni hakimiyyət
orqanı Nərimanovun sədrliyi ilə Hüseynov, Musabəyov,
Bünyadzadə, Alimov və Qarayevin daxil olduğu Müvəqqəti
Azərbaycan Hərbi-İnqilab Komitəsidir (Azrevkom). Azərbaycanlılardan
ibarət olan Azrevkom siyasi cəhətdən Qafqaz Bürosuna
tabe edildi.
Qırmızı
ordunun Bakıya girməsi və Demokratik Respublika hökumətinin
süqutü ərəfəsində Azrevkom, heç nə
olmayıbmış kimi, hakimiyyətin təhvil-təslim
formallıqları qayğıları ilə məşğul
idi. Azrevkomun nümayəndələri parlament nümayəndələri
ilə kommunist çevrilişini qanuniləşdirən və
Azərbaycan ziyalıları ilə modus vivendi - müvəqqəti
barışığı təmin edən sazişin şərtləri
haqqında danışıqlar aparırdılar.
Demokratik
Respublikanın rəhbərləri, öz növbəsində,
müstəqilliyi qoruyub-saxlamaq üçün bütün
mümkün diplomatik vasitələrdən istifadə
etmiş olduqları halda, onun Qırmızı ordu əleyhinə
silahlı müqavimət əzmində olduğunu heç
hiss etdirmədi. Onlar Bakıdakı işğala Rusiyanın
idarə etdiyi zülm dolu çoxmillətli imperiyadan yaxa
qurtarmağın mümkün olmadığı və eyni
dövrə qayıdış kimi baxırdılar. Bununla belə,
Bakı rejimində çoxları üzləşdikləri
tarixi zərurətdən faydalanmağa can atırdılar.
Danışıqlar
müqavilə ilə, keçmiş imperiyanın Rusiyaya məxsus
olmayan bütün regionlarında qüvvəyə minəcək
oxşar sövdələşmə və
razılaşmaların əvvəllər tətbiq olunmuş
variantı ilə nəticələndi. Bu rəsmi məlumat Həmid
Sultanovun 12 saat ərzində özünün bütün səlahiyyətlərindən
əl çəkməsi haqqında parlamentə təqdim
etdiyi ultimatuma cavab idi.
1.
Sovet hökumətinin hakimiyyəti altında Azərbaycanın
tam müstəqilliyi təmin olunacaq.
2. Azərbaycanın
Kommunist Partiyası tərəfindən qurulmuş hökumət
müvəqqəti hakimiyyətə malik olacaq.
3. Azərbaycanda
hökumət sistemi, hər hansı kənar təzyiq istisna
olunmaqla, Azərbaycanın ali qanunverici orqanı, Azərbaycan
Fəhlə-Kəndli və Əsgər Soveti tərəfindən
müəyyənləşdiriləcək.
4.
Hökumət idarələrinin bütün işçiləri
öz vəzifələrində qalacaqlar, yalnız məsul vəzifələrdə
çalışanlar dəyişdiriləcək.
5.
Yeni qurulmuş müvəqqəti kommunist hökuməti indiki
hökumət və parlament üzvlərinin şəxsi və
əmlak toxunulmazlığını təmin edir.
6.
İndiki hökumət Qırmızı ordunun
döyüş təhlükəsi yaranan vəziyyətlərə
qoşulmaması üçün tədbirlər görəcəkdir.
7.
Yeni hökumət, hansı tərəfdən olursa-olsun, Azərbaycanın
müstəqilliyini boğmaq istəyən bütün kənar
quvvələrə ən təsirli tədbirlərdən və
ixtiyarında olan bütün vasitələrdən istifadə
etməklə müqavimət göstərəcəkdir.
Parlament
bəyannaməsinin bəzi hissələrində
kapitulyasiyanı sürətləndirmək məqsədilə
kommunistlərin mövqelərini qoruyub-saxlamaq, digər hissələrdə
isə sabiq rejimin təhlükəsizliyi üçün təminatlar
nəzərdə tutulmuşdu. Kommunistlərin parlament
qarşısında qoyduqları şərtlər vaxtın
başa çatmasından bir saat əvvəl qəbul edildi.
Parlamentin öz səlahiyyətindən əl çəkməsi
ilə müstəqil Azərbaycanın milli dövlət
eksperimenti sona çatdı.
1920-1991-ci
illərdə Azərbaycan öz dövlət müstəqilliyini
itirdi və Azərbaycan SSR də digər 14 respublika ilə
birlikdə SSRİ tərkibində qaldı.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2013.- 3 may.- S.15.