Əgər Heydər Əliyev olmasaydı,
bu gün Azərbaycanın tarixi tamam başqa cür olardı
Mayın 10-da Azərbaycan əlamətdar bir tarixi – Heydər Əliyevin 90 illiyini qeyd edəcəkir. Ümummilli Lider bizim hər birimizin yaddaşında müdrik rəhbər, güclü şəxsiyyət, gözəl insan kimi qalmışdır. Bu böyük insanı tanıyanların, onunla işləmək səadəti nəsib olanların hamısı, ölkəmizin hər bir vətəndaşı, Azərbaycanın gələcəyinə laqeyd olmayan hər kəs onu məhz belə xatırlayır.
Yeni Azərbaycan Partiyasının Sədr müavini - icra katibi Əli Əhmədov day.az-ın müxbiri ilə söhbətində Ümummilli Lider haqqında xatirələrini bölüşür.
-Bu il Azərbaycan Heydər Əliyevin 90 illiyini qeyd edir. Vaxtilə çoxları ümummilli lider Heydər Əliyev tərəfindən düşünülmüş və sonradan uğurla həyata keçirilmiş möhtəşəm layihələrin reallığa çevriləcəyinə inanmırdı. Belə demək olarmı ki, Heydər Əliyev gələcəyi görmək istedadına malik idi, yoxsa illər boyu toplanmış təcrübə və siyasətçi istedadı gələcəyi görməyə kömək edirdi?
-Qeyd etmək istəyirəm ki, bu gün Azərbaycanda Heydər Əliyevin 90 illiyi ilə əlaqədar möhtəşəm layihələr həyata keçirilir. Hesab edirəm ki, ölkə vətəndaşlarının bu prosesdə fəal iştirakı Azərbaycan xalqının öz Ümummilli Liderinə ehtiramının, daha doğrusu, Heydər Əliyevə ümumxalq sevgisinin ifadəsidir.
Heydər Əliyevin malik olduğu çoxsaylı qeyri-adi keyfiyyətlər sırasında birmənalı olaraq qeyd etmək istəyirəm ki, o, uzaqgörən siyasi xadim idi. Heydər Əliyevin bütün həyat və fəaliyyəti bu fikri təsdiq etməyə yetərincə əsas verir. Gələcəyi görmək bacarığı hər bir siyasətçiyə xas olan keyfiyyətlər arasında çox mühüm yer tutur. Bu keyfiyyət Heydər Əliyev şəxsiyyətinin miqyasını qiymətləndirərkən nəzərə alınması zəruri olan əsas məqamlardan biridir. Buna görə də mən birmənalı və qəti şəkildə deyə bilərəm ki, Heydər Əliyevə xas olan uzaqgörənlik Azərbaycanın müasir tarixində mühüm rol oynamış möhtəşəm layihələrin həyata keçirilməsində xüsusi əhəmiyyət kəsb etmişdir.
Təbii ki, 1990-cı illərin ortalarında – ölkəmiz üçün mürəkkəb və çətin bir dövrdə Heydər Əliyev çoxlarının reallaşacağına inanmadığı bir sıra layihələrin həyata keçirilməsində qeyri-adi fədakarlıq nümayiş etdirmişdir. Bu, onun uzaqgörənliyini təsdiq edən nümunələrdən biri sayıla bilər. Sonrakı hadisələr göstərdi ki, Heydər Əliyev özünün uzaqgörənliyi sayəsində bu layihələrin həyata keçirilməsinin mümkünlüyünə qəlbən inanırdı.
Əlbəttə, Heydər Əliyev həm Azərbaycanda, həm də Moskvada işlədiyi illər ərzində kifayət qədər təcrübə toplamış, bu təcrübə yuxarıda qeyd edilən layihələrin uğur qazanmasında böyük rol oynamışdır. Lakin təcrübə ilə yanaşı, onun uzaqgörənliyini bir daha xüsusi vurğulamaq istəyirəm. “Üç dəniz əfsanəsi” adlanan layihəni - “Əsrin müqaviləsi”nin imzalanmasını, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin inşası ideyasını XX əsrin sonu – XXI əsrin əvvəlində ən möhtəşəm layihələrə aid etmək olar. Bütün bunlar Heydər Əliyev uzaqgörənliyinin əyani təzahürləridir. Ümummilli Liderin bu keyfiyyəti onun başqa sahələrdə fəaliyyətinin yekunlarını təhlil edəndə də aşkar görünür.
-Sizə uzun illər boyu Heydər Əliyevlə yanaşı işləmək xoşbəxtliyi nəsib olub. Sizdən soruşmaq istərdim: Heydər Əliyev bir rəhbər, lider və prezident kimi necə insan idi?
-İlk növbədə qeyd etmək istəyirəm ki, Heydər Əliyev ilə işləmək imkanı böyük şərəfdir. Mən müəyyən müddət onunla işləməyimi də, özünün tövsiyəsi ilə onun yaratdığı partiyanın icraçı katibi vəzifəsinə seçilməyimi də, onun tapşırıqlarının həyata keçirilməsi ilə məşğul olmağı da özüm üçün böyük şərəf sayıram. Xoşbəxtəm ki, onun mənə həvalə etdiyi işi indiyə qədər yerinə yetirirəm.
Heydər Əliyev bizim hər birimizin qəlbində və fikrində böyük insan, böyük lider və dövlət xadimi kimi yaşayır. Bu gün biz hər hansı bir addım atanda həmin addımı daxilən Heydər Əliyevə xas olan tələbkarlıq baxımından qiymətləndirməyə çalışırıq. Biz özümüzün çox hərəkətlərimizi qiymətləndirərkən bu məqam mühüm rol oynayır.
Heydər Əliyev lider, şəxsiyyət, böyük dövlət xadimi, rəhbər kimi bir sıra yüksək keyfiyyətlərə malik idi. Əgər Heydər Əliyevin lider keyfiyyətlərini sadalamaq istəsək, onun yenilməz iradəsini, tələbkarlığını, qətiyyətini, müdrikliyini və yuxarıda haqqında danışdığım uzaqgörənliyini, bir də, əlbəttə, geniş, miqyaslı düşünmək bacarığını qeyd etmək olar. Mən böyük şəxsiyyətlərə xas olan bu cəhəti, Azərbaycan xalqının bütün zəmanələr üçün görkəmli siyasət və dövlət xadimi olan Heydər Əliyevin əsas keyfiyyətlərindən biri hesab edirəm. Ümummilli Lider hər hansı məsələnin həllinə miqyaslı şəkildə yanaşır və əlbəttə, ilk növbədə Azərbaycanın maraqlarını nəzərə alırdı.
Xüsusi qeyd etmək lazımdır ki, o, öz qarşısına dəqiq məqsədlər qoyur və onlara nail olmaq üçün ən düzgün yolları seçməyi çox yaxşı bacarırdı. Heydər Əliyev onun qarşısında duran vəzifələr arasında həmin anda ən böyük əhəmiyyət kəsb edən, ən vacib məsələləri seçməyi bacarırdı. Onun vacib problemi düzgün müəyyən etməsinə aid çoxlu misallar göstərmək olar. Həmin problemin həlli bütün başqa problemlərin həlli üçün zəmin yaradırdı.
Heydər Əliyevin rəhbər və lider keyfiyyətləri arasında onun öz ölkəsinə, xalqına, dövlətinə, yurduna sonsuz sevgisini qeyd etmək istəyirəm. Təbii ki, Heydər Əliyevin görkəmli tarixi şəxsiyyət kimi formalaşması, ilk növbədə və bilavasitə ona xas olan şəxsi keyfiyyətlərlə bağlıdır. Müəyyən şəxsi keyfiyyətlərə malik olmadan Heydər Əliyev kimi genişmiqyaslı siyasi xadim olmaq mümkün deyil. Lakin Heydər Əliyevə xas olan yüksək keyfiyyətlər arasında onun öz xalqına və ölkəsinə bağlılığını da qeyd etmək istəyirəm. Öz ölkəsini Heydər Əliyev kimi sevmədən, həmin ölkə üçün onun gördüyü qədər çox iş görmək mümkün deyildir. Heydər Əliyevin Azərbaycana sevgisi ona daha çox qüvvə və inam verən əlavə stimul idi. Deyə bilərəm ki, Vətənə və xalqa hədsiz sevgi Heydər Əliyevin bütün təşəbbüslərinin uğurla həyata keçirilməsinin əsasını təşkil edən həlledici amillərdən biri olmuşdur.
Onu tarixi şəxsiyyət kimi fərqləndirən xüsusiyyətlərdən biri də budur ki, insanları sevməyi və qiymətləndirməyi bacarırdı. Aydın məsələdir ki, Heydər Əliyev hamının yaddaşında tələbkar rəhbər kimi qalmışdır. Lakin onun bu keyfiyyəti onunla işləyən insanlara hədsiz qayğı və hörmət hissləri ilə heyrətamiz vəhdət təşkil edirdi. Heydər Əliyev insanlara münasibətdə bir rəhbər kimi nə qədər qayğıkeş idisə, bir o qədər tələbkar və onların gördüyü işə münasibətdə diqqətli idi.
-Heydər Əliyev deyirdi ki, o, azərbaycanlı olması ilə fəxr edir. Azərbaycan xalqına xas olan hansı ən yaxşı keyfiyyətlər onda daha parlaq şəkildə təzahür edirdi?
-Əgər biz etalon azərbaycanlı obrazı yaratmağa cəhd göstərsək, qarşımızda Heydər Əliyev obrazı yaranar. Buna görə də mən Heydər Əliyevi sözün həqiqi mənasında böyük azərbaycanlı adlandıra bilərəm. O, azərbaycanlı adına layiq insanlara xas olan ən nəcib keyfiyyətləri özündə təcəssüm etdirirdi. Buna görə mən Heydər Əliyevi Azərbaycan millətinin etalonu, onun həqiqi nümayəndəsi hesab edirəm.
-Ümumiyyətlə, Heydər Əliyev üçün azərbaycançılıq ideyası nə demək idi? Ümummilli lider həmin anlayışa hansı məna verirdi və onun ideyasının reallaşması diasporun sıx birləşməsinə və millətin öz identikliyini dərk etməsinə nə dərəcədə kömək etmişdir?-Heydər Əliyev bir azərbaycanlı kimi azərbaycançılığını öz xalqına dərindən bağlı olmaqda görürdü. O, Azərbaycan dilini, Azərbaycan mədəniyyətini, tarixini sevirdi, sözün həqiqi mənasında fədakar vətənpərvər, Azərbaycan üçün əlindən gələni etməyə hazır olan siyasət və dövlət xadimi idi. Hesab edirəm ki, Heydər Əliyevin “Mən həyatımın qalan hissəsini öz xalqıma həsr edirəm” sözləri qəlbinin dərinliklərindən gəlirdi. O, 1990-cı illərin əvvəlində, Azərbaycan üçün çox mürəkkəb bir dövrdə bu sözləri deməklə Vətən naminə canından da keçməyə hazır olduğunu vurğulayırdı.
Vətən sevgisi, Azərbaycan dilinə, Azərbaycan mədəniyyətinə, Vətənin tarixinə məhəbbət Heydər Əliyevdə elə keyfiyyətlər formalaşdırmışdır ki, bu məziyyətlər onu sözün həqiqi mənasında vətəndaşlıq etalonu adlandırmağa imkan verir.
Heydər Əliyevin azərbaycançılıq konsepsiyası, ilk növbədə, onun özünü azərbaycanlı kimi dərk etməsindən, Azərbaycanın mənafeləri naminə hər şeyə hazır olmasından irəli gəlirdi. Bundan əlavə, həmin konsepsiya müstəqil Azərbaycanın bütövlüyü, birliyi ideyası, onun hərtərəfli inkişafı və tərəqqisi strategiyası kimi qəbul edilirdi.
Azərbaycan qədim tarixə, qədim mədəniyyətə, özünəməxsus koloritə və spesifikaya malik ölkədir. Bütün bunları bir anlayış şəklində birləşdirsək “azərbaycançılıq” məfhumu alınar. Azərbaycançılıq hər bir vətənpərvər azərbaycanlı üçün Azərbaycan dövlətçiliyi, Azərbaycan millətçiliyi, vətənpərvərlik və Azərbaycan naminə özünü qurban verməyə hazır olmaq deməkdir. Bu mənada Heydər Əliyev azərbaycançılıq ideologiyasını müəyyən etməklə Azərbaycanın daxili vəhdətinin, onun monolitliyinin təmin edilməsi üçün ideoloji zəmin hazırlamışdır.
Eyni zamanda, azərbaycançılıq ideyası təkcə daxili parametrlərdən ibarət deyildir. Bütövlükdə, azərbaycançılıq dedikdə Heydər Əliyev kimin harada yaşamasından asılı olmayaraq, özünü azərbaycanlı hesab edən hər kəsin Azərbaycanın birliyi və mənafeləri naminə fədakarlığını nəzərdə tuturdu.
Azərbaycançılıq ideologiyasının əsas konturlarını müəyyən edərkən o, həm də Azərbaycan diasporunun formalaşmasını, bütün dünyada pərakəndə şəkildə mövcud olan Azərbaycan icmalarının Vətənin mənafelərinin qorunması naminə birləşməsini arzu edirdi. Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, bu ideya əsasında onun təşəbbüsü ilə görülmüş tədbirlər sayəsində güclü diaspor formalaşmışdır. Bütün dünyada pərakəndə şəkildə səpələnmiş azərbaycanlılar bu ideya ətrafında birləşir, harada yaşamalarından asılı olmadan özlərini Azərbaycan xalqının bir hissəsi, Azərbaycanı isə özlərinin tarixi vətəni hesab edirlər. Beləliklə, Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq konsepsiyası bütün dünya azərbaycanlılarını birləşdirən ideologiyaya çevrilmişdir.
-Hələ iyirmi il bundan əvvəl yalnız keçmiş nəhəng ölkənin bir hissəsi kimi tanınan Azərbaycan bu gün regionun lideridir. İndi artıq bütün dünyada Azərbaycanın fikri ilə hesablaşmağa başlamışlar. Dünyanın Azərbaycanı tanımasında, ölkəmiz haqqında, o cümlədən Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünyaya çatdırılmasında Heydər Əliyevin rolu nədən ibarətdir?
-Heydər Əliyev şəxsiyyətinin miqyası o qədər böyük idi, bir sıra hallarda Azərbaycanı məhz onun sayəsində tanıyırdılar. Şəxsən mən xarici ölkələrin birində özümü Azərbaycan vətəndaşı kimi təqdim edəndə, həmin ölkənin nümayəndələri dərhal Heydər Əliyevin adını çəkdilər. Bu onu göstərir ki, bəzən hətta Azərbaycan haqqında ətraflı məlumatı olmayan əcnəbi vətəndaşlar da Heydər Əliyevi yaxşı tanıyırdılar, onların nəzərində Azərbaycan və Heydər Əliyev vahid bir tam təşkil edirdi. Onların assosiativ qavrayışını anlamaq çətin deyildir, bu qavrayışın mənası ondan ibarət idi ki, Azərbaycan dedikdə Heydər Əliyev, Heydər Əliyev dedikdə Azərbaycan təsəvvür edilir. Beləliklə, Heydər Əliyev şəxsiyyəti, heç şübhəsiz, Azərbaycanın beynəlxalq aləmdə təbliğində çox böyük rol oynamış bir amil idi.
Çoxları Azərbaycanı məhz Heydər Əliyevi tanıdıqlarına görə tanımışdı. Bu adamların Azərbaycana münasibəti onların Heydər Əliyevə münasibəti sayəsində müəyyənləşirdi, onlar Heydər Əliyevə hörmət etdiklərinə görə Azərbaycana da hörmət edirdilər. Bu məqamlar gənc Azərbaycan Respublikasının, onun müasir tarixinin unudulmaz məqamlarıdır. Eyni zamanda, birmənalı şəkildə etiraf etməliyik ki, bu, Heydər Əliyevin öz xalqı qarşısında böyük xidmətlərindən biridir. Bu həm də onun şəxsiyyətinin möhtəşəmliyinin etirafı idi.
Bu gün Azərbaycan güclü iqtisadiyyata malik bir ölkədir. Dünya birliyi Azərbaycanı məhz bu cür qəbul edir. Azərbaycana onun layiq olduğu ciddi münasibət və hörmət formalaşmışdır. Birmənalı şəkildə vurğulamaq istəyirəm ki, son illərdə İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi faktı bunda təzahür edir. Azərbaycan Heydər Əliyev tərəfindən müəyyən edilmiş strateji xətt üzrə uğurla inkişaf edir. Respublika iqtisadi cəhətdən möhkəmlənmiş, regionda cərəyan edən iqtisadi və siyasi proseslərə ciddi təsir göstərməyə qabil olan bir dövlətə çevrilmişdir.
Bu gün biz məmnuniyyətlə qeyd edirik ki, Azərbaycan regionun ən güclü dövləti, Qafqazın hüdudlarından kənarda da böyük təsirə malik olan, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan ölkədir. Paralel olaraq, Azərbaycanın beynəlxalq əhəmiyyəti və nüfuzu artır. Bu da Heydər Əliyev siyasətinin təntənəsidir. Bu həqiqəti indi, Heydər Əliyevin 90 illiyi qeyd edilən ildə dərk etmək ikiqat fərəh doğurur.
-Azərbaycan dövlətçiliyinin qorunub saxlanmasında Heydər Əliyevin xidməti nədən ibarət olmuşdur? Belə demək olarmı ki, bu gün Azərbaycan müstəqil dövlət kimi mövcud olmasına görə ona borcludur?
-Heydər Əliyev özü dəfələrlə qeyd etmişdir ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir. Müstəqillik əldə edilməsi Azərbaycan xalqının çoxdankı arzusu idi və Sovet İttifaqının dağılması yeni müstəqil dövlətlərin yaranması ilə nəticələndi. Azərbaycan da keçmiş SSRİ-nin tərkibindən çıxaraq özünün dövlət müstəqilliyini elan etdi. Lakin qarşıda daha mühüm bir vəzifə dururdu – bu müstəqilliyi qoruyub saxlamaq, müstəqilliyin xalqa xeyir verməsinə nail olmaq, insanların layiqli həyatını təmin edə bilən güclü və müasir dövlət qurmaq lazım idi.
Lakin müstəqilliyin ilk illərində tarixi proseslər milyonlarla insanın istədiyi məcrada cərəyan etmədi. 1990-cı illərin əvvəlində Azərbaycan müstəqilliyini bərpa edəndən sonra onun başı üzərində qara buludlar dolaşırdı. Bir tərəfdən erməni təcavüzü, Azərbaycan torpaqlarının bir hissəsinin ermənilər tərəfindən işğal edilməsi, ölkə daxilində separatçı meyillər, digər tərəfdən baş alıb gedən hərc-mərclik, anarxiya, iqtisadi tənəzzül total böhrana gətirib çıxarmışdı. Azərbaycan real təhlükə qarşısında idi – o, nəinki müstəqilliyini, hətta bütövlüyünü itirə bilərdi. Əgər 1993-cü ilin ortalarında xalqın təkidli tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, indi Azərbaycanın tarixi tamam başqa cür olar, Azərbaycan xalqı başqa taleyə məhkum olardı.
Buna görə də düşünürük və deyirik ki, müstəqil Azərbaycanın mövcudluğuna görə biz Heydər Əliyevə borcluyuq. Bunu bütün Azərbaycan xalqı başa düşür. Güclü Azərbaycan dövlətinin yaradılması, qüdrətli Azərbaycan iqtisadiyyatının qurulması 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı, onun iradəsi və müdrikliyi sayəsində təhlükəli proseslərin və təhdidlərin cilovlanması ilə bağlıdır.
Daxili və xarici təhlükələrin qarşısının alınmasında Heydər Əliyevin xidmətlərindən danışarkən ilk növbədə Azərbaycanda sabitliyin, qanunçuluğun və asayişin təmin olunmasını qeyd etmək istərdim. Hərc-mərclik və anarxiyanın qarşısı alınmış, erməni təcavüzü dayandırılmış, xaricdən yaranan təhlükələr və daxili separatizm məğlub edilmişdir. Sabitlik və qanunçuluq iqtisadiyyatda islahatlara yönəlmiş layihələrin həyata keçirilməsi üçün bir təməl oldu. Bu sıraya neft strategiyasını, torpaq islahatını, iqtisadiyyatın bazar münasibətlərinə keçirilməsini və başqa məqamları aid etmək olar. Əlbəttə, siyasi islahatlar da kənarda qalmadı – ölkənin yeni Konstitusiyasının qəbul edilməsi, demokratik təsisatlar yaradılması nəticəsində müstəqil Azərbaycan dövlətinin formalaşması başa çatdırıldı. Azərbaycan xalqı haqlı olaraq belə hesab edir ki, Heydər Əliyevin şah əsəri onun yaratdığı müstəqil Azərbaycan dövlətidir. Heydər Əliyevin qətiyyəti, iradəsi, müdrikliyi və uzaqgörənliyi sayəsində qurulmuş bu dövlətin əsasları o qədər möhkəmdir ki, bugünkü güclü və müasir Azərbaycan həmin əsaslara söykənir.
-Prezident gənc partiya kadrları ilə necə işləyirdi? Məlumdur ki, o, Yeni Azərbaycan Partiyasının fəalları sırasından çıxmış gənc siyasətçilərin bütöv bir nəslini yetişdirmişdir...
-Heydər Əliyevin gənclərə böyük inamı və etimadı ona xas olan mühüm keyfiyyətlərdən biri idi. Görkəmli siyasətçi və dövlət xadimi olan Heydər Əliyev çox dəqiq bilirdi ki, Azərbaycanın gələcəyi gənclərlə bağlıdır. Buna görə də o, gənclərin öz potensialını bütünlüklə üzə çıxarması, onun gələcəkdə görmək istədiyi Azərbaycanın qurulmasında iştirak etməsi üçün hər cür şərait və imkan yaradırdı. Onun gənclər siyasətinin əsası belə idi: gənclərə hər cür imkan verilməli, həm dövlət quruculuğunda, həm də müasir Azərbaycan cəmiyyətinin yaradılması prosesində gənclərin intellektual potensialından, enerjisindən və məqsədyönlü fəaliyyətindən hərtərəfli istifadə edilməlidir. Bu, Heydər Əliyevin arzusu idi və o, özü bu arzunun həyata keçməsi üçün lazımınca təşəbbüskarlıq göstərirdi. Gənclər və İdman Nazirliyinin yaradılmasını bu deyilənlərin bilavasitə təsdiqi hesab etmək olar. Heydər Əliyevin gənclərə qayğısı təkcə onlar üçün “isti yuva” yaratmaqdan deyil, həm də Azərbaycanın naminə gənclərin maraq və potensialını öyrənib inkişaf etdirməkdən, gənclərin gələcəyə hazırlanması üçün şərait yaratmaqdan, gənclərin nümayəndələrinin gələcək siyasətçilər, iqtisadçılar, ictimai xadimlər kimi təşəkkülünə imkan verməkdən ibarət idi. Buna görə də Heydər Əliyev həmişə tövsiyə edirdi ki, gənclərin özünü göstərməsinə imkan verilsin. O, gənclərə etibar edir, gənclərin nümayəndələrinin inkişafına böyük əhəmiyyət verirdi.
Qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının Gənclər Təşkilatının yaradılması, gənclərin çoxunun öz siyasi həyatını YAP ilə bağlaması, belə demək mümkündürsə, Heydər Əliyevə, onun gənc nəslə qayğıkeş münasibətinə ehtiram əlamətidir.
Heydər Əliyevin gənclərə böyük diqqət və qayğısı heç də təsadüfi deyildi. Bu, Ümummilli Lider tərəfindən gənclərin rolunun yüksək qiymətləndirilməsi ilə bilavasitə bağlıdır. Heydər Əliyev həm Azərbaycan dövlətinin, həm də Azərbaycan cəmiyyətinin inkişafında gəncləri çox mühüm amil hesab edirdi.
Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, Heydər Əliyevə xas olan gənclərə qayğı xüsusiyyəti bu gün Prezident İlham Əliyevin siyasətində də aşkar görünür. Gənc nəslin ölkədə və xaricdə müasir təhsil alması, onun müasir dünya görüşünün formalaşması, ictimai-siyasi proseslərə fəal qoşulması üçün hər cür imkan və şərait yaradılmışdır. Gənc nəslin nümayəndələri getdikcə daha fəal şəkildə məsul dövlət vəzifələrinə irəli çəkilir. Eyni vəziyyəti Yeni Azərbaycan Partiyasında da görmək olar.
-Bu gün Azərbaycanın inkişaf sürəti, ölkədə bərqərar olmuş sabitlik, tarazlaşdırılmış xarici siyasət bütün dünyanı heyrətləndirir. Heydər Əliyevin qurduğu təməl üzərində Prezident İlham Əliyev möhkəm bir bina ucaltmışdır. Siz ölkənin bugünkü rəhbərliyinin siyasətini necə qiymətləndirirsiniz və bununla əlaqədar, Azərbaycanın gələcəyini necə təsəvvür edirsiniz?
-Heydər Əliyev böyük tarixi şəxsiyyətlərin o qisminə aiddir ki, özü dünyasını dəyişəndən sonra da onun siyasəti həyata keçirilməkdə davam edir, insanlara, xalqa və dövlətə xeyir gətirir. Tarixdə bu cür nümunələr o qədər də çox deyildir. Heydər Əliyev Azərbaycan tarixində silinməz izlər qoymuş az sayda siyasət xadimlərindən biridir.Bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevi Heydər Əliyevin işinin davamçısı hesab edir. Ümummilli Liderin siyasətinin həyata keçirilməsi ölkəmizin uğurlarının əsası, rəhnidir. Heydər Əliyev tərəfindən yaradılmış bünövrə o qədər möhkəmdir ki, 2003-cü ildən etibarən İlham Əliyevin genişmiqyaslı fəaliyyəti və səyləri nəticəsində bu bünövrə üzərində nəhəng və əzəmətli bir bina – güclü və müasir Azərbaycan dövləti qurulmuşdur.
Bu illər ərzində ölkəmizin inkişaf sürətini sözün həqiqi mənasında möcüzə adlandırmaq olar. Dalbadal bir neçə il ölkədə iqtisadi artım 25-30 faiz həddində olmuşdur. Bu da dünyada kifayət qədər nadir bir nümunə idi.
Bir neçə ildə Azərbaycanın siması əsaslı şəkildə dəyişmişdir. Azərbaycan bütün dünyada tanınan və hörmətlə qəbul edilən müasir ölkəyə çevrilmişdir. Bakıda və ölkənin digər bölgələrində keçirilən çoxsaylı beynəlxalq tədbirlər Azərbaycana etimadın, ölkəmizdə daxili siyasi və iqtisadi vəziyyətin yüksək qiymətləndirilməsi göstəricisidir.
Müasir şəraitdə Heydər Əliyevin siyasəti nəinki reallaşır, hətta daha da inkişaf etdirilir, çoxşaxəli və çevik olur. Bu, həmin siyasətin müasir çağırışlara uyğunlaşdırılmasının nəticəsidir. Dünya çox sürətlə dəyişir. Müasir dünyada qarşıda duran vəzifələr əvvəlki vəzifələrdən xeyli fərqlənir. Mənim fikrimcə, İlham Əliyevin Prezident kimi üstünlüklərdən biri ondan ibarətdir ki, o, Azərbaycanı dəyişməkdə olan dünyanın tələblərinə və çağırışlarına uyğunlaşdıra bilmişdir.
İlham Əliyevin siyasi xəttinin özəyi Heydər Əliyevin dövründəki siyasətin özəyi ilə eynidir, lakin bu siyasət bir sıra yeni xüsusiyyətlər kəsb etmişdir. Bu yeniliklər müasir şəraitdə Azərbaycanın özünü ifadə etməsinə, iqtisadi, sosial və mənəvi tərəqqinin yüksək sürətinə nail olmağa imkan verir. Təkmilləşmə, yeniləşmə, modernləşmə - bunlar elə cəhətlərdir ki, bunlarsız Azərbaycanın müasir dünya iqtisadiyyatına və siyasi strukturlara inteqrasiyası mümkün deyildir. Müasir Azərbaycan reallıqları, İlham Əliyevin həyata keçirdiyi modernist siyasət müasir dünyada müşahidə edilən meyillərlə tam uzlaşır, ölkəmizin gələcək inkişafı üçün böyük perspektivlər yaradır.
Əlbəttə, Azərbaycan zəngin təbii ehtiyatlara malikdir, lakin o, bu keyfiyyətdə qalmaq istəmir. İndi uzaq perspektivə istiqamətlənmiş inkişaf strategiyasının müəyyən edilməsindən söhbət gedir. İnsan amilinə istinad edilməsi, müasir texnologiyaların tətbiqi, elmin və təhsilin inkişafına dövlət tərəfindən sanballı vəsait qoyulması, inkişaf resurslarının tamamilə yeni müstəviyə yönəldilməsi - Azərbaycanın tərəqqisi üçün etibarlı təməl yaradan siyasətin məna və məzmununu təşkil edən elementlərin heç də tam olmayan siyahısı belədir.
Orta statistik azərbaycanlıların hər biri kimi, mən də Azərbaycanın gələcəyini firavan görürəm. Burada ilk növbədə, müasir texnologiyalara və innovasiyalara əsaslanan yeni iqtisadiyyat yaradılmasını qeyd etmək istəyirəm. Bu iqtisadiyyat yüksək intellektə əsaslanan tərkib hissələrdən ibarət olacaqdır. İnsan amili labüd olaraq iqtisadi inkişafın güclü hərəkətverici qüvvəsinə çevriləcəkdir. İnsanın özünə gəldikdə isə o, tərəqqi deyilən hər bir prosesin həm subyekti, həm də obyekti kimi mühüm rol oynayacaqdır.
Nazirlər Kabinetinin bu yaxınlarda keçirilmiş iclasında Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bizim siyasətimizin əsas hədəfi insandır, onun mənafeyidir. Prezidentin yürütdüyü siyasət insana xidmət edir. Ürəkdən inanıram ki, gələcəkdə Azərbaycan əhalisi daha yaxşı yaşayacaq, həyat isə daha keyfiyyətli və deməli, daha maraqlı olacaqdır. Mən gələcək Azərbaycanı belə başa düşürəm. Gələcək Azərbaycan bu gün ölkədə həyata keçirilən siyasət nəticəsində, Heydər Əliyevin siyasəti, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində qurulacaq.
Səs.- 2013.- 4
may.- S.6-7.