Azərbaycan-Rusiya strateji əməkdaşlığının inkişafında Ulu Öndər Heydər Əliyevin rolu

 

1992-ci ilin mayında Azərbaycanda baş verən hakimiyyət dəyişikliyi, siyasi hakimiyyətə gələn AXC-Müsavat qüvvələrinin yenə də birtərəfli qaydada bu dəfə Rusiyadan tam imtina etməsi, bu ölkənin Qafqaz maraqlarını nəzərə almaması Rusiya hökumətinin adekvat münasibəti ilə qarşılaşdı. Bu da, təbii olaraq, iki ölkə arasında siyasiiqtisadi əlaqələrin daha da zəifləməsi və siyasi münasibətlərin getdikcə daha kəskin xarakter alması ilə müşayiət olundu. Cəbhə hakimiyyəti Rusiyanın regionda mövcud olan nüfuzunu və təsir vasitələrini düzgün qiymətləndirmək və onlardan Azərbaycanın dövlət mənafelərinin qorunmasında bəhrələnmək əvəzinə, qarşılıqlı münasibətlərə zərbə vuran, düşünülməmiş kəskin mövqe nümayiş etdirdi. Rusiyaya qarşı yönəlmiş emosional bəyanatlar və qeyri-konstruktiv xarici siyasət Azərbaycanın nəinki Rusiya ilə münasibətlərinin tənzimlənməsinə imkan vermədi, eyni zamanda, onun bütün MDB məkanından təcrid olunmasına gətirib çıxardı.

Digər tərəfdən, Cənubi Qafqazda özünün hərbi-siyasi mənafelərinin maksimalist təmin olunmasına çalışan Rusiyanın özü də, əslində, qeyri-konstruktiv mövqe tutaraq region dövlətləri ilə, o cümlədən, Azərbaycanla qarşılıqlı-faydalı, bərabərhüquqlu dövlətlərarası münasibətlər qurmaq niyyətində olmadığını nümayiş etdirirdi. Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində tutduğu birtərəfli mövqe, Azərbaycanla ticarət-iqtisadi əlaqələrin məhdudlaşdırılması sahəsində atdığı müəyyən addımlar və s. hər iki ölkənin qarşılıqlı maraqlarına zidd dövlət siyasəti kimi uzun müddət mehriban qonşuluq münasibətlərinin inkişafına xələl gətirirdi.

"Azərbaycan-Rusiya münasibətləri"nin inkişafında yeni mərhələ kitabında yazıldığı kimi, 1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının rəhbərliyinə qayıdışından sonra iki ölkə arasında dövlətlərarası münasibətlərin normal inkişaf məcrasına yönəldilməsinə mane olan bütün problemlərin həlli üçün Azərbaycan tərəfdən ardıcıl addımlar atılmağa başlandı. İyunun 15-də Milli Məclisdə respublika parlamentinin Sədri kimi ilk çıxışında Dahi Öndər Heydər Əliyev bildirdi ki, Azərbaycan bütün dövlətlərlə, o cümlədən, özünün şimal qonşusu olan Rusiya ilə bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında qarşılıqlı münasibətlər qurmalıdır. 1993-cü il sentyabrın əvvəllərində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Ulu Öndər Heydər Əliyevin Moskvaya işgüzar səfəri zamanı Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərinin hərtərəfli inkişafı üçün geniş müzakirələr aparıldı, əvvəlki illərdə buraxılmış səhvlərin aradan qaldırılması, iki ölkə arasında etimadın bərpası və sıx əməkdaşlığın inkişafı naminə zəruri tədbirlərin həyata keçirilməsi haqqında razılıq əldə olundu.

Rusiyabütün MDB ölkələri ilə qədim tarixi ənənələrə malik siyasi, iqtisadi və mədəni əlaqələri bərpa etmək müstəqil dövlətlərin ortaq mənafelərinə uyğun, yeni prinsiplər əsasında inkişaf etdirmək və keçmiş SSRİ məkanında, bütün beynəlxalq aləmdə öz dövlət maraqlarını daha səmərəli qorumaq məqsədilə Azərbaycan 1993-cü il sentyabrın 24-də MDB-yə daxil oldu.

Beləliklə, 1993-cü ilin ikinci yarısından etibarən Azərbaycan Rusiya ilə qarşılıqlı əlaqələrin dinamik inkişafına geniş yol açan xarici siyasət yeritməyə başladı. Bunun ardınca Azərbaycan Respublikası öz mövqeyini konkret addımlarla təsdiqlədi. 1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi"ndə və növbəti neft kontraktlarında Rusiyanın "LUKoyl" neft şirkətinə müvafiq pay ayrılması, ölkə neftinin Bakı-Novorossiysk marşrutu ilə nəql olunması haqqında qərarın qəbul edilməsi və uğurla həyata keçirilməsi, Rusiyanın digər şirkətlərinin əməkdaşlığa dəvət olunması Azərbaycanın bu ölkə ilə qarşılıqlı-faydalı prinsiplər əsasında mehriban qonşuluq münasibətlərini genişləndirmək əzminin təzahürü idi.

Sonrakı dövrdə də Azərbaycan özünün xarici siyasət kursunda Rusiya ilə dövlətlərarası əlaqələrin inkişafına xüsusi əhəmiyyət verirdi. 1997-ci il iyulun 3-də Prezident Heydər Əliyevin Moskvaya rəsmi səfəri gedişində Azərbaycan ilə Rusiya arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə imzalandı. Bu sənəd ikitərəfli əlaqələri hər iki dövlətin milli maraqlarına uyğun olaraq yüksək səviyyəyə qaldırmaq üçün geniş hüquqi baza yaradırdı.

Lakin təəssüflə qeyd olunmalıdır ki, Azərbaycan rəhbərliyinin xoşməramlı ardıcıl səyləri özünün ziddiyyətli siyasətini davam etdirən Rusiya tərəfindən adekvat qiymətini almırdı. Rusiyanın Cənubi Qafqaz siyasəti, Azərbaycana münasibəti köhnə stereotiplərdən xilas ola bilmirdi. Bu isə özünü Rusiya tərəfindən gizli surətdə Ermənistana 1 milyard dollardan çox silah verilməsində, Azərbaycanın Çeçenistana guya dəstək verməsində əsassız olaraq ittiham edilməsində, Xəzərin hüquqi statusuna dair ciddi fikir ayrılığında, müxtəlif dövrlərdə müəyyən bəhanələrlə Azərbaycanın nəqliyyat-kommunikasiya xətlərinin Rusiya tərəfindən blokadaya alınmasında və s. göstərirdi.

Yalnız 2000-ci ildə Vladimir Putinin hakimiyyətə gəlişindən sonra Rusiyanın xarici siyasətində, o cümlədən, Azərbaycan ilə münasibətlərində praqmatik meyillər öz təzahürünü tapmağa başladı. 2001-ci ilin 9-10 yanvarında Rusiya prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri Azərbaycan-Rusiya münasibətlərinin inkişafında yeni meyil yaratdı. Bu, müstəqillik dövründə Rusiya prezidentinin Azərbaycana ilk səfəri idi. Rusiyanın mövcud geosiyasi reallıqları obyektiv qiymətləndirərək, Azərbaycan ilə qarşılıqlı münasibətlərin bərabərhüquqlu prinsiplər əsasında inkişaf etdirilməsinin zəruriliyi mövqeyindən çıxış etməsi hər iki dövlətin milli mənafelərinə uyğun olmaqla yanaşı, qarşılıqlı münasibətlərdə yeni mərhələnin başlanmasına təkan verir.

Prezident Vladimir Putinin Bakıda Prezident Heydər Əliyevlə keçirdiyi görüşlərdə və nümayəndə heyətləri arasında aparılan danışıqlarda qarşılıqlı əməkdaşlığın bütün sahələri, habelə, regional təhlükəsizlik, strateji sabitlik və qarşılıqlı maraq doğuran mühüm beynəlxalq məsələlər geniş müzakirə olundu. Rusiya prezidenti Cənubi Qafqaz bölgəsi ilə Rusiyanın sıx əməkdaşlığına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin maneçilik törətdiyini vurğulayaraq, öz ölkəsinin bu münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli prinsiplər əsasında tənzimlənməsi üçün səylərini artıracağını bildirdi. Rusiya prezidenti etiraf etdi ki, iki ölkə arasında anlaşıqlı siyasiiqtisadi münasibətlərin olmaması qarşılıqlı münasibətlərdə soyuqluq yaratmışdır. Buna görə də, ikitərəfli münasibətlərin inkişafında yeni səhifə açmaq üçün bütün potensial imkanlardan səmərəli istifadə etmək lazımdır.

Danışıqlardan sonra iki ölkə prezidentləri tərəfindən imzalanmış Azərbaycan-Rusiya münasibətlərinin əsas prinsiplərini əks etdirən Bakı bəyannaməsi və Xəzər dənizində əməkdaşlığın prinsipləri haqqında birgə bəyanat, habelə, hökumətlərarası sazişlər qarşılıqlı əlaqələrin inkişafında yeni perspektivlər açdı. Xəzərin yeni hüquqi statusunun sahilyanı dövlətlər tərəfindən hazırlanıb qəbul edilməsinədək dənizin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi haqqında, vergi qanunvericiliyi, beynəlxalq avtomobil nəqliyyatı, informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığa dairs. razılaşmaların əldə olunması qarşılıqlı- faydalı əməkdaşlığın dərinləşdirilməsi istiqamətində real addımlar kimi qiymətləndirilməlidir.

RF prezidenti Vladimir Putinin Azərbaycana səfərindən dərhal sonra əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün konkret tədbirlər görülməyə başlandı. İl yarımlıq fasilədən sonra 2001-ci ilin aprel ayında Moskvada keçirilmiş iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın işində bir sıra problemlərin həll olunması və əlavə beş sazişin imzalanması Azərbaycan-Rusiya münasibətlərinin intensiv xarakter alaraq yeni mərhələyə qədəm qoyduğunu təsdiq edir.

Ulu Öndər Heydər Əliyev  öz çıxışında demişdir: "Bəri başdan deyim ki, biz müzakirə etdiyimiz bütün məsələlərdə ümumən qarşılıqlı razılıqa gəldik. Bu isə Rusiya prezidentinin Azərbaycana səfərinin mühüm nəticəsi kimi məndə dərin məmnunluq doğurur. Biz Qafqazda vəziyyətdən, ümumi qayğımızdan-Qafqazda münaqişələrin aradan qaldırılmasından, terrorizmlə, ekstremizmlə, separatizmlə mübarizəni kücləndirməyin zərurliyindən danışdıq. Əlbəttə, Ermənistan-Azərbaycan, Daqlıq Qarabağ münaqişəsinin ümumən həlli məsələsi söhbətimizdə geniş yer tutdu. Sözün düzü, şadam ki, burada bu məsələdən belə açıq, ətraflı söhbət getməsinə, eyni zamanda, ona kifayət qədər diqqət yetirilməsinə və bu məsələ barəsində fikir mübadiləsi aparılmasına uzun illərdən bəri bəlkə də ilk dəfə imkan yaranmışdır.

Sənədlər, ilk növbədə, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı münasibətlər haqqında Bakı bəyannaməsi və Xəzər dənizinin statusu haqqında birgə bəyanatımız hazırlanmışdır. Hökumətlərarası xarakter daşıyan və böyük əhəmiyyətə malik olan bir sıra sənədlər də hazırlanmışdır. Hesab edirəm, biz prezidentlə söhbət edərkən, nümayəndə heyətləri üzvlərinin də olduqca çox məsələləri, o cümlədən, hazırlanmış sənədlərlə bağlı məsələləri müzakirə etməyə yəqin ki, imkanları olmuşdur.

Hesab edirəm ki, bu gün imzalayacağımız Bakı bəyannaməsinin layihəsi son dərəcə mühüm, tarixi əhəmiyyətə malik sənəddir. Bu bəyannamə Rusiya ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərin bugünkü gününün reallığını və ikitərəfli münasibətlərlə bağlı məsələlərdə, həm beynəlxalq, həm də regional xarakterli bir çox digər məsələlərdə, o cümlədən də, münaqişələrlə baqlı məsələlərdə və s. mövqelərimizi əks etdirir. Zənnimcə, Xəzər dənizi haqqında birgə bəyanat çox böyük əhəmiyyətə malikdir. Xəzər dənizinin statusu məsələsi, məncə, artıq 7-8 ildir müzakirə edilir. Lakin təəssüf ki, çoxsaylı müzakirələr nəticələr verməmişdir. Mən bunu xüsusi vurğulamaq istəyirəm, məhz Vladimir Vladimiroviç Rusiya Federasiyasının prezidenti seçildikdən sonra məsələnin həlli baxımından bu istiqamətdə fəallaşma üçün şərait yaranmışdır. Əlbəttə, bu mənada, biz bir çox məsələlərə, o cümlədən də, beş Xəzəryanı ölkənin maraq göstərdiyi Xəzərin statusu kimi belə mühüm məsələyə Vladimir Vladimiroviçin məhz aydın və konkret surətdə realist münasibətini görürük. Bir çox illər ərzində müzakirə edilmiş, debatlar aparılmış, yerindən tərpənməmiş bir sıra məsələlər indi irəlilədilmişdir. Burada mən Vladimir Vladimiroviç Putinin böyük xidmətlərini bir daha və yenidən qeyd eqmək istəyirəm."

Birgə mətbuat konfransında Ulu Öndər Heydər Əliyev dedi: "Mən bu səfərin həyata keçirilməsinə görə, xahişim  yerinə yetirildiyinə və biz bu gün çox səmərəli görə bildiyimizə görə prezident Vladimir Vladimiroviç Putinə minnətdaram. Bizim kifayət qədər uzun çəkən və çox səmərəli təkbətək danışıqlarımız və söhbətimiz oldu. Ən başlıcası isə, bu danışıqlar dostluq, qarşılıqlı yanaşma, mehribanlıq və səmimilik şəraitində keçdi. Biz   Rusiya   Federasiyası   ilə   Azərbaycan   Respublikası arasında dövlətlərarası və hökumətlərarası münasibətlərə, demək olar ki, həyatın bütün sahələrinə dair çoxlu məsələlər barəsində fikir mübadiləsi apardıq. Bu fikir mübadiləsi, təkbətək söhbət, əslində, Rusiya Federasiyası və  Azərbaycan nümayəndə heyətləri arasında danışıqların uğurla aparılmasının əsası oldu."

 

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2013.-  7may.- S.15.