Azərbaycanın dünyaya inteqrasiyasında beynəlxalq təşkilatların rolu

    

XX əsrin sonunda sosializm sisteminin iflası və soyuq müharibə"nin tədricən aradan qaldırılması beynəlxalq və məhəlli təşkilatların fəaliyyətində keyfiyyətcə yeni mərhələnin başlanmasına imkan verdi. İdeoloji qarşıdurmanın dəf olunması və qarşılıqlı etimadın güclənməsi ilə dünyada siyasi iqlimin ümumən mülayimləşməsi, beynəlxalq təşkilatların, xüsusən də, BMT, NATO və ATƏT-in yaxından iştirakı ilə 90-cı illərin əvvəlində yaranmış bir sıra hərbi münaqişələrin, o cümlədən, İraqın Küveytə qarşı hərbi təcavüzünün aradan qaldıırlması və Bosniya probleminin həll olunması beynəlxalq aləmdə bu təşkilatların rolunu əhəmiyyətli dərəcədə yüksəltdi.

 Ə.Həsənov yazır: "Bu mənada, hər bir dövlətin milli maraqlarının və təhlükəsizliyinin qorunması tələbləri beynəlxalq və regional mübahisələrin dinc yolla nizamlanması üçün geniş tədbirlər sistemini nəzərdə tutan hüquqi-normativ bazaya əsaslanan, dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün qorunmasında beynəlxalq hüquq normalarına söykənən və bu normaların təminatçısı rolunu yerinə yetirən beynəlxalq təşkilatlarla sıx əlaqələrin yaradılması zəruriliyini təsdiq edir.

  Bununla yanaşı, həmin təşkilatlarla qarşılıqlı münasibətlərin intensiv inkişaf etdirilməsi həm digər dövlətlərlə çoxşaxəli siyasi, iqtisadi, elmi-mədəni və humanitar əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə, həm də ölkədə baş verən proseslər haqqında obyektiv beynəlxalq ictimai rəyin formalaşmasına əsaslı təsir göstərmək imkanlarını genişləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir.

İstiqlaliyyət əldə etmiş hər bir dövlət özünün suveren hüquqlarını qorumaq, dövlət müstəqilliyini möhkəmləndirmək, beynəlxalq münasibətlər sistemində layiqli yer tutmaq və meydana çıxmış münaqişələri həll etmək üçün ardıcıl və prinsipial xarici siyasət yeridərək, qonşu ölkələr və dünyanın nüfuzlu dövlətləri ilə yanaşı, onların təmsil olunduğu bütün beynəlxalq və məhəlli təşkilatlarla da geniş əməkdaşlıq əlaqələri qurmağa ehtiyac duyur. Məhz buna görə də dünya birliyinə tamhüquqlu üzv kimi daxil olmağa çalışan, müstəqilliyinin ilk kövrək addımlarını atan və Ermənistanın hərbi təcavüzü nəticəsində ərazi bütövlüyü pozulmuş Azərbaycan Respublikasının xarici siyasətində beynəlxalq və məhəlli təşkilatlarla əlaqələrin yaradılması və inkişaf etdirilməsi başlıca istiqamətlərdən birini təşkil edir".

  Müəllif göstərir ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan dövləti qarşıya çıxan bir sıra mühüm problemlərin, ilk növbədə, dövlət müstəqilliyinin qorunub saxlanması və möhkəmləndirilməsi, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunması, bazar iqtisadiyyatı istiqamətində islahatların həyata keçirilməsi və dünya inteqrasiya prosesinə sıx cəlb olunmasında beynəlxalq təşkilatların rolundan istifadə etmək məqsədilə qısa müddət ərzində BMT, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), İslam Konfransı Təşkilatı (İKT), Türk Dövlətləri Birliyi, Müstəqil Dövlətlər Birliyi (MDB), Beynəlxalq Valyuta Fondu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Ümumdünya Bərpa və İnkişaf Bankı və İslam İnkişaf Bankının üzvü oldu, Parlamentlərarası İttifaq, Avropa Birliyi, Avropa Şurası, Avropa Parlamenti, NATO və b. beynəlxalq və regional qurumlarla qarşılıqlı-faydalı əlaqələr yaratdı.

  Azərbaycan Respublikası müstəqil dövlət quruculuğu prosesində üzləşdiyi problemlərin həll edilməsində bu təşkilatların da siyasi və iqtisadi potensialından istifadə etməyə səy göstərir. Hazırda Azərbaycanın dünya birliyinə sıx inteqrasiya olunmasında BMT, Avropa Şurası, ATƏT, İKT, NATO və s. beynəlxalq təşkilatlar mühüm rol oynayırlar.

  BMT Nizamnaməsinə, ATƏT və Avropa Şurası prinsiplərinə, dünya dövlətləri tərəfindən qəbul edilmiş digər beynəlxalq hüquq normalarına əsaslanan Azərbaycan Respublikası dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə fəal və genişmiqyaslı əməkdaşlıq edir. Bu əməkdaşlıq siyasi, iqtisadi, mədəni, humanitar, hərbi və s. sahələri əhatə edərək, çoxşaxəli xarakter daşıyır və Azərbaycanın maraqlarının daha dolğun ifadə olunmasına, beynəlxalq aləmdə aparıcı rol oynayan dövlətlərlə qarşılıqlı əlaqələrin möhkəmlənməsinə mühüm təsir göstərir.

   Ən universal beynəlxalq hökumətlərarası təşkilat 24 oktyabr 1945-ci ildə -İkinci dünya müharibəsinin başa çatması ilə yaradılmış Birləşmiş Millətlər Təşkilatıdır (BMT). Həmin vaxt dünyanın 50 ölkəsinin razılığı ilə yaradılmış BMT-nin Nizamnaməsi qüvvəyə minmiş və bu sənəd Təhlükəsizlik Şurasının beş daimi üzvü, həmçinin, onu imzalayan əksər dövlətlər tərəfindən ratifıkasiya edilmişdir.

   BMT-nin yaradılması və Nizamnaməsinin qəbul edilməsi məsələsi 1945-ci il aprelin 25-dən iyunun 25-nə qədər San-Fransiskoda (ABŞ) davam edən konfransda 50 dövlətin nümayəndələrinin iştirakı ilə müzakirə edilmişdir. Bu konfrans SSRİ, ABŞ, Çin və Böyük Britaniyanın təşəbbüsü ilə keçirilmişdir. Hazırda 189 dövlət BMT-nin üzvüdür. Təşkilata yeni üzvlərin qəbulu Baş Assambleyanın qətnaməsi ilə Təhlükəsizlik Şurasının tövsiyələri əsasında həyata keçirilir.

    Təşkilatın əsas məqsədi beynəlxalq təhlükəsizliyin və dövlətlərarası əməkdaşlığın inkişafının təmin edilməsidir. BMT dünyada yeganə təşkilatdır ki, beynəlxalq miqyasda müxtəlif fealiyyət sahələri ilə bağlı məsələləri araşdırıb qərarlar qəbul etmək səlahiyyətinə malikdir. Bu təşkilatda təmsil olunan dövlətlər səsvermə hüquqlarından istifadə edərək, müvafiq qərarlar verir. BMT-nin Nizamnaməsində üzv dövlətlərin hüquq və vəzifələri, təşkilatın fəaliyyət istiqamətləri, eləcə də, beynəlxalq münasibətlərin əsas prinsipləri öz əksini tapır. Nizamnamədə bu təşkilata üzvlük qaydaları, mübahisələrin sülh yolu ilə həlli, beynəlxalq təhlükəsizliyin təmin edilməsi, beynəlxalq iqtisadi əməkdaşlığın yaradılması kimi beynəlxalq hüquq məsələləri ehtiva olunur.

    BMT dünyada sülhün möhkəmləndirilməsi üçün müvafiq hüquq və qərarlar sisteminə malikdir. Onların sırasına insan hüquqları müdafiəsinin gücləndirilməsi, münaqişələrin aradan qaldırılması üçün preventiv addımların atılması, demokratiyanın müdafiəsi və lazım gəldikdə seçkilərin keçirilməsinə kömək, humanitar aksiyalar, qaçqınların öz yerlərinə qaytarılması, sosial-iqtisadi infrastrukturun inkişafının təmin edilməsi daxildir.

     BMT-nin digər beynəlxalq təşkilatlarla müxtəlif səviyyəli qarşılıqlı əlaqələri vardır. Beynəlxalq qeyri-hökumət təşkilatları, transmilli korporasiyalar, həmkarlar ittifaqları, daha geniş miqyasda götürsək, əksər qlobal və regional qurumlar BMT-nin işində yaxından iştirak edirlər. 1520-yə yaxın BQHT BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malikdir. Şura müvafiq qərarların qəbulunda BQHT-nin məlumatlarından istifadə edir. BMT-nin Nizamnaməsinə müvafiq olaraq təşkilatın altı əsas orqanı - Baş Assambleya, Təhlükəsizlik Şurası, İqtisadi və Sosial Şura, Katiblik, Qəyyumluğa Dair Şura və Beynəlxalq Məhkəmə təsis edilmişdir. Həmçinin, təşkilatın strukturuna müxtəlif sahələrlə məşğul olan 30-dan çox digər təşkilat da daxildir. Bu təşkilatlar BMT-nin əsas orqanları ilə birgə fəaliyyət göstərirlər. Beynəlxalq Əmək Təşkilatı, YUNESKO, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Mülki Aviasiya Təşkilatı və s. kimi qurumların BMT-nin konkret sahələr üzrə fəaliyyət proqramlarının hazırlanmasında xüsusi rolu vardır. BMT-nin çoxşaxəli fəaliyyəti onun beynəlxalq münasibətlər sistemində aparıcı yer tutmasının şərtləndirən mühüm amildir. Təşkilatın regionlarda münaqişələrin həlli üçün sülhyaratma əməliyyatları keçirilməsi ilə bağlı gördüyü işlər, təbii fəlakət qurbanlarına təcili yardımı, dünyada QİÇS-ə qarşı mütəşəkkil mübarizə aparması, həmçinin, sosial-iqtisadi baxımdan yoxsul ölkələrə güzəştli kreditlərin verilməsi yönündə atdığı addımlar beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

    Baş Assambleya BMT-nin strukturunda əsas məşvərətçi orqandır. Assambleya dünyada sülhün möhkəmləndirilməsi, beynəlxalq gərginliyin aradan qaldırılması, silahların ixtisarı və s. qlobal beynəlxalq məsələlərlə bağlı funksiyaları yerinə yetirir.

    Baş Assambleyanın hər il keçirilən sessiyasında onun yeni sədri, sədrin müavinləri və altı əsas komitənin sədrləri seçilirlər. Assambleyanın sədri vəzifəsini növbə ilə hər il beş qrup ölkənin (Afrika, Asiya, Şərqi Avropa, Latın Amerikası və Karib hövzəsi, Qərbi Avropa) nümayəndələri təmsil edirlər. Assambleya hər bir növbəti sessiyanın başlanğıcında hökumət və dövlət başçılarının iştirakı ilə müzakirələr keçirir. Zərurət yarandığı halda Assambleyanın fövqəladə sessiya keçirməsi mümkündür. Sessiyalararası dövrdə Assambleya öz işini tərksilah və beynəlxalq təhlükəsizlik, iqtisadi və maliyyə, sosial, humanitar və mədəniyyət, xüsusi siyasi məsələlər və dekolonizasiya problemləri, inzibati və büdcə, hüquqi məsələlər üzrə komitələrdə, BMT-nin Katibliyində və digər orqanlarda davam etdirir.

    Üzv dövlətlərin hər birinin Baş Assambleyada bir səsi vardır. Sülh və təhlükəsizlik, yeni dövlətlərin təşkilata daxil olması və büdcənin qəbulu üçün 23 səs çoxluğu tələb edilir. Assambleyanın qərarları üzv dövlətlər üçün məcburi xarakter daşımır. Assambleyanın işində BMT-yə üzv olmayan dövlətlər və təşkilatlar da iştirak edə bilər. Məsələn, Ərəb Dövlətləri Liqası, Avropa İttifaqının üzvü olan ölkələrin ayrı-ayrı nümayəndələri BMT yanında müşahidəçi statusunda çıxış edir.

     BMT-nin Nizamnaməsinə uyğun olaraq Baş Assambleya beynəlxalq sülhün və təhlükəsizliyin müdafiəsində əməkdaşlıq prinsipinə əməl etmək, bu sahə ilə bağlı müzakirələr aparmaq və tövsiyələr vermək, siyasi sahədə beynəlxalq əməkdaşlığa təminat yaratmaq, beynəlxalq hüququn inkişafı və kodlaşdırılması (qüvvədə olan qanunların sistemə salınması) istiqamətində fəaliyyət göstərmək funksiyalarını yerinə yetirir. Onların sırasına millətlərarası münasibətlərə zərbə vuran mənfi halların sülh yolu ilə tənzimlənməsi üçün tövsiyələr verilməsi, BMT-nin büdcəsinin təsdiq edilməsi, Təhlükəsizlik Şurasının və BMT-nin digər orqanlarının məruzələrinə baxılması, beynəlxalq məhkəməyə hakimlərin seçilməsində iştirak etmək və s. daxildir. Baş Assambleyanın qərarları məcburi hüquqi qüvvəyə malik deyil və onlar tövsiyə xarakteri daşıyır.

    Mənbələr göstərir ki, BMT-nin Təhlükəsizlik Şurası 15 üzv dövlətdən ibarətdir. Onlardan beşi (ABŞ, Çin, Rusiya, Fransa və Böyük Britaniya) daimi, onu isə dəyişən üzvlərdir. Sesvermə məsələsində Şuranın hər bir üzvü bir səsə malikdir. Səsvermə zamanı şuranın daimi üzvü hansısa qərarın əleyhinə səs verərsə, bu, veto vəziyyətinin yaranması deməkdir. Şurada qərarların konsensus əsasında qəbul edilməsi mühüm yer tutur. Şuranın sədri üzv dövlətlərin hər ay ingilis əlifbasına görə tərtib olunmuş siyahısına uyğun olaraq seçilir.

    Təhlükəsizlik Şurası üzv dövlətlərin yerinə yetirməsi üçün məcbur olan qətnamələr və qərarlar vermək hüququna malikdir. Şura beynəlxalq sülhün və təhlükəsizliyin müdafiəsində böyük məsuliyyət daşıyır. BMT-nin Nizamnaməsinə görə, Təhlükəsizlik Şurası hərbi münaqişələrin aradan qaldırılması və onların sülh yolu ilə həll edilməsi, dövlətlərarası qarşılıqlı əməkdaşlığın təmin olunması məsələlərində mühüm səlahiyyətlərə malikdir. Şura bu sahədə öz işini BMT-nin prinsipləri və məqsədləri əsasında qurur. Bununla şura sülh üçün təhlükə yarandığı və yaxud təcavüzkarlıq aktı baş verdikdə müvafiq qərarlar qəbul etmək, təcavüzkara qarşı hərbi əməliyyatlara başlamaq, yeni üzv dövlətlərin qəbulu üçün tövsiyələr vermək və s. funksiyaları yerinə yetirir. Şuranın qəbul etdiyi qərarların yerinə yetirilməsi üçün məcburi vasitələrdən də istifadə etmək səlahiyyəti vardır. İqtisadi sanksiyaların tətbiqi, silah hazırlığına embarqo kimi aksiyaların keçirilməsi məhz bu qəbildəndir.

    Son on ildə beynəlxalq aləmdə Təhlükəsizlik Şurasının strukturunda islahatların aparılması və onun fəaliyyət istiqamətlərinə yenidən baxılmasının məqsədəuyğun olduğu vurğulanır. Bu islahatların aparılması ilə bağlı BMT Baş Assambleyasının işçi qrupu yaradılmışdır. Hazırda BMT-nin üzv dövlətləri Şuranın tərkibinin genişləndirilməsi və iş metodlarında müəyyən dəyişikliklərin aparılmasının vacib olduğunu bildirirlər.

    

 

 Vahid Ömərov,

 fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2013.- 8 may.- S.23.