Azərbaycanın
Avropaya inteqrasiyasında ATƏT-in rolu
Müasir
dövrdə ATƏT (Avropada Təhlükəsizlik və Əməkdaşlıq
Təşkilatı) adlanan qurum XX əsrin 70-ci illərində
keçmiş Sovet İttifaqının və sosializm
düşərgəsinə daxil olan digər ölkələrin
təşəbbüsü ilə yaranmışdır.
1966-cı ildə SSRİ və Varşava müqaviləsinə
daxil olan digər Avropa dövlətlərinin təkidi ilə
"Avropada təhlükəsizlik və əməkdaşlıq
məsələləri" üzrə ümumavropa
müşavirəsinin keçirilməsi ideyası irəli
sürülmüş və bu ideya 30-a qədər dövlət
tərəfindən müdafiə olunmuşdur.
O zaman
SSRİ bu müşavirədə Avropada İkinci Dünya
müharibəsindən sonra yaranmış geosiyasi mühiti,
dövlətlərarası münasibətlər sistemini, iki əks-qütblü
siyasi düşərgə üzərində köklənmiş
ideoloji sistemi öz xeyrinə dəyişmək, bütün
Avropa məkanında sosializmin təsir dairəsini qorumaq və
artırmaq məqsədi güdürdüsə,
ayrı-ayrı Qərbi Avropa dövlətləri SSRİ-də
və Şərqi Avropada insan hüquqlarının vəziyyəti
və digər demokratik təsisatlarla bağlı məsələləri
müzakirə obyektinə çevirmək, beləliklə də,
bu dövlətlərin ideoloji və siyasi həyatına
öz təsirini göstərmək və onlardakı totalitar
rejimi zəiflətmək istəyirdi. Sözsüz ki, o zaman
ATƏT indiki kimi təşkilat funksiyası deyil, forum, yaxud
müşavirə xarakteri daşıyırdı.
Ə.Həsənov
göstərir ki, ATƏT-in tarixində ən mühüm mərhələlərdən
biri 1975-ci ilın payına düşür. Həmin il avqust
ayının 1-də ilk dəfə dünyanın 5 ölkəsi
Finlandiyanın paytaxtı Helsinkidə Avropada təhlükəzlik
və əməkdaşlıq məsələlərinə
dair iki günlük geniş müzakirələrdən sonra
yekun sənədi imzaladı. Sonralar Avropa tarixində
mühüm rol oynayan və "Helsinki bəyannaməsi"
adlanan bu sənəd Avropada ilk dəfə müxtəlif
sistemli dövlətlərin razılığı əsasında
qarşılıqlı əməkdaşlığın və
təhlükəsiz birgəyaşayışın əsas
prinsiplərini müəyyən etdi. Suveren bərabərlik,
güc tətbiq etmənin və hədələmənin
yolverilməzliyi, sərhədlərin toxunulmazlığı,
dövlətlərin ərazi bütövlüyü,
mübahisəli məsələlərin sülh yolu ilə həll edilməsi
və s. ibarət olan bu prinsiplər sənədi imzalayan hər
bir dövlətə eyni dərəcədə şamil
edilirdi.
1975-ci ildə
qəbul olunan prinsipləri rəhbər tutaraq, bu təşkilat
Avropada totalitar sistemin dağılması, demokratik dövlət
və cəmiyyətlərin formalaşması, insan hüquq və
azadlıqlarının qorunması, dövlətlərarası,
regional və beynəlxalq münasibətlərin sivil birgəyaşayış
normalarına uyğunlaşdınlması, regionun qlobal məsələlərinin
birgə həll edilməsi, dövlətlərin ictimai, siyasi
və mədəni həyatının bir-birinə
yaxınlaşdırılması və inteqrasiya edilməsi
sahəsində tarixi bir yol keçmişdir.
ATƏT-in
tarixində daha bir önəmli mərhələnin
başlanması 1 sentyabr 1990-cı ildə "Paris
Xartiyası" adlanan sənədin imzalanması ilə əlaqədardır.
Bu sənəd "Helsinki aktı"ndan sonra ATƏT-in fəaliyyətinə
real məzmun gətirdi və "Avropada sivilizasiyalı
münasibətlər sistemi" adlanan qeyri-müəyyən
anlayışı "dövlətlərarası",
"dövlətdaxili", "dövlətlər və
insanlar", "dövlətlər və insan birlikləri"
kimi real və dolğun məzmun kəsb edən anlayış
və ifadələrlə təmin etdi.
ATƏT-in
tarixində Budapeşt (1994) zirvə toplantısı da
çox mühüm yer tutur. Əgər "Paris
Xartiyası" bu təşkilatın fəaliyyətinə
yeni məzmun verdisə və Avropada soyuq müharibəyə
son qoydusa, Budapeşt sammiti həmin yeni məzmunu
reallaşdırdı. Budapeştə qədər ATƏT -
Avropa Təhlükəsizlik və Əməkdaşlıq
Müşavirəsi adlanırdısa və onun fəaliyyəti
məsləhətləşmə üzərində
qurulurdusa, Budapeştdə o, əsil ümumavropa təşkilatına
(Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı
- ATƏT) çevrildi.
Ə.Həsənov
yazır: "ATƏT əslində ABŞ, Kanada və
Rusiyanın qalan bütün Avropa dövlətləri ilə
birgə təşkilatı olmaq etibarilə yeni Avropanın
siyasi və iqtisadi həyatının sivil birgəyaşayış
qaydalarını müəyyən edən, ümumavropa təhlükəsizliyi
mexanizmlərini yaradan və ümumdünya təhlükəsizliyi
ilə əlaqələndirən, dövlətlərarası
münasibətləri rəqiblik və münaqişə
relsindən əməkdaşlıq və
qarşılıqlı mənafe istiqamətlərinə
yönəldən bir təşkilat funksiyasını
daşıyır. Getdikcə dövlətlərin ən
nüfuzlu və nümayəndəli forumuna çevrilən
bu beynəlxalq qurum yeni Avropada demokratiya və insan
hüquqlarının, regional təhlükəsizlik və
qarşılıqlı əməkdaşlığın əsas
müdafiəçisinə və qurucusuna çevrilir.
Helsinki
müşavirəsindən keçən dövr ərzində
ATƏT öz üzvlərinin sayını Albaniya,
keçmiş SSRİ və Yuqoslaviya respublikaları
hesabına 35-dən 54-ə çatdırılıb.
Azərbaycan
1992-ci il yanvarın 20-də bu qurumun üzvlüyünə qəbul
edilib və həmin ilin iyul ayının 10-da onun sənədlərini
imzalayıb. Hazırkı dövrdə ATƏT-in Azərbaycan
üçün ən əhəmiyyətli və vacib
strukturu 1992-ci ilin martında yaradılmış Minsk Qrupudur.
Minsk Qrupunun əsas vəzifəsi Ermənistan-Azərbaycan
konfliktini nizama salmaq və Dağlıq Qarabağ problemini dinc
vasitələrlə həll etmək üçün
müvafiq sənəd hazırlamaq və xüsusi Minsk
Konfransı çağırmaqla bu konflikti birdəfəlik
aradan qaldırmaqdır. Qrupun tərkibinə 11 dövlət -
Almaniya, ABŞ, Fransa, İtaliya, İsveç, Çexiya,
Türkiyə, Belarus, Rusiya, Azərbaycan və Ermənistan
daxildir. Onun həmsədrlik funksiyasi 1994-cü ilin
dekabrından iki dövlətin - Rusiya və Filandiyanın,
1997-ci ildən isə üç - Rusiya, ABŞ və
Fransanın nümayəndəsi tərəfindən həyata
keçirilir.
Minsk
Qrupunun yarandığı vaxtdan etibarən münaqişənin
tənzimlənməsi sahəsində göstərdiyi ilk
şeyləri- gözlənilən nəticəni vermədi.
Beynəlxalq ictimaiyyətin təcavüzkara qarşı təsirli
tədbirlər görməməsi Ermənistanın
işğalçılıq siyasətinin daha da genişlənməsinə
yol açırdı. 1993-cü ilin payızına qədər
Dağlıq Qarabağ və onun ətrafındakı yeddi
rayon Ermənistan tərəfindən işğal olundu.
Ə.Həsənovun
fikrincə, 1993-cü ilin noyabrında ATƏT-in Minsk Qrupunun
üzvləri Almaniya, ABŞ,
Belarus, Fransa, İtaliya, Rusiya, İsveç, Çexiya
hökumətləri və Türkiyə işğalın
genişlənməsi ilə bağlı, o cümlədən,
Dağlıq Qarabağ probleminin həlli haqqında bəyanat
verdilər. Bu bəyanatlarda döyüş əməliyyatları
və yeni ərazilərin ələ
keçirilməsi pislənir və ATƏM prinsiplərinin
pozulması kimi qiymətləndirilirdi. Ərazi tutulmasından
beynəlxalq aləmdə tanınmaq, status qazanmaq və s. məqsədlərlə
istifadə olunmanın yolverilməzliyi göstərilir,
işğalçıların Horadiz və Zəngilandan birtərəfli
qaydada çıxması, atəşin dayandırılması,
işğal olunmuş ərazilərin boşaldılması,
münaqişə bölgəsində beynəlxalq
müşahidəçilərin yerləşdirilməsi və BMT Təhlükəsizlik
Şurası qətnamələrinin yerinə yetirilməsi tələb
olunur, qüvvə tətbiq etməkdən imtina edilməsi irəli
sürülür,
qaçqınlara yardım etmək zərurəti
vurğulanır və sazişi pozan tərəfin məsuliyyət
daşıdığı göstərilirdi.
1994-cü
ildə, xüsusən, may ayında atəşkəs əldə
olunduqdan sonra, ATƏM-in Budapeşt sammitinin
yaxınlaşması ilə əlaqədar olaraq, Azərbaycan
diplomatiyası öz fəallığını daha da
artırdı. 1994-cü ilin iyulunda Moskvada Azərbaycan və
Ermənistan prezidentlərinin görüşü
keçirildi və atəşkəsin qorunub saxlanması
haqqında ümumi razılıq əldə edildi.
1994-cü
ilin dekabr ayında keçirilmiş Budapeşt sammiti ATƏM-in
tarixində mühüm bir dövrün
başlanğıcını qoydu. Budapeşt zirvə
toplantısına qədər əsas vəzifəsi Avropada təhlükəsizlik
və əməkdaşlıq məsələləri üzrə
məsləhətləşmələr aparmaq olan ATƏM,
1994-cü il dekabrın 6-dan başlayaraq yeni Avropanın
sivilizasiyalı birgəyaşayış qaydalarını
müəyyən edən, sülhün, demokratiyanın və
insan hüquqlarının qorunmasını təmin edən,
regionun təhlükəsizlik və
qarşılıqlı-faydalı əməkdaşlıq
prinsiplərini həyata keçirən bir təşkilata -
özünüidarə mexanizmləri olan ümumavropa
institutuna çevrildi. Məhz Budapeştdə ilk dəfə
ATƏM-in Avropanın ümumi təhlükəsizlik tədbirlərində
iştirak edə biləcək sülhməramlı qüvvələrinin
yaradılması və münaqişəli ərazilərə
göndərilməsi qərara alındı. Azərbaycan
diplomatiyasının gücü ilə Minsk Qrupu yanında ATƏM-in
ilk sülhməramlı, üç min nəfərlik
çoxmillətli hərbi hissəsinin yaradılması və
Qarabağa göndərilməsi
razılaşdırıldı.
Beləliklə,
bir vaxtlar Avropanın bu və ya digər qlobal problemləri ilə
bağlı dövlətlərarası məsləhətləşmə
forumu hesab olunan ATƏM, dünyanın siyasi və təhlükəsizlik
sistemində mühüm rol oynayan, yeni Avropada sivil birgəyaşayış
qaydalarını müəyyən edən, ümumavropa təhlükəsizliyi
ilə bütün dünyada sülhün və beynəlxalq
təhlükəsizliyin qorunması arasında
qarşılıqlı əlaqə yarada biləcək bir təşkilata
(ATƏT) çevrildi.
Budapeşt
sammitində ilk dəfə olaraq, Dağlıq Qarabağ
problemi xüsusi bir məsələ kimi gündəliyə
salındı və müzakirə olundu. Dağlıq
Qarabağ problemi ətrafında müzakirələrdə
dünyanın aparıcı dövlət
başçıları və siyasi xadimləri B. Klinton, B.
Butros-Qali, T. Çillər və b. çıxış edərək
münaqişənin həlli sahəsində ATƏT-in
mühüm rolunu vurğuladılar və səylərin
artırılmasının zəruriliyini qeyd etdilər.
Dekabrın
6-da Budapeşt sammitində Azərbaycan Prezidenti Heydər Əliyevin
çıxışı ən mühüm hadisələrdən
biri oldu. Heydər Əliyev öz çıxışında
ATƏT-in Avropada oynadığı rola, onun təkmilləşdirilməsi
zərurətinə böyük diqqət yetirdi. O, qeyd etdi ki,
müasir şəraitdə ATƏM-in rolu və əhəmiyyəti
getdikcə artır. Yeni Avropaya, ayırıcı xətlərin
və təsir dairələrinin olmadığı Avropaya təkmilləşdirilmiş
ATƏM lazımdır.
Budapeşt
sammitində konsensus əsasında ATƏM-in təşkilati
islahatı - ATƏT-ə çevrilməsi ilə
bağlı mühüm bir qətnamə qəbul edildi. Bu sənəd
ATƏM-in təşkilati cəhətdən yeniləşməsi,
onun nüfuzunun artması prosesinin başlanğıcı demək
idi. Sammitdə qeyd edildiyi kimi, ATƏM-in təşkilati cəhətdən
möhkəmləndirilməsinin, onun rolunun və nüfuzunun
artınlmasının başlıca şərtlərindən
biri münaqişələrin nizamlanması, cinayətkarlıqla
mübarizə, humanitar yardım göstərilməsi kimi məsələlərdə
iştirakçı dövlətlərin iqtisadi və siyasi
potensialından fəal istifadə edilməsidir.
Ə.Həsənov
yazır ki, ATƏT-in rolunun artması digər məhəlli və
beynəlxalq təşkilatların rolunun azaldılması və
sıxışdırılması demək deyildir. BMT, NATO, Avropa
İttifaqı ilə ahəngdar münasibətlərin
qurulması, iştirakçı dövlətlərin fikrincə,
ATƏT-in işinin səmərəliliyinin mühüm şərtidir.
Azərbaycan
Qarabağ münaqişəsinin aradan qaldırılmasında
BMT ilə ATƏT arasında münasibətlərin
düzgün qurulmasına mühüm əhəmiyyət
verirdi. Azərbaycan tərəfi heç zaman məsələni
belə qoymurdu: ya ATƏT ya da BMT. lap əvvəldən
Qarabağ məsələsinin həllində ATƏM-ə
üstünlük verən Azərbaycan dövləti belə
hesab edirdi ki, bu proses ATƏT-də də sona
çatdırılmalıdır. ATƏT münaqişə
zonasında müəyyən iş təcrübəsi
qazanmışdı, münaqişəyə cəlb
olunmuş tərəflərlə təmaslar qurmuşdur,
sülhə nail olmaq üçün onun öz mövqeyi
vardır.
ATƏT-in
yeni keyfiyyətə keçməsi, onun bundan sonra
strukturlaşması iştirakçı dövlətlərin
ərazisində münaqişə və böhranların
nizamlanmasında onun imkanlarını daha da artırır. Eyni
zamanda, BMT ilə ATƏT arasındakı münasibətləri
heç bir zaman rəqabət, mübarizə kimi qəbul etmək
düzgün deyil. Məhəlli təşkilat kimi ATƏT-in
fəaliyyəti BMT nizamnaməsinin səkkizinci fəslinə
uyğun olaraq qurulmuşdur. Bu iki təşkilat, beynəlxalq
və məhəlli qurum kimi bir-birini tamamlayır və
müdafiə edir. ATƏT ona daxil olan ölkələrin ərazisində
münaqişələrin nizamlanmasında üstünlüyə
malikdir. Lakin böhran ATƏT-in səlahiyyətlərini
aşan mərhələyə çatdıqda, o, kömək
üçün BMT Təhlükəsizlik Şurasına
müraciət edə bilər. Bu halda BMT və ya digər səlahiyyətli
təşkilatlar nizamlama prosesinə qoşula bilərlər.
VAHİD ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2013.- 14
may.- S.15.