Azərbaycan-Avropa Şurası əməkdaşlığının inkişafında Ulu Öndər Heydər Əliyevin rolu

 

Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul olunması ərəfəsində Azərbaycan Respublikasında qanunvericilik sistemi tam yeniləşmiş, ölkədə məhkəmə-hüquq islahatları həyata keçirilmiş, bu məqsədlə müvafiq qanunvericilik aktları qəbul edilmiş, təşkilati və digər tədbirlər görülmüşdür. Yeni Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual, Cəzaların İcrası məcəllələri, "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Prokurorluq haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Polis haqqında" və digər qanunlar qəbul edilmişdir. Mövcud məhkəmə təsisatı tamamilə yenidən qurularaq üçpilləli məhkəmə sistemi yaradılmışdır. Test imtahanları və müsabiqə yolu ilə yeni hakimlər seçilmiş, Azərbaycanın penitensiar sistemi beynəlxalq standartlara uyğunlaşdırılmışdır.

Ə.Həsənovun qeyd etdiyi kimi, Konstitusion hüquqların təminatı baxımından "Konstitusiya Məhkəməsi haqqında" Qanunun qəbul edilməsi və bu məhkəmənin yaradılması demokratik hüquqi dövlət quruculuğu yolunda atılmış böyük addım olmuşdur. Sözsüz ki, vətəndaşların Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək hüququna malik olmaları onların hüquqlarının müdafiəsi baxımından olduqca əhəmiyyətli vasitənin əldə edilməsi deməkdir. Xüsusilə qeyd edilməlidir ki, 2002-ci il avqustun 24-də keçirilmiş referendum nəticəsində Konstitusiya Məhkəməsinin səlahiyyətlərində də əhəmiyyətli dəyişikliklər olmuşdur. Konstitusiyaya edilmiş dəyişikliklə Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ olan subyektlərin dairəsi xeyli genişlənmiş və əvvəlki subyektlər dairəsinə Ombudsman, ümumi yurisdiksiyalı məhkəmələr və vətəndaşlar da daxil edilmişdir.

İnsan hüquqlarının məhkəmədən kənar müdafiəsi mexanizmimühüm əhəmiyyət daşıyır. Hazırda Azərbaycanda 2000-ə yaxın ictimai təşkilat, o cümlədən, onlarca hüquq-müdafiə təşkilatları rəsmi dövlət qeydiyyatına alınaraq normal fəaliyyət göstərir. Nizamnamə məqsədlərinə və fəaliyyətlərinə görə bu təşkilatlar qadın, uşaq, gənclər, hüquq-müdafiə, xeyriyyə, mədəniyyət, təhsil, həmkarlar ittifaqları və digər sahələri əhatə edir.

Bu gün Avropada ən aktual problemlərdən olan insan hüquqlarının məhəlli səviyyədə müdafiəsi ilə müxtəlif institutlar, o cümlədən də, Avropa İttifaqı və ATƏT məşğul olsa da, "insan hüquqlarının müdafiəsi üçün Avropa sistemi" dedikdə, bir qayda olaraq, Avropa Şurası və onun çərçivəsində yaradılan nəzarət mexanizmləri nəzərdə tutulur. Uzun müddət, təxminən yarım əsrlik dövr ərzində aşkar edilən bəzi zəif cəhətlərinə və nöqsanlarına baxmayaraq, Avropa Şurası insan haqlarının müdafiəsi üçün ən yararlı sistem kimi özünü təqdim edərək Avropa insan haqlarının beynəlmiləlləşməsinə, onların universal mahiyyət kəsb etməsinə, beynəlxalq münasibətlərin predmetinə və qayğısına çevrilməsinə güclü təkan verib.

Azərbaycan Respublikasının demokratikhüquqi dövlət quruculuğu yoluna qədəm qoyması insan hüquqları sahəsində mövcud standartlara əməl olunması zərurətini yaratmış və Azərbaycan bu standartların təmin olunması sahəsində əməli fəaliyyət göstərir. Belə ki, bu hüquqlar gündəlik həyatımızda öz real təminatını almaqla yanaşı, həm də ölkəmizdə qəbul edilmiş qanunlardahüquqi-normativ sənədlərdə öz əksini tapmışdır.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası insan hüquqları sahəsində indiyədək bir çox beynəlxalq konvensiya və sazişə qoşulmuşdur ki, onların da sırasına 1966-cı il MülkiSiyasi Hüquqlara dair Beynəlxalq Pakt, 1966-cı il İqtisadi, Sosial və Mədəni Hüquqlara dair Beynəlxalq Pakt, BMT-nin 1989-cu il Uşaq Hüquqları Konvensiyası, BMT-nin Qadınların siyasi hüquqlarına dair 1952-ci il Konvensiyası, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunmasına dair 1979-cu il Konvensiyası, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv olunmasına dair 1965-ci il Beynəlxalq Konvensiyası və s. daxildir.

Bunlardan əlavə, 2001-ci il yanvarın 25-də Avropa Şurasının tamhüquqlu üzvü olmuş Azərbaycan bununla da Avropa İnsan Hüquqları Konvensiyasını imzalamışdır.

Bu günədək Azərbaycan Avropa Şurasının bir çox sənədinə (konvensiyalar, onların protokolları və digər sənədlər) qoşulmuş, bu da ölkəmizin Avropa hüquq məkanına inteqrasiyası üçün əsas yaratmışdır. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya, bu müqavilə (daha çox qısaca olaraq Avropa İnsan Hüquqları Konvensiyası adlanır) 1950-ci il noyabrın 4-də, yəni Avropa Şurası təsis olunduqdan bir il sonra qəbul edilmiş və 1953-cü ilin sentyabrında qüvvəyə minmişdir. Konvensiyanın bugünkü mətni onun 11 saylı Protokolunun qüvvəyə mindiyi gündən - 1998-ci il noyabrın 1-dən qüvvədədir. Hal-hazırda Avropa Şurasının bütün üzv dövlətləri, yəni 46 dövlət bu Konvensiyanın iştirakçısıdır.

Ə.Həsənovun fikrincə, Avropa İnsan Hüquqları Konvensiyasının Avropa Şurasının ən mühüm sənədi olduğunu və əslində, Avropa Şurasının bu Konvensiyasız təsəvvür edilmədiyini nəzərə alaraq, təşkilata daxil olan hər bir yeni dövlətin üzərinə bu Konvensiyanı müəyyən müddət ərzində imzalamaq və təsdiq etmək məcburi vəzifə kimi qoyulur.

AŞPA-nın Azərbaycanla bağlı 222 saylı Rəyində dövlətimizin üzərinə qoyulan öhdəliyə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi Avropa İnsan Hüquqları Konvensiyasını və onun 1, 4, 6 və 7 saylı protokollarını ratifikasiya etmişdir.

Avropa dövlətləri kollektiv nəzarət mexanizmi yaratmaqla ümumavropa dəyərlərinə, hüququn aliliyinə, ədalət və demokratiyaya söykənən vahid hüquqi məkanda hər bir şəxsin hüquqlarını təmin etməyi öz qarşılarına başlıca vəzifə kimi qoymuşlar. Avropa İnsan Hüquqları Konvensiyası bu şikayət proseduraları olmadan, daha doğrusu, Avropa İnsan Hüquqları Məhkəməsi olmadan heç bir zaman indiki kimi səmərəli, canlı və işlək bir mexanizm ola bilməzdi. Bu gün tamamilə düzgün qeyd olunur ki, bu konvensiyasız Avropa Şurası, Məhkəməsiz isə Konvensiya heç bir əhəmiyyət kəsb etmir. Məhz Avropa İnsan Hüquqları Məhkəməsinin, onun çoxsaylı, presedent xarakterli qərarlarının sayəsində Avropa İnsan Hüquqları Konvensiyası elə də mükəmməl olmayan, əksər insan hüquqlarını özündə heç əks etdirməyən regional miqyaslı bir sənəddən ümumdünya əhəmiyyətli, dövlətlərin qanunvericiliyininhüquqi praktikasının inkişafına əhəmiyyətli dərəcədə təkan vermiş, beynəlxalq və milli məhkəmələrdə geniş surətdə istinad edilən müqaviləyə çevrilmişdir.

Ə.Həsənov qeyd edir ki, Nizamnaməsində göstərildiyi kimi, Avropa Şurasının hər bir üzvü qanunun aliliyi prinsipi və yurisdiksiyası altında olan bütün şəxslərin insan hüquqları və əsas azadlıqlarından istifadə etməsi prinsipini nəzərdə tutur. Göründüyü kimi, Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması, ölkədə gedən insan hüquqları və azadlıqlarının qorunması və inkişaf etdirilməsi prosesinə yeni bir təkan vermişdir. Azərbaycanda insan haqları və azadlıqlarının qorunması haqqında danışarkən onların konstitusion əsaslarını xüsusi qeyd etmək lazımdır. Belə ki, Azərbaycan Respublikasının Yeni Konstitusiyası insan hüquqları və azadlıqlarını lazımi səviyyədə əks etdirir. Konstitusiyanın 12-ci maddəsinin I və II bəndləri, 29, 60, 63, 65, 67, 71 və 151-ci maddələri məhz insan hüquqları və azadlıqlarının konstitusion əsaslarını təşkil edir.

Ulu Öndər Heydər Əliyevin ölkədə demokratiyanın daha da inkişaf etdirilməsi sahəsində görülən tədbirlərin genişləndirilməsi məqsədilə 1998-ci il 22 fevral tarixli "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanında insan hüquqları sahəsində həyata keçiriləcək tədbirlərin istiqaməti və konsepsiyası müəyyən edilmiş və ümum-dövlət səviyyəsinə qaldırılmışdır. Bunun ardınca təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nda Azərbaycanın konkret inkişaf mərhələsinə uyğun olaraq insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması, Elmi-Tədqiqat İnstitutunun yaradılması, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, mütəxəssislərin hazırlanması, öhdəliklərə əməl edilməsi və digər vəzifələrin həyata keçirilməsi nəzərdə tutulmuşdu. Bu fundamental sənədlərin fəlsəfəsi hər bir şəxsin Konstitusiyada təsbit edilmiş hüquqlarının həyata keçirilməsi üçün bütün imkanlara malik olmasından ibarət idi. Bu baxımdan, Konstitusiyada bəyan edilmiş hüquqların təmin edilməsi üçün bir sıra mühüm qanunlar qəbul olunmuşçevik hüquqi mexanizmlər müəyyənləşdirilmişdir.

Bunlar bir tərəfdən Azərbaycanda hüquqi-demokratik, dünyəvi dövlət quruculuğunun təmin edilməsi, çoxpartiyalılığa, müxtəlif siyasi cərəyanların ideyalarının azad ifadə olunmasına əsaslanan siyasi sistemin yaradılması, insan və vətəndaş hüquqlarının qorunmasına qulluq edən təsisatların formalaşması, digər tərəfdən isə, ölkəmizdə azad rəqabətə, inkişaf etmiş mülki dövriyyəyə, müasir bazar münasibətlərinə əsaslanan iqtisadiyyatın qurulması məqsədini güdən qanunvericilik tədbirlərini əhatə etmişdir.

Azərbaycanda siyasi, iqtisadi, sosial islahatların həyata keçirilməsi, dövlətimizin beynəlxalq birliyə tamhüquqlu üzv qəbul olunması, ölkənin demokratik yolla ardıcıl inkişafı, cəmiyyət və dövlət həyatının bütün sahələrində Avropa dəyərlərinin bərqərar edilməsi üçün bütün hüquqi təminatların və müvafiq hüquqi bazanın yaradılması istiqamətində mühüm addımlar atılmışdır. Azərbaycan parlamentinin qəbul etdiyi qanunvericilik aktlarının, o cümlədən, "Vətəndaşlıq haqqında", "Dini etiqad azadlığı haqqında", "Ölkədən getmək və ölkəyə gəlmək haqqında", "Sərbəst toplaşmaq azadlığı haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Məlumat azadlığı haqqında", "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında", "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında" və digər qanunların əsas ruhu insan hüquqlarının müdafiəsi təminatlarının yaradılması olmuşdur.

Kütləvi informasiya azadlığı bir sıra digər insan hüquqları ilə, hər şeydən əvvəl fikirsöz, habelə, yaradıcılıq azadlığı ilə insanın özünüifadəsinin müxtəlif təzahür formaları olsa da, mahiyyətcə biri digərini inkişaf etdirir və tamamlayır, bir-birini qarşılıqlı surətdə təmin edirlər.

KİV-in verdiyi məlumata əsasən, demək olar ki, Avropa Şurasının ən vacib sənədi olan İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu maddəsi müəyyən edir ki, hər kəsin öz fikrini azad ifadə etmək hüququ var: bu hüquqa öz fikrini müdafiə etmək, dövlət orqanlarının müdaxiləsi olmadan və dövlət sərhədlərindən asılı olmayaraq informasiyaideyalar almaqyaymaq azadlığı daxildir.

Kütləvi informasiya azadlığının ən mühüm təminatlarından biri də kütləvi informasiya vasitələri üzərində dövlət senzurasının olmamasıdır. Azərbaycanda kütləvi informasiya vasitələri üzərində senzura uzun müddət mövcud olmuş, dövlət KİV-in fəaliyyətinə birbaşa nəzarət mexanizmindən istifadə edərək inzibati qaydada onun fəaliyyətinə müdaxilə etmişdir.

Azərbaycanda söz və mətbuat azadlığının bərqərar edilməsində, mətbuat haqqında qanunvericiliyin insan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına tam uyğunluğunun təmin edilməsində müstəsna xidmətləri olmuş Ulu Öndər Heydər Əliyev Avropa Şurasının tövsiyələrinə uyğun olaraq, mətbuata dövlət qayğısını, kütləvi informasiya vasitələrinin inkişafını, fikir, söz və məlumat azadlığının təmin olunmasını ümumdövlət vəzifəsi hesab edərək, 1998-ci il avqustun 6-da imzaladığı Fərmanla 1992-1993-cü illərdə sərbəst informasiya fəaliyyətinə qoyulmuş məhdudiyyətləri aradan qaldırmışdır.

Bu təşəbbüs mətbuatda böhtan, təhqir, şərəf və ləyaqəti alçaldan məlumatların yayılmasına deyil, ölkəmizdə söz, fikir və məlumat azadlığının təmin edilməsinə, hüquqietik normaların gözlənilməsinə və qanunlara uyğun mexanizmin yaradılmasına yönəlmişdi.

 

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2013.- 17 may.- S.15.