Novruz Məmmədov: “İranın bu cür addımları
danışıqlarımızın ruhuna
uyğun gəlmir”
SİA
Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin
müavini, xarici əlaqələr şöbəsinin
müdiri Novruz Məmmədovun publika.az-a eksklüziv
müsahibəsini təqdim edir:
Bu yaxınlarda Prezident İlham Əliyev
Avstriyada rəsmi səfərdə oldu. Bu səfərin əhəmiyyətini
necə qiymətləndirirsiz?
-
Prezident İlham Əliyevin Avstriyaya səfəri mühüm əhəmiyyət
kəsb edir. Bilirsiniz ki, Avstriya Avropanın mərkəzində
yerləşən nüfuzlu və inkişaf etmiş dövlətlərdən
biridir. Prezident İlham Əliyevin bu ölkələyə səfəri
bir daha onu göstərir ki, Azərbaycanın güclü tərəfdaşları
var. Bu səfər həm də iki ölkə arasında olan
münasibətlərin daha da inkişaf etdiyini göstərir.
Azərbaycan üçün belə ölkələrlə əməkdaşlıq
etmək daha faydalı, keyfiyyətli və uzunmüddətlidir.
Bu cür dövlətlər Azərbaycanla bütün sahələrdə
səmərəli və səmimi qarşılıqlı əməkdaşlıq
etmək istəyirlər. Bütün bunlar isə Azərbaycanı
təmin edir.
Onu
da qeyd edim ki, hazırda Azərbaycanda 40-a yaxın Avstriya
şirkəti fəaliyyət göstərir. Həmin şirkətlər
Azərbaycanda həyata keçirilən çox böyük
və mühüm layihələrin icrasında iştirak edirlər.
Bütün bunlar isə Azərbaycan və Avstriya arasında
mövcud olan ticarət dövriyyəsinin həcmini də
artırır. Prezident İlham Əliyev Avstriyaya səfəri
zamanı bu istiqamətdə də bir sıra
görüşlər keçirib. Səfər zamanı
keçirilən bütün görüşlərdə Azərbaycan
Prezidentinə və onun rəhbərlik etdiyi nümayəndə
heyətinə çox böyük diqqət və
qayğı, isti münasibət göstərildi. Hesab edirəm
ki, Prezident İlham Əliyevin Avstriyaya səfəri zamanı
keçirdiyi görüşlər gələcək əməkdaşlığın
daha da artmasına öz töhfələrini verəcək. Bu
nöqteyi-nəzərdən mən qətiyyətlə
bildirirəm ki, bu səfər çox əhəmiyyətli və
uğurlu səfər idi. Burada xüsusi məqam isə ondan
ibarətdir ki, Avstriyanın mütəxəssisləri, siyasi
və biznes elitası, o cümlədən digər sahələrdə
fəaliyyət göstərən tanınmış adamlar
artıq Azərbaycan çox yaxşı tanıyırlar və
ölkəmizlə əməkdaşlığa çox
mühüm əhəmiyyət verirlər.
Avstriya
Azərbaycana mədəniyyət sahəsində də əhəmiyyət
verir. Artıq 6-7 ildir ki, Avstriyada Azərbaycanın
böyük bəstəkarı Üzeyir Hacıbəylinin
heykəli ucalıb. Bunun özü bir daha göstərir ki,
Azərbaycan-Avstriya münasibətləri yüksək səviyyədə
inkişaf edir.
- Bu
yaxınlarda Rusiyanın baş naziri Dmitri Medvedyev Azərbaycan
neftinin nəqlinə dair müqavilənin
dayandırılmasına sərəncam verib. Rusiya tərəfinin
bu cür addımını iki ölkə arasındakı
münasibətlər fonunda necə qiymətləndirmək
olar?
-
Burada hər iki tərəf öz kommersiya maraqlarını nəzərə
alıb. Bu cür addımın atılmasında Azərbaycan
və Rusiyanın mövqeyi bir-birinə uyğun gəlir. Bu,
adi prosesdir, müxtəlif ölkələr arasında əməkdaşlıqda
bu cür hallar hər gün olur. İstənilən hər
hansı layihənin nə vaxtsa sonu ola bilər və yeni layihələrə
başlamaq olar. Beləliklə, əməkdaşlıq da
davam edir.
Bilirsiniz
ki, Bakı-Novorossiysk boru kəməri ilə neftin ixracına
1996-cı ildən başlanıb. Əslində, bunun
dayandırılması ilə bağlı
danışıqlar xeyli vaxt idi ki, gedirdi. Burada elə
böyük problem yoxdur. İldə təqribən 2 milyon ton
neftin ixracı nə Rusiya üçün, nə də Azərbaycan
üçün elə böyük gəlir deyil idi.
Bütün bunlara görə də bu məsələni o qədər
böyütməyə və şişirtməyə ehtiyac
yoxdur. Bütün protokollara uyğun olaraq Rusiya tərəfi
qərara gəlib ki, bu istiqamətdə neftin ixracı
dayandırılsın. Bunun Azərbaycan üçün
böyük problemi yoxdur. Sadəcə olaraq bu, iki ölkə
arasında gedən adi prosesdir.
Bəzi
dairələr bu addımı Azərbaycan-Rusiya münasibətləri
kimi təqdim etməyə çalışırlar. Bu, qətiyyən
belə deyil. Azərbaycan-Rusiya münasibətləri
normaldır. Bu cür yalnış yanaşmalar aparan dairələr
isə hesab edirəm ki, deyib-deyib dayanacaqlar.
-
Mayın 15-16-da Strasburqda Avropa Şurası xarici işlər
nazirlərinin sammiti keçiriləcək. Sammitdə Avropa
Şurası Nazirlər Komitəsinə sədrlik Ermənistana
keçir. Sammitdə iştirak edəcək Ermənistanın
xarici işlər naziri Edvard Nalbandyan bəyan edib ki, Ermənistanın
quruma sədrliyi dövründə Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı məsələ kənarda
saxlanacaq. Buna münasibətiniz bilmək olar?
- Biz
bunu dəfələrlə demişik və indi də deyirik. Məsələ
ondadır ki, Ermənistan tərəfi artıq neçə
illərdir ki, Rusiya, ABŞ və Fransanın nümayəndələrinin
iştirakı ilə gedən Dağlıq Qarabağ
münaqişəsinin həlli prosesinə öz töhfəsini
vermək əvəzinə, bu münaqişənin həllinə
hər dəfə müxtəlif bəhanələr gətirməklə
mane olur. Ermənistan tərəfi artıq bunu illərdir ki,
davam etdirir. Artıq biz də bunu çox yaxşı bilirik.
Ermənistan tərəfinin atdığı bu cür
addımlar həm də dünya ictimaiyyətini, ATƏT-in
Minsk qrupunun həmsədr ölkələrini və beynəlxalq
təşkilatları aldatmağa yönəlib, onların
gözündən pərdə asmaq üçündür.
Çünki müxtəlif variantlar fikirləşib
ortalığa mövzu atırlar, sonra isə dünya ictimaiyyəti
və beynəlxalq təşkilatlar oturub onun ətrafında
vaxt itirirlər.
Elə
sizin verdiyiniz sualla bağlı da deyə bilərəm ki, Ermənistan
tərəfinin bu cür bəyanatlarından belə
çıxır ki, işğalçı ölkənin
nümayəndəsi sabah Avropa Şurası Nazirlər Komitəsinə
sədrlik etsə, o zaman həmin beynəlxalq təşkilatın
fəaliyyət istiqamətini tam dəyişəcək və
sairə. Məgər Avropa Şurası Nazirlər Komitəsinə
rəhbərliyə bunun üçün gəlirlər?
Bütün bunlar tamamilə cəfəng fikirlərdir.
Ermənistan
çox kiçik ölkədir və dünyada gedən
proseslərə öz istədiyi kimi təsir göstərə
bilməz. Hətta göstərsə belə, bunu heç kəs
qəbul etməz. Çünki bu beynəlxalq hüququn tələblərinə
də tam ziddir. Sadəcə olaraq Ermənistan tərəfi
bununla növbəti hiyləsini göstərmək və
bununla diqqəti cəlb etmək istəyir. Yəqin ki,
bilirsiniz, xarici işlər naziri Edvard Nalbandyan belə bəyanat
da verib ki, Ermənistan münaqişənin həlli ilə
bağlı ATƏT-in Minsk qrupunun təklif etdiyi 6 prinsipə
imza atmağa və razılaşmağa hazırdır. Erməni
nazir riyakarcasına deyib ki, guya Azərbaycan buna razı olmur, əgər
Azərbaycan tərəfi buna razı olsa, o zaman seçkilərə
kimi münaqişə həll edilə bilər. Bütün
bunlar da Ermənistan tərəfinin hiyləgər, riyakar bəyanatlarından
biridir. Əgər belə məqam var idisə, o zaman Ermənistan
prezidenti belə bəyanatı Azərbaycan Prezidenti ilə
görüşən zaman da edəydi. Nə üçün
görüşdən sonra etdi? Çünki bunların
bütün məqsədləri danışıqlar prosesini
pozmaq və münaqişənin həllini yubatmaqdır. Ermənistan
tərəfi elə stiuasiya yaratmaq istəyir ki, Dağlıq
Qarabağ münaqişəsi həll olunmasın və
status-kvo indiki kimi qalsın. Ermənistan tərəfi bununla həm
də Rusiya, ABŞ və Fransanın ortaya qoyduğu mövqeyə
qarşı çıxır. Yəni, Ermənistan tərəfi
ATƏT-in Minsk qrupu ölkələrinin “status-kvo dəyişməlidir”
tələbinə qarşı çıxır.
Ermənistan
tərəfi 2 il əvvəl Kazanda keçirilən
görüş zamanı da oxşar addım atıb. O zaman danışqlar prosesi sonadək davam etdi və sonda
qərar qəbul olundu. Ancaq həmin görüşdən
yarım saat sonra Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan
dünya birliyini çaşdıran və
danışıqların sonunda
qəbul edilmiş qərarı təhrif edən bəyanatla çıxış etdi.
Ermənistan tərəfi bu
cür riyakar addımları tez-tez edir. Ermənistanın əvvəlki və
indiki rəhbərləri
erməni xalqına öz maraqlarına indiyədək qurban verə-verə gəlirlər.
Erməni xalqının da
ən böyük faciəsi məhz onların 200 ildən çoxdur ki, belə rəhbərlərinin
tələsinə düşməsidir.
Ermənistan rəhbərləri yaxşı bilməlidirlər
ki, bir gün
bu xalq bütün
bunlara görə öz avantürüst rəhbərlərindən hesab
tələb edəcəklər.
İndi erməni xalqı öz avantürist rəhbərlərinin girovunda
qalıb.
Edvard Nalbandyanın
ağlına gündə
bir fikir gələn kimi onu dünyaya bəyanat kimi göstərir. Nalbandyanın dediyi prinsiplər
indi ortaya qoyulsun, daha sonra ona mövqe
bildirilsin. Onun söylədiyi
fikirlər tamamilə
cəfəngdir və
dünyanı aldatmağa
hesablanıb. Ancaq Ermənistan
dünyanı bir-iki gün aldada bilər, həmişə
aldada bilməyəcək.
- İndiki məqamda
prezidentlərin görüşü
üçün vacib
predmet var?
- Hələlik buna ehtiyac yoxdur. Çünki Prezident görüşə
gedəndə, danışıq
üçün hər
hansı predmet, mövzu olmalıdır, hansı məsələlər
ətrafında danışmaq
lazımdır və sairə. Bunu Azərbaycan Prezidenti
də bəyan edib. Hələ ki prezidentlərin
növbəti görüşünün
baş tutması üçün hazırda
ATƏT-in Minsk qrupunun vasitəçiliyi
ilə xarici işlər nazirləri arasında görüşlər
keçirilir. Bu yaxınlarda da xarici işlər nazirlərinin növbəti
görüşü gözlənilir.
Əgər prezidentlərin görüşünə
ehtiyac yaranarsa, o zaman Azərbaycan tərəfi bu məsələyə mövqeyini
bildirəcək.
- ABŞ-ın Minsk qrupunda yeni həmsədr təyinatında gözləntiləriniz
necədir?
- Gözləyək, ABŞ-ın
Minsk qrupundakı yeni həmsədri səlahiyyətlərinə
başlasın, o zaman
bəlli olacaq ki, onun bu
münaqişə ilə
bağlı məlumatı
nə qədərdir və problemin həllinə necə mövqe nümayiş etdirir. Hələlik, ABŞ-ın yeni
həmsədri barədə
heç bir təsəvvürümüz olmadığı
üçün bu barədə fikir söyləmək olmur.
Əlbəttə ki, biz bu prosesin irəliyə getməsinə kömək
edə bilən təmsilçinin olduğunu
istərdik.
- Aprelin 30-da Təbrizdə
AMEA Ədəbiyyat İnstitutunun
elmi işçisi, Şəhriyarşünas, araşdırmaçı
yazar Xalidə Xalid səbəbsiz yerə həbs edilib. Artıq bu məsələ
ilə bağlı Azərbaycan tərəfi də İrana nota verib. Hazırda bu istiqamətdə
aparılan danışıqların
vəziyyəti necədir?
- Artıq bu məsələ
ilə bağlı rəsmi Bakı öz mövqeyini bildirib. Bununla bağlı biz narahatıq,
belə hadisələri
qəbul edilməz hesab edirik və
bu məsələ ilə əlaqədar İran tərəfinin bizə müəyyən məlumatlar verməsini istəmişik.
Biz hər zaman arzu etmişik ki, Azərbaycanla İran
arasında daim mehriban qonşuluq, dostluq və sıx əməkdaşlıq
münasibətləri olsun.
Azərbaycan tərəfi bu
əməkdaşlığın qorunub saxlanılması və inkişafı üçün çox addımlar atıb. Ulu öndər Heydər Əliyevin bu istiqamətdə qoyduğu
təməl indi də davam etdirilir.
Bu yaxınlarda da Azərbaycan Prezidenti Administrasiyasının
rəhbəri, akademik
Ramiz Mehdiyev İrana səfər etmişdi. Özü də bu səfər İran tərəfinin təkidli dəvətilə reallaşmışdı.
Səfər zamanı keçirilən
görüşlərdə çox yaxşı danışıqlar oldu və ətraflı fikir mübadiləsi aparıldı. Ancaq bu cür addımlar danışıqlarımızın ruhuna uyğun gəlmir. Bu addımlar hansı məqsədlərlə atılırsa
atılsın, ancaq bu heç zaman
yaxşı nəticəsini
verə bilməz.
Tezliklə bu məsələ
həll olunmalıdır
və düşünürəm
ki, belə də olacaq. Hazırda bu istiqamətdə müəyyən proseslər
gedir. İnşallah, bu proseslər
başa çatanda xəbərimiz olacaq.
Səs.-
2013.- 17 may.- S.6.