Dünya demokratikləşmə prosesinə inteqrasiyada Avropa Şurası -Azərbaycan əməkdaşlığının rolu

 

Avropa Şurasının tamhüquqlu və fəal üzvü kimi, onunla əməkdaşlığı günbəgün gücləndirən Azərbaycan Respublikası AŞPA-nın fəaliyyətində dünyada insan hüquqlarının qorunması, demokratik proseslərin inkişaf etdirilməsi, dövlətlərarası münasibətlərin bərabərlik, qlobal problemlərin həllinə yardım göstərmək, təşkilatın tamhüquqlu üzvü kimi öz üzərinə götürdüyü öhdəliklərə əməl etmək kimi prinsiplərini həmişə rəhbər tutur.

Azərbaycanda demokratik dövlətçilik ənənələrinin tarixi XX əsrin əvvəllərindən başlanır. Belə ki, 1918-ci il may ayının 28-də yaranan və siyasətində vətəndaşların hüquq bərabərliyi əsas yer tutan Azərbaycan Xalq Cümhuriyyəti Demokratik Respublikası Şərqdə ilk dəfə demokratik qaydaları təsbit edən dövlət idi.

1991-ci il oktyabr ayının 18-də Azərbaycan Respublikası öz müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. 70 illik totalitar rejim tədricən demokratik rejimlə əvəz edildi, ölkədə əsil seçkili hakimiyyət yaradıldı. Demokratik qüvvələrin təsiri altında çətinliklə də olsa, respublikada demokratikləşmə prosesi başlandı. Totalitar rejimdən fərqli olaraq, şəxsiyyət demokratik cəmiyyətin iqtisadi və siyasi problemlərinin həll edilməsində  fəal iştirak etməklə özündə vətəndaşlıq məsuliyyətini hiss etməyə başladı.

Ə.Həsənov yazır: "Ölkəmizdə müstəqillik dövründə demokratik islahatlar və hüquqi dövlət quruculuğu sahəsində həyata keçirilmiş tədbirlərdən danışarkən dünyanın ən mötəbər beynəlxalq təşkilatlarından olan Avropa Şurası və onun Parlament Assambleyasının rolunu xüsusi qeyd etmək lazımdır. Azərbaycanın bu təşkilata daxil olmaq barədə müraciətindən onun tam hüquqlu üzv kimi fəaliyyət göstərdiyi hazırkı dövrə qədər ölkəmizdə hüquqi dövlət quruculuğu sahəsində həyata keçirilmiş geniş demokratik islahatları aşağıdakı formada sistemləşdirmək olar:

- dövlət idarəçiliyi və seçki islahatları, Azərbaycan Respublikasının siyasi sisteminin təkmilləşməsində çox böyük rol oynayan 1995-ci il noyabr ayının 12-də ölkənin Yeni Konstitusiyasının, demokratik quruluşun və hüquqi dövlətin təməlini qoymuş qanunların qəbul edilməsi;

- insanların şəxsiyyət azadlığına və toxunulmazlığına, habelə, hüquqi müdafiəsinə təminat verilməsi, çoxpartiyalı sistemin yaradılması, siyasi plüralizm, söz və vicdan azadlığı, azlıqların hüquqları, qanun qarşısında bərabərlik və təqsirsizlik prezumpsiyasının təmin edilməsi;

- Konstitusiya Məhkəməsinin yaradılması, ölüm cəzasının ləğv edilməsi, üçpilləli məhkəmə sisteminin yaradılması və şəffaf proseduralar əsasında hakimlər korpusunun seçilməsi və məhkəmənin müstəqilliyinin təmin edilməsi;     

- on minlərlə şəxs barəsində amnistiya verilməsi və xeyli sayda məhbusların əfv edilməsi;

- senzuranın aradan götürülməsi, kütləvi informasiya vasitələrinin azadlığı və qeyri-hökuməi təşkilatlarının sərbəst fəaliyyətinin təmin olunması və s."

 Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığının müasir dövr üçün siyasi aktuallığı və əhəmiyyəti, bu əlaqələrin konkret sahələr üzrə, ayrı-ayrılıqda təhlil edilməsini zəruri edir.

Azərbaycanda ölüm cəzasının ləğvi və cəza siyasətinin humanistləşməsi onun Avropa ailəsinə qoşulmasını təmin edən mühüm amillərdən biri olmuşdur.

Bir çox Avropa dövlətləri ölüm cəzasını ləğv edənə qədər uzun illər bu məsələni araşdırmış və çox zaman da qəti qərar verməkdə çətinlik çəkmişlər. Belə ki, 1950-ci ildə qəbul edilmiş insan hüquqlarına dair Avropa Konvensiyasının yaşamaq hüququ maddəsində ölüm cəzasının mövcudluğu qeyd olunmuş və 1983-cü ildə Avropa Şurası tərəfindən qəbul edilmiş bu Konvensiyanın 6 saylı əlavə Protokolunda ölüm cəzası birdəfəlik ləğv olunmuşdur.

Ə.Həsənovun fikrincə, ölüm cəzasını birdəfəlik ləğv etmək üçün Avropa dövlətlərinə uzun illər lazım olsa da, hakimiyyətə gəldikdən sonra Ulu Öndər Heydər Əliyevin ilk qərarlarından biri ölüm cəzasına moratorium qoyulması olmuşdur. Bundan sonra ölüm cəzasının ləğv olunması yolunda bir neçə siyasi addımlar atılmışdır. 1995-ci ildə qəbul olunmuş Yeni Konstitusiyada ölüm cəzası tam ləğv edilənədək yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı, xüsusilə, ağır cinayətlərə görə müstəsna cəza tədbiri kimi göstərilmiş və artıq daimi cəza növü kimi nəzərdə tutulmamışdır.

Bundan sonra, 1996-cı ilin may ayında parlament Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsünü dəstəkləyərək yaşı 65-dən yuxarı olan kişilərin ölüm cəzasından azad olunması ilə bağlı qərar qəbul etmiş, eyni zamanda, ölüm cəzasının tətbiqini nəzərdə tutan cinayətlərin sayı qanunvericilikdə 33-dən 12-yə endirilmişdir.

Dahi Öndər Heydər Əliyev ölüm cəzasının ləğvi ilə bağlı qəti qərar verməzdən əvvəl bu məsələ ictimaiyyət tərəfindən müzakirə olunmuş, Avropa Şurası nümayəndələri ilə çoxsaylı danışıqlar aparılmışdır. Nəhayət, 1998-ci il fevral ayının 3-də ölkə Prezidenti Milli Məclisə ölüm cəzasının ləğv olunması ilə bağlı etdiyi müraciətdə cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək idealları rəhbər tutmaqla ölkədə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəldiyini bildirmiş və bu tarixi bəyanatın zəruriliyini əsaslandırmışdır.

Parlament ölüm cəzasının ləğvi ilə bağlı ölkə Prezidentinin təklifini dəstəkləmişdir. Beləliklə, Ulu Öndər Heydər Əliyev Şərqdə ilk dəfə olaraq ölüm cəzasının ləğv olunması ilə bağlı qətiyyətli və humanist qərar qəbul etmişdir. Bütün dünyada müsbət mənada geniş əks-səda yaratmış bu tarixi qərar Avropa Şurası tərəfindən "Azərbaycanın Strasburq yolunda atdığı böyük addım" kimi dəyərləndirilmişdir.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra demokratikləşmə istiqamətində atdığı ilk addımlardan biri də Əfv İnstitutunun bərpası olmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 4 may 1995-ci il tarixli Fərmanı ilə Bağışlama Məsələləri Komissiyası yaradılmışdır. Həmin dövrdən bu günə qədər komissiya tərəfindən minlərlə məhkumun sənədləri araşdırılmış, o cümlədən, AŞPA-nın bəzi parlamentarlarının və ölkəmizdə fəaliyyət göstərən bir neçə hüquq-müdafiə təşkilatlarının "siyasi məhbus" kimi qələmə verdiyi məhbusların azad olunması və ya onların işinə yenidən baxılması öhdəliyinin şərtlərinə əməl edilmişdir. Əslində, Azərbaycan dövləti ölkədə siyasi əqidəsinə görə, heç kəsin məhkum olunmadığını dəfələrlə bəyan etsə də, təqdim olunmuş siyahıya əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmişdir.

Bu dövr ərzində məhkum olunmuş şəxslərə münasibətdə əfv siyasəti ilə yanaşı, amnistiya aktlarının tətbiqi nəticəsində də humanistlik göstərilmişdir. Məhkumun cəza çəkməkdən azad edilməsini, yaxud cəzanın daha yüngül cəza ilə əvəz edilməsini nəzərdə tutan amnistiya aktının tətbiq edilməsi humanizmin və cinayət törətmiş şəxslərə göstərilən etimadın təzahürü kimi dəyərləndirilir.

Qeyd etmək lazımdır ki, hər hansı bir dövlətdə amnistiya tətbiq edilərkən bu aktın cəmiyyətdə doğura biləcəyi nəticələr, onun qəbul edilməsini zəruri edən şərait, cinayətkarlığın vəziyyəti, iqtisadi səmərə, dövlətçilik mənafeləri və digər problemlər hərtərəfli tədqiq edilir.

Ə.Həsənov yazır ki, Azərbaycan Respublikasının Milli Məclisi ölkə Prezidentinin son illər ərzində bir neçə dəfə təqdim etdiyi amnistiya aktları layihələrini müzakirə edərək, amnistiya haqqında qərarlar qəbul etmişdir.

Ümumiyyətlə, yeni olduğu qədər də çox mürəkkəb bir sistem olan insan hüquqları təsisatının bu gün cəmiyyətdə hərtərəfli tam anlamı çox vacib məsələlərdəndir. Söz yox ki, Avropa üçün bu, yenilik deyil. Onu qeyd etmək lazımdır ki, Avropanın təfəkkür tarixi insan haqları uğrunda mübarizəni özündə tam əks etdirir. Müasir Avropa özünüdərkinin ən mühüm nailiyyətlərindən hesab olunan Ombudsman təsisatı bugünkü cəmiyyətin idarə olunmasında yeni yaranan daha bir sosial institutdur.

Beləliklə, əməli fəaliyyətinin nəticələrini sistemləşdirib təhlil etməklə qanunvericiliyin yeniləşməsinə kömək edən, insan hüquqlarının beynəlxalq müdafiə vasitələrindən istifadəsi üçün kamil hüquq-müdafiə strukturlarından biri sayılan İnsan Hüquqları Üzrə Müvəkkil (Ombudsman) təsisatının yaradılması qabaqcıl dövlətlərdə tətbiq edilən səmərəli institutların ölkədə fəaliyyət göstərməsinə şərait yaratmış və Azərbaycanın dünyanın vahid hüquq məkanına inteqrasiyasına təkan vermişdir.

İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması, seçki ilə bağlı demokratik institutların inkişafı demokratik vo hüquqi dövlətin əsas məqsəd və vəzifələrindən biridir.

Dövlət demokratik prinsipləri və seçki hüququ normalarını müdafiə etmək yolu ilə vətəndaşların seçki və referendumlarda öz iradələrini sərbəst surətdə bildirməsinə təminat verir. Yeni Konstitusiyanın qəbul edilməsindən ötən müddət ərzində qanunvericiliyin ən çox işlənilmiş sahələrindən biri olan seçki qanunvericiliyi bütövlükdə təzələnmişdir. İlk öncə "Referendum haqqında" 1997-ci il 30 dekabr tarixli Qanun, daha sonra "Azərbaycan Respublikası Prezidentinin seçkiləri haqqında" 1998-ci il 9 iyul tarixli Qanun qəbul edilmişdir. Bu qanun müasir seçki qanunvericiliyinin əsasını qoyaraq bir növ örnək hüquqi-normativ sənəd olmuşdur. Daha sonra "Bələdiyyələrə seçkilər haqqında" 1999-cu il 27 iyun, "Milli Məclisə seçkilər haqqında" 2000-ci il 5 iyun tarixli qanunlar  qəbul edilmişdir.

Ə.Həsənovun fikrincə, hüquqi dövlət quruculuğu yolunu seçmiş Azərbaycan Respublikasında demokratik şəraitdə prezident, parlament və bələdiyyə seçkiləri keçirilmişdir. Azərbaycanda inkişaf etmiş demokratik dövlətlərin siyasi təcrübəsindən istifadə edilməklə, Avropa Şurası ekspertlərinin iştirakı ilə və tövsiyələri nəzərə alınmaqla, xüsusilə də, Venesiya Komissiyası mütəxəssislərinin hazırladıqları və təklif etdikləri alternativ variantdan yararlanmaqla seçkilər haqqında mövcud olan beş qanundan ibarət toplu əsasında tərtib olunmuş və 2003-cü il iyunun 2-də qəbul edilmiş Seçki Məcəlləsi və onun əsasında 15 oktyabr 2003-cü ildə keçirilmiş son prezident seçkiləri mühüm amilə çevrilərək, cəmiyyətin həyatında önəmli yer tutmuşdur.

Seçkilərin və referendumun keçirilməsi barədə vahid sənəd olan Seçki Məcəlləsini zəruri edən əsas amil seçki qanunvericiliyinin daha da təkmilləşdirilməsi ilə bağlı Avropa Şurası təşkilatı qarşısında götürülmüş öhdəlik olmuşdur.

Nəticədə, ölkə müstəqillik əldə etdikdən sonra seçkilərin və referendumun, o cümlədən, prezident seçkilərinin demokratik və açıq şəraitdə keçirilməsinə tam təminat verən, bütövlükdə, təzələnmiş möhkəm hüquqi baza yaradılmışdır.

 

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2013.- 21 may.- S.15.