Azərbaycan güclü
dövlətdir və ölkəmizə qarşı
aparılan istənilən kampaniya iflasa məhkumdur
Müsahibimiz Milli Məclisin
üzvü, AŞ PA-nın Rasizm və ksenofobiya alt komitəsinin
sədri Sahibə Qafarovadır
-
Sahibə xanım, məlum olduğu kimi, bir neçə
gün öncə sizin təşəbbüsünüzlə
Milli Məclisdə Qadınlara qarşı zorakılıqla
mübarizə haqqında Avropa Şurası Konvensiyasına həsr
edilmiş seminar və quruma üzv dövlətlərin
parlamentariləri üçün hazırlanmış
“Qorxudan uzaq, zorakılıqdan uzaq” adlı kitabın təqdimat
mərasimi keçirildi. Bu tədbirin məqsədi və əhəmiyyəti
barədə nə deyə bilərsiniz?
-Bəli,
mayın 7-də keçirilən bu tədbirdən məqsəd
bütün dünya dövlətləri üçün də
prioritet olan gender ayrı-seçkiliyi, məişət
zorakılığı və s. bu kimi mühüm məsələlərin
həllinə diqqət yönəltmək və Azərbaycanda
bu sahədə əldə olunan nailiyyətləri yenidən
nəzərdən keçirmək idi. Eyni zamanda, tədbirdə
də xüsusilə vurğulandığı kimi, bu problemin
aradan qaldırılması yönündə səylərin
gücləndirilməsi Avropa Şurasının və
bütün beynəlxalq ictimaiyyətin diqqət mərkəzində
olan məsələdir. Ümumiyyətlə, gender bərabərliyi
müasir dövrdə demokratik cəmiyyətin
inkişafının və insan hüquqlarının
qorunmasının əsas istiqamətlərindən birini təşkil
edir. Heç də təsadüfi deyildir ki, bu gün əsas
beynəlxalq sənədlərdə cinslər arasında bərabərlik
insanın başlıca hüquqlarından biri kimi təsbit
edilir. Beynəlxalq hüquqda haqlı olaraq, qadınlar
xüsusi subyekt kimi dəyərləndirilir, onlara
hüquqlarının həyata keçirilməsi
üçün geniş təminatlar müəyyən olunur.
Milli dövlətlər isə bu təminatların
reallaşdırılması, nəzəri cəhətdən
mövcud olan yüksək dəyələrin praktikada tətbiq
olunması üçün səylərini ildən ilə
daha da gücləndirməlidir. Ona görə də
demokratiyanın inkişaf etdiyi, azad cəmiyyətlərdə
bu məsələyə xüsusi diqqət yetirilir, bununla
bağlı müxtəlif konvensiya və proqramlar icra olunur.
Qadınlara
qarşı zorakılıqla mübarizə haqqında Avropa
Şurası Konvensiyası, ya da qısaca İstanbul
Konvensiyası qadınlara qarşı zorakılıq üzrə
məcburi hüquqi qüvvəyə malik olan ilk sənəddir
və dünyada istənilən bir ölkənin potensial olaraq
ona qoşulması üçün açıqdır. Sənəd
qadınlara qarşı zorakılığın qanuna zidd
olmasını, bunun cinayət olduğunu təsdiq edir və
bu sahədə mübarizədə adekvat cəzalar tətbiq
etməyə çağırır. 11 may 2011-ci ildə İstanbulda
imzalanan bu sənəd, bu vaxtadək 29 ölkədə imzaya
təqdim edilib, 4 ölkə tərəfindən ratifikasiya
edilib. İstanbul Konvensiyası qadınlara qarşı
zorakılığla mübarizə, zorakılıq
qurbanlarının müdafiəsi, onu törədən şəxslərin
məsuliyyətə cəlb edilməsi, bu sahədə siyasətin
daha da dərindən formalaşdırılması kimi məsələləri
hərtərəfli olaraq özündə ehtiva edir.
Düşünürəm
ki, belə bir tədbirin keçirilməsi olduqca mühüm
əhəmiyyətə malikdir. Çünki gender problemləri,
cinsi ayrı-seçkilik elə məsələlərdir ki,
onları bürokratik üsullarla birdəfəlik həll etmək,
aradan qaldırmaq faktiki olaraq mümkün deyil. Burada əsas vəzifə
düzgün maarifləndirmənin həyata keçirilməsidir
ki, bu tədbir də məhz bu məqsədə xidmət
edirdi. Düşünürəm ki, gələcəkdə də
bu mövzuda tədbirlərin keçirilməsi davamlı
olmalıdır.
-
Yeri gəlmişkən, bu sahədə ölkəmizdə
mövcud vəziyyəti necə qiymətləndirirsiniz?
-
Ölkəmizdə də gender bərabərliyinin təmin
olunması insan və vətəndaş hüquqlarının
möhkəmləndirilməsi yönündə aparılan
islahatların mühüm komponentlərindən biri kimi
çıxış edir. Azərbaycan qadını həmişə
öz idarəsi və mərdliyi, sədaqəti, ailəyə,
milli mənəvi dəyərlərimizə
bağlılığı ilə cəmiyyətimizin həyatında,
Azərbaycan dövlətçiliyinin güclənməsində,
xalqımızın milli-mənəvi dəyərlər sisteminin
formalaşmasında mühüm rol oynayıb. Tarixin
bütün dövrlərində qadınlarımız həm
sədaqətli, ləyaqətli həyat yoldaşı, həm
görkəmli ictimai xadim, həm də təmsil olunduğu
sahədə özünü peşəkar mütəxəssis
kimi təsdiq edib, kişilərlə çiyin-çiyinə
mübarizə aparıb. Heç də təsadüfi deyil ki,
Ümummilli liderimiz Heydər Əliyev həmişə Azərbaycan
qadınları haqqında yüksək fikirlər bildirir,
onların idarəçilikdə təmsil olunması, fəallığının
artırılması, bütün problemlərinin həllinə
yönəlmiş tədbirlərin həyata keçirilməsi
məsələlərinə çox diqqətlə
yanaşırdı. Ulu öndərin siyasi kursu bu gün
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilir və ölkəmizdə qadın siyasətinin həyata
keçirilməsində də mütərəqqi nailiyyətlər
əldə olunub. Azərbaycanda məqsədyönlü gender
siyasətinin aparıldığını göstərən ən
önəmli məqamlardan biri bu sahəyə aid xüsusi
Dövlət Proqramının qəbul olunmasıdır. Həyata
keçirilən səmərəli gender siyasəti isə Azərbaycanda
qadınların ictimai-siyasi fəallığının daha
da artmasına, onlara həyatın bütün sahələrində
tam bərabər imkanlar açmasına möhkəm zəmin
yaradıb. Bunun nəticəsidir ki, bu gün Azərbaycan
qadını ölkəmizin milli maraqlarının
qorunması, xalqımızın adət-ənənələrinin,
dəyərlərimizin dünyada təbliğ olunması
istiqamətində ciddi iş aparırlar. Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli
Məclisin deputatı Mehriban Əliyevanın fəaliyyəti,
gördüyü işlər hər birimiz üçün
örnək təşkil edir.
Təbiidir
ki, qadın siyasətinin həyata keçirilməsində
dövlətin səyləri və iradəsi ilə
yanaşı, ictimai təşkilatların, siyasi
institutların da ciddi fəaliyyət göstərməsi
vacibdir. Bu mənada Yeni Azərbaycan Partiyasının təşəbbüsləri
və təklifləri cəmiyyətimiz tərəfindən
ciddi dəstək görür. Bilirsiniz ki, Yeni Azərbaycan
Partiyası qadınlarımızın siyasi fəallığının
artırılması, idarəçilikdə rolunun gücləndirilməsi
yönündə müxtəlif təşəbbüslər
irəli sürür. Ona görə də mən hesab edirəm
ki, digər siyasi institutlar və vətəndaş cəmiyyətini
təmsil edən təşkilatlar da bu sahədə daha
effektiv addımlar atmalı, dövlətin siyasətinə dəstək
verməlidir.
-
Sahibə xanım, siz həm də Azərbaycanın Avropa
Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə
heyətinin üzvüsününz. Ölkəmizin xarici siyasətində
AŞPA ilə əlaqələrin rolunu necə dəyərləndirmək
olar?
- Azərbaycanda
bütün sahələrdə o cümlədən, xarici
siyasətdə də əsası xalqımızın
Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan
ənənələr uğurla davam etdirilir. Bu siyasət isə
bir neçə istiqamətləri özündə ehtiva edir.
Qonşu dövlətlərlə çoxtərəfli və
ikitərəfli əməkdaşlıq daha da genişləndiriləcək,
Azərbaycanın aparıcı dövlətlərlə
qarşılıqlı əməkdaşlıq əlaqələri
inkişaf etdiriləcək, beynəlxalq siyasi və iqtisadi
qurumlarla əməkdaşlıq daha da gücləndiriləcək
və terrorizmə qarşı beynəlxalq koalisiya çərçivəsində
fəaliyyətimiz davam etdiriləcək. Ümumiyyətlə,
Azərbaycanın beynəlxalq təşkilatlarda mövqeyinin
möhkəmləndirilməsi, rolunun artırılması, həmin
təşkilatların tribunasından səmərəli istifadə
edilməsi ölkəmizin xarici siyasət doktrinasında ən
önəmli istiqamətlərdən biridir. Uzun illər ərzində
formalaşdırılmış bu münasibətlər
artıq konkret, praktik nəticələrə gətirib
çıxarır. Rəsmi Bakı dünyanın siyasi
taleyini həll edən və bu kontekstdə çox vacib paya
sahib olan qurumlarda ölkəmizinin taleyüklü məsələlərinin
qaldırılmasına və onun həllinə nail olmaq
üçün ciddi ideoloji iş aparır. Bu gün Azərbaycan
bütün dünyada böyük hörmət və ehtiramla
qəbul olunur. Əgər dünyanın 155 ölkəsi Azərbaycana
etimad göstərirsə, öz taleyini belə demək
mümkündürsə, Azərbaycana həvalə edirsə,
Azərbaycan dünyanın ən nüfuzlu beynəlxalq tiəşkilatının
əsas qərar qəbul edən strukturunda - BMT Təhlükəsizlik
Şurasında təmsil olunursa, ona rəhbərlik edirsə,
deməli, bu günə qədər həyata keçirilən
siyasət, atılan addımlar uğurlu olub və
xalqımızın, dövlətimizin maraqlarına tam cavab
verir.
Eyni
zamanda, ölkəmizin beynəlxalq təşkilatlarla
münasibətlərinin əsasında hər şeydən
öncə yüksək səviyyəli əlaqələrdən
dövlətimizin maraqlarına uyğun faydalanması durur. Belə
təşkilatlardan biri də Avropa Şurasıdır. Bu təşkilat
və onun strukturları ilə yüksək səviyyəli əlaqələrin
qurulması əsası Azərbaycanın xarici siyasət
kursunun mühüm istiqamətlərindən birini təşkil
edir. Bildiyimiz kimi, 2001-ci il yanvarın 17-də Avropa
Şurası Nazirlər Komitəsinin nümayəndələr
səviyyəsində keçirilmiş iclasında Azərbaycan
Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul
edilməsinə dair qərar qəbul edilmişdir. Bu, müstəqil
Azərbaycan dövlətinin xarici siyasət sahəsində əldə
etdiyi ən böyük nailiyyətlərdən biri olmaqla bərabər,
ölkəmizin gələcək inkişaf meylləri və
Avropaya inteqrasiya siyasətinin mühüm ştrixlərini
özündə əks etdirən, Azərbaycanın
dünyanın nəbzi vurduğu geosiyasi məkana doğru hərəkətini
təmin edən çox vacib bir hadisə idi. Bu, Azərbaycanın
xarici siyasətinin aparıcı — siyasi və iqtisadi cəhətləri
özündə birləşdirən istiqamətlərdən
biridir. Ötən illər ərzində,
qarşılıqlı maraqlara söykənən, hər iki
tərəfin mənafeyinə uyğun şəkildə
geniş, bir çox sahələri əhatə edən
yüksək səviyyəli əməkdaşlıq əlaqələri
qurulmuşdur. Avropa Şurası Azərbaycanın demokratik
yolla inkişafını, Azərbaycan Prezidenti cənab
İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə
həyata keçirilən demokratik islahatları yüksək
qiymətləndirir, əlaqələrin bundan sonra da
inkişafında maraqlıdır. Azərbaycan da geridə
qoyduğumuz zaman periodunda üzərinə
götürdüyü öhdəlikləri yerinə yetirərək
bu qurumla münasibətlərə verdiyi önəmi göstərmişdir.
Bildiymiz
kimi, Azərbaycan dövləti gənc müstəqil dövlət
olmasına baxmayaraq, bir çox problemlərini artıq həll
etmişdir. Azərbaycan dövləti özünün
iqtisadi, enerji təhlükəsizliyini təmin etmiş,
regionun əsas güc mərkəzinə çevrilmiş,
dünyada söz sahibi olan bir dövlət kimi
özünü təsdiqləmişdir. Bununla bərabər,
Azərbaycan dövlətinin əsas problemi Ermənistan
dövlətinin işğalçılıq siyasətinin məntiqi
nəticəsi olan Dağlıq Qarabağ münaqişəsidir.
Azərbaycan dövlətinin xarici siyasi kursunda da bu
münaqişənin diplomatik yolla həllinə nail
olunması məqsədi əsas hədəf kimi
qarşıya qoyulub. Azərbaycan bütün mütərəqqi
beynəlxalq tribunalardan bu münaqişə ilə
bağlı ictimaiyyətə ətraflı və obyektiv həqiqətləri
çatdırır, münaqişənin sülh yolu ilə,
beynəlxalq hüquq prinsipləri çərçivəsində
ədalətli həllinə çalışır. Təbii
olaraq, beynləxalq təşkilatlarla, o cümlədən,
Avropa Şurası ilə əməkdaşlıqda da bu məqsəd
özünü büruzə verir. Doğrudur, Avropa
Şurası bu münaqişənin və ümumiyyətlə,
münaqişələrin həlli ilə birbaşa məşğul
olmur. Amma təşkilat qəbul etdiyi qərarlarla,
atdığı addımları bu və ya başqa formada
problemli məsələlərin həllinə yardım
göstərməyə çalışır. Dağlıq
Qarabağ münaqişəsinin həllində də qurumun
mövqeyi bundan ibarətdir ki, Avropa Şurası Azərbaycanın
ərazi bütövlüyünü dəstəkləyir, ATƏT-in
Minsk qrupunun vasitəçiliyi ilə aparılan
danışıqların qısa bir zamanda müsbət formada
nəticələnməsini arzulayır. Ümumiyyətlə
isə, hesab edirəm ki, Azərbaycanla AŞ PA arasında
münasibətləri yüksək qiymətləndirmək
olar və bu əlaqələrin daha da inkişafı hər
iki tərəfin marağına tam cavab verir.
-
Sahibə xanım, bu gün bir sıra hallarda, müəyyən
beynəlxalq təşkilatlardan, xüsusilə, beynəlxalq
qeyri-hökumət təşkilatlarından Azərbaycana
qarşı ikilistandartlara söykənən, ədalətli
olmayan münasibətin şahidi oluruq. O cümlədən,
Avropa Şurası Parlament Assambleyasında da bəzi
parlamentarilərin Azərbaycana qarşı qərəzli fəaliyyəti
açıq şəkildə özünü göstərir.
Bunu nə ilə izah etmək mümkündür?
- Əvvəla,
onu qeyd etmək istərdim ki, Azərbaycan dünyəvi,
demokratik, açıq və dünyada baş verməkdə
olan mütərəqqi inkişaf prosesləri
üçün qapılarını açan, o proseslərə
cəlb olunmaq istəyən bir dövlətdir. Müxtəlif
mövqelərdən müstəqilliyimizə xələl gətirmək
istəyən qüvvələrə qarşı Azərbaycan
dünyanın güc mərkəzlərinə, o cümlədən
Avropaya açıq siyasətlə inteqrasiyaya gedir və bu bizim
müstəqilliyimizə bir təminatdır. Azərbaycan
çox maraqlı və əhəmiyyətli geosiyasi məkanda
yerləşir, ölkənin kifayət qədər mənbələri,
neft və qaz ehtiyatları var. Eyni zamanda, Azərbaycan öz
tarixi, mədəni dəyərləri ilə, Avropa ailəsinin
zənginləşməsinə öz töhfəsini verməkdədir.
Təbii ki, bir sıra hallarda Azərbaycanda baş verən
hadisələrə münasibətdə müəyyən
qeyri-obyektiv nüanslar müşahidə olunur və bunlar daha
çox müəyyən şəxslərin qərəzliliyindən
meydana gəlir. Müstəqil xarici siyasət həyata
keçirən Azərbaycan dövlətinin rəhbərliyi
bununla bağlı etirazlarını dilə gətirir və
müvafiq qurumlara çatdırırlar. Təbidir ki biz bu
halların təkrarlanmasını və əməkdaşlığımıza
kölgə salacaq hansısa neqativ olaylar baş verməsini
istəməzdik. Lakin bununla belə, hər hansı bir neqativ
cəhd olarsa buna qarşı önləyici tədbirlər
zamanında reallaşdırılır. Azərbaycana
qarşı aparılan istənilən kampaniya isə iflasa məhkumdur.
Çünki Azərbaycan güclü dövlətdir, Azərbaycan
hakimiyyəti xalqımızın və dövlətimizin
maraqlarını ən yüksək şəkildə
müdafiə etmək iqtidarındadır. Ona görə də,
kiminsə Azərbaycan haqqında hansısa uydurması, yalan təbliğat
aparması ölkəmizə heç bir ziyan verə bilməz.
Əksinə, bu, həmin təşkilatların və ya şəxslərin
özlərinin mənafelərinə çox ciddi zərbə
vurur.
Səs.-
2013.- 21 may.- S.11.