"Eurovision-2013" Mahnı Müsabiqəsinin
58 illik tarixində Azərbaycanın
növbəti uğuru
Fərid Məmmədov
"Hold me"
mahnısı ilə yarışmada Avropa
tamaşaçılarına möhtəşəm şou göstərdi
2012-ci ildə Bakıda keçirilən "Eurovision" Mahnı Müsabiqəsinin qalibi İsveç təmsilçisi Loreen bu möhtəşəm ümumavropa şousunu ifası və qalibiyyətinin nəticəsi olaraq öz ölkəsinə apardı. Azərbaycan rəsmi şəkildə müsabiqənin açarını isveçlilərə təqdim etdi. Beləliklə, "Eurovision-2013" Mahnı Müsabiqəsi 58 illik tarixini də yaşadı. Yarışma İsveçin Malmö şəhərində "We Are One!" şüarı altında keçirildi.
Bütün iştirakçı dövlətlər kimi Azərbaycanda da müsabiqəyə ciddi, gərgin şəkildə hazırlıq işləri aparıldı. Bu gərginliyin, ciddiliyin nəticəsi olaraq Azərbaycan tarixinə daha bir yaddaqalan hadisə həkk olundu. Təmsilçimiz yarışmanın ikinci yerində qərarlaşdı. Qalib üçlik sırasında yer aldı. Müsabiqənin 58 illik tarixində Azərbaycanın 6 il ardıcıl iştirak etməsinə baxmayaraq, birinci addımdan onluğa düşmüş, sonrakı illərdə əsas yerlərdən birində qərarlaşmışdır.
Qeyd edək ki, Azərbaycanın "Eurovision" Mahnı Müsabiqəsində iştirakının ilk təşəbbüskarlarından biri və bu mötəbər layihədə ölkəmizin iştirakını dəstəkləyən Heydər Əliyev Fondu olub. Avropa ölkələri xalqlarının mədəni hayatında böyük rol oynayan müsabiqəyə ölkəmiz 2008-ci ildən qoşulsa da, qısa bir zamanda qələbələr əldə etdi.
Azərbaycan hər dəfə ilk yerlərdən birini tutmaqla bu layihənin qalibi adına iddiaçı olduğunu qətiyyətlə ortaya qoydu. 2011-ci ildəki yarışma təmsilçilərimizə böyük uğur qazandırdı. 43 ölkə arasında Azərbaycan təmsilçiləri Nigar Camal və Eldar Qasımov 221 xal qazanmaqla, Azərbaycan adını "Eurovision" mahnı müsabiqəsi tarixinə qalib ölkə kimi yazdılar. Bununla da ölkəmiz növbəti yarışmaya ev sahibliyi etmək hüququna yiyələndi. Azərbaycanda müsabiqə ərəfəsində artıq hər şey möhtəşəm şəkildə təşkil olunmuşdu. Şəhərimizin görkəmi, abadlıq işləri, tarixi-mədəni dəyərlərin qabarıq təqdimatı və s. Ən xırda məqamlar nəzərə alınmaqla Azərbaycan qapısını avropalılırın üzünə açdı. Ölkəyə şöhrət gətirəcək tarixi bir gün kimi dünyaya səs saldı. Azərbaycan bütün Avropaya təşkilatçılıq bacarığını və yüksək qonaqpərvərlik ənənəsini təqdim edə bildi. "Eurovision" Mahnı Müsabiqəsi arealının şərqində yerləşən Azərbaycanın bütün Avropaya mədəniyyətini və xalqını tanıtmaq, qonaqpərvərliyinin şahidi olmaq imkanını yaratdı. "Eurovision-2012" Mahnı Müsabiqəsi yarışmanın 57 illik tarixinə yeni səhifəni yazdı. Bu, tarixi hadisə avropalıların yaddaşında işıqlı xatirə tək iz saldı.
AZƏRBAYCAN TƏMSİLÇİSİ
LİDERLİYİNİ QORUYUB SAXLAYA BİLDİ
"Eurovision-2013" Mahnı Müsabiqəsinin qalibi Danimarka təmsilçisi olsa da Azərbaycan təmsilçisi bu yarışmada daim diqqəti üzərində saxlamağı bacardı. Fərid Məmmədov "Eurovision-2013"-ün ən yaraşıqlı iştirakçısı seçildi. Belə ki, o, müsabiqənin kişi iştirakçıları arasında supermodel adını aldı. Onun iki əsas rəqibi Rumıniyadan Sezar və İtaliyadan Marko Menqonini sorğularda çox geridə qoydu. Malmödə aparılan sorğular nəticəsində F.Məmmədov görünüşünə görə kişi iştirakçılar arasında liderlik qazandı. Təbii ki, bu, Azərbaycan xalqına məxsus olan fərdi cizgiləri büruzə verir. Xatırladaq ki, Aysel Teymurzadə də yarışmada "Şərq Gözəli" adını almışdır.
O, diqqət cəlb edən görkəmi ilə bahəm səsi, ifası, səhnə hərəkətləri ilə də diqqətdə oldu. "Eurovision-2013" Mahnı Müsabiqəsi başladığı gündən etibarən həzin səsi, gözəl ifa tərzi ilə seçilən Fərid Məmmədov yarışmanın favoritlərindən hesab olunurdu. Azərbaycan, ümumiyyətlə, bu yarışmada keyfiyyəti ilə seçilirdi. İstər mahnı, istər səhnə performansı, istərsə də iştirakçılarımızın vokal səviyyəsi hər zaman Avropa tamaşaçılarının diqqətini cəlb edir. Bu da ölkəmizin istənilən işə, böyük məsuliyyətlə yanaşdığını bir daha sübut edir. Fərid Məmmədovun səhnə şousu Avropa tamaşaçıları arasında inanılmaz marağa səbəb olmuşdur. Təmsilçiniz bukmeykerlərin və fanatların səsverməsinə görə birinci yerdə idi. Fəridin çıxışını və ifaçılıq bacarığını onun rəqibləri də yüksək qiymətləndirib.
Ölkəmizi bu müsabiqədə təmsil edən Fərid Məmmədov ümidləri doğrultdu və "Hold me" mahnısı ilə Avropanın diqqətini öz üzərinə cəlb etməyi bacardı. Avropa tamaşaçılarına möhtəşəm şou göstərdi. Təmsilçimizin şousunda təmiz, ülvi hiss olan sevgidə baş verən dəyişikliklər səhnə performansındakı qapalı qutuda təcəssüm olundu. Azərbaycanlı təmsilçi geyimindən tutmuş səhnə tərtibatına qədər mükəmməl performans nümayiş etdirdi. Fərid Məmmədovun şousunda xüsusi şüşədə qızılgül ləçəklərinin yayılması diqqəti cəlb edən məqamlardan olmuşdur.
Beləliklə, Fərid Məmmədov yarışmada 234 xalla 2-ci yerə layiq görüldü. Üçüncü pillənin sahibi isə 214 xalla Ukrayna oldu. Azərbaycana yüksək xallar bu ölkələrdən gəldi: İsrail (12), Avstriya (12), Macarıstan (12), Bolqarıstan (12), Rusiya (12), Malta (12), Litva(12), Yunanıstan (12), Gürcüstan (12), Monteneqro (12), Rumıniya (10), Belarus (10) və Ukrayna (10). Moldovadan, Fransadan və Kiprdən Azərbaycana 8 bal verildi. Azərbaycan isə 8 balı Maltaya, 10 balı Gürcüstana, 12 balı isə Ukraynaya verdi.
AZƏRBAYCAN XALQI
İSTEDADLI, SƏNƏTSEVƏR, TARİXİ BİR XALQDIR
Belə səviyyəli uğurlar ani qazanılan nailiyyət kimi qiymətləndirilmir. Bunun kökündə illərlə qələbəyə doğru gedən yol dayanır. Azərbaycanın dünyada yüksələn imici, onun iqtisadi potensialı, gənclərə dövlətin qayğısı və bütövlükdə münbit şərait əsas faktorlardır. Ölkə Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı da məhz dövlətin işıqlı gələcəyini təminatçısına çevrilən gənclərə göstərilən etimadının bariz nümunəsidir. Dövlət tərəfindən həyata keçirilən gənclər siyasəti gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmasına təsirini göstərir. Cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsi, onların intellektual və yaradıcılıq potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi istiqamətindəki işlər hər bir gəncin Azərbaycanın maraqları istiqamətində fəaliyyətini formalaşdırmağa gətirib çıxarır. Məhz bu baxımdan gənclərin potensialının düzgün istiqamətlənməsində, onların istedadanın üzə çıxarılmasında gənclər siyasətinin rolu danılmaz faktordur. Bunun nəticəsidir ki, gəncər dünya ölkələrində belə uğurlara nail olurlar. Dövlətimizin adının və bayrağının dünya dövlətləri sırasında dalğalanması, əlbəttə ki, gənclərin potensial gücünün ortaya qoyulmasında dövlət tərəfindən həyata keçirilən layihələr, islahatlar və s. nəticəsində reallaşır.
"Eurovision -2013" Mahnı Müsabiqəsi bir tarixini də belə yaşadı. Danimarka təmsilçisi
Emmelie De Foresin 281 xal toplayaraq birinciliyi qazandı və beləliklə,
"Eurovision-2014" yarışması Danimarkada baş tutacaq.
Nəzakət ƏLƏDDİNQIZI
Səs.- 2013.- 21 may.- S.7.