Azərbaycan-Avropa Şurası əməkdaşlığının inkişafında müasir durum

 

1999-cu il dekabrın 7-də Azərbaycan Respublikasında fikir və söz azadlığını, mətbuat və jurnalistlərin müstəqilliyini təmin edən, xüsusilə, mətbuat azadlığını məhdudlaşdıran inzibati tədbirlərdən istifadəni istisna edən "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanunla kütləvi informasiya vasitələri üzərində dövlət senzurasına yol verilmir, kütləvi informasiya vasitələrinin istehsalı və yayımı təsisçinin və ya məhkəmənin qərarı ilə müvəqqəti dayandırıla, yaxud ona xitam verilə bilər. Vəzifəli şəxslər tərəfindən hər hansı müdaxilə, o cümlədən, senzura tətbiq etmə, peşə müstəqilliyini pozma, kütləvi informasiya vasitələrinin istehsalını və yayımını dayandırma, tirajı müsadirə etmə və digər hüquqların pozulması Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq mülki, inzibati, cinayət və digər məsuliyyətə səbəb olur.

Azərbaycan Respublikası ilə Avropa Şurası arasında sıx əməkdaşlığın nəticəsi kimi ölkəmizin Avropa Şurası Parlament Assambleyasının 222 (2000) saylı Rəyinə müvafiq olaraq bu təşkilat qarşısında üzərinə götürdüyü və vaxtında yerinə yetirdiyi öhdəliklərdən biri də ölkədə mətbuat azadlığını, media və jurnalistlərin müstəqilliyini  təmin  etmək,  xüsusilə,  mətbuat azadlığını məhdudlaşdıran inzibati tədbirlərdən istifadəni istisna etməkdən ibarət olmuşdur.

Əli Həsənovun fikrincə, bu gün Avropa Şurasında xüsusi fəallığı ilə diqqət çəkən Azərbaycan bu təşkilata qəbuldan ötən beş il ərzində demokratik Qərbin bir hissəsi kimi demokratik və hüquqi dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının adi həyat normasına çevrilməsində çox işlər görmüş, ölkədə çoxpartiyalı plüralist cəmiyyət formalaşmış, azad söz və mətbuat azadlığı gündəlik həyatın ayrılmaz hissəsinə çevrilmişdir. Cəmiyyətdə söz, mətbuat azadlığı sahəsində fəaliyyətin hüquqi tənzimlənməsi üçün parlament tərəfindən   Avropa   Şurası   qarşısında   götürülmüş   öhdəliklərə uyğun olaraq əhəmiyyətli qanunlar qəbul edilmiş, bir sıra ölkə vacib beynəlxalq konvensiya və sazişlərə qoşulmuşdur. Qeyd olunan sahələr üzrə hazırlanmış qanunverici aktların beynəlxalq normalara uyğunlaşdırılması üçün gərgin iş aparılmışdır.

Hal-hazırda ölkədə 600-ə qədər qəzet, 100-ə yaxın jurnal, 30-dan çox müstəqil teleradio şirkəti fəaliyyət göstərir. "Kütləvi İnformasiya Vasitələri haqqında" Qanunun jurnalistlərin akkreditasiyası və kütləvi informasiya vasitələrinin bağlanması prosedurasına dair müddəalarında Avropa Şurasının tövsiyələrinə uyğun olaraq edilmiş dəyişikliklər onların daha da müstəqil olmasına şərait yaratmışdır. Milli Teleradio Şurası yaradılmış, parlamentdə "İctimai televiziya haqqında" Qanun qəbul edilmiş, İctimai televiziya fəaliyyətə başlamışdır. Mətbuata dövlət xətti ilə kredit verilməsinə başlanmış, bir sıra qəzet və jurnalların dövlət nəşriyyatına olan borcu müəyyən müddətə dondurulmuşdur.

Söz azadlığının həyata keçirilməsini asanlaşdırmaq və mətbuatın müstəqilliyini təmin etmək üçün xüsusi qanunverici, təsisatı və başqa tədbirlər görülmüşdür. Çap olunan müstəqil mətbuata müəyyən vacib imtiyaz və güzəştlər verilmişdir. Belə ki, mətbuat məhsulları ƏDV-dən və mənfəət vergisindən azad olunub, habelə, kommunal və rabitə qurğularının istifadəsində bir sıra üstünlüklər nəzərdə tutan Dövlət Proqramı movcuddur. 2002-ci il oktyabrın 5-də Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsis edilmiş Radio-Televiziya Yayımı üzrə Dövlət Şurası 2003-cü ilin yanvar ayında Avropa Şurasının standartlarına uyğun fəaliyyətə başlamışdır.

Bundan əlavə, dövlətin informasiyanı idarə etmək sahəsindəki rəsmi qurumları ləğv edildikdən sonra, 15 mart 2003-cü ildə seçki yolu ilə Avropa standartlarına uyğun olaraq formalaşmış Mətbuat Şurası jurnalistikada peşə standartlarının yüksəldilməsi və onların müdafiəsi, jurnalistlərin sosial məsuliyyətinin artırılması, vətəndaş hüquqlarının təminatı və digər mühüm vəzifələri yerinə yetirmək üçün fəaliyyət göstərir.

Ə.Həsənov göstərir ki, Azərbaycanın Avropa Şurasına üzv olması prosesi xeyli vaxt aparsa da, bəzi qüvvələrin müqavimətinə rast gəlsə də, Heydər Əliyevin prinsipial və ciddi siyasəti Azərbaycanın bu təşkilatın sıralarında təmsil olunmaq arzusunu gerçəkləşdirdi. Bu hadisə beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqelərinin əhəmiyyətli dərəcədə möhkəmləndirilməsinə səbəb oldu.

Bu gün Azərbaycanda beynəlxalq təşkilatlarla həyata keçirilən münasibətlərin nizamlanması prosesində ən önəmli və xüsusi diqqət yetirilmiş sahə Avropa Şurası ilə əlaqələrdir. Sözügedən qurum hələ ki, Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi faktını İslam Konfransı Təşkilatından sonra tanıyan yeganə beynəlxalq təşkilat olaraq qalmaqdadır. Bu məsələnin əhəmiyyətini artıran amil təkcə ondan ibarət deyil ki, Avropa Şurası avropayönümlü bir təşkilatdır və burada erməni lobbisinin təsiri olduqca böyükdür, həm də onunla bağlıdır ki, bu beynəlxalq qurumun dünya ictimai rəyinə təsiri imkanları həddən artıq yüksək qiymətləndirilir və onunla indi bütün dünya hesablaşır. Azərbaycan nümayəndə heyəti digər beynəlxalq qurumlara nisbətən daha çox bu təşkilatda uğur qazanmışdır.

Beləliklə, müasir dövrdə Azərbaycan demokratik transformasiya sahəsində öz konkret, əməli fəaliyyəti ilə, həmçinin, görülmüş bu işlərin və aparılmış islahatların məntiqi nəticəsi kimi Avropa Şurasının üzvlüyünə layiq olduğunu sübuta yetirir. Üzünü birmənalı şəkildə Avropaya: onun humanist və demokratik dəyərlərinə inteqrasiya səmtinə tutan respublikamız tarixən çox qısa bir müddətdə xeyli uğura nail olmuşdur. Bütün çətinliklərə və məhrumiyyətlərə baxmayaraq, ölkədə sərbəst bazar iqtisadiyyatının formalaşdırılması istiqamətində aparılan islahatlar, çoxpartiyalı sistem, söz və mətbuat azadlığının bərqərar edilməsi, insan haqlarının qorunmasının ön plana çəkilməsi, yeni qanunvericilik sisteminin yaradılması, demokratik qaydalar əsasında prezident, parlament və bələdiyyə seçkilərinin keçirilməsi, Şərqdə ilk dəfə olaraq ölüm hökmünün ləğv edilməsi və digər müsbət proseslərə münasibət bildirən Prezident Heydər Əliyev Avropa Şurası Parlament Assambleyasının sessiyasındakı çıxışında qürur hissi ilə qeyd etmişdir: "Bu gün Azərbaycanda demokratik inkişaf prosesi dönməz xarakter alıbdır, azadlığın və qanunun aliliyinin möhkəm təminatı yaradılıbdır. Azərbaycanın Avropa Şurasına qəbul edilməsi onun nəinki müstəqil, suveren, demokratik, dünyəvi dövlət kimi tanınmasıdır, həm də Avropa ailəsinin bərabərhüquqlu üzvü kimi Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin başlanğıcıdır" .

Avropa Şurası Parlament Assambleyasının 2013-cü il sessiyasında Azərbaycan üç müxtəlif hesabatlarla müzakirə olunmuşdur. 2013-cü il yanvarın 23-də keçirilən iclasda Azərbaycan üzrə iki hesabat - Christoph "Strasserin "Azərbaycanda siyasi məhbuslar məsələsinin ardı" və həmməruzəçilər Pedro Agramunt və Joseph Debono Grechin "Azərbaycan tərəfindən öhdəliklərin və vəzifələrin yerinə yetirilməsi" - və bu hesabatlara təklif olunan dəyişikliklər müzakirə olunmuş, bu qətnamə layihələri üzrə səsvermə keçirilmişdir.

*AŞPA həmməruzəçiləri hesabat hazırlayıb,

*Strasser siyasi məhbuslar siyahısına dəyişiklik etmişdir,

*Avropa Şurası Azərbaycanda korrupsiya ilə bağlı hesabat dərc edib.

Yanvarın 24-də isə məruzəçi Mats Johansson "Avropada mətbuat azadlığının durumu" hesabatını təqdim etmiş, hesabat müzakirə olunmuş və qəbul edilməsi haqqında səsvermə keçirilmişdir.

 

Strasserin hesabatı

 

Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi Christoph Strasserin hesabatında çıxardığı nəticələr:

Azərbaycan nümayəndələri onun irəli sürdüyü "praqmatik və konstruktiv" təklifləri qəbul edib dəstəkləsələr "mənim yanlış olduğumu sübut edə bilərlər".

 

Agramunt/Grech hesabatı

 

Azərbaycan tərəfindən öhdəliklərin və vəzifələrin yerinə yetirilməsi üzrə həmməruzəçilər Pedro Agramunt və Joseph Debono Grech Azərbaycanın Avropa Şurasına 2001-ci ildə daxil olmasını və qəbul etdiyi öhdəlikləri qeyd edib.

Hesabatın girişində qeyd olunur ki, Azərbaycan qanunvericiliyə lazımi dəyişikliklər edib.

Qərar layihəsində Azərbaycanın geosiyasi konteksti, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın "Avropa lehinə istəkləri" müsbət qarşılanır, lakin Assambleya Azərbaycan hakimiyyətini aşağıdakı məsələlərə diqqət etməyə çağırır:

Plüralist demokratiyaya doğru addımlar atmaq,

Siyasi partiyaların maliyyələşdirilməsi korrupsiyaya qarşı mübarizə haqqında Klikləyin-GRECO-nun tövsiyələrinə dair hərəkət etmək,

Məhkəmə hakimiyyətinin müstəqilliyini təmin etmək,

İfadə azadlığına, sərbəst toplaşmaq azadlığına, birləşmək azadlığını inkişaf etdirmək.

 

Johanssonun hesabatı

 

"Avropada mətbuat azadlığının durumu" adlanan hesabatda 2010-2012-ci illər arasında 14 ölkədə mətbuat azadlığının "ciddi" pozulması haqqında müşahidələr qeyd olunur. Bu ölkələr arasında Ermənistan, Rusiya Britaniya da var.

Məruzəçi Mats Johanssonun çıxardığı nəticələrindən biri odur ki, polis məhkəmə işçiləri jurnalistləri qorumalıdır.

Təəssüf ki, bu hesabatlarda yanlışlıq çoxdur. Yaxşı olar ki, həmməruzəçilər Ermənistanın terrorçu dövlət olduğunu diqqətə çatdırsınlar. Həmməruzəçilərin "qərəzli" birtərəfli hesabatları Azərbaycan-AŞ əlaqələrinə xələl gətirə bilər.

 

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2013.- 22 may.- S.15.