Sənətdə özünü peşəkarlığı ilə təsdiqləyən sənətkar

 

   Mehdi Məmmədov - 95

 

    22 may Azərbaycanın tanınmış rejissoru və aktyoru Mehdi Məmmədovun doğum günüdür 

               

    Azərbaycan rejissorluq sənəti tarixində xüsusi yeri olan Mehdi Məmmədovun quruluş verdiyi tamaşalarda idrakin gücü zərifliyə və emosiyaya, psixoloji çalarlardan zəmin tapan lirizmə qovuşaraq tamaşaçını düşüncələr aləminə aparır. Onun quruluş verdiyi tamaşalar obrazların xarakterini açan ifadə vasitələrindəki rəngarənglikdən irəli gəlirdi. Bu gün belə bir sənətkarın doğum günüdür.

    1918-ci il may ayının 22-də Şuşada doğulsa da, məktəb təhsilini Bakıda alıb. Yeddinci sinifdən Bakı Türk İşçi Teatrının tamaşalarında kütləvi səhnələrə çıxan Mehdi Məmmədov Bakı Teatr Məktəbini bitirib. Həmin il Moskvada ali rejissor təhsili almağa gedib. 1940-ci ildə Gəncə Dövlət Dram Teatrında Məmmədhüseyn Təhmasibin "Bahar" dramını diplom işi kimi tamaşaya hazırlayıb. Təyinatla Gəncəyə göndərilən gənc rejissor 1945-ci ilin yay mövsümünün sonunadək burada işləyərək sentyabrda Bakıya gəlib. Burada müxtəlif sənət ocaqlarında, əsasən, monumental səpkili tamaşalar hazırlayıb. Ayrı-ayrı illərdə Gəncə Dövlət Dram Teatrında, Milli Dram Teatrında, Opera və Balet Teatrında, Azərbaycan Dövlət Rus Dram Teatrında baş rejissor kürsüsünü tutub. Sıravi quruluşçu rejissor kimi ən çox Milli Dram Teatrında quruluşlar verib. 1945-cı ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs deyib, kafedra müdiri vəzifəsində çalışıb. 1968-ci ildə "Azəri dramaturgiyasının estetik problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1960-cı ildən professor vəzifəsini tutan, sənətşünaslıq doktoru Mehdi Məmmədov "Azəri dramaturgiyasının estetik problemləri", "Teatr düşüncələri", "Teatrlar. Aktyorlar. Tamaşalar", "Hüseyn Ərəblinski", "Onun sənət ulduzu", "Moskva Akademik Bədaye Teatrı", "Aleksandr Tuqanov" (rus dilində), "Rejissor sənəti", "Sabit Rəhman" və digər kitablarını qələmə almışdır. Sənətdə qazandığı uğurlara görə Mehdi Məmmədov respublikanın əməkdar incəsənət xadimi, xalq artisti və SSRİ xalq artisti  fəxri adlarına layiq görülüb. Akademik teatrda hazırladığı Hüseyn Cavidin "İblis" faciəsinə görə 1984-cü ildə Azərbaycan Dövlət mükafatı ilə təltif olunub.

    Onun Milli Dram Teatrında ilk işi 1946-cı ildə Şekspirin "On ikinci gecə" komediyasının tamaşası olub. Müəyyən fasilələrlə bu sənət ocağında Cəfər Cabbarlının "Yaşar", Aleksandr Fadeyevin "Gənc qvardiya", Sabit Rəhmanın "Aydınlıq", "Əliqulu evlənir", Lope de Veqanın "Rəqs müəllimi", Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq", Məmmədhüseyn Təhmasibin "Çiçəklənən arzular", Nikolay Qoqolun "Müfəttiş", Karlo Haldoninin "Mehmanxana sahibəsi", İmran Qasımovla Həsən Seyidbəylinin "Uzaq sahillərdə", Mehdi Hüseynin "Alov", Mirzə İbrahimovun "Kəndçi qızı", Lev Tolstoyun "Canlı meyit", Hüseyn Cavidin "Xəyyam"  və "İblis", Səməd Vurğunun "İnsan", Maksim Qorkinin "Meşşanlar" və s. əsərlərinə müxtəlif janrlarda səhnə həyatı verib. Opera və Balet Teatrında Fikrət Əmirovun "Sevil", Leo Delibin "Lakme", Cahangir Cahangirovun "Azad", Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun", "Koroğlu", Cakomo Puççininin "Toska" operalarına quruluş verməklə, bu teatrda fəlsəfi-monumental teatrın imkanlarına genişlik açıb. Rus Dram Teatrında Maksim Qorkinin "Həyatın dibində" və Mixail Şatrovun "Mənim Nadejdalarım" dramlarının quruluşçu rejissoru olub.

    Mehdi Məmmədov səhnə sənətinə aktyorluqla başlayıb. Teatr məktəbində Karl Moor ("Qaçaqlar", Şiller), Hacı Əhməd ("Almaz", Cəfər Cabbarlı), Moskvada Lunaçarski adına Ali Teatr Sənəti İnstitutunda Evstiqneyko ("Günəş övladları", Maksim Qorki), Neznamov ("Günahsız müqəssirlər", Aleksandr Ostrovski) rollarını oynayıb. İşçi teatrında Süleyman Rüstəm və Hacıbaba Nəzərlinin "Yanğın", Seyid Hüseynin "Kölgə" dramlarındakı Gənc aqronom və Bəxtiyar, Gəncə teatrında Səməd Vurğunun "Vaqif", "Xanlar", Mirzə İbrahimovun "Madrid", Məmmədhüseyn Təhmasibin, "Bahar", Mehdi Hüseynin "Nizami" pyeslərinin tamaşalarında Eldar, Söhbət, Karton, Qaya və Əbdək rollarında səhnəyə çıxıb. Akademik teatrda isə "Alov"da Kamalov, "Canlı meyit"də Protasov, "Xəyyam"da Xəyyam, "Meşşanlar"da Terenti Teterov rollarında çıxış edib. "Azərbaycanfilm"in 1959-cu ildə istehsal etdiyi "Onu bağışlamaq olarmı?" filmində Qaya roluna çəkilib. Radio teatrında Şekspirin "Hamlet" faciəsində baş rolu səsləndirib. Zəngin elmi təfəkkürə malik olan Mehdi Məmmədov milli teatrşünaslıq elmimizin inkişafında, resenziya janrının formalaşmasında səmərəli fəaliyyət göstərib. 1971-1976-cı illərdə Azərbaycan Teatr Cəmiyyətinin (hazırki Teatr Xadimləri İttifaqı) sədri seçilib. Görkəmli alimin yazdığı və dərslik kimi keçilən "Rejissor sənəti", "Həyat və sənət yollarında", "Mah teatr" kitabları elmi dəyərlərini bu gün də saxlamaqdadır. Mehdi Məmmədovun rejissor üslubunun fərdi keyfiyyətlərini qısaca belə ifadə tmək olar:  Mehdi Məmmədov aktyorun rol-obraz üzərində analitik təhlilini əsas, mühüm prinsip kimi götürürdü. Mehdi Məmmədov pauzaların psixoloji nöqtəsini tamaşanın əsas akkordu ilə ustalıqla birləşdirirdi. Mehdi Məmmədov tamaşalarında (hətta ailə-məişət mövzulu əsərlərin səhnə həllində də) ictimai motivləri fəlsəfi dərinliyin gur işığı ilə ziyalandırırdı. Mehdi Məmmədov məzmun və forma vəhdətini möhtəşəm monumentallıqda təcəssüm etdirirdi. Bu məqsədlə tərtibatçı, rəssamlarla yaradıcı tələbkarlıqla işləyirdi. Mehdi Məmmədovun janrından asılı olmayaraq, hazırladığı səhnə əsərlərində idrakın gücü zəriflik və emosiya ilə, psixoloji çalarlardan qidalanan lirizmlə ahəngdar cazibə yaradırdı. Mehdi Məmmədov tamaşanın ali məqsədini psixoloji münasibətlərin, əqidə mübarizələrinin mahiyyətində, fərdin dünyanı dərkində axtarırdı. Mehdi Məmmədov kəskin epizodlarda verdiyi ən mürəkkəb mizanlarda da müəyyən dinamik, musiqili, poetik və ifadəli ritmə əsaslanırdı. Mehdi Məmmədov janr əlvanlığına az, ancaq cəsarətlə meyil edirdi. Mövzunu janrın qanunları çərçivəsində, cəmiyyətin ictimai-sosial, çağdaş mənəvi-əxlaqi problemləri ilə əlaqələndirirdi. Mehdi Məmmədov cəmiyyətdə olduğu kimi, sənətdə də özünütəsdiq mövqeyində dayanırdı. Mehdi Məmmədovun rejissurası bütövlükdə realist monumentallığı və fəlsəfi dərinliyə geniş meydan açması ilə səciyyəvidir.

             

 

ZÜMRÜD   

 

Səs.- 2013.- 22 may.- S.12.