Avropa İttifaqı XX əsrin sonlarında

 

Avropa İttifaqının perspektivlərini mənfi qiymətləndirən tədqiqatçılar isə bu qurumun milli-dövlət institutlarını, milli cəhət və dəyərləri ləğv etdiyini, millətçilik və etnik münaqişələri qızışdırdığını iddia edərək, onun gələcək perspektivlərinə şübhə ilə yanaşırlar. Onların fikrinə görə, Avropada inteqrasiya müharibədən sonra iflas həddinə çatmış dövlət və xalqların məcburiyyət qarşısında birləşmək meyillərindən yaranmış və bu proses müəyyən dövrdən sonra geriyə doğru inkişaf edəcək. Avropa inteqrasiyasını təbii, obyektiv və bütün dünyada tətbiq edilə biləcək universal təcrübə kimi dəyərləndirənlərlə barışmayan bu siyasətşünaslar Avropa İttifaqının vahid federativ dövlət istiqamətində inkişafını qeyri-mümkün sayırlar.

Əslində, Avropa İttifaqının fəaliyyətinin hüquqi mahiyyətinə baxsaq, bu qurum bir regionda yaşayan dövlətlərin birgə yaratdığı beynəlxalq təşkilat (institut) kimi yaranmış, üzv dövlətlərin iqtisadi, sosial siyasi və digər fəaliyyətlərini tənzimləmək funksiyalarını icra etmişdir. Sonradan üzv dövlətlər könüllü şəkildə özlərinin bəzi hüquqlarından imtina edərək birliyin dövlətüstü və dövlətlərarası institutlarını yaradırlar. Bu institutlar getdikcə inkişaf edərək birlik ölkələri üçün vahid vergi, tarif, viza, iqtisadi, sosial və başqa sahələrə uyğun fəaliyyət proqramları hazırlayır və icra edir. Beləliklə, Avropa İttifaqı tədricən üzv dövlətlərin fəaliyyətini hamı üçün vacib hesab olunan beynəlxalq hüquq normaları və bu normaları icra edən dövlətlərarası, dövlətüstü qurumların fəaliyyətinə tabe etdirərək, konfederativ bir quruma çevrilir.

Ə.Həsənov yazır ki, konfederasiya elə bir quruluşdur ki, onun tərkibinə daxil olan subyektlər öz müstəqilliklərini tam saxlamaqla, özünün məxsusi dövlət-hakimiyyət orqanlarına malik olmaqla yanaşı, bu subyektlərin razılaşdırılması sahələr üzrə birgə fəaliyyətinin həm məzmununu, həm formasını, işləyib hazırlayan, hamı üçün məqbul şəkilə salan, tənzimləyən və idarə edən ümumi hakimiyyət subyektləri də mövcud olur. Konfederasiya subyektləri bu halda ayrıca bir dövlət quruluşu deyil, ittifaq (birlik)  formasında mövcud olur. Avropa İttifaqında bu, özünü çox aydın şəkildə göstərir. Lakin Avropa İttifaqında federasiyanın da əlamətləri özünü göstərməkdədir.  Məsələn, birliyin vahid valyutasının, vahid məhkəməsinin mövcudluğu, vahid vətəndaşlıq istiqamətində hərəkətindən xəbər verir.

Avropa İttifaqı ölkələri müasir dünyada və regionda gedən proseslərə vahid yanaşma prinsipi və eyni mövqe nümayiş etdirir. Bu anlamda birlik üzvləri beynəlxalq münasibətlər sistemində öz yerini və rolunu, ona vahid bir tam kimi yanaşılmanı təsdiqlədə bilmişdir.

Avropa İttifaqı  hazırda Mərkəzi və Şərqi Avropa, Cənubi Qafqaz, Rusiya, Baltikyanı ölkələri ilə münasibətlərə dair xüsusi proqramlar çərçivəsində iş aparır. Bu  proqramların əsas məqsədi və mahiyyəti qitə ölkələri arasında eninə və dərininə görə müxtəlif səviyyəli inteqrasiya əlaqələrini genişləndirmək onların birlik ölkələri ilə münasibətlərini tənzimləməkdən ibarətdir.

Avropa İttifaqının Şərqi Avropa dövlətləri ilə yaxılaşmaq, onları ümumavropa inteqrasiyasına cəlb etmək siyasəti onun genişlənməsi və eninə inkişaf etməsi sahəsində son 15 ildə həyata keçirdiyi ən önəmli proqram hesab olunur. Birliyin rəsmi qurumlar tərəfindən "Şərq siyasəti" adlandırılan bu proqram 1985-1986-cı illərdən başlamış, sosializm düşərgəsinin və SSRİ-nin dağılmasından sonra-birliyin "prioritet" siyasəti sırasına çıxarılmışdır. O vaxta qədər siyasi və ideoloji sədlər Avropa qitəsi ölkələrinin təbii yaxınlaşmasına və iqtisadi inteqrasiyasına ciddi maneçilik törədirdi. Qərbi Avropa dövlətlərinin iqtisadi inteqrasiyası fonunda Şərqi Avropa ölkələri SSRİ ilə birlikdə "Qarşılıqlı İqtisadi Yardım Şurası" (QİYŞ) adlı birlik tərkibində bütün Qərb ölkələri ilə rəqabət aparırdı. Odur ki, 70-80-ci illərdə Avropanın dünya ticarətindəki 50-52%-lik payının cəmi 1-2%-i Şərqi və Qərbi Avropa ölkələri arasındakı ticarətə düşürdü.

80-ci illərin ortalarından Polşa və Macarıstan sosialist səddini yararaq Qərbi Avropa dövlətləri ilə iqtisadi əlaqələrini genişləndirir və Avropa İttifaqı ölkələri ilə müştərək layihələr həyata keçirrməyə başlayır. Politoloqların qeyd etdiyi kimi, 1988-ci ildə sosializm düşərgəsində başlanan demokratikəşmə ab-havası ilk dəfə Avropa Birliyi ilə QİYŞ ölkələri arasında əməkdaşlıq haqqında bəyannamənin imzalanmasına imkan verdi. Bunun ardınca 1989-90-cı illərdə Şərqi Avropada sosializmin iflası baş verdi və keçmişdə QİYŞ üzvü olan dövlətlər Avropa İttifaqına  inteqrasiya olmaq arzularını açıq bəyan etdilər. Avropa İttifaqının ayrı-ayrı institutları ilə rəsmi əlaqələr quruldu, demokratik inkişaf yoluna qədəm qoymuş Avropa ölkələri ilə birliyin münasibətlərinin vahid strategiyası hazırlandı.

"Vahid Avropa evi" adlanan bu konsepsiyanın mahiyyəti Avropa qitəsində dövlətlərin iqtisadi, siyasi, sosial və mədəni inteqrasiyasını eninə və dərininə genişləndirməkdən ibarətdir. İlkin olaraq, dövlətlər üç qrupa bölünürdü: 1) Avropa İttifaqının 15 üzvü; 2) Keçmişdə QİYŞ üzvü olan Şərqi və Mərkəzi Avropa dövlətləri, Türkiyə, Malta, Kipr və üç Baltikyanı ölkə - Latviya, Litva, Estoniya; 3) Avropa Şurasına daxil olan digər dövlətlər, o cümlədən, keçmiş Yuqoslaviya respublikaları, Albaniya, Rusiya, Ukrayna, Moldova, Azərbaycan, Gürcüstan, Ermənistan və başqaları.

İkinci qrupa daxil olan dövlətlərə hərtərəfli yardım çərçivəsində onlarda başlanan demokratikləşmə proseslərinə iqtisadi, sosial və siyasi islahatlara dəstək vermək, özəlləşmə işlərini sürətləndirmək və s. işlər birlik üzvlərinin qarşısında prioritet vəzifə kimi qoyulur. Üçüncü qrup ölkələrdə Avropa İttifaqı ilə partnyorluq əlaqələri yaratmaq, qonşuluq proqramı çərçivəsində onların inteqrasiyaya doğru hərəkətlərini stimullaşdırmaq da 90-cı illərin sonundan başlayaraq Avropa İttifaqının gündəliyinə çıxarılır.

Qısa müddətdə Polşa, Macarıstan, Çexiya, Slovakiya, Rumıniya, Bolqarıstan, Latviya, Litva və Estoniyanın iqtisadi həyatında struktur islahatlarının həyata keçirilməsinə, onların Avropanın azad ticarət əlaqələrinə qoşulmasına, Qərb təcrübəsi əsasında dövlət idarəçiliyinin yaranmasına, bu ölkələrdə bazar iqtisadiyyatı mexanizmlərinin, demokratik cəmiyyət və hüquqi dövlət quruculuğunun bərqərar olmasına ciddi yardım və dəstək göstərilir. Beynəlxalq Valyuta Fondu, Beynəlxalq İnkişaf və Yenidənqurma Bankı, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı instirutları və başqa beynəlxalq maliyyə-iqtisadi qurumlarının proqramları çərçivəsində bu ölkələrə yardımlar təşkil olunur, maliyyə və kredit xətləri açılır və üç il müddətinə onlara 24 milyard dollar vəsait ayrılır.

Avropa İnkişaf və Yenidənqurma Bankının xüsusi - Şərqi Avropa Təşkilatı yaradılır və bütün maliyyə əməliyyatlarının koordinasiyası təşkil olunur. Bu ölkə vətəndaşlarının Qərbi Avropada təhsil alması, ixtisas kursları keçməsi, dövlət və maliyyə idarəçiliyi üçün menecerlər hazırlanması və s. problemlər həll olunur.

1992-1994-cü illərdə Şərqi və Mərkəzi Avropa ölkələrinin bir neçəsi - Polşa, Macarıstan, Çexiya, Slovakiya, Sloveniya, Bolqarıstan və Rumıniya ilə Avropa İttifaqı arasında əməkdaşlıq və assosiativ üzvlük haqqında sazişlər imzalanır. 1994-96-cı illərdə isə əvvəl Macarıstan və Polşa, sonra Rumıniya, Slovakiya, Latviya, Litva, Estoniya, Bolqarıstan, Çexiya və Sloveniya birliyə qəbul edilmək haqqında müraciət edirlər. 2004-cü ilin may ayında Türkiyə, Bolqarıstan, Rumıniya (müəyyən meyarlar üzrə birlik standartlarına cavab vermədikləri üçün) istisna olmaqla qalan dövlətlər, eləcə də, Kipr və Malta daxil olmaqla (cəmi 10 dövlət) birliyin tam bərabərhüquqlu üzvlüyünə qəbul edilirlər. Beləliklə, Avropa İttifaqı Qərbi Avropanın 15 dövlətinin hərtərəfli inteqrasiya prosesinə Mərkəzi və Şərqi Avropa, Baltikyanı və Aralıq dənizi hövzəsinin daha 10 dövlətini qatır.

Avropa İttifaqı son illərdə Avropa Şurasına üzv olan postsovet dövlətləri və birliyin üzvü olmayan digər ölkələrlə də çox ciddi iş aparır. Bu iş əsasən, xüsusi proqramlar çərçivəsində qloballaşma və regional inteqrasiyaya cəlb etmək məqsədi daşıyır. Digər tərəfdən, onların daxili həyatında struktur islahatlarının aparılmasına, demokratik transformasiyasına, iqtisadiyyatının liberallaşmasına yönəlib ki, bu da gələcəkdə həmin dövlətlərin Avropa İttifaqına inteqrasiya istiqamətində irəliləməsinə xidmət edir.

Avropa İttifaqının, demək olar ki, bütün orqanları ümumavropa miqyasında siyasi plüralizm, insan hüquqlarının təmin edilməsi kimi fundamental prinsiplərdən çıxış edirlər. Bundan başqa, Avropada hamı üçün qlobal əhəmiyyət kəsb edən ümumi problemlərin - milli və dini azlıqlar , ətraf mühitin qorunması, narkomaniya, beynəlxalq terrorizm, AİDS və s. məsələlərin həlli bütün orqanlarının vəzifələri sırasındadır.

Ə.Həsənov yazır: "Avropa İttifaqı sərhədlərinin genişləndirilməsi, qitə ölkələrinin siyasi, qanunvericilik və konstitusiya quruculuğunun demokratikləşməsi və universallaşması,  onların vahid iqtisadi, sosial və mədəni məkana çevrilməsi ittifaqın yeritdiyi siyasətin əsas məqsədlərindən birini təşkil edir. Bundan başqa, birlik ölkələrinin Avropa qitəsinin xaricində fəaliyyətinə hərtərəfli şərait yaratmaq məqsədilə ittifaqın əsas orqanları bu ölkələri də "hüquq və demokratiya" məkanına qatmaq, onların siyasi, iqtisadi, qanunverici və sosial həyatını ümumi standarta gətirmək üçün xüsusi fəaliyyət göstərirlər.

Avropa İttifaqının qloballaşma siyasətinin mühüm cəhətlərindən biri də "regionlaşma" proqramına əhəmiyyət verməsindədir. Bu siyasətin əsas mahiyyəti milli sərhədləri nəzərə almadan konkret bir regionda iqtisadi, mədəni, sosial və investisiya proqramı reallaşdırmaq və nəticədə, həmin bölgəni müəyyən sahə üzrə ixtisaslaşdırmaqdan ibarətdir. Özü də bu siyasət təkcə Avropa qitəsində deyil, dünyanın əlverişli əhəmiyyəti olan istənilən bölgəsində həyata keçirilir. Məsələn, Avropa İttifaqının Orta Asiya, Cənubi Qafqaz və Xəzər regionunda həyata keçirdiyi enerji və nəqliyyat- kommunikasiya siyasəti buna misal ola bilər. Orta Asiya və Xəzərin karbohidrogen və digər xammal ehtiyatlarını vahid sistem üzrə mənimsəmək, dünya bazarına çıxarmaq, Avropanın qabaqcıl texnologiyasını regionda tətbiq etmək, regionu vahid iqtisadi fəaliyyət məkanına və satış bazarına çevirmək, əmək resurslarından birgə istifadə etmək məqsədilə bu bölgədə siyasi, iqtisadi, sosial, qanunvericilik, gömrük, vergi və tarif siyasətinin Avropa standartlarına uyğunlaşdırılması və universallaşdırılmasına hər cür dəstək verir. 1994-cü ildə Avropa Şurasında "Yerli özünüidarəetmə Xartiyası" adlı üzv dövlətlər üçün istinad sənədi qəbul etməklə, regionlaşmanın sosial idarəçiliyinin həyata keçirilməsində vahid prinsiplər təsdiq olundu. Bu sənəd və 1996-cı ildə Avropa Regionları Assambleyasının qəbul etdiyi "Avropada regionçuluq deklarasiyası" Avropa İttifaqının qloballaşma siyasətində nümayiş etdirdiyi "regionçuluq" proqramının, bilavasitə, məqsədlərini müəyyən edirdi. Hər iki sənəd milli sərhəd məhdudiyyətlərindən kənar olaraq insan hüquq və azadlıqlarını, azad ticarət və mülkiyyət maraqlarını ictimai münasibətlərin əsas tələbi kimi qloballaşmaya cəlb olunan istənilən region siyasətinin əsası elan edir. Bu maraqlar heç bir digər maraqlar, o cümlədən, milli dövlət və digər mənafelər adı altında məhdudlaşdırıla, yaxud pozula bilməz. Bundan başqa, regionlara vergi, mədəniyyət, sosial və digər yerli əhəmiyyətli məsələlərdə  müəyyən   sərbəstlik,   özünəməxsusluq   nümayiş etdirməyə, bu proseslərin daha çox dövlət səviyyəli siyasi idarəçilik vasitəsilə deyil, yerli özünüidarəetmə mexanizmləri ilə tənzimləmək tövsiyə olunur. Bütün bunlar Avropa İttifaqının qloballaşma prosesində daha çox öz milli maraqlarını ön plana  çəkən mərkəzi dövlət qurumları ilə müqayisədə iqtisadi, sosial və yerli əhəmiyyətli maraqları ilə kifayətlənən region qurumları, yerli özünüidarəetmə strukturları ilə işə daha artıq üstünlük verməsinə xidmət edir. Avropa İttifaqını hansısa milli dövlətlərin dövlət maraqları az düşündürür. Onu düşündürən fundamental insan hüquq və azadlıqlarının, azad ticarətin, kapitalın, texnologiyanın sərbəst hərəkətinin təmin olunması və qorunmasıdır.''

Regionlara beynəlxalq aləmlə sərbəst iqtisadi, sosial və mədəni əlaqələr qurmaq üçün hər cür şərait yaradılır və bu fəaliyyət ittifaqın bütün səviyyələrində dəstəklənir. Bu işdə Avropa İttifaqının "İNTERREQ" (Beynəlxalq region) proqramı xüsusi əhəmiyyət kəsb edir. Bu proqram 1980-ci ildən başlayaraq, əvvəl ittifaq üzvü olan dövlətlərin ümumi sərhədləri çərçivəsində, 2000-ci ildən başlayaraq isə Qərbi, Mərkəzi və Şərqi Avropada geniş tətbiq olunur. Proqramın əsas məqsədi hansı dövlətə məxsus olmasından asılı olmayaraq vahid iqtisadi sərhəd və kommunikasiya sistemi ilə bir-birinə bağlanmış beynəlxalq regionlar yaratmaqdan, bu regionda sərhədsiz əməkdaşlıq telləri ilə bağlı olan ərazi birlikləri və ərazi hakimiyyət orqanlarının fəaliyyət göstərməsinə dəstək verməsindən ibarətdir. Beləliklə, Avropa dövlətlərinin birliyinin tədricən Avropa regionlarının birliyinə transformasiya etdirməklə qloballaşmanın "milli dövlət maraqları" çərçivəsindən çıxarmaq və daha çox yerli və ümumi maraqları ilə təmsil olunan insanların ümumi mənafelərinə uyğunlaşdırmaq Avropa İttifaqının regionlaşma siyasətinin əsas qayəsini təşkil edir.

 

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2013.- 23 may.- S.15.