Heydər Əliyev siyasəti Azərbaycan dövlətinin və xalqının firəvan gələcəyinə xidmət edir

 

Müsahibimiz Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovdur

 

- Hüseyn müəllim, bugünlər Azərbaycanda və xarici ölkələrdə Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi böyük təntənə ilə qeyd olundu. Ulu öndər Heydər Əliyev haqqında danışarkən Onun böyük siyasi və dövlət xadimi kimi tariximizdəki rolu haqqında nə demək istərdiniz?

- Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, sosial-siyasi həyatda tərəqqinin Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olması tarixi bir faktdır. Məhz bu illərdə Heydər Əliyev rəhbəri olduğu Azərbaycanın bütün məsulliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət, xalqımızı isə bir millət kimi tarixin ağır və sərt sınaqlarından uğurla çıxarmış, müasir Azərbaycanın etibarlı bünövrəsini yaratmışdır.

Bu gün biz fəxrlə deyirik ki, Azərbaycan dövlətini dünya dövlətləri arasında irəli çıxaran, ölkəmizi parçalanmaq təhlükəsindən xilas edən, respublikamızın inkişafına möhkəm zəmin yaradan məhz Ulu öndər Heydər Əliyev olmuşdur. Tarixi təcrübə sübut edir ki, yalnız güclü siyasi lider yetişdirən xalqlar onların gücü, iradəsi sayəsində öz milli sərvətlərinə sahib olmaq və onları gələcək inkişafa yönəltmək imkanı qazanırlar. Heydər Əliyev də Azərbaycan xalqı üçün eyni missiyanı yerinə yetirmişdir. Bu böyük dövlət adamının irəli sürdüyü strategiya indiki nəslin gözü önündə reallığa çevrilmişdir. Ölkəmizin bugünkü uğurları, müstəqilliyimizin daha da möhkəmlənməsi Heydər Əliyev yolunun, Ulu Öndərin azərbaycançılıq ideyasının davamıdır.

Fenomenal yaddaşa, yüksək intellektə, geniş dünyagörüşünə, aydın təfəkkürə və dəmir məntiqə malik Heydər Əliyevin beynəlxalq siyasət, iqtisadiyyat, sənaye, maarif, elm, təhsil, ekologiya, ətraf mühit, səhiyyə, mədəniyyət, tarix, hüquq, ədəbiyyat, incəsənət və s. vacib sahələrin dünəni, bu günü, gələcəyi ilə bağlı ideyaları son dərəcə önəmli və faydalıdır. Bu ideyalar Azərbaycan dövlətinin gələcək inkişafı üçün də əvəzsiz məktəbdir.

Azərbaycanın bu gün əldə etdiyi uğurlar, beynəlxalq aləmdəki nüfuzu Heydər Əliyevin həyata keçirdiyi siyasət nəticəsində qazanılmışdır. Bu bir reallıqdır ki, məhz Onun xalqın rəyinə əsaslanmaqla gerçəkləşdirdiyi müdrik və uzaqgörən siyasət ölkəmizin XXI əsrin başlanğıcında regional liderliyini təmin etmişdir.

Ümummilli lider Heydər Əliyev Azərbaycan tarixinin canlı əfsanəsi idi və bu gerçəkliyi bizimlə bərabər, bütün dünya etiraf edir. Sağlığında olduğu kimi, əbədiyyətə qovuşandan sonra da O, hər zaman yüksəklikdə, zirvədədir. Onun adı daim əbədi yaşayır, milyonların tükənməz sevgi və ehtiramını qazanıb və Ona ən böyük abidə də məhz xalqın qəlbində ucaldılıb.

Azərbaycan xalqının Ulu öndərin xatirəsinə böyük ehtiramının parlaq nümunəsidir ki, Ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində “Heydər zirvəsi”nə yürüşün təşkili artıq xoş bir ənənəyə çevrilmişdir və respublikanın müxtəlif bölgələrindən bu aksiyaya qoşulanların sayı ilbəil artmaqda davam edir.

- Sizcə, Heydər Əliyev ideyaları Azərbaycanın gələcək inkişaf perspektivində nə dərəcədə rol oynayır və bu ideyaların dəyəri xalqımız üçün hansı imkanları açır?

- Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətində yalnız Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və inkişafı prioritet yer tuturdu. O, böyük azərbaycanlı idi və bununla fəxr edirdi. Bu dahi şəxsiyyəti yaxından tanıyan hər bir siyasi xadim Onun haqqında danışanda Heydər Əliyevin xalqı, Vətəni üçün çox böyük işlər gördüyünü, müstəqil Azərbaycan dövlətini qurduğunu, onu qoruduğunu və inkişaf etdirdiyini xüsusi qeyd edirlər. Ümummilli liderimiz Azərbaycanın dövlətçiliyi üçün mümkün olan hər bir işi görmüşdür. Onun təməlini qoyduğu böyük ideyalar gerçəkləşdikcə çox xarüqələrin şahidi, iştirakçısı olacağıq. Zaman keçdikcə, Onun ideyaları reallaşdıqca biləcəyik ki, böyük Öndər Azərbaycanın çoxəsrlik inkişaf proqramını işləyib, bizim üçün miras saxlamışdır. Biz hər dəfə onun uzaqgörənliyi, müdrikliyi, xalqa və vətənə sonsuz sevgisi qarşısında heyrətlənəcəyik. Görəcəyik ki, ideyalarda da hər şey ardıcıl, mərhələ-mərhələ hesablanıb, yerləşdirilib.

Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə tarix tərəfindən adekvat qiymətini alan cəsarətli addımlar atmışdır. Heydər Əliyevin hələ sovetlər dönəmindən rəhbərlikdə olarkən atdığı uzaqgörən addımların Azərbaycanın gələcək inkişafına nə qədər dəqiq hesablandığını Azərbaycan müstəqillik qazanandan sonra gördük və dərk etdik. Azərbaycanın zəngin iqtisadi potensialı, intellektual sərvəti üçün əsaslı baza məhz o illərdə yaranırdı. Heydər Əliyev sovet idarəçilik prinsiplərindən və iqtisadi sistemindən maksimum istifadə edərək Azərbaycanın, hətta ittifaq dövlətinin tərkibində belə, güclü və qüdrətli olmasını təmin etməyə çalışırdı. Çünki O, realist siyasətçi idi.

Ulu öndər Heydər Əliyev bütün həyatını, varlığını doğma xalqına həsr edib. Dünya siyasətində böyük şəxsiyyətlər çoxdur. Amma xalqın tarixinə çevrilən, millətinin, dövlətinin adı çəkilən kimi yada düşən siyasi xadimlər nadirdir və Heydər Əliyev məhz belə şəxsiyyətdir.

Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev gələcək nəsillərə müstəqil, inkişaf etməkdə olan Azərbaycan, böyük ideyalar və onların həyata keçməsi üçün gəncliyə örnək olan bir məktəb yaratmışdır. Taleyinə həyatı qədər sevdiyi Azərbaycana iki dəfə rəhbərlik etmək şansı düşən Ulu öndər, ömrünü dövrdən, tutduğu vəzifədən asılı olmadan, fəaliyyətinin hər iki mərhələsində yalnız ona xas olan qətiyyətlə, ən çətin maneə və sədləri aşaraq, risklərə məhəl qoymadan, vətənin, xalqının maraqlarına xidmət etməyə həsr etmişdir. Bu gün Azərbaycanda hansı sahəyə diqqət yetirsək, Heydər Əliyevin zəkasının yaratdıqlarını və yadigarlarını görmək mümkündür.

- Qeyd etdiyiniz kimi, Heydər Əliyev siyasəti Azərbaycanı yalnız və yalnız inkişafa doğru aparır. Bu siyasətin hazırki nəticələri, qazanılan nailiyyətlər haqqında da fikirlərinizi bilmək maraqlı olardı...

- Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdiriyi siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsində də ölkəmiz bütün sahələr üzrə inkişaf etməkdədir. Mən ilk növbədə iqtisadiyyatımızın inkişafını xüsusi vurğulamaq istəyirəm. Çünki iqtisadi inkişaf digər sahələrin inkişafında da müstəsna rol oynayır. Azərbaycanın dinamik, müstəqil iqtisadi inkişaf strategiyası rasional səciyyə daşıyır. Ölkəmiz heç bir qurumdan, hansısa dövlətdən asılı olmayan iqtisadi siyasət yürüdür ki, bu da milli inkişafın fundamental komponenti kimi çıxış edir.

Azərbaycanda aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində ildən-ilə daha yüksək inkişaf göstəriciləri nümayiş etdirən iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə, yoxsulluğun azaldılmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsini təmin edib. Ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycanın iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsi əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir. Təbii ki, dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın qazandığı nailiyyətləri şərtləndirən mühüm faktorlardan biri də qloballaşma prosesindən irəli gələn meyarların ölkə reallıqları ilə məharətlə uzlaşdırılması, onların milli maraqları təmin edən uğurlu vəhdətinin yaradılması olub.

Hazırda makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın diversifikasiyası, bütün sahələrdə ardıcıl inkişaf strategiyası uğurla həyata keçirilməkdədir. Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Xüsusilə Azərbaycan zəngin neft resurslarının satışından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə, iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilib.

Ümumiyyətlə, ölkəmizdə həyata keçirilən mütərəqqi iqtisadi tədbirlər respublikamızın daha da güclənməsini təmin edib. Bu gün hər bir sektorda iqtisadi inkişaf müşahidə olunur ki, bunun da əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət dayanır. Azərbaycan Prezidenti bəyan edib ki, dövlətimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Güclü iqtisadiyyat həmçinin, əhalinin rifahının daha da yüksəldilməsi istiqamətində uğurlu addımların atılmasını şərtləndirir. Bu gün əhalinin sosial müdafiəsinin gücləndirilməsi yönündə uğurlu siyasət həyata keçirilir ki, bu ciddi nəticələrin əldə olunması ilə müşayiət olunur.

Eyni zamanda, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan ümimilikdə dünya miqyasında nüfuzu əhəmiyyətli dərəcədə artırıb. Təkcə bir faktı demək istəyirəm ki, BMT Təhükəsizlik Şurası kimi dünyanın ən mötəbər qurumunda təmsil olunması Azərbaycanın beynəlxalq müstəvidə mövqeyinin hansı dərəcədə gücləndiyinin əyani göstəricisidir.

Bir sözlə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ümummilli liderimiz tərəfindən müəyyənləşdirilən inkişaf siyasətini bu gün uğurla həyata keçirməsi Azərbaycan dövlətini və xalqını firəvan, xoşbəxt gələcəyə aparır. Məhz buna görə də, xalqımız hər zaman bu inkişaf siyasətini birmənalı olaraq dəstəkləyir və ona alternativ görmür.

- Xalqımızın hazırki inkişaf siyasətini dəstəklədiyini vurğuladınız. Nəzərə alsaq ki, bu il ölkəmizdə növbəti prezident seçkiləri keçiriləcək, seçki ərəfəsində hazırki prosesləri necə dəyərləndirərdiniz?

- Ümumiyyətlə, Azərbaycanda tam ictimai-siyasi, sosial sabitlik mövcuddur, əhali dövlətin siyasətindən razıdır. Bu uğurlu nəticələri təmin edən Azərbaycan Prezidentinin cəmiyyətdə nüfuzu çox yüksəkdir. Azərbaycan xalqı Prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirir və Onu dəstəkləyir. Azərbaycanda müşahidə edilən inkişaf prosesinə, görülən işlərə nəzər saldıqda ölkə ictimaiyyətində dövlət başçımıza olan yüksək rəğbətin heç də təsadüfi olmadığı bir daha aydın görünür. Prezident İlham Əliyevin liderliyi dövründə Azərbaycan hər bir sahədə böyük inkişaf yolu qət edib. Təxminən, son 10 il müddətində bütün sahələrdə görülən işlər, qazanılan uğurlar onu göstərir ki, Azərbaycan doğru yolda irəliləyir, Azərbaycan xalqı düzgün seçim edib. Bu yol Ulu öndər Heydər Əliyevin yoludur. Ümummilli liderin əsasını qoyduğu inkişaf xətti Azərbaycan Respublikasının güclü dövlətə çevrilməsinə və əbədi mövcudluğuna, Azərbaycan xalqının rifahına, firavan yaşayışına və inkişafına görə dünya xalqları içərisində ön sıralarda dayanmasına hesablanıb. Ulu öndərin müəyyənləşdirdiyi yol aydındır və xalqımız bu yolun ölkəni hansı gələcəyə apardığını yaxşı bilir.

Məhz bu səbəbdəndir ki, Azərbaycan xalqı Ümummilli liderin yolunu davam etdirməyi qarşısına məqsəd qoyan cənab İlham Əliyevi özünün Prezidenti kimi görür və zaman göstərdi ki, xalq öz seçimində yanılmayıb.

Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan qarşıya qoyduğu bir çox məqsədlərinə nail olub. Prezident İlham Əliyevin ölkəni idarə etdiyi dövrdə, bir zamanlar yalnız xəyal kimi görünən nəhəng layihələr, ölkənin hər yerində abadlaşma, müasirləşmə, Azərbaycanın dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı digər məqsədlər artıq gerçəkliyə çevrilib.

O da məlumdur ki, bu müddət ərzində Azərbaycanı yolundan döndərməyə, xalqı aldatmağa yönələn cəhdlər, ölkənin inkişafına yaradılan süni maneələr də olub. Lakin Dövlət başçısının liderlik xüsusiyyətləri, siyasi iradəsi, möhkəm iqtidar-xalq birliyi, vətəndaşların Prezidentin ətrafında sıx birləşməsi və ümumi gücün vahid məqsədə yönləndirilməsi sayəsində ölkəmiz bütün sınaqlardan uğurla çıxıb. Bu səbəbdəndir ki, Azərbaycan öz yolunda sürətlə irəliləyir və ölkənin nailiyyətlərinin miqyası daha da genişlənir.

Beləliklə, təsadüfi deyil ki, Azərbaycan xalqı cənab İlham Əliyevi 2013-cü ildən sonra da özünün Prezidenti kimi görür. Ölkənin 2020-ci il üçün müəyyənləşdirilən inkişaf konsepsiyasında qarşıya qoyulan məqsədlər və onların həyata keçirilməsi üçün hazırda mövcud olan möhkəm təməllər doğru seçimin nədən ibarət olmasına şübhə yeri qoymur. Ümumilikdə, seçki ilində mövcud mənzərə bunlardan ibarətdir. Hazırkı reallıqlar təsdiqləyir ki, Azərbaycan xalqı bu seçkilərdə də Heydər Əliyev siyasətinə və bu siyasəti uğurla davam etdirən cənab İlham Əliyevə səs verəcək.

- Hüseyn müəllim, söhbətimizdə Heydər Əliyev siyasətinin xalqımız üçün dəyəri haqqında ətraflı bəhs etdiniz. Azərbaycanın təbii sərvətlərinin, ekologiyasının qorunması ilə bağlı Ulu öndərimizin fəaliyyəti haqqında nə deyə bilərsiniz?

- Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə bütün sahələrdə olduğu kimi ekoloji problemlərin həlli məsələlərini də diqqət mərkəzində saxlamış, ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, eləcə də təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə daim xüsusi qayğı ilə yanaşmışdır. Onun hakimiyyəti illərində ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən tədbirlər geniş vüsət almağa başlamışdır.

1969-1982-ci illərdə respublikamızda həyata keçirilən təbiəti mühafizə tədbirlərinin təşəbbüskarı da Ulu Öndər Heydər Əliyev olmuşdur. Məhz Ulu öndərin təşəbbüsü ilə keçən əsrin 70-ci illərində həyata keçirilən yaşıllaşdırma tədbirləri nəticəsində Abşeron yarımadası yaşıl libasa bürünməyə başlamışdır. Ulu Öndərin “Bakını yaşıllıqlar diyarına çevirək” çağırışı və təşəbbüsü şəhərdə bağların, xiyabanların və yaşıllıq zonalarının salınmasına böyük təkan vermişdir.

Hələ 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərliyə gəldiyi dövrdə “Azərbaycan təbiətinin mühafizəsi haqqında” Qanunun qəbul edilməsi ölkəmizdə qoruqların sayının artmasına səbəb olmuşdu.

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Ulu Öndər müstəqil Azərbaycan Respublikasının ekoloji məsələlərini bir daha ön plana çəkmiş, bu sahədəki mövcud problemlərə xüsusi diqqət ayırmışdır. Bu dövrdə bir sıra yeni qanunvericilik sənədləri - meşə, torpaq, su haqqında və s. qanunlar qəbul edilmişdir. Məhz Ulu öndərin qayğısı və təşəbbüsü ilə uzun illər ərzində yaranmış və müstəqil Azərbaycana miras qalmış ekoloji problemlər təhlil edilərək, onların kompleks həllinə yönəldilən və davamlı inkişaf prinsiplərinə əsaslanan 5 Milli və Dövlət Proqramları təsdiq edilərək icrasına başlanılmış, respublikamızda mövcud olan qoruq və yasaqlıqların əraziləri genişlənmiş və Milli Parkların yaradılması istiqamətində işlər görülmüşdür.

Uzun illər ərzində yaranmış və müstəqil Azərbaycana miras qalmış ekoloji problemlər Məhz Ulu Öndərin təşəbbüsü və qayğısı ilə təhlil edilərək, onların kompleks həllinə yönəldilən və davamlı inkişaf prinsiplərinə əsaslanan “Ekoloji cəhətdən davamlı sosial-iqtisadi inkişafa dair” və “Meşələrin bərpası və artırılmasına dair” Milli Proqramlar təsdiq olunmuşdur.

“Meşələrin bərpası və artırılmasına dair” Milli Proqram çərçivəsində meşəsalma və meşəbərpa tədbirlərinin ilbəil intensivləşdirilməsi hesabına son on ildə meşə ilə örtülü ərazilərin sahəsi 1 milyon 21 min hektarı keçərək ümumi ölkə ərazisinin 11,4 faizindən 11,8 faizinə çatdırılmışdır. Proqramın icrası istiqamətində meşələrin mühafizəsi, bərpası, yeni meşəliklərin salınması məqsədilə bir sıra ciddi tədbirlər görülmüşdür. Belə ki, toxum tədarükü, əkin materiallarının yetişdirilməsi, meşələrin bərpası, yeni meşə massivlərinin yaradılması sahəsində göstəricilər bir neçə dəfə artmış, meşə fonduna daxil olmayan ərazilərdə - Kür-Araz çayları vadilərində, avtomobil, dəmir yolları və sututarların kənarlarında, eləcə də, Xəzər dənizi sahillərindəki qumluqların bərkidilməsi istiqamətində müvafiq tədbirlər görülmüşdür.

Hazırda Azərbaycan Respublikası üçün aktual olan ekoloji problemlərin aradan qaldırılması davamlı inkişaf prinsiplərinə əsaslanan müvafiq dövlət proqramları olan “Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair” və “Meşələrin bərpası və artırılmasına dair” Milli Proqramlar çərçivəsində ardıcıl olaraq davam etdirilir.

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi müstəqil Azərbaycan Respublikasının zəngin təbiətini, təbii sərvətlərini qorumaq, bərpa etmək üçün Ümummilli liderimiz Heydər Əliyevin tövsiyələrini rəhbər tutaraq bu istiqamətdə vaxtilə başlanılmış işləri davam etdirir, bu yöndə yeni-yeni layihələr həyata keçirilir. Ölkəmizin ən ciddi ekoloji problemlərinin həllinə cəmiyyətin, yerli və beynəlxalq təşkilatların diqqəti cəlb olunmaqla dövlətin müəyyənləşdirdiyi ekoloji siyasət reallaşdırılır. Bütövlükdə, ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi sahəsində əsaslı dönüş yaranmış, təbii ehtiyatların, o cümlədən faydalı qazıntıların, su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, meşələrin və biomüxtəlifliyin mühafizəsi sahəsində mühüm tədbirlər həyata keçirilmişdir.

- Bəs hazırda bu sahədə hansı layihələr, tədbirlər həyata keçirilməkdədir?

- Ümummilli lider Heydər Əliyevin sosial-iqtisadi siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev də öz fəaliyyətində ölkəmizin ekoloji durumuna, ətraf mühitin mühafizəsi məsələlərinə xüsusi diqqət və qayğı göstərir.

Son zamanlar ölkə rəhbərinin bilavasitə sədrliyi ilə ekoloji problemlərin müzakirəsinə həsr olunmuş müşavirələrin keçirilməsi, ətraf mühitlə bağlı dövlət proqramlarının qəbul olunması, bu istiqamətdə mövcud problemlərin daha səmərəli həll edilməsi məqsədilə sərəncamların imzalanması bu sahənin ölkəmizdə prioritet məsələlər sırasına qaldırılmasına parlaq nümunədir.

Dövlət başçısı tərəfindən 2010-cu ilin “Ekologiya ili” elan edilməsi də Ulu Öndərin keçən əsrin 70-ci illərindən həyata keçirməyə başladığı ekoloji siyasətin məntiqi davamıdır.

Milli proqramların icrası istiqamətində ölkəmizdə mövcud olan qoruq və yasaqlıqların əraziləri genişlənmiş, milli parklar yaradılmış, ölkənin gərgin ekoloji vəziyyətdə olan bölgələrinin, əsasən də Bakı şəhəri və Abşeron yarımadasının ətraf mühitinin sağlamlaşdırılması üzrə mühüm tədbirlər həyata keçirilmişdir. Belə ki, ətraf mühitin qorunması və mövcud vəziyyətin bərpasına yönəldilmiş Bakı buxtasının, Bibiheybət zonasının, Heydər Əliyev Beynəlxalq Hava Limanının ətrafının, Abşeron yarımadasındakı göllərin, neftlə çirklənmiş torpaqların, lay suları altında qalmış sahələrin və digər istehsal tullantıları ilə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, tullantı sularının və bərk məişət tullantılarının idarə olunması kimi ekoloji məsələlərə diqqət ayrılması nəticəsində bu problemlər vaxtında öz həllini tapmışdır.

Ulu öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu ekoloji siyasət nəticəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə daxil olan meşələrin, su hövzələrində bioloji resursların mühafizəsi və artırılması, ətraf mühitin mühafizəsi və monitorinqi, hidrometeorologiya, geologiya sahələrində də böyük işlər görülmüşdür və hazırda uğurla davam etdirilir. İndi Azərbaycanda bu sahədə dünyanın qabaqcıl ölkələri sırasına yüksəlmək istiqamətində mühüm işlər həyata keçirilir. Ətraf mühitin mühafizəsi sahəsində görülən tədbirlər sırasında meşələrin bərpası və yeni meşələrin salınması xüsusi əhəmiyyət kəsb edir. Qeyd edək ki, meşə bərpa və meşə ilə örtülü ərazilərin sahəsinin artırılması məqsədilə təkcə keçən il 10 528 ha sahədə meşə bərpa tədbirləri aparılmış, 3078 ha ərazidə 5,5 milyondan artıq ağac əkilmişdir. 25 milyon ting yetişdirilmiş, 180 ton toxum tədarük edilmişdir. Ümumilikdə son 10 il ərzində 104 500 hektardan artıq sahədə meşəbərpa işləri aparılmış və yeni meşələr salınmış, 82 milyon ədəd ağac əkilmiş, 307 milyon ədəd əkin materialı yetişdirilmiş və 2 milyon ton toxum tədarük edilmişdir.

Eyni zamanda ölkə Başçısının göstərişinə əsasən 2010-2013-cü illəri əhatə edən Respublikanın əsas magistral avtomobil yollarının ətrafının estetik görkəminin dəyişdirilməsi məqsədilə yaşıllıqların salınması və ən müasir tələblərə cavab verən damcılı suvarma sisteminin quraşdırılmasına dair layihələrin icrası vaxtından əvvəl başa çatdırılmışdır. Ötən il ərzində Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin magistral avtomobil yollarının kənarlarında 1840 ha sahədə 3,1 milyon ədəd müxtəlif növ ağac və kol cinsləri əkilmiş, effektiv damcılı suvarma sistemi qurulmuşdur. Ümumi uzunluğu 250 km-ə çatan ana boru xətləri, 5000 km-ə qədər damcılı suvarma boruları, 6 su anbarı, 6 sutəmizləyici qurğu, o cümlədən Şirvan kanalının duzlu sularını duzsuzlaşdıran və Samur-Abşeron kanalının sularını təmizləyən qurğular quraşdırılmışdır.

Həmçinin sürüşməyə həssas və çətin bitmə şəraitinə malik Bayıl yamacında 60 hektar ərazidə müasir damcılı suvarma sistemi qurulmuş və quraqlığa davamlı, estetik görkəmə malik 156000 ağac və kol əkilmiş, təbii yaşıl ot örtüyü yaradılmışdır. Suvarma sisteminin fasiləsiz fəaliyyətini təmin etmək üçün yaşıllaşdırılmış ərazilərdə əlavə su çənləri quraşdırılmışdır.

Təkcə Abşeron yarmadasının 800 hektardan artıq ərazisində zeytun ağaclarından ibarət plantasiya salınmışdır. Ümumiyyətlə, son 3 ildə salınmış zeytunluqların ərazisi bütün tarix boyu Azərbaycanda salınan zeytunluqların ərazisinə bərabər olmuş və zeytun əkinlərində 100 faiz bitiş əldə olunmuşdur.

Yaşıllıqların artırılması sahəsində son 10 il ərzində meşə fonduna daxil olmayan ərazilərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər təşkilatlar tərəfindən 20 milyon ədəddən artıq müxtəlif növ ağac və kol cinsləri əkilmişdir.

Bioloji müxtəlifliyin qorunub saxlanılması sahəsində də bir sıra ciddi tədbirlər həyata keçirilmiş, Şahdağ Milli Parkının nümunəvi infrastrukturunun yaradılması istiqamətində işlər aparılmışdır. Parkın inzibati bina kompleksi, 6 inzibati rayonda ekoturizm-məlumat və Milli Parkın giriş-çıxış mərkəzləri tikilmişdir. Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli sərəncamına əsasən 11772,45 hektar ərazidə Samur-Yalama Milli Parkı təsis edilmişdir ki, parkın təşkili istiqamətində işlər davam etdirilir.

Müqayisə üçün qeyd edək ki, son 10 ildə xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi ölkə ərazisinin 4,5 faizindən 10,3 faizinə qədər artırılmışdır. Ölkədə ümumi sahəsi 893 min hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən, 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Hazırda Cənubi Qafqazda ilk dəfə olaraq Zaqatala-Balakən biosfer rezervatının yaradılması istiqamətində işlər görülür. Müasir Zooloji Parkın təşkili üzrə layihələndirmə işləri isə artıq başa çatdırılmış, smeta və dizayn sənədləri hazırlanmışdır.

«Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası» layihəsi çərçivəsində keçən il 15 baş ceyran özünün tarixi məskunlaşma ərazilərinə buraxılmışdır. Ümumilikdə son 2 ildə tarixi areallarına köçürülmüş 115 baş ceyran sürüsünün hərəkətinə peyk vasitəsilə mütəmadi nəzarət edilmiş, onların hərəkət istiqamətlərindən asılı olaraq su və yemlə əlavə təminatı həyata keçirilmişdir.

Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması məqsədilə 2012-ci ildə 45 minə yaxın əhalisi olan 33 yaşayış məntəqəsində modul tipli su təmizləyici qurğular quraşdırılaraq istifadəyə verilmişdir. Ümumilikdə 2007-2012-ci illər ərzində 20 rayonun ümumi əhalisi 400 mindən artıq olan 221 yaşayış məntəqəsində modul tipli su təmizləyici qurğular istismardadır.

Gələcəkdə mümkün şirin su çatışmazlığının qarşısını almaq üçün potensial gücü gündə 20 min kubmetr, birinci mərhələdə 1 min kubmetr olan dəniz suyunun duzsuzlaşdırılması zavodu və müasir tinglikdən ibarət kompleks inşa edilmiş və hazırda test rejimində sınaqdan keçirilir.

Ötən il ərzində su hövzələrində bioloji resursların artırılması istiqamətində 365,7 milyon ədəd balıq körpəsi, o cümlədən 3,4 milyon ədəd nərəkimilər, 186 min ədəd qızıl balıq və 362 milyon ədəddən artıq çəkikimilər yetişdirilərək su hövzələrinə buraxılmışdır. Ümumilikdə su hövzələrində bioloji resursların artırılması istiqamətində son 10 ildə 5 milyard ədədə yaxın balıq körpəsi yetişdirilmiş və onların su hövzələrinə buraxılması həyata keçirilmişdir.

İqlim dəyişmələrinin təsirindən yaranan təhlükəli hidrometeoroloji hadisələrə nəzarətin gücləndirilməsi, proqnoz və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi üçün hidrometeorologiya sahəsində yeni texnologiyaların tətbiqi, modernləşdirmə işləri aparılır. Bu məqsədlə son dövrlərdə quraşdırılmış avadanlıqlar vasitəsilə Kür çayının mənsəbində səviyyə tərəddüdünü və Kiş çayında sel axınlarını, o cümlədən Şahdağın Kabaş zirvəsində və Ləzə məntəqəsində yüksək dağlıq ərazilərin hava şəraitini real vaxt rejimində izləməyə imkan verən videogörüntülər alınır.

Ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu siyasət nəticəsində təmin edilmiş yüksək iqtisadi inkişafın ahənginə tam uyğun olaraq geoloqlar yeni ciddi nəticələr əldə etmişlər. 2012-ci ildə faydalı qazıntıların kəşfiyyatı istiqamətində Gədəbəy rayonunda mis polimetal filizlərində nüvə geofiziki tədqiqat üsulları ilə platin, qızıl, mis və sinkin yüksək miqdarı müəyyən edilmişdir. Geoloji axtarış və kəşfiyyat işlərində son 10 ildə Azərbaycanın 25 bölgəsində 150-dən artıq müxtəlif təyinatlı yataqların ehtiyatları balansa alınmışdır. Bu illər ərzində kəşf olunaraq balansa götürülmüş qızıl yataqlarının bazasında istehsal prosesi təşkil edilmiş, Azərbaycan qızıl istehsal edən ölkələr sırasına çıxmışdır.

Həqiqətən də müstəqilliyini yenicə əldə etmiş bir ölkədə bu cür göstəricilərə nail olunması qazanılmış uğur kimi qiymətləndirilməlidir. Təbii ki, bu da Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu ekoloji tarazlığın bərpasına, ətraf mühitin mühafizəsinə yönələn əsas fəaliyyət proqramının təcəssümü və Prezident İlham Əliyevin yürütdüyü davamlı ekoloji siyasətin nəticəsidir.

 

 

 Səs.- 2013.- 23 may.- S.8-9.