Azərbaycanın beynəlxalq siyasətə inteqrasiyasında BMT-nin rolu 

 

 BMT-nin İqtisadi və Sosial Şurasında 54 dövlət təmsil olunur. Onlar BMT-nin üzvüdür və Baş Assambleya tərəfindən üç il müddətinə seçilir. Şura BMT-nin sosial və iqtisadi sahədəki fəaliyyətini tənzimləyir.   BMT-nin əsas fəaliyyət istiqamətlərindən biri dünyanın yoxsul ölkələrinin inkişafına nail olmaq, bu məqsədlə proqramlar hazırlayıb, onları həyata keçirməkdən ibarətdir.  Belə humanitar məqsədlər üçün BMT hər il dünyanın 135 ölkəsinə 25 mlrd. dollardan yuxarı maddi yardım göstərir. BMT humanitar böhranların aradan qaldırılmasına yönələn fəaliyyətini özünün Fövqəladə Yardım Komitəsi vasitəsilə həyata keçirir. Bu komitənin tərkibinə BMT-nın Uşaq Fondu (YUNİSEF), BMT-nin İnkişaf Proqramı, Dünya Ərzaq Proqramı və Qaçqınların İşi üzrə BMT-nin Ali Komissarlığı daxildir. Komitədə, həmçinin, ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və digər qurumlar təmsil olunur.

  BMT-nin Qəyyumluğa Dair Şurasının əsas məqsədi qəyyumluq altındakı ərazilərdə yaşayan əhalinin həyat səviyyəsni yüksəltməyə, özünüidarəetmə və müstəqillik sahəsində mütərəqqi inkişafa nail olmağa yönəlib.

  Dünyada sülhün müdafiə olunması BMT-nin əsas vəzifələrindən biridir. BMT-nin Nizamnaməsində üzv dövlətlərin öz aralarındakı beynəlxalq mübahisələri dinc vasitələrlə həll etməsi nəzərdə tutulur. BMT yarandığı vaxtdan bu günə qədər beynəlxalq münaqişələrin aradan qaldırılmasında böyük xidmətlər göstərmiş, dünyada sülhün möhkəmləndirilməsi və bərqərar olması üçün xoşniyyətli əməliyyatlar həyata keçirmişdir. Beynəlxalq aləmdə sülhün yaradılması və bəşəriyyəti təhdid edən təhlükələrin aradan qaldırılması üçün Baş Assambleya tərəfindən BMT-nin Baş katibinə preventiv diplomatiya aparmaq və dünyada potensial münaqişə mənbələrini araşdırmaq məqsədilə BMT-nin səlahiyyətlərini genişləndirmək mandatı verilmişdir.

  BMT dünyada münaqişə ocaqlarının söndürülməsi və sülhün müdafə olunması məqsədilə formalaşdırdığı sülhyaratma qüvvələrinin qarşısında böhranlı bölgələrdə bufer zonalarının yaradılması, atəşin dayandırılmasına nəzarət olunması, qarşıdurma vəziyyətində olan tərəflər arasında anlaşmanın və sülhün yaradılmasına kömək göstərilməsi, humanitar yardımların öz ünvanına çatdırılmasının təhlükəsizliyinin təmin edilməsi və s. vəzifələr qoyur. BMT-nin sülhün yaradılması üçün apardığı əməliyyatları hərbi müşahidəçilər missiyası və sülhyaratma qüvvələri kimi iki kateqoriyaya ayırmaq olar.

  Sülhyaratma qüvvələrinin formalaşdırılması üçün BMT-nin Baş katibi Təhlükəsizlik Şurasının razılığı ilə missiyanın rəhbərini, hərbi kontingentin komandanlığını təyin edir və üzv dövlətləri silahlı qüvvələr verməyə çağırır.

  Dunya birliyinin tamhüquqlu üzvü olmaq və beynəlxalq aləmdə cərəyan edən proseslərdə fəal iştirak etmək üçün hər bir dövlət BMT-nin üzvlüyünə daxil olmağı əsas vəzifələrdən bir kimi qarşıya qoyur. 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan da dünya dövlətləri ilə hərtərəfli, qarşılıqlı əməkdaşlığın qurulması və müstəqilliyin möhkəmləndirilməsi məqsədilə BMT üzvlüyünə daxil olmaq üçün zəruri addımlar atmağa başladı.

KİV-dən alınan məlumata görə, 1991-ci il oktyabrın 29-da Azərbaycan Respublikası BMT-yə və dünya dövlətlərinə müraciət etdi. Müraciətdə Azerbaycan dövlət müstəqilliyini elan etməsindən sonra demokratiya, azadlıq və bərabərlik yolu ilə getmək əzmində olmasını əsas götürərək dünya birliyində layiqli yer tutmağa, beynəlxalq təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsi işinə kömək göstərməyi arzulayaraq, BMT Nizamnaməsinə sadiq qalacağına və ondan irəli gələn öhdəlikləri yerinə yetirməyə hazır olduğunu bildirərək, BMT üzvlərindən bu nüfuzlu və mötəbər beynəlxalq təşkilatın üzvlüyünə qəbul olunması məsələsini nəzərdən keçirməyi xahiş edirdi.

  1992-ci il fevralın 14-də Azərbaycanın müraciətini müzakirə edən BMT-nin Təhlükəsizlik Şurası onun bu təşkilata üzv qəbul olunmasını tövsiyə etdi. Beləliklə, BMT Baş Assambleyasının 1992-ci il martın 2-də keçirilən 46-cı sessiyasında Azərbaycan Respublikasının BMT üzvlüyünə daxil olması barədə qətnamə qəbul edildi. Həmin gün Nyu-Yorkda BMT-nin mənzil-qərargahında Azərbaycan Respublikasının dövlət bayrağı qaldırıldı.

  BMT-nin üzvlüyünə qəbul olunması Azərbaycanın dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin qurulmasına mühüm təsir göstərərək, beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsində əhəmiyyətli rol oynadı. BMT kimi mötəbər beynəlxalq təşkilatın tribunası Ermənistanın təcavüzünə məruz qalmış və kəskin informasiya blokadası şəraitində yaşayan Azərbaycana ölkədə və regionda baş verən proseslər haqqında beynəlxalq ictimaiyyəti daha obyektiv və dolğun məlumatlandırmaq üçün yeni imkanlar açırdı.

  Dünyada sülhün və təhlükəsizliyin qorunması, qarşılıqlı-ıfaydalı əməkdaşlığın inkişafı kimi beynəlxalq prinsipləri özünün xarici siyasətində əsas tutan Azərbaycan BMT ilə əməkdaşlığın hərtərəfli şəkildə inkişaf etdirilməsi üçün ardıcıl addımlar atır. Qeyd etmək lazımdır ki, BMT ilə qarşılıqlı əlaqələrin inkişafı özünün dinamizmi, miqyası və dərinliyi baxımından iki mərhələyə bölünür.

  Azərbaycanın BMT üzvlüyünə daxil olduğu 1992-ci ilin mart ayından 1993-cü ilin ortalarına qədər olan dövrü əhatə edən birinci mərhələdə qarşılıqlı münasibətlərin qurulması sahəsində ilk addımlar atılmış, Nyu-York və Bakıda nümayəndəliklər fəaliyyətə başlamış, Azərbaycan üçün aktual və ağrılı məsələlər, xüsusilə, Ermənistanın təcavüzü və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı problemlər BMT-nin müzakirəsinə çıxarılmış, bu mötəbər tribunadan Azərbaycanda cərəyan edən hadisələrə münasibət bildirilmişdir.

  1993-cü ilin ortalarından müasir dövrə qədər davam edən ikinci mərhələdə BMT ilə əlaqələr, əvvəlki illərdən fərqli olaraq, sistemli şəkildə həyata keçirilməyə başlamış, fəal və ardıcıl xarakter almışdır. Azərbaycanda milli dövlətçilik maraqları üzərində qurulmuş xarici siyasət konsepsiyasının işlənib hazırlanması və tarazlaşdırılmış, çoxşaxəli diplomatik fəaliyyətin həyata keçirilməsi BMT ilə əlaqələrin yeni səviyyəyə yüksəlməsinə, daha geniş və məqsədyönlü şəkil almasına səbəb olmuşdur.

Müstəqilliyə yeni qədəm qoymuş Azərbaycan Ermənistanın hərbi təcavüzünə və Dağlıq Qarabağda erməni separatizminə məruz qaldığına görə, ağır sosial-iqtisadi, hərbi-siyasi durumla üzləşmişdi. İlk illərdə beynəlxalq aləm ilə təmasların qurulmasına çətinlik çəkən və güclü informasiya blokadasını aradan qaldırmaqda böyük təzyiqlərlə qarşılaşan  Azərbaycan üçün BMT tribunasının çox mühüm əhəmiyyəti var idi. Respublikamızın haqq səsinin dünyaya çatdırılması və obyektiv beynəlxalq ictimai fikrin formalaşdırılması, habelə, dünya dövlətləri ilə qarşılıqlı münasibətlərin inkişafı baxımından 1992-ci il mayın 6-da Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin fəaliyyətə başlaması mühüm rol oynadı.

Ə.Həsənov qeyd edir ki, BMT-də aparılan diplomatik iş və Azərbaycanın 1992-1993-cü illərdə insan hüquqlarına dair bir sıra beynəlxalq müqavilələrə qoşulması respublikamızın mənafelərinin daha dolğun ifadə olunması və qorunması sahəsində ilk ciddi addımların atılmasına imkan verdi. Həmin illərdə Ermənistanın Azərbaycana təcavüzü və onun aradan qaldırılması ilə bağlı məsələlər müntəzəm olaraq BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılmış, Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən, işğalçı qoşunların zəbt olunmuş ərazilərdən qeyd-şərtsiz çəkilməsini və qaçqınların  daimi yaşayış yerlərinə qaytarılmasını tələb edən 30 aprel 1993-cü il tarixli 822, 29 iyul 1993-cü il tarixli 853, 14 oktyabr 1993-cü il tarixli 874 və 11 noyabr 1993-cü il tarixli  884  saylı  dörd qətnamə  qəbul  edilmişdir.   Bu  qətnamələrin qəbul edilməsi üçün Azərbaycan BMT üzvü olan dövlətlərlə intensiv müzakirələr aparmış və onları öz mövqeyində haqlı olduğuna inandırmışdır.

  Bundan başqa, həmin dövrdə BMT Baş katibinin Azərbaycanın ərazi bütövlüyünü və suveren hüquqlarını təsdiqləyən, Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş səylərini dəstəkləyən yeddi bəyanatla çıxış etməsi BMT-Azərbaycan əməkdaşlığının inkişafını göstərirdi.

  İldən-ilə genişlənən əlaqələr Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının sessiyalarında və digər müxtəlif iclaslarında iştirakı və keçirdiyi çoxsaylı görüşlərlə daha da inkişaf etmişdir. Müstəqil Azərbaycan dövlətinin başçısı kimi ilk dəfə Heydər Əliyev 1994-cü ilin sentyabrında BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirak edərək, bu mötəbər beynəlxalq məclisin tribunasından Azərbaycanın bir çox qlobal məsələlərlə bağlı mövqeyini dünya ictimaiyyətinə çatdırmışdır.

  Azərbaycanın BMT ilə əməkdaşlığının dərinləşməsində BMT-nin Baş katibi B. Butros-Qalinin 1994-cü ilin oktyabrında Bakıya səfəri mühüm rol oynamışdır. Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatı, Ermənistanın təcavüzünün ağır nəticələri ilə yaxından tanış olan B. Butros-Qali mövcud problemlərin həllində Azərbaycana dəstək vermək üçün BMT-nin müxtəlif təşkilatlarının öz səylərini artıracağını bildirmişdir.

   BMT ilə əlaqələrin intensiv inkişafına xususi əhəmiyyət verən Azərbaycan bu təşkilatın müxtəlif beynəlxalq toplantılarında müntəzəm iştirak edir, irəli sürdüyü ideya və təkliflərə fəal münasibət bildirir.

  1995-ci ilin oktyabrında BMT-nin 50 illik yubileyi ilə bağlı keçirilən Baş Assambleyanın xüsusi təntənəli iclasında iştirak edən Azərbaycan Prezidenti Heydər Əliyev bu qurumun yüksək kürsüsündən dünya dövlətlərinə müraciət edərək, mövcud qlobal problemlərə dair Azərbaycan dövlətinin prinsipial mövqeyini açıqlamış, habelə, Ermənistanın təcavüzünün aradan qaldırılması ilə bağlı beynəlxalq səylərin artırılmasına çağırmışdır.

  2000-ci ilin sentyabr ayında BMT-nin Minilliyin sammitində çıxış edən Prezident Heydər Əliyev dünyada sülhün və təhlükəsizliyin qorunmasında beynəlxalq təşkilatın mühüm rol oynadığını qeyd etmiş, regional münaqişələrin, o cümlədən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ konfliktinin aradan qaldırılmasına dair Azərbaycanın mövqeyini bir daha bildirmiş, bəşəriyyətin üzləşdiyi problemlərin həllində BMT-nin fəaliyyətini daha da gücləndirmək məqsədilə təşkilatda islahatların aparılmasının zəruriliyini vurğulamışdır.

  BMT ilə geniş əlaqələr quran Azərbaycan əməkdaşlığın müxtəlif metod və vasitələrindən istifadə edir. Əməkdaşlığın səmərəli şəkildə həyata keçirilməsi üçün Azərbaycan bir sıra mühüm beynəlxalq müqavilələrə qoşulmuşdur. Bu müqavilələrin əhatə dairəsi Azərbaycanın müasir ictimai-siyasi, sosial-iqtisadi və başqa sahələri ilə bağlı meydana çıxan problemlərin həll olunmasına yeni imkanlar açır. 1992-ci ilin iyulunda "Mülki və siyasi hüquqlar haqqında" 19 dekabr 1966-cı il tarixli, "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" 19 dekabr 1966-cı il tarixli beynəlxalq paktlara və "Uşaq hüquqlan haqqında" 20 noyabr 1989-cu il tarixli konvensiyaya imza atan Azərbaycan sonrakı dövrdə qadınların, qaçqınların, müharibə qurbanlarının statusu və müdafiəsi, soyqırımının qarşısının alınması və bu cinayətə görə cəzalandırma, habelə, başqa məsələləri əhatə edən çoxsaylı beynəlxalq sənədlərə qoşulmuşdur.

  BMT ilə əlaqələrin mühüm istiqamətlərindən birini onun müxtəlif orqanları ilə Azərbaycanın fəal əməkdaşlığı təşkil edir. Müstəqilliyinin ilk günlərindən Ermənistanın hərbi təcavüzünə məruz qalması nəticəsində ağır humanitar problemlərlə üzləşməsi Azərbaycanın BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Uşaq Fondu (YUNİSEF), İnkişaf Proqramı və s. qurumları ilə daha geniş və davamlı əlaqələr yaratmasına səbəb olmuşdur.

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2013.- 25 may.- S.15.