Azərbaycan Xalq Cümhuriyyəti
xalqımızın şərəf və ləyaqət
tarixidir
Müsahibimiz
Milli Məclisin deputatı, tarix elmləri doktoru Fəzail
İbrahimlidir
- Fəzail
müəllim, Şərqdə ilk demokratik respublika olan Azərbaycan
Xalq Cümhuriyyətinin yaradılmasının 95 illik
yubileyini qeyd edirik. Tarixçi alim olaraq necə hesab edirsiniz,
Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və
rolu nədən ibarətdir?
- Azərbaycan
Xalq Cümhuriyyəti xalqımızın şərəf və
ləyaqət tarixidir. Cümhuriyyətin yaranmasını təkcə
əsrin və illərin müstəvisindən yanaşmaq
olmaz. 1918-1920 illər Azərbaycan tarixində özünəməxsus
yer tutan bir tarixdir. O vaxt tarix məsələni
xalqımızın qarşısında çox kəskin
qoymuşdu: Ya ayağa qalxıb bu millətin şərəfini
qorumaq, itirilmiş dövlətçiliyini bərpa etmək,
dünya dövlətləri sırasına qoşulmaq, ya da
susaraq parçalanıb ayrı-ayrı dövlətlərinin
içərisində məhv olmaq. Belə bir şəraitdə
Rusiyanın, Avropanın qabaqcıl düşüncəsinə
yiyələnmiş ziyalılarmız bu tarixi məsuliyyəti
dərk etdi. Onlar ayağı qalxaraq Şərqdə ilk dəfə
olaraq belə bir demokratik cümhuriyyət yaratdılar.
Bu
hadisə demək olar ki, Azərbaycan tarixində millətimizin
taleyüklü məsələlərinin həll
olunmasında atılan mühüm addımlardan biri idi. Təsəvvür
edin ki, bu hadisələr baş verməsə idi, Azərbaycanın
taleyi necə olardı. O zaman Qərb və Rusiya imperialist
mövqeyindən əl çəkmək istəmirdi. Məsələnin
mahiyyəti onda idi ki, millətin yenidən bölünmək
ehtimalı vardı. Buna görə də, Azərbaycanın
mövcudluğu sual altında idi. Rusiya Bakı neftini ələ
keçirmək istəyirdi, ermənilər
torpaqlarımızı işğal etmək məqsədi
güdürdü və s. Bu qədər prosesin
qabağında ayağa durub müstəqilliyini elan etmək
şərəf və ləyaqəti xilas etmək idi. Azərbaycan
Xalq Cümhuriyyətinin ən ümdə vəzifəsi milli
dövlətçiliyi bərpa etmək idi və bunu da etdi.
Demokratik Cümhuriyyət yaranmasaydı, 114 min kv. metr əraziyə
malik olmasaydı, Bakını paytaxt elan etməsəydi, Azərbaycan
hansı formada Rusiya tərkibinə qatıla bilərdi: tamamilə
xırda bir vilayət kimi.
Azərbaycan
xalqı uzun illər çar Rusiyasının tərkiğbində
olsa da, məcazi mənada bu imperiyanın mədəsində ərimədi.
Xanlıqlara parçalanaraq Rusiya tərəfindən istila
olunmuş Azərbaycan xalqı münbit şərait yaranan
kimi öz dövlətini qurdu. Daha sonra keçmiş SSRİ
70 il ərzində xalqımıza müəyyən zədələr
vursa da, bu imperiya da çökdükdən sonra müstəqilliymiz
bərpa olundu və biz Azərbaycan Xalq Cümhuriyyətinin
varisi olduğumuzu bəyan etdik. Bu hadisə bizim ən
böyük uğurumuz idi. Tarixdə cümhuriyyətin yeri və
rolu həm də bu amil ilə əlamətdardır. Ümumiyyətlə,
Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində
23 il müddətində görülməsi mümkün
olmayan işlər həyata keçirildi.
Mən
burada bir məqama da toxunmaq istəyirəm. Bəzən müəyyən
şəxslər tərəfindən cümhuriyyətin
süqutunun səbəbləri sırasında ölkədaxilindlə
gedən proseslər də göstərilir. Ancaq mən deyərdim
ki, Xalq Cümhuriyyətinin taleyini müəyyən edən
iki məqam var idi. Birinci məqam Rusiyada bolşeviklərin
hakimiyyətə gəlməsidir. Bolşeviklər vətəndaş
müharibəsində qalib gəldikdən sonra dövlətimizi
işğal etdilər. İkinci amil isə budur ki,
dünyanın siyasi xəritəsi Vilsonun 14 sülh prinsipi əsasında
müəyyən olunurdu və həmin 14 sülh prinsipinə
Qafqaz respublikaları daxil deyildi. Yəni onların siyasi taleyi
orada öz əksini tapmamışdı, bu məsələyə
laqeyd münasibət varidi. Ona görə də bolşeviklər
hakimiyyətdə möhkəmlənən kimi cümhuriyətimizi
işğal etdilər.
- Xalq
Cümhuriyətinin yaradıcıları olan şəxslərin
mövqeyi barədə fikirləriniz maraqlı olardı. Bu
insanları nə birləşdirirdi?
-
Cümhuriyyət liderlərinin hər biri öz taleyini, həyatını
bu millətin yolundu qurban verən insanloar idilər. Mənim qəbul
etmədiyim bir məqam var ki, bəzən cümhuriyyət
liderlərini boy sırasına düzüb onları təhlil
edən, bir-birlərindən fərqləndirən fikirlər
mövcuddur. Amma bütövlükdə bu şəxslərin
hər biri dünyaya nümunə olan şəxsiyyyətlər
idi. Məsələn, Əlimərdan bəy
Topçubaşov o vaxt Rusiyada böyük nüfuza malik
hüquqşünas idi. Fətəli xan Xoyski haqda da bir fikir
demək istəyirəm ki, ingilislər o vaxt Bakıya gələndə
Üzeyir Hacıbəylinin ifadəsi ilə desək, sanki vəhşi
ovun üzərinə ovçular gəlmişdi. General Tomson
Azərbaycan bayrağını endirmişdi və belə bir
bəyanatla çıxış etmişdi ki, «bu hökuməti
mən tanımıram, bu, bir qrup Azərbaycan
ziyalılarının və türk intriqantlarının
qurduğu dövlətdir». Amma Fətəli xan Xoyski və digər
həmkarlarının timsalında qısa müddətdən
sonra o bəyan etdi ki, Azərbaycan hökuməti qanunidir və
biz onu tanıyırıq. Yəni bu ingilis generalı Fətəli
xan Xoyski kimi şəxsiyyəti və hökumətdə təmsil
olunan digər liderləri qəbul etdi.
Digər
tərəfdən, cümhuriyyət böyük əxlaq məktəbidir.
O vaxt Əlimərdan bəy Topçubaşov heç Azərbaycanda
deyildi, amma müstəqil dövlətimiz yarananda vətənə
gəldi və parlamentə sədr seçildi. O, Paris Sülh
Konfransı ilə daha çox məşğul olduğu
üçün parlamentin işini müavini Həsən bəy
Ağayev apardı.
Digər
bir misal da göstərim: Nəsib bəy Yusifzadə
cümhuriyyətin baş naziri ola-ola atasına məktub
yazaraq maddi durumu ilə bağlı problem
yarandığını, məvacibinin
qurtardığını demişdi və buna görə də
atasından ondan maddi kömək istəmişdi. Yaxud da Milli
Şura yaradılanda onların arasında ali təhsili olmayan
Məmmədəmin Rəsulzadə milli şura sədr
seçilmişdi. Yəni bu prosesdə həmin şəxslər
siyasi mövqe, maddi durum yox, əxlaq, azərbaycançılıq,
türkçülük ideyalarını ortaya qoydular. Və
insanların yerini müəyyən edən əxlaq
normaları yaratdılar ki, hansı ki, 23 ay ərzində həmin
əxlaq normaları üzərində bu hökumət dayana
bildi.
Amma məsəl
var ki, məzlumun başı qarışanda zalım bildiyini
edir. Bolşevik Rusiyası vətəndaş müharibəsindən
qalib çıxandan sonra keçmiş çar Rusiyası sərhədləri
boyunca hərəkət etdilər və beləliklə də,
Azərbaycan işğal olundu.
- Azərbaycan
Xalq Cümhuriyyətinin dünyada tanınması
üçün nə kimi addımlar atılırdı və
bütövlükdə, hökumət xarici siyasət məsələlərində
hansı uğurlar qazana bildi?
-
Cümhuriyyət dövründə xarici siyasətdə əsas
uğur onda oldu ki, müstəqillik 1920-ci ilin yanvarında
de-fakto tanındı. Xarici siyasətdə ilk addım olaraq Azərbaycan
Respublikasının yaranması barədə dünya ölkələrinin
Xarici İşlər nazirliklərinə məlumat verilməsi
oldu. Lakin paytaxtın Gəncədə yerləşməsi və
xarici dövlətlərdə nümayəndəliklərin
yaradılması ilə əlaqədar olan çətinliklər
Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyinin bu məsələ ilə bağlı Osmanlı
dövlətinə müraciət etməsinə səbəb
oldu.
Paris
Sülh Konfransına gedəcək nümayəndə heyətinin
rəhbəri Ə.M.Topçubaşov ABŞ-ın
İstanbuldakı diplomatı Naesklə görüşərək,
ABŞ prezidenti V.Vilsonun 14 maddəlik prinsiplərinin Azərbaycana
şamil edilməsi və müstəqilliyimizin ABŞ tərəfindən
tanınmasına köməklik göstərməyi xahiş
etmişdi. Hollandiya, İsveç və İngiltərənin
İstanbuldakı nümayəndələri ilə
görüşündə Azərbaycanın hazırkı vəziyyətinə
dair memorandumu təqdim etmiş və öz ölkələrini
bu barədə məlumatlandırmasını razılaşdırmışdılar.
Azərbaycan nümayəndə heyətinə yalnız
mayın əvvəlində Parisə gəlmək
mümkün oldu. ABŞ prezidenti V.Vilsonun təşəbbüsü
ilə ilk dəfə Azərbaycan məsələsi ABŞ,
Fransa, İtaliya və Böyük Britaniya hökumət
başçılarından ibarət Dördlər
Şurasının iclasında müzakirə olundu.
- Bəs
Azərbaycan parlamentinin fəaliyyəti haqqında nə deyə
bilərsiniz? Fəaliyyət göstərdiyi müddət ərzində
qanunverici orqan respublikanın həyatı üçün
vacib olan hansı sənədləri qəbul etdi?
-
Parlamentin açılışı 1918-ci il dekabrın 3-ə
təyin olunsa da, Bakıda fəaliyyət göstərən
rus və erməni Milli Şuraları əleyhinə
olduqları Azərbaycan Parlamentinin açılmasına hərtərəfli
mane olmaq üçün bu ərəfədə Bakıya gəlmiş
Müttəfiq qoşunlarının baş komandanı general
Tomsondan istifadə etməyə çalışırdılar.
General Tomsonla aparılan danışıqlarla əlaqədar
olaraq və qəzalardan bütün deputatların Bakıya gələ
bilməsini nəzərə alaraq Parlamentin ilk iclasının
açılışı dekabrın 7-ə keçirilir.
1918-ci il dekabrın 7-i H.Z.Tağıyevin Nikolayev (indiki
İstiqlaliyyət) küçəsində yerləşən
keçmiş qız məktəbinin binasında müsəlman
Şərqində ilk parlamentin birinci iclasının
açılışı olur. Ə.Topçubaşov
Parlamentin sədri, Həsənbəy Ağayev isə sədrin
birinci müavini seçilirlər. Parlamentin 3 nəfərdən
ibarət katibliyi də seçilir, Mehdi bəy Hacınski
baş katib seçilir.
Azərbaycan
Parlamenti yarandığı ilk gündən öz işlərini
demokratik cümhuriyyətlərə xas təşkilati prinsiplər
əsasında qurur. Artıq 1919-cu ilin axırlarına
yaxın Parlamentdə 11 müxtəlif partiya fraksiyası və
qrupunu cəmi 96 deputat təmsil edirdi. Bütün partiya
fraksiyaları və qrupları öz fəaliyyət
proqramları haqqında bəyanatlar verirlər. Bu bəyanatlarda
ümumi bir məqsəd var idi - gənc Azərbaycan
Cümhuriyyətinin müstəqilliyi və ərazi
toxunulmazlığını, milli və siyasi
hüquqlarını qoruyub saxlamaq, Azərbaycan xalqının
və hökumətinin digər xalqlar və dövlətlərlə,
xüsusilə, qonşu dövlətlərlə dostluq əlaqələrini
yaratmaq və möhkəmləndirmək, respublikada
hüquqi-demokratik dövlət quruluşunu bərqərar etmək,
geniş sosial islahatlar həyata keçirmək, ölkəni
müdafiə edə biləcək güclü ordu yaratmaq. Cəmi
17 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan
Xalq Cümhuriyyətinin Parlamenti özünün həyatiliyini
və yüksək işgüzarlıq qabiliyyətini
sübut etdi. Göstərdi ki, Azərbaycan xalqı, həqiqətən,
parlament idarəçiliyi səviyyəsinə yüksəlmişdir.
O vaxt Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində
yeganə parlamentli respublika idi. Bu dövr ərzində Azərbaycan
Xalq Cümhuriyyəti Parlamentinin 145 iclası keçirilib.
İlk iclas 1918-ci il dekabrın 7-də, son iclas isə 1920-ci
il aprelin 27-də olub. Fəaliyyət müddətində Azərbaycan
Cümhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən
çox qanun layihəsi çıxarılıb ki, onlardan da
230-a yaxını təsdiq edilib. Hazırda demokratik
parlamentarizm ənənələri davam etdirilir. Bilirsiniz ki,
2008-ci ildə Milli Məclisdə Azərbaycan parlamentinin 90
illiyi təntənəli şəkildə qeyd olundu.
- Fəzail
müəllim, bəs müasir dövrdə Azərbaycan Xalq
Cümhuriyyətinə münasibət və onun tarixinin
araşdırılması barədə nə deyə bilərsiniz?
Xalqımızın şərəfli tarixi olan bu dövr
hazırda necə öyrənilir?
- Bu sahədə
iki istiqamətdə iş aparılır. Birincisi, dövlət
səviyyəsində kifayət qədər tədbirlər həyata
keçirilir. Cümhuriyyətimizin şərəfinə abidələr
qoyulur, yubileyləri yüksək səviyyədə qeyd
edilir. Ulu öndər Heydər Əliyev cümhuriyyət
tarixinin öyrənilməsi və bu dövlətin
qurucularının xatirəsini əbədiləşdirmək
üçün mühüm sərəncamlar imzalayıb. Bu
siyasət hazırda Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. 28 May tarixi təqvimə qızıl hərflərlə
yazılıb. Müasir Azərbaycan Respublikası Ümummilli
lider Heydər Əliyevin dediyi kimi, Xalq Cümhuriyyətinin
varisidir. Bilirsiniz ki, Azərbaycan bolşeviklər tərəfindən
işğal olunandan sonra SSRİ-nin tərkibində olaraq
xalqımızı məhv etmək istiqamətində siyasət
həyata keçirilirdi. Bu proses 1960-cı illərədək
davam etdi. Heydər Əliyev DTK-nın sədri seçilməsilə
ilk dəfə Azərbaycan tarixində millətin taleyi həmin
millətdən olan insanın imzasına etibar olundu. Mən bu
fikirləri tarixə söykənərək tam səmimiyyətlə
deyirəm. Ulu öndər Heydər Əliyevin çox
böyük tarixi xidmətləri oldu. Keçmiş
SSRİ-nin Siyasi Büronun üzvü olmaqla O, idarə olunan
xalqı idarə edən xalqa çevirdi. Ulu öndərimiz
üçrəngli bayrağımızı əbədi və
əzəli olaraq zirvələrə ucaltdı. Bu gün
müstəqil dövlətimiz uğurla inkişaf edir və
hesab edirəm ki, Azərbaycanın daha böyük
uğurları hələ irəlidədir.
Eyni
zamanda, cümhuriyyət tarixinin öyrənilməsi, elmi cəhətdən
araşdırılması da diqqət çəkir.
Hazırda ən çox cümhuriyyət tarixinin öyrənilməsinə
önəm verilir. Sovet dövründə Xalq Cümhuriyyəti
anti-milli hökumət kimi təqdim olunurdu. Amma bu gün onun
tarixdə yeri və rolu kifayət qədər
araşdırılıb, tədqiqatlar aparılıb. Həmin
dövlətin ayrı-ayrı liderlərinin öyrənilməsi
işi bu gün də davam edir. Yəni bu sahədə kifayət
qədər uğurlarımız var.
Səs.-
2013.- 28 may.- S. 8-9.