Azərbaycan-NATO əlaqələrinin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu

 

"Sülh naminə tərəfdaşlıq" proqramında Şimali Atlantika Müqaviləsi Təşkilatı ilə əməkdaşlığın əsas məqsədləri də bəyan edilir. Sənəddə qeyd edilir ki, NATO milli müdafiənin planlaşdırılmasında, hərbi büdcələrin hazırlanmasında, müdafiə qüvvələri üzərində demokratik nəzarətin təmin edilməsində tərəfdaş dövlətlərə əməli yardım edəcək, hər bir ölkənin milli konstitusiyaları nəzərə alınmaqla, BMT-nin və ATƏT-in himayəsi altında onların müdafiə qabiliyyətinin təmin edilməsinə, ordu hissələrinin səhra əməliyyatlarına hazırlığının yüksəlməsinə kömək göstərəcək. Bundan başqa, sülhyaratma, minalanmış sahələrdə axtarış, minadan xilasetmə, humanitar əməliyyatlar və digər sahələrdə ölkələrə kömək göstərmək, onların müvafiq qurumlarının hazırlığını yüksəltmək üçün birgə planlaşdırma, döyüş hazırlığı və hərbi təlimlər keçirilməsi ilə bağlı da NATO hər bir ölkəyə əməli yardım etməyə hazır olacaq.

Proqramda uzunmüddətli perspektivdə tərəfdaş dövlətlərdə elə qüvvələr yaratmaq nəzərdə tutulur ki, onlar Şimali Atlantika İttifaqının üzvü olan ölkələrin silahlı qüvvələri ilə ayrı-ayrı sülhməramlı məqsədlər üçün keçiriləcək tədbirlərdə qarşılıqlı fəaliyyətə yüksək dərəcədə hazır olsunlar.

Çərçivə sənədində göstərilir ki, onu imzalamış olan hər bir dövlət müəyyən vaxtdan sonra NATO rəhbərliyinə təqdimat sənədləri verir. Həmin sənəddə qarşılıqlı əməkdaşlığın və tərəfdaşlığın siyasi məqsədləri, bu məqsədlərə çatmaq üçün nəzərdə tutulan tədbirlər və tərəfdaşlıq proqramı əsasında birgə fəaliyyət üçün təklif oluna biləcək hərbi və digər aktivlər şərh edilməlidir.

Ə.Həsənov göstərir ki, NATO ilə tərəfdaşlıq prinsipi əsasında təlimlərin və əməkdaşlığın məqsədlərinə cavab verə bilən digər fəaliyyət növlərinin proqramı da təqdimat sənədinə əlavə edilir. Bundan başqa, sənədi imzalamış olan hər bir dövlət tərəfdaşlığın istər ümumi, istərsə də fərdi proqramını NATO ilə birlikdə, həmin proqram və öz təqdimat sənədi əsasında işləyib hazırlamalıdır.

Sənədi imzalamış olan dövlətlər tərəfdaşlığın fərdi proqramlarının hazırlanması və həyata keçirilməsi işini, əsasən, öz vəsaitləri hesabına həyata keçirir. Şimali Atlantik İttifaqı və onun Brüsseldəki iqamətgahı dövlətlərə onunla rabitə büroları yaratmağı, Atlantika Əməkdaşlığı Şurasının və "Sülh naminə tərəfdaşlığ"ın görüşlərində və fəaliyyətində, habelə bəzi digər görüşlərdə iştirak etməyə şərait yaratmağı öz öhdəsinə götürür. Bundan əlavə, onlar tərəfdaşlığın razılaşdırılmış proqramının yerinə yetirilməsi üçün işçilər, aktivlər, avadanlıq verilməsini və Proqramın həyata keçirilməsini də öz öhdələrinə götürür, fərdi tərəfdaşlıq proqramlarının hazırlanmasına və həyata keçirilməsinə lazımı köməklik göstərir.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev NATO-nun mənzil- qərargahında sənədlərin imzalanmasından sonra keçirdiyi mətbuat konfransında bildirmişdir ki, "Sülh naminə tərəfdaşlıq" sənədinin imzalanması Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir. Gənc müstəqil dövlət kimi Azərbaycan Respublikasının bu proqramda iştirakı qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi üçün əlverişli şərait yaradır. Regionda hərbi münaqişə olduğunu nəzərə alaraq Azərbaycan bu proqrama böyük ümidlər bəsləyir. Müstəqil Azərbaycanın "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulması Azərbaycan Respublikası və NATO üzvü olan dövlətlər arasında əlaqələrin genişlənməsinə kömək edəcək.

Ermənistanın Azərbaycana qarşı təcavüzü probleminə toxunaraq Azərbaycan Prezidenti bildirdi ki, Şimali Atlantika İttifaqının üzvləri hər hansı dövlətin ərazi bütövlüyünün və siyasi müstəqilliyinin zərərinə olaraq qüvvə tətbiq etməkdən imtina etmək haqqında təəhhüdlərini, həmçinin, mövcud sərhədlərə hörmətlə yanaşmaq və mübahisələri dinc vasitələrlə həll etməyə tərəfdar olduqlarını təsdiq etdilər. NATO üzvü olan dövlətlərin bu  mövqeyi müstəqil Azərbaycanın maraqlarına cavab verir.

Müstəqil Azərbaycan dövləti üçün NATO ilə əməkdaşlığın böyük əhəmiyyəti və perspektivləri vardır. NATO üzvləri ilə bağlı dövlətlərarası münasibətlərin tənzimlənməsində, ortaya çıxan mübahisəli məsələlərin dinc vasitələrlə həll edilməsində, təşkilat üzvünə qarşı baş verən təcavüzün dəf olunmasında bütün kollektiv imkanların səfərbər edilməsi sahəsində rəhbər tutulan prinsiplər öz həyati qabiliyyətini uzun illər boyu sübut etmişdir və qarşıdurmadan sonrakı dövrdə Avropa təhlükəsizliyinin bugünkü yeni sisteminin bünövrəsi kimi qəbul edilir.

Ə.Həsənov yazır: "Azərbaycan dövləti ümid edir ki, NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramında iştirak etmək ona Ermənistan-Azərbaycan münaqişəsinin ədalətlə, dincliklə dayandırılmasına, işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsinə, müharibənin bütün nəticələrinin aradan qaldırılmasına nail olmağa imkan verəcəkdir. Çünki NATO üzvü olan dövlətlər hər hansı ölkənin sərhədlərinin silah gücünə dəyişdirilməsini yolverilməz sayırlar. Sənədin bu müddəaları ümid etməyə əsas verir ki, Qafqaz regionunda vəziyyətin nizama salınması üçün NATO ölkələri konkret əməli addımlar atacaqlar". Bunu NATO baş katibinin müavini S.Balansinonun mətbuat konfransında söylədiyi sözlər də sübut edir. O bildirmişdir ki, "bu proqramın iştirakçısı kimi, Azərbaycan Respublikası özünün məruz qaldığı münaqişə ilə bağlı məsləhətləşmələr keçirilməsi barədə müraciət edərsə, biz buna böyük diqqətlə yanaşacaq və belə məsləhətləşmələr keçirəcəyik".

Azərbaycan ilə NATO arasında yaradılan əməkdaşlığın əsas prinsipləri və istiqamətləri "Sülh naminə tərəfdaşlıq" proqramında və Azərbaycanın təqdim etdiyi "Prezentasiya sənədi"ndə öz əksini tapmışdır. Bir faktı da qeyd etmək lazımdır ki, Cənubi Qafqaz müxtəlif dövlətlərin mənafelərinin toqquşduğu və kəsişdiyi bir regiondur. Azərbaycan Respublikası keçmiş SSRİ respublikaları arasında dördüncü olaraq "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulmuş və Cənubi Qafqazda yeni geosiyasi vəziyyət yaratmışdır. Bu vəziyyətin səciyyəvi cəhəti ondan ibarətdir ki, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması, əvvəllərdə olduğu kimi, yalnız MDB-nin və ATƏT-in deyil, həm də NATO-nun imkanlarından istifadə edilməklə həll oluna bilər.

Beləliklə, "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulmaqla Azərbaycan hər şeydən əvvəl ən güclü hərbi-siyasi blokla əməkdaşlıq tellərini möhkəmləndirdi, həmçinin NATO-nun şəxsində güclü və etibarlı tərəfdaş əldə etdi. Azərbaycan-NATO ikitərəfli əlaqələrinin inkişafı "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində getdikcə geniş vüsət almaqdadır. Bu proqram NATO-nun maraqları çərçivəsində olduğundan tərəfdaş dövlətlərin blokla əlaqələrinin daha da inkişaf etdirilməsi sahəsində NATO liderlərinin cəhdlərində son zamanlar böyük canlanma hiss olunmaqdadır.

NATO və Azərbaycan arasında qarşılıqlı münasibətlər 1994-cü ilin iyununda Azərbaycan nümayəndə heyətinin Şimali Atlantika Əməkdaşlığı Şurasının sessiyasında iştirakı ilə bir qədər də inkişaf etdirilmişdir. Səfər zamanı Ermənistanın Azərbaycana təcavüzü və onun nəticələri haqqında geniş məlumat verilmiş və bu problem qəbul olunmuş bəyanatın "Regional münaqişələr" hissəsində öz əksini tapmışdır. Bəyanatda belə bir prinsipial müddəa ifadə olunmuşdur ki, bütün dövlətlərarası münaqişələr dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll olunmalıdır.

1995-ci ildə NATO Verifikasiya Komitəsinin sədri Necil Nədimoğlunun başçılıq etdiyi nümayəndə heyəti, NATO-nun müxtəlif rəhbər strukturlarının təmsilçiləri ilə birgə ölkəmizdə səfərdə olmuşlar. Səfər zamanı NATO ilə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilmiş, Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin və bölgədə sülh yaradılmasının vacibliyi vurğulanmışdır.

1995-ci ildə NATO-nun Niderlandın Nordvik şəhərində keçirilən toplantısında Azərbaycanın xarici işlər naziri də iştirak etmişdir. O öz çıxışında ölkəmizin NATO ilə əlaqələrindən danışmış, Ermənistanın respublikamıza qarşı təcavüzü, xalqımıza vurulan maddi və mənəvi ziyanlar, problemin həllində Azərbaycanın mövqeyi haqqında geniş məlumat vermişdir. İl ərzində ikitərəfli görüşlər intensiv xarakter almışdır ki, bu da davamlı münasibətlər qurulmasına, mövqelərin aydınlaşmasına kömək etmişdir.

Azərbaycan nümayəndə heyətlərinin NATO-nun müxtəlif tədbirlərində iştirakı ilə yanaşı, Azərbaycana alyansın müxtəlif səviyyəli nümayəndələrinin səfərlərini də əməkdaşlığın genişlənməsi və inkişafı formaları kimi qəbul etmək olar. 1995-ci il iyunun 7-də Azərbaycan Respublikasının Prezidenti Bakı şəhərinə gəlmiş NATO silahlı qüvvələrinin Avropa üzrə komandanının müavini general Ç.Makkenzini qəbul etmişdir. Görüşdə general Makkenzi Azərbaycanla NATO arasında münasibətlərin inkişafından məmnun qaldığını bildirmiş və qeyd etmişdir ki, Şimali Atlantika İttifaqı Azərbaycan Silahlı Qüvvələrinin qurulmasında və təkmilləşdirilməsində əhəmiyyətli rol oynaya bilər. O, xüsusi vurğulamışdır ki, ordu hər bir dövlətin atributudur və Azərbaycan da, öz növbəsində, layiq olduğu orduya malik olmalıdır.

Görüşdə ilk dəfə olaraq, NATO-nun rəsmi nümayəndəsi Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və regionda sülhün təmin olunması zəruriliyini qeyd etmişdir. Ə.Həsənovun qeyd etdiyi kimi, 1996-cı il aprelin 22-də Azərbaycan Respublikası və Avropa İttifaqı arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında müqavilənin imzalanmasının NATO ilə əlaqələrin dərinləşməsində çox böyük əhəmiyyəti olmuşdur. Azərbaycanın xarici siyasətinin parlaq səhifələrindən biri kimi qiymətləndirilən və müstəqil dövlətimiz üçün tarixi əhəmiyyət kəsb edən bu müqavilə Azərbaycanın Avropa strukturları və institutları ilə (Avropa İttifaqı, Avropa Şurası, NATO və b.) əlaqələrinin genişlənməsi və dərinləşməsi üçün hüquqi baza rolunu oynayır.

Aprel ayının 23-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti NATO-nun qərargah-mənzilində bu təşkilatın baş katibi X.Solana ilə görüşdü. Söhbət zamanı NATO-nun baş katibi qeyd etdi ki, Cənubi Qafqazda baş verən hadisələri diqqətlə izləyir, Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin möhkəmləndirilməsində Prezident Heydər Əliyevin fəaliyyətini yüksək qiymətləndirir. Tərəflər razılaşdılar ki, Qafqazda sülh və sabitlik region dövlətlərinin gələcək əməkdaşlığının və xalqların rifahının stimuludur. Bununla əlaqədar NATO-nun baş katibi X.Solana üç Cənubi Qafqaz dövləti tərəfindən Avropa İttifaqı ilə tərəfdaşlıq və əməkdaşlıq müqavilələrinin imzalanmasını və Azərbaycanla Ermənistanın birgə bəyanat qəbul etməsini yüksək qiymətləndirdi.

Azərbaycan Respublikasının Şimali Atlantika İttifaqı ilə əməkdaşlığını təsdiqləyən və şərtləndirən "Prezentasiya sənədi" görüş zamanı X.Solanaya təqdim edilmişdir. Ölkəmizin hərbi struktur rəhbərlərinin də iştirak etdiyi həmin görüşdə Azərbaycanın gələcəkdə NATO ilə əməkdaşlığı barədə məsələlər müzakirə olunmuşdur. Əgər Azərbaycanın 1995-ci ildə Şimali Atlantika Əməkdaşlıq Şurasına daxil olması NATO-ya Qafqazda münaqişəli məsələlərin həll edilməsində fəxri üzv statusu ilə iştirak etmək imkanı verirdisə, "Prezentasiya sənədi"nin təqdim edilməsi artıq respublikamıza NATO-nun beynəlxalq normalar əsasında öz təhlükəsizlik və müstəqillik məsələlərini fərdi qaydada, istədiyi taktiki yolla, müstəqil müəyyən etməyə və bu halda Şimali Atlantika blokunun müdafiəsinə nail olmaq imkanı verir.

1994-1996-cı illərdə əsası qoyulmuş və inkişaf etdirilmiş Azərbaycan-NATO əlaqələri sonrakı dövrdə qarşılıqlı münasibətlərin daha da intensivləşdirilməsi üçün əlverişli baza rolunu oynadı. Məhz həmin illərdə münasibətlərin hüquqi cəhətdən tənzimlənməsi və bir sıra praktiki addımların atılması NATO-nun Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməyə marağım artırdı.

1997-ci ilin əvvəlində NATO baş katibinin Bakıya səfəri NATO-Azərbaycan əlaqələrinə xüsusi təkan verdi və NATO-nun ölkəmizlə bağlı niyyətlərinin ciddi olduğunu sübut etdi. X.Solana səfər ərəfəsində jurnalistlər qarşısında bəyan etmişdir ki, Azərbaycan Prezidenti ilə görüş zamanı Dağlıq Qarabağ probleminin həlli yollarının araşdırılmasına səy göstəriləcək, Azərbaycanın hərbi potensialının beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində bəzi danışıqlar aparılacaq. NATO baş katibi, həmçinin, blok ölkələrinin Madrid sammitinə qədər Qafqaz dövlətləri ilə əməkdaşlığın genişləndirilməsi imkanlarını, NATO-nun genişlənməsi əleyhinə Rusiyanın mövqeyinə region ölkələrinin münasibətini öyrənmək istəyirdi.

Səfər ərəfəsində X.Solana Azərbaycan mətbuatı üçün xüsusi müsahibə ilə çıxış etdi. Müsahibədə yeni Avropada NATO-nun rolu, NATO-Azərbaycan əlaqələrinin inkişafı, "Sülh naminə tərəfdaşlıq" proqramında iştirakın perspektivləri və əhəmiyyəti dərindən açıqlanmışdır. X.Solananın fikrinə görə, "Avropa" anlayışı coğrafi mövqe ilə deyil, dəyərlərlə müəyyən edilir. O bildirdi ki, NATO hazırda Avropa təhlükəsizliyi sahəsində əməkdaşlığın hərəkətverici qüvvəsinə çevrilmiş və siyasi dəyişikliklərin katalizatoru olmuşdur. İndi NATO təhlükəsizliyə yeni mövqedən yanaşır və bu mövqe həmin təşkilata daxil olmayan ölkələrlə və digər təsisatlarla əməkdaşlıq prinsipinə əsaslanır.

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2013.- 30 may.- S.15.