Azərbaycanın beynəlxalq mədəni əlaqələri: XX əsrin 60-cı illəri

 

 

 

 

XX əsrin 80-ci illərindəki kitab mübadiləsi əməkdaşlıq səviyyəsində həyata keçirilməyə başlayır. Bu məqsədlə Azərbaycan SSR-lə digər ölkələr arasında rəsmi əməkdaşlıq sənədləri imzalanır ki, bu da beynəlxalq mədəni əlaqələrin məzmununa zənginlik gətirir. Respublikada tərcümə mərkəzlərinin, "Şərq-Qərb" nəşriyyatının yaradılması faktı sovet ideologiyasının hakimlik etdiyi bir dövrdə mütərəqqi addım kimi qiymətləndirilməlidir. Azərbaycan SSR-nin beynəlxalq kitab mübadiləsi məqaləsinin demokratik prinsiplər çərçivəsində gerçəkləşdirilməsində, şübhəsiz ki, çatışmazlıqlar var idi. Tərcümə və nəşr işindəki güclü senzura bunun demokratik qaydada aparılmasına mane olan xüsusiyyətlərdən idi. Bu isə SSRİ-nin bu sahədəki siyasətinə sözsüz əməl edilməsi şərtlərindən irəli gəlirdi.

"Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, kitab mübadiləsi aparılan beynəlxalq mədəni əlaqələrdə sərgi və yarmarkaların rolu böyük oldu. Müharibədən sonrakı dövrdə sovet dövləti insanlar arasında elmi biliklərin artırılmasına diqqəti gücləndirdi. O illərdə Azərbaycanda bu zəif gedirdi. Ötən əsrin 50-ci illərində Azərbaycana gələn beynəlxalq nümayəndələrə kitabların hədiyyə edilməsi, müxtəlif beynəlxalq əhəmiyyətli tədbirlərdə kitab sərgilərinin təşkili intensiv dinamikaya səbəb oldu. SSRİ-nin tərkibində olan Azərbaycan Respublikasının YUNESKO xəttilə bu sahədəki tədbirləri təqdirəlayiqdir. Azərbaycan Respublikası Dövlət Kitabxanasının fəaliyyəti xarici ölkələrlə dostluq və mədəni əlaqələr cəmiyyətinin xətti ilə dünyanın müxtəlif aparıcı kitabxanalarına klassik folklor nümunələrinin və müasir elmi ədəbiyyatın mübadiləsi ilə səciyyəvi idi ki, bu da fondların zənginləşdirilməsi ilə nəticələnirdi. Təkcə elə 1960-cı ildə cəmiyyət xəttilə xaricdən 930 kitabjurnal alınmışdı ki, bunlar da respublika Dövlət Kitabxanasına təhvil verilmişdi.

Bu səviyyədə əməkdaşlıq respublikanın digər kitabxanaları arasında da quruldu. 1965-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının əsaslı kitabxanasının "Xarici ədəbiyyatın komplektləşdirilməsi və beynəlxalq kitab mübadiləsi" şöbəsi bir neçə xarici ölkənin kitab ticarəti şirkəti ilə əməkdaşlıq yaratdı. Həmin illərdə şöbə dünyanın 52 ölkəsinin 489 təşkilatı ilə əlaqə saxlayaraq yüzlərlə kitab, qəzet, jurnal əldə etdi, öz növbəsində, onlara 11039 sayda mətbu nümunəsi göndərdi. Kitab mübadiləsi ilə inkişaf edən beynəlxalq mədəni əlaqələr prosesində azərbaycanlı sənətkarlarla dünya yazarları arasındakı ünsiyyət də mühüm əhəmiyyət kəsb edirdi. İlk növbədə sosialist ölkələri ilə ünsiyyət və əməkdaşlığın qurulmasında maraqlı olan sovet iqtidarı Macarıstan, Rumıniya, Bolqarıstan, Çin, Kuba ədiblərilə yanaşı Türkiyə, Hindistan, Finlandiya, ABŞ, İsveç, İran və digər ölkələrin şair və yazıçıları ilə görüşlərin keçirilməsinə də şərait yaradırdı. Bu sahədə ötən əsrin 70-80-ci illərini daha məhsuldar dövr kimi qiymətləndirmək olar.

Şair və yazıçılarımızın beynəlxalq mədəni əlaqələrdə oynadığı rol beynəlxalq təşkilatların diqqətindən yayınmamışdı. Belə ki, 1988-ci ildə şair Rəfiq Zəka Xəndan Beynəlxalq Atatürk mükafatına, xalq şairi B.Vahabzadə, Türkiyə Respublikasının mədəniyyət xadimi adına, xalq şairi Nəbi Xəzri Bolqarıstanın I dərəcəli KirillMefodi ordeninə layiq görülmüşdü.

Azərbaycan kitabı beynəlxalq əhəmiyyətli sərgi və festivallarda da layiqincə təmsil olunurdu. Bu istiqamət üzrə fəaliyyət 80-ci illərdə daha intensiv mahiyyət kəsb edirdi. Bu illər ərzində Moskva, Bakı, Macarıstan və Türkiyədə təşkil olunan beynəlxalq sərgi-yarmarkalarda Azərbaycan kitabı mühüm yer tuturdu. Xüsusilə, 1989-cu ildə beynəlxalq səviyyədə nüfuzlu sayılan 41-ci Frankfurt-Mayn kitab yarmarkası Azərbaycan üçün çox uğurlu oldu. 90-dan çox ölkənin iştirak etdiyi bu yarmarkada Azərbaycan kitabına müstəqil ekspozisiya təşkil edilmişdi. Burada 200-dən artıq Azərbaycan kitabı nümayiş etdirilirdidünya ölkələri "Azərbaycan xalçaları", "Nizaminin aforizmləri" və digər kitablara xüsusi maraq göstərdilər.

"Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, Böyük Vətən müharibəsindən sonra Azərbaycanda beynəlxalq mədəni əlaqələr sistemində incəsənət vasitəsilə mübadilənin əhəmiyyəti daha geniş miqyası əhatə edirdi. Bu sahədə Azərbaycan incəsənəti bütün mövcud imkanlardan maksimum istifadə edirdi. Musiqi sənəti daha mühüm əhəmiyyət daşıyırdı. Azərbaycanda beynəlxalq mədəni əlaqələr sistemində musiqinin imkanları "musiqi sərhəd tanımır" - ifadəsinə uyğun olaraq not və valların, disklərin mübadiləsi, musiqi kollektivlərinin qastrolları, beynəlxalq musiqi festivalları, sənətkarların şəxsi yaradıcılıq əlaqələrində təzahür tapırdı. Musiqi sənəti cəhətdən zəngin olan Azərbaycana bu sahədə həmişə güclü maraq olmuşdu. Zaqafqaziyada ilk operanın təməlini qoyan Ü.Hacıbəyovun operetta və operaları müharibədən sonrakı illərdə xaricə "ayaq açdı". "Koroğlu" operasına İngiltərə və Cənubi Azərbaycanda güclü maraq olduğundan 1946-1947-ci illərdə əsərin partiturası və notları bu ölkələrin musiqi kollektivlərinə göndərildi. Azərbaycan bəstəkarlarının əsərlərinin not variantlarının xarici ölkələrə verilməsi bu sahədə işin mühüm istiqamətlərindən birini təşkil edirdi.

Azərbaycan müğənniləri Bülbül, R.Behbudov, Ş.Ələkbərova, S.Qədimova artıq dünya ictimaiyyətinə tanış olan sənətkarlardan idi. R.Behbudovun "Arşın mal alan" filmindəki baş rolu onu beynəlxalq aləmdə daha da məşhurlaşdırdı. Adları çəkilən bu sənətkarlar Azərbaycan musiqisini dünyada layiqincə təmsil edənlərin ön sırasında gedirdilər. Müharibədən sonrakı - yəni 50-ci illərdə qastrollar beynəlxalq mədəni əlaqələrin ən populyar forması kimi əhəmiyyətli idi. Azərbaycan müğənniləri və digər musiqiçilər, rəqs kollektivləri mübadilələr aparmaqla, Azərbaycanda da konsertlərin təşkilinə nail olurdular.

Ötən əsrin 60-cı illərində Azərbaycanda dünya səviyyəli klassik bəstəkarların, ümumiyyətlə, musiqiçilərin yetişməsi beynəlxalq mədəni əlaqələrin inkişafına da əhəmiyyətli dərəcədə təsir göstərdi. Q.Qarayevi, F.Əmirovu, Niyazini, A.Məlikovu artıq dünyanın ən aparıcı müsiqi mərkəzləri tanıyır, onlarla əməkdaşlıq edirdilər. 1967-ci ildə Azərbaycanın bu görkəmli bəstəkarları ABŞ, Kanada, İngiltərə, Fransa, Yuqoslaviya, İtaliya, Türkiyə və digər ölkələrdə çıxışlar etdilər. Bu sahədə əməkdaşlıq qarşılıqlı olduğundan Hindistan, Yuqoslaviya, Monqolustan, Çexoslovakiya, Türkiyə, İraqFransa bəstəkarları da respublikamızda olmuş, ölkəmizin musiqi mərkəzlərinin fəaliyyəti ilə tanış olaraq, yaradıcı şəxslərlə ünsiyyət yaratmışlar. 1967-ci ildə Bolqarıstan, Kuba, ÇexoslovakiyaMonqolustanda keçirilən musiqi həftələrində Azərbaycan musiqiçiləri önəmli yer tutmuşlar.

Azərbaycan musiqi ictimaiyyəti dünyanın tanınmış bəstəkarları Todor Popov (Bolqarıstan), Vişkulas İşrəli (Hindistan), Tadiuş Natanson (Polşa), Vlastemir Nikolovski (Yuqoslaviya) ilə yaxından tanış olmaqla yanaşı, musiqi problemləri ilə bağlı təcrübə mübadiləsi edir, "ustad dərsləri" keçirdilər. Dünyanın tanınmış bəstəkar və musiqiçilərinin Azərbaycan səhnəsindəki ifalarının böyük maraqla qarşılanması mədəni əlaqələrin güclənməsinə təsir göstərirdi. Artıq adi Azərbaycan vətəndaşının dünya musiqisində baş verən yeniliklər haqqında təsəvvürü formalaşırdı.

"Beynəlxalq mədəni əlaqələr" kitabında qeyd edilir ki, Azərbaycan sənətkarları da dünya ictimaiyyəti tərəfindən maraqla qarşılanırdı. Görkəmli maestro Niyazinin "Çitra" baletinə görə Hindistanın C.Nehru adına ən mötəbər mükafatına layiq görülməsi buna əyani misaldır. Ötən əsrin 70-80-ci illərində musiqi mübadiləsi istiqaməti üzrə musiqi kollektivlərinin qastrol konsertlərinin sayı artmışdı. Dünyanın bir çox konsert salonlarında müvəffəqiyyətlə çıxış edən Z.Xanlarova, E.Rəhimova, İ.Rzayev, F.Qasımova, X.Qasımova kimi sənətkarlar milli musiqinin layiqli təmsilçiləri idilər. Bu müğənnilər və digər ifaçılar fərdi konsertlərdən əlavə, dostluq həftəlikləri, dekadalar, festival kimi tədbirlərdə də çıxış edərək xalqlar arasında mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edirdilər. Azərbaycan musiqiçilərinin beynəlxalq əməkdaşlığının geniş miqyaslı xəritəsi özündə dünyanın bir çox nöqtələrini əhatə edirdi.

Musiqi sahəsində ən uğurlu hadisələrdən biri 1988-ci ildə YUNESKO xətti ilə təşkil olunan 22-ci beynəlxalq musiqi festivalında klassik Azərbaycan üçlüyünün çıxışı oldu. "Vaşinqton post", "Nyu-York tayms" və digər mətbu orqanları bu üçlüyün yüksək sənətkarlığını xüsusi qeyd edərək Azərbaycan musiqisinə marağın artmasına təkan verdilər. O vaxtdan bu günədək Azərbaycan üçlüyü həmin tədbirlərin ən istəkli və fəal iştirakçılarından sayılır. Mərhum pianoçu V.Mustafazadənin ümumdünya caz festivalındakı möhtəşəm ifası və mükafata yiyələnməsi möhtəşəm hadisə oldu. Festival və müsabiqələrdə ən maraqlı məqamlardan biri sənətdəki yeniliklərin, novatorluğun artması idi. Bu fakt dünya incəsənətinə mütərəqqi şəkildə inteqrasiya məqamlarındandır. Məhz bu cəhətdən azərbaycanlı sənətkarların, xüsusilə, V.Mustafazadənin yaradıcılığı inqilab demək idi. Klassik Afrika zəncilərinə məxsus cazla Azərbaycan muğamı elementlərinin sintezi, ümumiyyətlə, sənətkarın unikal musiqi tərzi dünya cazında yenilik idi. Cazmenin qızı Əzizə Mustafazadənin atasının layiqli davamçısı kimi İsveçrədə, ABŞ-da konsertlər verməsi və publikanı heyran qoyması mədəni əlaqələrin növbəti mərhələsini təşkil etdi.

"Beynəlxalq mədəni əlaqələr" kitabında yazıldığı kimi, musiqi sahəsində beynəlxalq mədəni əlaqələrin təşkili işi xarici ölkələrlə mədəni əlaqələrə dair olan sənədlərə uyğun aparılırdı. Bu rəsmiliklərin müddəalarına müvafiq olaraq müxtəlif janrdan olan musiqi kollektivləri və sənətkarlar, folklor, yaxud özfəaliyyət kollektivlri dünyanın müxtəlif ölkələrinə qastrol səfərləri edir, festival və müsabiqələrdə iştirak edirdilər. Bir çox musiqi festivalları içərisində "Xarı bülbül" beynəlxalq folklor festivalının Azərbaycanda keçirilməsi faktı, dünyada muğam mərkəzi kimi, məhz Azərbaycanın tanınmasına dəlalət edir. Bu kimi tədbirlər əməkdaşlığa geniş imkanlar açmağa kömək edirdi.

Faktlardan göründüyü kimi, sovet hakimiyyətinin qızğın çağlarından ta dövlətin süqutunadək Azərbaycanda beynəlxalq mədəni əlaqələrin inkişafında musiqi heç zaman ikinci planda olmamışdır. Sərhəd tanımayan musiqi ilə Azərbaycan mədəniyyəti ölkədən-ölkəyə, xalqlardan-xalqlara ötürülərək dünyada tanınırdı. İncəsənətin digər sahələrinin rolunu qabartmaqla daha artıq məlumatlar üzə çıxardı; bu mənada, teatronun janrları müstəsna rola malikdir. Bu sahədə əməkdaşlığın əsas mahiyyətini dünya teatr sənətkarları ilə azərbaycanlı sənətkarların, incəsənət xadimlərinin yaradıcılıq əlaqələrini göstərmək olar. Azərbaycan teatrına sovet illərində dünyanın müxtəlif səhnələrindən rejissorlar və müğənnilər dəvət olunaraq tamaşalarda iştirak haqqında müqavilələr imzalanırdı. Xüsusilə, ötən əsrin 80-ci illərində tamaşaların birgə hazırlanması təcrübəsi tətbiq olundu. 1981-ci ildə türk artisti Atilla Makizadə M.F.Axundov adına OperaBalet Teatrında oynanılan "Seviliya bərbəri" və "Faust" operalarında çıxış etdi. Məhz elə həmin ildə ilk dəfə olaraq Türkiyə səhnəsində bəstəkar A.Məlikovun "Məhəbbət əfsanəsi" baleti səhnələşdirildi. SSRİ ilə Mərakeş arasında bağlanmış mədəni əməkdaşlıq proqramlarına uyğun olaraq 1982-ci ildə ölkənin RabatKasablanka şəhərlərində səfərdə olan xoreoqraf N.Nəzirova SSRİ xalq artisti F.Əmirovun "Min bir gecə" baletini nümayiş etdirdi. Həmin tamaşa 1983-cü ildə Varna Opera Teatrında tamaşaya qoyuldu.

Teatr sahəsindəki əməkdaşlığa bolqar baletmeysterləri S. və Q.Yordaqovların fəaliyyəti də aiddir. Onların Q.Qarayevin "Yeddi gözəl", "İldırımlı yollarla" baletlərində oynaması beynəlxalq mədəni əməkdaşlıqda ən əhəmiyyətli hadisələrdən idi. Belə mədəni əməkdaşlıq Azərbaycanın digər teatrlarında da təzahür tapırdı. Belə ki, 1986-cı ildə Nyu-Yorkun ən yaxşı teatrlarından birində R.İbrahimbəyovun pyeslərindən biri tamaşaya qoyuldu.

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2013.- 1 noyabr.- S 15.