Azərbaycanın beynəlxalq mədəni əlaqələri: XX əsrin 70-80-ci illəri

 

 

Qeyd etmək lazımdır ki, dünya teatrları ilə qarşılıqlı əlaqənin beynəlxalq mədəni əməkdaşlıqda xüsusi çəkisi vardır. Bu baxımdan, musiqi sahəsi ilə müqayisədə nisbətən gənc olan teatrların qarşılıqlı əlaqələri dərinləşməyə başlayır. Azərbaycan səhnəsində yaradıcılıq ezamiyyətləri keçirən xarici əməkdaşlarla yanaşı, Azərbaycan sənətkarlarının təcrübəsindən dünya xaqlarının incəsənəti də bəhrələnirdi. Yəmən Respublikasında teatrın yaradılması, Ü.Hacıbəyovun "Məşədi İbad" operettasının məhz Azərbaycan rejissoru tərəfindən səhnələşdirilməsi buna əyani misaldır.

Böyük Vətən müharibəsi illərindən sonra Azərbaycanda beynəlxalq mədəni əməkdaşlığın formalarından biri  kinematoqrafiya sahəsindəki əlaqələrin gücləndirilməsi oldu. 50-ci illərdən başlayaraq filmlərin nümayişi, kinofestivallar və yaradıcılıq ezamiyyətləri, birgə kino çəkilişləri və s. tədbirlər geniş vüsət aldı. "Azərbaycanfilm"in istehsalı olan bir çox bədii filmlər dünya kino festivallarında uğur qazandı. 1958-ci ilin avqustunda Daşkənddə keçirilən AsiyaAfrika ölkələrinin festivalında "Uzaq sahillərdə", "O olmasın, bu olsun" filmləri uğur qazandı.

Tezliklə Azərbaycanın paytaxtı beynəlxalq kino festivallarının təşkilat mərkəzi oldu. Hələ 1960-cı ildə Bakıda keçirilən İran kinofilmləri festivalı əməkdaşlığa müsbət təsir göstərdi. Onun ardınca 1969-cu ildə yenə də Bakıda azərbaycanlıların böyük maraqla izlədikləri Hindistan filmləri festivalının təşkili isə bakılıların xatirəsində indiyədək qalmışdır.

"Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, 1969-cu ildə Azərbaycan Dövlət Kinematoqrafiya Komitəsinin sədri M.Qurbanovun Macarıstana işgüzar səfərinin əsas məqsədi kino sahəsində mədəni əməkdaşlığın təməlinin qoyulması idi. Azərbaycan kinosu və kinematoqrafçıların beynəlxalq mədəni əlaqələr sistemindəki fəaliyyəti digər mühüm tədbirlərdə - beynəlxalq konfrans, simpoziumlar, dekadalar və yarmarkaların keçirilməsində təzahür tapırdı. 70-80-ci illərdə bu sahədə beynəlxalq mədəni əməkdaşlıq geniş vüsət tapmağa başlayırdı. Dünyanın məşhur kino aktyorları, rejissorlar və digər kino mütəxəssisləri Bakıya ezamiyyətə gəlir, azərbaycanlı sənətkarlarla mədəni mübadilə edirdilər. Bakıda beynəlxalq kino həftələrinin keçirilməsi artıq ənənəvi xarakter almağa başladı. 1983-cü ildə Bakıda Danimarka, 1984-cü ildə Hindistan, 1986-cı ildə Misir, Rumıniya, Çexoslovakiya, Bolqarıstan, 1987-ci ildə isə Çin kino filmləri həftələri keçirilmişdi. Beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsində bu tədbirlərin əhəmiyyəti ondan ibarət idi ki, Bakıya gələn xarici kino xadimləri azərbaycanlı həmkarlarla tanış olur, təcrübə mübadiləsi edir, hər şeydən əvvəl, Azərbaycan kinosunun dünya kinosuna inteqrasiyası baş verirdi. Azərbaycan kinematoqrafçılarının dünya kinosuna bələd olması və müəyyən şeyləri əxz etməsi milli kinoda öz bəhrəsini verməyə başlayırdı. Belə ki, bir sıra Azərbaycan filmləri dünya kino festivallarında uğurmükafat qazanmışdı ki, bunlardan birirejissor V.Mustafayevin "Yaramaz" filmi idi.

Beynəlxalq əməkdaşlıq sistemində "Azərbaycanfilm"in Hindistanın "Y.S.Aqrofarma (P) LTD" kinoşirkəti ilə "Azinda" birgə əməkdaşlıq müəssisəsini yaratmaları oldu. Bu müəssisənin əsas məqsədi qarşılıqlı kinofilmlər mübadiləsi, birgə filmlər çəkilişi və nəşrlərin buraxılması idi. Beynəlxalq mədəni əməkdaşlığın geniş vüsət tapmasına baxmayaraq, sovet dövləti bu məsələyə - əməkdaşlıq prosesinə çox ciddi nəzarət edir, bu işi xüsusi çərçivəyə salaraq, qaydalar kontekstində saxlayırdı. Lakin sənətkarların hər şeydən əvvəl, beynəlxalq əlaqələrə ehtiyacı vardı. Çünki dünya mədəniyyətində baş verən yeniliklərin sayı durmadan elə artırdı ki, onlara yiyələnmədən sənətkarlar özünü qapalı mühitdə hiss edirdilər. Ona görə də sovet dövləti dünya mədəniyyətinə inteqrasiyanı genişləndirmək məcburiyyətində idi. Sovet senzurasına dözmək istəməyən istedadlar ölkəni tərk edirdi. Bu təsviri sənət sahəsində daha qabarıq şəkildə hiss olunurdu. Ötən əsrin 60-cı illərində azərbaycanlı rəssamların, heykəltaraş və digər sənətkarların beynəlxalq əməkdaşlığı diqqət mərkəzində idi. Xüsusilə, rəssamların xarici ölkələrə ezamiyyətlərinə və onların əsərlərinin sərgilənməsinə üstünlük verilirdi. 1968-ci ildə Suriya, Əlcəzair, ADR, Hindistan və digər ölkələrdə Azərbaycan rəssamlarından S.Bəhlulzadə, M.Rəhmanzadə, B.Mirzəzadə, M.AbdullayevT.Salahovun əsərlərinin nümayişi böyük əks-səda doğurdu. Elə həmin ildə bir neçə azərbaycanlı rəssam Polşa, İtaliyaMeksika kimi ölkələrdə yaradıcılıq ezamiyyətlərində oldular. Bir il sonra isə Yaponiya, Polşa, ABŞ rəssamları Bakıya ezam olunaraq yaradıcılıq əməkdaşlığı etdilər.

Bu sahədə ən maraqlı faktlardan biri SSRİ xalq rəssamı M.Abdullayevin "Dost Hindistanda" seriyasından olan əsərlərinin 1970-ci ildə Hindistanın C.Nehru adına mükafatına layiq görülməsi oldu. 1974-cü ildə beynəlxalq əməkdaşlığa görə mükafata layiq görülənlərdən biri də SSRİ xalq rəssamı T.Salahov oldu. O, Monqoluslan ordeninə, S.Salamzadə C.Nasir adına mükafata layiq görüldü. T.Salahovun 1983-cü ildə Avstriya rəssamlar İttifaqının müxbir üzvü seçilməsi isə mədəni əlaqələr tarixində ən əlamətdar hadisələrdən biri hesab edildi.

"Beynəlxalq mədəni əlaqələr" kitabında qeyd edilir ki, Azərbaycan rəssamlarının beynəlxalq miqyasda tanınması, onların yaradıcılığına olan hörmət və ehtiram artmaq üzrə idi. Rəssamlarımızın səfər və ezamiyyətlərini "təsvir edən" beynəlxalq əməkdaşlıq üzrə "coğrafi xəritə" genişlənirdi ki, bu da Azərbaycan mədəniyyətinin dünyəvi arenaya çıxmasına əhəmiyyətli dərəcədə təsir göstərirdi. Digər sənət nümayəndələri də - dekorativ-tətbiqi sənət əsərləri yaradan heykəltəraş və memarlar da beynəlxalq mədəni əlaqələrdən bəhrələnərək, Azərbaycan mədəniyyətinin zənginləşməsinə xidmət göstərirdilər.

1981-ci ildə Parisdə YUNESKO-nun iqamətgahında Azərbaycanın 20-dən artıq əl xalçası, 1982-ci ildə Varşavada Azərbaycan dekorativ və tətbiqi əsərləri sərgisi milli mədəniyyətimizin dünyada tanınmasında atılan növbəti addımlardan biridir. Bu sahədə digər mühüm hadisə 1988-ci ildə Bakıda Şərq xalçasına həsr olunmuş II Beynəlxalq Simpoziumun keçirilməsi idi. Beynəlxalq əhəmiyyətli bu tədbirdə dünyanın 18 ölkəsindən 150-dən çox alim, xalça rəssamı və bu sahənin mütəxəssisi iştirak edirdi. Belə bir tədbirin Azərbaycanda təşkili təsadüfi bir məkan seçimi deyildi. Bir daha sübut edildi ki, xalça sənəti üzrə Azərbaycan dünya mədəniyyətində öncül yer tuturona görə də Azərbaycan xalçaçılıq sənətini öyrənmək, ondan əxz etmək müasir sənətkarlar üçün zəruri haldır. Məhz bu keyfiyyət mədəni əməkdaşlığın məzmununu təşkil edir. Rəsmi dövlətlərarası görüşlərin keçirilməsi, əlaqələrin qurulması prosesində Azərbaycan dövləti tərəfindən digər xarici dövlət başçılarına milli liderlərin əksi toxunmuş xalçaların hədiyyə edilməsi də beynəlxalq mədəni əməkdaşlıqda mühüm rol oynayan amillərdən biridir.

Artıq ötən əsrin 20-80-ci illərindən etibarən dünya sərgi salonlarında Azərbaycan xalçalarının nümayişi intensiv xarakter almağa başlamışdı. L.Kərimov və K.Əliyev kimi tanınmış Azərbaycan xalçaçılarından beynəlxalq səviyyədə iqtibas edilməyə başlanılır. Tezliklə Azərbaycan xalça ustalarının məşğələlər keçmək məqsədilə də Türkiyəyə dəvət olunması halları təkrarlanır və əməkdaşlığın genişlənməsinə daha gözəl şərait yaranır.

Sovet dövründə Azərbaycanda beynəlxalq mədəni əlaqələrin inkişaf dinamikasında xüsusi qurumların - cəmiyyət, assosiasiya və təşkilatların rolu da vurğulanmalıdır. Bu, o deməkdir ki, sovet dövləti bu işin sistemli, planauyğun və məqsədyönlü formada aparılması niyyətini güdürdü ki, bu da təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Belə ki, əvvəllər də qeyd etdiyimiz kimi, sovet dövlətinin mədəni və xarici siyasətinin prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasında xarici ölkələrlə dostluq və mədəni əlaqələr cəmiyyətindən, İranla mədəni əlaqələr cəmiyyəti, bir çox ölkələrlə dostluq cəmiyyətləri, AsiyaAfrika ölkələri ilə Respublika Həmrəyliyi Komitəsi, Latın Amerikası ölkələri ilə dostluq və mədəni əməkdaşlıq assosiasiyasının Respublika Bölməsinin potensialından istifadəyə mühüm yer verilirdi. 1987-ci ildə xaricdə yaşayan azərbaycanlılarla əlaqə cəmiyyətinin də beynəlxalq mədəni əlaqələr sistemində mühüm rolu oldu.

Adları qeyd olunan bu qurumlar dünya xalqları arasında dostluq əlaqələrinin məhz mədəniyyət tədbirləri əsasında qurulmasına mühüm məna verirdilər. Sovet dövlətinin bu qurumlara üstünlük verməsi, ilk növbədə, dünyada gərginliyin zəifləməsinə və sovet quruluşuna soyuq münasibətin aradan qaldırılmasına xidmət etmək niyyətindən doğurdu. Bu məqsədə nail olmaq üçün müxtəlif ölkələrlə mədəni əməkdaşlıq üzrə ikitərəfli və çoxtərəfli protokollar imzalanırdı. Bu cür əlaqələrdən çıxış edərək bir sıra yeni formalardan istifadəyə başlıca önəm verilməyə başlanıldı. Xarici ölkələrin milli bayramları, ayrı-ayrı xalqlara xas adətlərin bayram edilməsi ilə müşayiət olunan mədəniyyət günləri, həftələr, qardaşlaşmış şəhərlərin elan edilməsi, idmanturizm əlaqələri məhz belələrindəndir.

Mədəniyyət günləri, ongünlüklər, dostluq günləri və həftələri müharibədən sonra təşkil olunan beynəlxalq mədəni əməkdaşlıq forması kimi 70-80-ci illərdə daha geniş vüsət aldı. Bu tədbirlərin keçirildiyi müddət ərzində xalqlar digər ölkələrin mədəniyyətinin bütün sahələri, təsərrüfatı, məişəti və adət-ənənələri haqqında biliklərə yiyələnmə imkanlarına malik olurdu. Dekada, dostluq günləri və həftələrində tədbirlərin bütün imkanlarından maksimum səviyyədə istifadə olunurdu. Bu kimi tədbirlər xalqlar arasında dostluq və həmrəyliyin formalaşmasına xidmət edirdi. 1967-ci ilin sentyabrında Kubada Azərbaycan dekadası, 1968-ci ildə HindistanSuriyada, 1969-cu ildə Polşada təşkil olunan Azərbaycan mədəniyyəti günləri Azərbaycanla bu xalqlar arasında dostluq və mədəni əməkdaşlığın qurulmasında mühüm rol oynadı.

"Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, Azərbaycanda beynəlxalq mədəni əməkdaşlığın yeni forması kimi "Qardaşlaşmış şəhərlər" hərəkatının mühüm rolu vardır. Ötən əsrin 70-80-ci illərində qardaşlaşmış şəhərlər hərəkatı daha geniş vüsət taparaq mədəni əlaqələrə başlıca önəm verdi. Azərbaycanın paytaxtı Bakı şəhəri indiyədək dünyanın doqquz şəhəri ilə - Dakar (Seneqal), Sarayevo (Yuqoslaviya), İzmir (Türkiyə), Neapol (İtaliya), Bordo (Fransa), Hyuston (ABŞ), Mants (Almaniya), Bəsrə (İraq), Vunqtau-Kondaodurla (Vyetnam) rəsmən qardaşlaşmışdır.

Bundan başqa, Abşeron rayonu Bolqarıstanın Razqrad əyaləti ilə, Sumqayıt Rumıniyanın Piteşti və Almaniyanın Lüdviqshafan şəhərləri ilə dostluq əlaqələri üzrə ikitərəfli sənədlər imzalamışlar. Qeyd etmək vacibdir ki, öz missiyasını həyata keçirən qardaşlaşmış şəhərlər hərəkatı mədəniyyətin bütün imkanlarından istifadə etməklə xalqlar arasında qarşılıqlı anlaşmaya nail olmuş, bütünlükdə beynəlxalq gərginliyin zəiflədilməsində mühüm əhəmiyyət kəsb etmişdir. Beynəlxalq mədəni əlaqələr sistemində mühüm rol oynayan bu hərəkatın fəaliyyətinin zəifləməsi SSRİ-nin süqutu ilə izah olunurdu.

Beləliklə, sovet dövründə Azərbaycanda beynəlxalq mədəni əlaqələrin tarixi faktlar əsasında təhlili göstərir ki, bu sahədə dövlət səviyyəsində ilk dəfə aparılsa da, SSRİ-nin Konstitusiyasının müddəalarının əksinə olaraq, respublikanın xarici ölkələrlə birbaşa mədəni əlaqələrinin qurulmasına imkan yaradılmaması əməkdaşlığa mənfi təsir göstərirdi. XX əsrin sonunda dünyanın ilk sosialist dövlətinin - SSRİ-nin süqutu ilə beynəlxalq mədəni əməkdaşlıq sahəsində də, həmçinin, tam müstəqil tarixi mərhələnin əsası qoyuldu. Sovet İttifaqının digər respublikaları kimi Azərbaycanın da SSRİ-nin tərkibindən çıxması onun müstəqil beynəlxalq sahədə siyasət yetirməsinə təkan verdi ki, bu da mədəni əlaqələrin yeni - daha demokratik tələb və prinsiplər əsasında həyata keçirilməsinə səbəb oldu. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Parlamentinin Müstəqillik haqqında Konstitusiya Aktının qəbul edilməsi çox qısa bir zamanda dünya ölkələrinin bu respublikanın tanımasına və beynəlxalq əlaqələrin qurulmasına səbəb oldu.

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2013.- 2 noyabr.- S.15.