Kino sənətimizin solmayan çiçəyi
Amma əlli
il bu səhnənin yaraşığı, bu zalın
“anşlaq”ı olmuş Hökümə Qurbanovasız...
Otuz beş
ildir bura onsuzdur, o, burasız. Sənət hökmlü Höküməsiz.
Kleopatra energetikasız. Hermiona işvəkarlığısız.
Tamara, Nataşa bənzərsizliyisiz. Yeva
Qrant, Vasantasena, Südabə, Bənövşə...
rəngarəngliyisiz. Büllur səs-səda
cingiltilərisiz. Ürək çırpıntılı,
can-ciyər süzgəcli
sözlərsiz. Hərəkətin sənət hərəkatlığısız.
Şimşək çaxışına
timsal baxışlarsız,
zəngulə analoqlu gülüşlərsiz, qızılgül
qönçələrinə təşbeh təbəssümlərsiz...
Bu fikir-qənaətləri
11 iyun axşamı Füzuli meydanında iki bir-üç bir gəzişənlərin
söhbət və düşüncələrindən ümumiləşdirilmiş çıxarış
da hesab etmək olar. Onların arasında otuz-qırx il öncələrədək buraya,
daha dəqiqi, bu meydandan bir
boy yuxarıda yerləşən
binaya - o vaxtlar “sənət məbədi”
adıyla da nişan verilən Akademik Milli Dram Teatrına gəlib-getmişlər
- deməli, yaşlılar,
ahıllar, qocalar daha çoxdur. Və deməli, buradakılar arasında bu axşamkı olaydan xəbəri olmayanlara və elə bu subyektiv
səbəbdən də
- “teatr qocalıb” deyənlərə - belə
də gələ bilərdi ki, tamaşaçı da qocalıb...
Amma yox, əks-arqumentlilərin
əllərindəki təzə-tər
çiçəklər, atüstü
qaynar dialoqlar, dəb geyimlər, şıq yerişlər,
şax baxışlar,
şux maraqlar göstərir ki, nə 140 illik teatrımız qocalıb,
nə milli müstəqillik ruhlu tamaşaçımız, nə
də 100 yaşlı
Hökümə xanım
Qurbanovamız!
Saat 19:00. Zal da dolu, xəyallar
da. Zal adamlarla, xəyallar
sevgi ilə, məhəbbətlə. Bu cəm şəkilçiləri
elə-belədən deyil;
axı, Hökümə
xanımı misilsiz sənətkar kimi də seviblər, vətəndaş-sənətkar kimi də, həyat
yoldaşı, ana, rəfiqə, tərəf-müqabil
və... sadəcə,
füsunkar qadın, nazəndə gözəl
kimi də!..
Zaldan səhnəyə sürəkli
alqışlardan əvvəl
də, bir an sonra da
elə bir sükut ki... onun ruhu şirmayı
pərdələr alnına
bənd edilmiş şəkilləri yanında
cismi kimi canlanır, səsi xəyal-xəyal, pərdə-pərdə
eşidilir.
Tədbirin rejissor mizanlarına
uyğun alınan bu təbii-sehrli anlardan sonra mədəniyyət və
turizm nazirinin müavini Ədalət Vəliyev səhnəyə
dəvət edilir.
Yığıncaq iştirakçılarını
salamlayıb, möhtəşəm
yubiley tədbirini açıq elan edən natiq sözünə misilsiz sənətkarımızın ömür
yolundan başlayır.
Qeyd edir ki, Hökümə
Qurbanova öz ətrafının, ustad teatr-səhnə xadimlərinin
və nəhayət, aktyorluq, sənətkarlıq
qabiliyyətinin məhək
daşı olan tamaşaçıların diqqətini
ən tez, ən erkən yaşlarındanca cəlb
etmiş aktrisamız olub. Cəmisi iyirmi yaşında - tələbə ikən Cəfər Cabbarlı kimi nəhəng, bani dramaturqumuzun onu “Almaz” filmində
Yaxşı roluna dəvət etməsi faktının özü bu baxımdan az söz
demir.
Ədalət Vəliyev Hökümə
Qurbanova fenomeni haqda fikrini onun
55 illik çox məhsuldar ömründə
yaratdığı təkrarsız
obrazlar barədə konseptual, bəzi məqamlarda fraqmental qeydlərlə davam etdirir. Azərbaycan Prezidenti İlham
Əliyevin “Hökümə
Qurbanovanın 100 illik
yubileyi haqqında”
2013-cü il 4 mart tarixli
sərəncamına uyğun
olaraq keçirilən
bu təntənəli
tədbiri böyük
səhnə ulduzumuzun,
“birincilərin birinci sırasında olanımızın”
əməyinə və
xatirəsinə verilən
yüksək qiymət
kimi dəyərləndirir.
Sonra səhnəyə görkəmli sənətşünas,
professor Məryəm Əlizadə
dəvət edilir.
O, Hökümə xanımla
dəfələrlə görüşməsi,
onun həmsöhbəti,
çağdaşı, peşə
baxımından həm
“uzaq”, həm yaxın həmkarı olmasından, onun “bax, bax, bu
səhnədə(!)” yaratdığı
bənzərsiz rollarından
danışır. “Hökümə xanım ehtiraslar aktrisası, sənət alovları daşıyıcısı və
saçıcısı idi.
O, səhnəyə qədəm
qoyduğu gündən
zirvələrə doğru
hərəkət edib.
O, bəzən trafaret
kimi səslənən
və səsləndirilən
“forma ilə məzmunun
vəhdəti” fikrini öz oyun, səs,
geyim, mahiyyət elementlərilə büsbütün
reallaşdırırdı. O, Adil İsgəndərov, Tofiq Kazımov kimi səhnə-quruluş
korifeylərinin bərqərar-güvənc
yeri idi. Hələ mən onun 1964-cü ildə lentə alındığı Kleopatrasına
bəstəkarlıq və
rəssamlıq etmiş
dahiləri - Qara Qarayev və Tahir Salahovu demirəm!”
“Demirəm”
desə də, Hökümə Qurbanova zirvəsində çox gəzişən Məryəm
xanım çıxışını
“...ölüm də onun ifasında bir qələbə, bir bənzərsizlik idi” fikrilə bitirir.
Səhnədə cərəyan edən növbəti mizan-düzənlər, kino-tele kadrlardan parçalar, vaxtilə Hökümə xanımla tərəf-müqabil və ya ötəri yaradıcılıq ünsiyyətində olmuş bugünkü məşhurların və səhnə “yeniyetmə”lərinin çıxışları, yubilyar rollarından “iqtibas” traktlar bir daha təsdiq edir ki, ölüm də Hökümə Qurbanovanın ifasında qələbə imiş. Əlbəttə, son “rol”, son qələbə...
Bütün bu çıxışlar, cari oyunlar, rollar, obrazlar elə məxsusi bir təhər-tövrdə canlandırılır ki, sanki bütün bunların müəllifi də, rejissoru, aktyor-aktrisası da elə sabiq oyunçu, rolçu, obrazçı Hökümə Qurbanova özü imiş. Deməli, nə? Deməli, tədbirin rejissoru - Naxçıvan MR-in Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə hədəfi kamil ovçu sənətkarlığı ilə nişan alıb.
Xalq artistləri Ramiz Məlik və Ramiz Novruzun Hökümə xanım haqqında çıxışları gah minor monoloq, gah major dialoq kimi səslənir. Bu kolorital-kaleydoskopial sözlər, xatirəvi nüanslar, hisslər, sığallı yumor, qoğallı atmacalar ayrıca-alayıca bir mini teatr-tamaşa...
Xalq artisti Fuad Poladov həmişə hökmü-hakim kimi, fateh sayağı göründüyü səhnəyə bu dəfə “şəyird” görkəmində çıxır. Bu görkəm onun “Elə bilirəm, bu dəqiqə Hökümə xanım da əyləşib zalda...” - nəqlisini tam əqli bir fikir kimi çatdırır və əlavə edir - “...çantasını açıb, eynəyini taxır və baxır... Baxır ki, “görüm, nə danışacaqlar?..” Nə danışasıyıq ki, onun özgür-özlüyünə bab olsun. Aktrisalar çılğınlığı, sevgini, nifrəti - hər şeyi oynaya, hər nüansı verə biliblər və bunları bundan sonra da edə biləcəklər. Bəs, Hökümə Qurbanova plastikasını?!.”
Sonrakı çıxışlar, kino-telelentlər, retro-səhnə parçaları da çox şey dedilər, çox duyğular oyatdılar, zaldakıları “1933-1988” tarixinin sənət-səhnə coğrafiyasına çox ekskurs etdirdilər. Bunların hamısının yönünü bir cümləlik yığcamlığa yönəltsək, belə yazılar: Hökümə Qurbanova iki “5”lik - 55 illik bir sənət erası yaradıb getdi və ilk yüzilliyinə bu sevgi ilə gəlib yetdi...
Hələ səhnədə danışanlar var. Bu çıxışlar, yubilyarın ekran sədaları eşidildikcə, zaldakıların qaşları muğam məqamlarına huş-guş edirmiş kimi çatılıb-yatılır...
Hökümə xanım isə axırıncı kinolentin lap son kadrında qrim otağında məşşateyi-fırça ilə qaşlarını düzəldir. Özü də məşhur “qaş düzəltdiyi yerdə...” zərb-məsəlindəki zərərdidə orqanların sevinc və fərəh dolu nəzərləri altında...
Zümrüd
Səs.- 2013.- 2 noyabr.- S.13.