Beynəlxalq müşahidəçilər öz fəaliyyətlərində bir çox hallarda beynəlxalq hüququn ümümi qəbul edilmiş prinsiplərinə göz yumurlar

 

 

Müsahibimiz Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirovdur

- Elman müəllim, Azərbaycan Respublikasında keçirilmiş prezident seçkilərinə beynəlxalq müstəvidə olan reaksiyalara münasibətinizi öyrənmək istərdik...

- Azərbaycan Respublikasında keçirilmiş 2013-cü il 9 oktyabr tarixli prezident seçkilərində hakimiyyətin mənbəyi olan xalq öz siyasi iradəsini ifadə edərək İlham Əliyevə etimad göstərmiş və növbəti 5 il müddətinə onu dövlətin başçısı seçmişdir. Yüksək elektorat fəallığı ilə keçirilən prezident seçkilərini dünyanın 100 ölkəsindən 1295 nəfərlik nüfuzlu müşahidəçi və ekspertlər qrupu izləmişdir. Faktiki olaraq beynəlxalq müşahidəçilərin mütləq əksəriyyəti seçki öncəsi vəziyyəti, seçki prosesini və onun nəticələrini demokratiya yolunda irəliyə döğru atılmış mühüm addım kimi dəyərləndirmişlər.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Azərbaycanın bir sıra informasiya agentliklərinə müsahibəsində qeyd etdiyi kimi, seçkiləri təkcə MDB dövlətlərindən 400-dən çox müşahidəçi və ekspert izləmişdir. Beynəlxalq Mərkəzçi Demokratlar Təşkilatının Asiya-Sakit okean Konfransını 50-dən çox, Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransını təxminən 20 müşahidəçi, Latın Amerikası və Karib hövzəsi Dövlətlərinin Siyasi Partiyalarının Daimi Komissiyasını 10 nümayəndə, Türkdilli Dövlətlərin Parlament Assambleyasını 10 müşahidəçi, İslam Əməkdaşlıq Təşkilatını 5 müşahidəçi təmsil etmişdir. Seçkiləri müşahidə edənlər arasında Qara dəniz Hövzəsi Ölkələrinin İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının, Rusiya İctimai Palatasının, onlarca dövlətin mərkəzi seçki komissiyalarının, habelə Asiya və Okeaniya, Afrika dövlətlərinin, Bakıda akkreditə edilmiş diplomatik nümayəndəliklərin təmsilçiləri vardır. Onların rəyləri müsbətdir.

 

Azadlıq-yaxşı silahlanmış quzunun həmin səsvermənin nəticələrinə yenidən baxılmasına nail ola bilməsi anlamında qəbul edilməlidir

 

Cənab Ramiz Mehdiyev xüsusi olaraq vurğulamışdır ki, Avropa Parlamentinin, Avropa Şurasının nümayəndələri, ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Parlament Assambleyası missiyalarının əlaqələndiricisi Mişel Vauzen, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton, Avropa İttifaqının genişlənməsi məsələləri və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Fyule, digər səlahiyyətli nümayəndələr Azərbaycanı ədalətli və şəffaf seçkilər keçirilməsi münasibətilə təbrik etmiş, ölkəmizin demokratik dəyərlərə sadiqliyini xüsusi vurğulamışlar. Bütün bunlara baxmayaraq, öz fəaliyyətlərində siyasi nihilizm və siyasi konyuktura təzyiq elementlərindən istifadəyə vərdiş etmiş ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) və onun qeyri-obyektiv hesabatına istinad edən ABŞ Dövlət Departamenti Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı həqiqət və reallığı son dərəcə təhrif edən, yalan və böhtanla qılaflanmış bir mövqe ortaya qoymuşdur. Bundan savayı, seçkinin nəticələrinə Dövlət Departamentinin bəyanatları ilə kölgə salan ABŞ 9 oktyabrda seçkilərlə bağlı Avropa Şurasının Müşahidə Missiyasının pozitiv mövqeyini də tənqid etmişdir. ABŞ-ın ATƏT-dəki missiyasının hazırkı rəhbəri Kristofer Maduran Avropa Şurasının baş katibi Tornbyorn Yanqlandın adına ünvanladığı məktubda “biz seçkilərin azad və şəffaf olması barədə AŞ PA missiyasının bəyanatından təəccüblənirik”, iradını yazmışdır. Avropa Parlamentini təmsil edən müşahidəçilərin də seçkinin azad və şəffaf keçirilməsi ilə bağlı Bakıda elan etdikləri mövqeni Brüsselə qayıtdıqdan sonra sərtləşdirmələrinin motivlərini anlamaq elə də çətin deyildir. Başqa sözlə, bu anlaşılmaz mövqeyə görə yenidən okeanın o tayından istiqamətverici drijor çubuğunun səbəb olmasını proqnozlaşdırmaq mümkündür. Deməli, ABŞ müxtəlif beynəlxalq qurumların seçkisonrası mövqelərinə “Amerikasayağı meyarlar”la baxılmasında təkidlidir və bunu yenə də adəti üzrə “demokratiya resepti” adı altında həyata keçirmək istəyir.

Vəziyyətin parodoksallığı ondadır ki, Azərbaycanda keçirilən şəffaf və demokratik seçkilərə qarayaxmada “döğma qardaşlar” olan ATƏT-in məlum bürosu və ABŞ . Dövlət Departamenti “Yeni dünya”da keçirilən 2012-ci il 6 noyabr seçkilərində bir-biriləri ilə “ögey qardaşlar” kimi davranmışlar. Başqa sözlə, ABŞ administrasiyası DTİHB-in müşahidəçi missiyasını fəaliyyətinə qadağalar qoymuşdur və onların heç bir iradını qəbul etməmişdir. Deməli, etirafı nə qədər acı olsa da, bu, bir həqiqətdir ki, bir çox hallarda özlərini demokratiyanın beşiyi və bayraqdarı kimi təqdim edən ABŞ və onun təsir dairəsində olan müxtəlif ranqlı qurumlar bu idarəetmə formasından öz siyasi ambisiyalarını həyata keçirmək üçün ucuz bir vasitə kimi istifadə edirlər. Bu yerdə ABŞ-ın “qurucu ataları”ndan olan Bencamin Franklinin və Tomas Ceffersonun məşhur deyimlərini xatirlamamaq mümkün deyildir. Bencamin Franklinin fikrincə, ABŞ üçün “Demokratiya- iki qurdun və quzunun axşam yeməyinə nəyin yeyiləcəyini səsə qoymaları anlamındadır...”. Təbii ki, bu halda “demokratik” səsvermə nəticəsində 2/1 nisbətində quzu “hüquqları qorunmaqla”, “demokratik yolla” qurdların həzmi-rabiyyəsindən keçəcəkdir. Tomas Ceffersonun qənaətinə görə isə ABŞ üçün “Azadlıq-yaxşı silahlanmış quzunun həmin səsvermənin nəticələrinə yenidən baxılmasına nail ola bilməsi anlamında qəbul edilməlidir”. Zənimizcə, ABŞ siyasi sisteminin yaradıcılarının bu fikirlərinin əlavə şərhə ehtiyacı yoxdur.

- Ümumiyyətlə, ABŞ-dakı seçki sistemi haqqında nə deyə bilərsiniz? Bu sistemdə islahatlara ehtiyac varmı?

- Yuxarıda səsləndirdiyimiz fikrləri ABŞ-da 2012-ci il 6 noyabr tarixində keçirilmiş və olduqca ciddi hüquq pozuntuları ilə müşayiət olunmuş prezident seçkilərinin təhlili ilə əsaslandıraq. Birincisi, dünyanın heç bir ölkəsində ABŞ-dakı qədər arxaik, qüsurlu, və ciddi islahatlara ehtiyacı olan seçki sistemi yoxdur. Faktiki olaraq ABŞ-da prezidenti seçicilər-xalq deyil, seçici kollegiyaları seçir. Elektorat seçici kollegiyalarını, onlar da öz növbəsində prezidenti seçirlər. Hər ştatın Nümayəndələr palatasında və Senatda təmsilçisi qədər seçici kollegiyası vardır. ABŞ Konstitusiyasına görə, seçici kollegiyalarının mütləq əksəriyətinin səsini, yəni 270-dən az səs toplamayan namizəd prezident seçilmiş olur. Bir daha vurğulayırıq: 315 milyon əhalisi olan ABŞ-da xalq deyil, 538 nəfər seçici kollegiyası olkənin növbəti prezidentinin kimliyini müəyyən edir. Onların mənsub olduğu partiyanın deyil, rəqib partiyanın namizədinə səs verdiyi hallar da ABŞ seçki prosesində qeydə alınmış analaşılmazlıqlar sırasındadır. ABŞ-ın yalnız 24 ştatında seçici kollegiyası üzvünün qeyri-adekvat davranışına görə müvafiq cəza nəzərdə tutulur. Hələ indiyədək bele cəza üsulu praktikada tətbiq edilməmişdir. Əgər prezidentliyə namizədlərdən heç birisi lazım olan qədər səs toplamasa, bu halda Nümayəndələr palatası müqayisədə ən çox səs toplayan iddiaçını prezident elan edir.

- ABŞ seçki sisteminin qüsurları sırasında siyasi plüralizmin olmaması nə dərəcədə rol oynayır?

- Bu sistemin ən çox tənqidə məruz qalan digər xüsusiyyətinə nəzər salaq. Bu, “səslər qalibə verilir“ prinsipidir. Bu prinsipin mahiyyətini konkret nümunə əsasında izah edək. Məsələn, ABŞ-ın əhalinin sayına görə ən böyük ştatı olan Kaliforniyada 2012-ci ilin nəticəsinə görə, 27 958 916 nəfər seçici və 55 seçici kollegiyası vardır. Deməli, bu ştatda əgər demokrat namizəd 30 seçici kollegiyası səsi toplayarsa, bu halda rəqibinin topladığı 25 seçici kollegiyası səsi onun əlindən alınır və daha çox səs toplayan namizədə verilir. Başqa sözlə, demokrat namizədin hesabına bütün 55 səs keçmiş olur. Hesab edirik ki, bu, kifayət qədər ədalətsiz yanaşmadır.

İkincisi, siyasi plüralizmin olmaması ABŞ seçki sisteminin ən böyük qüsurlarından biridır. Burada faktiki olaraq “üçüncü” partiyadan namizədin prezident seçilməsi qeyri-mümkündür. ABŞ-da federal səviyyədə 38 partiya qeydiyyatdan keçmişdir. 2012-ci il prezident seçkilərində müxtəlif ştatlarda 32 namizəd irəli sürülmüşdü. Onlardan yalnız 4 nəfərin adı qalib gəlmək üçün kifayət edəcək sayda ştatın seçki bülleteninə salınmışdı. Həmin namizədlər fəaliyyətdə olan prezident Barak Obama (Demokratlar Partiyası), Massaçusets ştatının keçmiş qubernatoru Mitt Romni (Respublikaçılar Partiyası), Nyu-Meksiko ştatının keçmiş qubernatoru Heri Conson (Libertarian Partiyası-48 ştat və Kolumbiya federal dairəsinin seçki bülleteninə salınmışdı) və Cill Stayn (Yaşıllar Partiyası-38 ştatın və Kolumbiya Federa dairəsinin bülleteninə adı daxil edilmişdi). Real olaraq isə ABŞ seçki sistemi növbəti dəfə yalnız 2 namizədin mübarizə aparmasına imkan vermişdi. Onlar demokrat Barak Obama və respublikaçı Mitt Romni olmuşdur.

Həmçinin, bu ölkədə seçicilərin qeydə alınması çoxsaylı hüquq pozuntuları ilə müşaiyət olunur. 2012-ci ilin əvvəlində hər beş nəfərdən bir amerikalının adının seçici siyahısına düşməməsi, 24 milyon seçici haqqında məlumatın qeyri-dəqiqliyi, 2,5 milyon vətəndaşın eyni zamanda bir neçə ştatda qeydə alınması faktları bəllidir. Seçici siyahılarında 1,8 milyon “ölü canlar”ın olması faktı da artıq sırr deyildir.

Beləliklə, ABŞ-da 2012-ci il 6 noyabr prezident seçkilərində səsvermə hüququna malik 26 milyon vətəndaş seçici kimi qeydə alınmamış, 5,9 milyon vətəndaş cinayət törətməkdə ittiham olunduğundan səsvermə hüququndan məhrum edilmiş və nəhayət 6 milyon vətəndaş öz adını seçici siyahısında tapa bilməmişdir.

Digər problem, prezident seçkilərinin keçirilməsi üzrə mərkəzi müstəqil orqanın olmaması ABŞ seçki sisteminin əsas qüsurlarından biridir. ABŞ-da bu məqsədlə 2 federal seçki komissiyası fəaliyyət göstərir. Federal Seçki Komissiyası seçkilər haqqında federal qanunların, əsasən, maliyyə sahəsində yerinə yetirilməsinə nəzarəti həyata keçirir. Seçkilərə Dəstək Komissiyası isə (məşvərətçi orqandır) federal seçki qanunvericiliyinin həyata keçirilməsi prosesini müşahidə edir, vəsaitlərin paylanmasını təmin edir. Hər iki komissiya ikipartiyalı əsasda formalaşır. Yeri gəlmişkən, “Federal seçki prosesinin islahatları haqqında” Karter-Beyker hesabatında (2005-ci il) seçki orqanlarının qeyri-partiya mənsubiyyəti bazasında formalaşdırılmasına dair təkliflər ölkədə ciddi müzakirələrə səbəb olsa da, bu məsələdə dəyişikliyə gətirib çıxarmamışdır. Bu sahədə ikipartiyalı dominantlıq hökm sürməkdədir və bir çox hallarda bu davranış tərzi partiyalararası lüzumsuz ziddiyətlərə yol açır və seçki prosesinə mənfi təsir göstərir. 2012-ci il prezident seçkilərində federal seçki komissiyaları partiyalardaxili anlaşılmazlıqlar və hər iki partiyanın bu komissiyalarda bərabər təmsilçiliyi uçbatından öz funksiyalarını faktiki olaraq yerinə yetirə bilmədilər. Bu fakt, yeri gəlmişkən, ATƏT-in sözügedən bürosunun həmin seçkilərin nəticələri ilə bağlı hesabatında da qeyd olunmuşdur.

- Bəs bu ölkədə seçki prosesinin maliyyələşdirilməsi sahəsində qanunvericilik bazası normal siyasi rəqabətə imkan verirmi?

- ABŞ-da seçki prosesinin maliyyələşdirilməsi sahəsində qanunvericilik bazası sağlam siyasi rəqabətə imkan vermir. Məlum olduğu kimi, ABŞ Ali Məhkəməsi prezident seçkilərinə özəl maliyyə dəstəyinə məhdudiyyətlər qoyulmasını qanunazidd hərəkət kimi tövsif etmişdir. Bununla bağlı ABŞ-da çoxsaylı tənqidi yanaşmalar vardır. Bu yanaşmalarda qeyd olunur ki, qanunvericiliyin qeyri-təkmilliyi səbəbindən seçki prosesinə olduqca böyük vəsaitlər xərclənir və faktiki olaraq güclü maliyyə dəstəyinə malik olmayan namizədlər seçki prosesinin autsayderinə çevrilirlər. Onu da qeyd edək ki, ilk dəfə hər iki prezidentliyə namizəd dövlətin verdiyi maliyyə vəsaitlərin götürməkdən imtina etmişlər və bununla da özəl pulların seçki marafonuna təsirini maksimuma qaldırmışlar. Yalnız Respublikaçılar partiyasının ilkin namizədlərindən olan Baddi Remer praymerizdə iştirak üçün dövlət büdcəsindən 91,2 milyon dollar vəsait götürmüş və sonra prezident seçkiləri prosesindən çıxmalı olmuşdur.

Digər tərəfdən, ABŞ-da erkən səsvermələr seçki prosesinin qeyri-obyektiv keçirilməsinə münbit şərait yaradır. 2012-ci ildə ABŞ-ın 32 ştatında erkən səsvermə hüququ qanunvericiliklə təsbit olunmuşdur. Məsələn, 2012-ci ilin 6 noyabr seçkiləri ilə bağlı Ayova ştatı birinci olaraq sentyabrın 27-də səsverməyə başladı. Oktyabrın 2-də Ohayo ştatı anoloji addımı atdı. Oktyabrın 15-də ABŞ-ın Birinci xanımı Mişel Obama erkən səsvermə hüququndan istifadə etdi. Oktyabrın 25-də isə Barak Obama da erkən səsvermə hüququnu reallaşdırdı və seçiciləri onun nümunəsini təkrarlamağa çağırdı. Beləliklə, Barak Obama erkən səsvermə hüququndan yenidən prezident seçilmək üçün seçkiqabağı təbliğat-təşviqat kampaniyasında istifadə edən ilk ABŞ prezidenti oldu.

Heç şübhəsiz, erkən seçki hüququnu reallaşdıran seçici ən azı seçkiyə qədər bir ay müddətində baş verən proseslərin onun seçiminə etdiyi təsirin fərqində olsa da, “eyni suya iki dəfə girməyin qeyri-mümkünlüyü” ilə barışmağa məhkumdur. Məsələn, seçkiqabağı teledebatlardan sonra seçicinin mövqeyində dəyişiklik baş verə bilər, seçimini bu və ya digər namizədin xeyrinə xəyalən dəyişə bilər. Lakin onu reallaşdıra bilməz, çünki artıq erkən seçkilərə qatılmış və seçki hüququndan istifadə etmişdir.

- Elman müəllim, ABŞ-da seçki prosesində “üçüncü” partiyalara təzyiq amili və seçkilərdə beynəlxalq müşahidəçilərin iştirakı haqda nə deyə bilərsiniz?

- ABŞ-da seçki prosesində “üçüncü” partiyalara təzyiq və işəgötürənlərin öz əməkdaşlarını “düzgün səsverməyə” məcbur etməsi halları reallıqdır. Bu hallar 2012-ci il prezident seçkiləri üçün də xarakterik olmuşdur. Məsələn, Yaşıllar Partiyasından prezidentliyə namizədliyi rəsmi olaraq qeydə alınmış Cill Stayn 2012-ci oktyabrın 16-da polis tərəfindən həbs olunmuşdur. O, Nyu-Yorkda Barak Obama və Mitt Romni arasında teledebatın keçirildiyi ərazidə oturaq piket keçirdiyi üçün cəzalandırılmışdır. Yaşlı xanım olan ekoloq-namizəd “üçüncü” partiyaların namizədlərinin teledebatlara buraxılmamasına etirazini bildirmək üçün bu addımı atdığını əsaslandırmaq istəsə də, ictimai asişi pozma ittihamı ilə 8 saat qolubağlı polis məntəqəsində saxlanılmışdır. Onu 15 sutka həbs və ya 250 dollara qədər cərimə gözlədiyi haqqında məlumatlandırmışlar.

Nəhayət, ABŞ-da seçki prosesində beynəlxalq müşahidəçilərin iştirakı formal xarakter daşıyır və çoxsaylı məhdudiyyətlərlə müşahidə olunur. Yalnız Missuri, Nyu-Meksika və Cənubi Dakota ştalarında, o cümlədən Kolumbiya federal dairəsində beynəlxalq müşahidəçilərin seçki prosesini izləmələrinə icazə verən qanunlar qəbul edilmişdir. Beynəlxalq müşahidəçilər öz fəaliyyətlərində beynəlxalq hüququn ümümi qəbul edilmiş prinsiplərini deyil, məhz ABŞ-ın hüquqi aktlarını əsas götürməyə məcburdurlar. Fikrimizin təsdiqi kimi, Texas ştatının prokuroru Qreq Ebbotun bəyanatını misal gətirə bilərik. Prokuror ATƏT DTİHB-in tərkibində olan müşahidəçilərin seçki məntəqlərinə 30 metrdən artıq yaxınlaşacağı təqdirdə onların cinayət məsuliyyətinə cəlb ediləcəkləri barədə xəbərdarlıq etmişdir. Həmin qurumun rəhbərinə prokurorun ünvanladığı məktubdakı aşağıdakı fikirlər xüsusi olaraq diqqəti cəlb edir: “Əgər ATƏT-in üzvləri öz demokratik sistemlərini yaxşılaşdırmaq üçün ABŞ seçki hüququ haqqında daha çox öyrənmək istəyirlərsə, bu halda Texas hakimiyyəti ilə müzakirələr aparmalıdırlar. ABŞ-ın hüdudları kənarından gəlmiş qrup və ya ayrı-ayrı şəxslərin bizim seçki prosesinə təsir etmək və ya ona müdaxilə etmək hüququ yoxdur”. DTİHB-in seçki prosesində şəxsiyyət vəsiqələrindən istifadənin vacibliyi ilə bağlı iradına Texas prokurorunun orijinal cavabına diqqət yetirək: “ATƏT-in öz mövqeyi ola bilər, lakin bu mövqe ABŞ ərazisində heç bir hüquqi qüvvəyə malik deyildir”. Sitatın sonu. Zənnimizcə, ATƏT-ın DTİHB və ABŞ Dövlət Departamentinin Azərbaycanda keçirilən prezident seçkilərinin demokratikliyini sübhə altına alınan məlum mövqeləri fonunda bu sitat ibrətamizdir və böyük siyası məna kəsb edir. Başqa sözlə, bu yerdə əlavə şərhə ehtiyac qalmır. Hər şey gün kimi aydındır.

Görünür, ABŞ-ın 236 illik demokratiya tarixi və ənənələrinə malik olması haqqında iddiaları da əsl reallığa tərs mütənasibdir. Öz gözündə “tiri” görməyən ABŞ başqalarının gözündə “qıl” axtarır və qısa zaman ərzində “demokratiyanın triumfunu” tələb edir. Davranış və fəaliyyətində amiranəliyə və “əzələ nümayişinə” üstünlük verən və elə bu səbəbdən də haqlı olaraq dünya ictimaiyətində getdikcə daha çox mənfi assosiasiya ilə qəbul edilən ABŞ unutmamalıdır ki, təkcə konstitusiyanı qəbul etmək üçün ona 11 il (1787-ci il), ölkəni köləlikdən azad etmək üçün 89 il (1865-ci il, konstitusiyaya 13-cü düzəliş), qadınlara səs hüququ vermək üçün 144 il (1920-ci il, konstitusiyaya 19-cu düzəliş) və bütün vətəndaşları qanun qarşısında bərabər etmək üçün düz 188 illik (1964-cü il, konstitusiyaya 24-cü düzəliş) zaman kəsiyi lazım olmuşdur. Təəssüf ki, demokratik dövlət quruculuğu yolunda atdığı bütün bu geçikmiş addımlar belə ABŞ-ı demokratiyanın örnəyi ola biləcək bir dövlətə çevirə bilməmişdir.

ABŞ Dövlət Departamentinin Azərbaycanda keçirilmiş azad, obyektiv, şəffaf və demokratik prezident seçkilərinin nəticələrinə kölgə salmaq xəttini seçmiş və bu yolla arsenalındakı siyasi təzyiq elementlərini işə salmış məlum davranışı bu həqiqəti bir daha təsdiqləmişdir.

 

Səs.- 2013.- 2 noyabr.- S.7.