Müstəqil Azərbaycanın beynəlxalq elmi-mədəni əlaqələri
Azərbaycan Elmlər Akademiyası MDB Elmlər Akademiyaları Beynəlxalq Assosiasiyasının yaradılmasının təşəbbüskarı olmuş və bu təşkilata üzv qəbul edilmişdir. Təşkilat postsovet respublikaları alimlərinin keçmiş əlaqələrinin bərpa olunmasına, yeni elmi əlaqələrin yaranmasına imkanlar açdı. Azərbaycanın bir çox mütəxəssisləri Türkiyə, MDB və Avropa, ABŞ tədris müəssisələrində dərs deməyə dəvət olundu. Dünyanın aparıcı ümumtəhsil və ali məktəblərində təhsil almaq üçün imzalanmış müqavilələrə əsasən, yüzlərlə şagird və tələbə xaricdə oxuyaraq müxtəlif peşələrə yiyələnirlər.
Müasir mədəniyyətin, eləcə də mədəni siyasətin başqa sahələri ilə əlaqələri həddən çox genişlənmişdir. Bütün elm sahələrində olduğu kimi, mədəniyyəti tədqiq edən elmlər də dəyişən mühitə uyğun olaraq dinamik yeniləşməyə məruz qalır. Dünyanın inkişaf etmiş qabaqcıl ölkələrində bu sahədə elmi tədqiqat işləri, əsasən, dövlətin mədəni siyasətinə böyük dəstək verir, konkret sosial-mədəni məqsədlərin həyata keçirilməsini təmin edən sifarişləri yerinə yetirir. Bu məqsədlər çoxşaxəli - sosial, siyasi, ictimai monitorinq, maarifçi, sosiallaşma xarakteri daşıya bilər. Lakin ictimai elmin bu gün cəmiyyətdə və dünyada gedən sosial-mədəni proseslərin idarə edilməsi və monitorinqi vasitəsi kimi funksiyaya xidmət etməsi birmənalıdır. Müasir ictimai elmin yalnız nəzəri-abstrakt deyil, həm də tətbiqi, sosial-texnoloji xarakterinin vəhdət təşkil etməsi onun insanları narahat edən aktual problemlərə oriyentasiyası üstünlük təşkil edir. ABŞ alimi D.Fromer "Mədəniyyətdə elm" kitabında demişdir: "Bu gün ictimai elm bizə keçmişdə magiyanın, hərbi qüvvənin köməyi ilə həll edilən problemləri çözməyə imkan verir''.
R.Aslanova yazır: "Sirr deyil ki, insanlar, adi şüur böyük elmi kəşfləri də, mütərəqqi bəşəri ideyaları da çətinliklə, biganəliklə qəbul edir. Bəzən bunların müəyyən alim və mütəxəssis qruplarının dar çərçivəsindən kənara yaymaq obyektiv çətinliklərlə üzləşir. Lakin məhz buna görə XXI yüzillik sosial kəşflər, humanitar texnologiyalar əsri kimi bəyan edilib. Dünya birliyinin inteqrasiyasına, çeşidli mədəniyyətlərin ahənginə yönəlmiş bəşəri ideyaların hər bir insanın şüuru səviyyəsində dərkinə nail olmaq üçün məqsədyönlü, ardıcıl tədbirlər sistemi həyata keçirilməlidir. Humanitar, sosial və intellektual texnologiyaların vahid fəaliyyəti təmin olunmalıdır.
Bugünkü mürəkkəb gerçəklikdə insanın uğurlu fəaliyyət qurması, özünü reallaşdırması üçün, reallığın adekvat mənzərəsinə dair təsəvvürlər sistemi olmaldır. Bu təsəvvürləri, dünyanın obrazını isə, məhz ictimai elm yarada və təqdim edə bilər. Həyatın bütün mürəkkəbliyində, dinamikada dərk edə bilməyən insan şüurundakı dünyanın primitiv obrazına uyğun olaraq hərəkət edəcəkdir. Gündəlik həyatında qəbul etdiyi yanlış qərarlar, yalnız onun özünün deyil, bütövlükdə cəmiyyətin sabahı üçün zərər gətirir. Bütün bunlar deməyə əsas verir ki, yeni dünya məkanı haqqında düzgün elmi təsəvvürlər sisteminin formalaşmasının aktuallığı bu gün nəinki azalır, əksinə, xüsusilə artır. Adi şüurun reallığı mənimsəməsi üçün dünyanın mənzərəsi onun anlam səviyyəsinə uyğunlaşdırılmalıdır. Bu isə o deməkdir ki, ölkə vətəndaşlarının ən müxtəlif anlam səviyyələrinə, savad və təhsil səviyyələrinə yönəlmiş sosial-humanitar texnologiyaların düşünülmüş sistemi hazırlanmalıdır. Belə sistemin yaradılması vəzifəsini ictimai elm öz üzərinə götürməlidir".
R.Aslanova göstərir ki, intensiv inkişaf edən yeni texnologiyaların formalaşma prosesi hər bir ölkədə artıq yetkin, bütöv sayılan mədəni landşaftda yeni təzahürlərin, "pöhrə və budaqlar"ın yaranmasını şərtləndirir.
Mədəni təcrübənin, yeniliklərin mənimsənilməsi və ötürülməsi mexanizmləri, vasitəçiləri dəyişmir. Ənənələri texnologiyalar əvəz etdikcə, informasiyanın təhlili və mənimsənilməsinin, ötürülməsinin başlıca subyekti - müəllim və ya böyüklər olmadan da proses davam edir. Mədəniyyətin struktur elementlərindən, təməl faktorlarından olan dilin kommunikativ funksiyası dəyişikliyə uğrayır. Süni, simvolik, "informasiya dilinin" rolu artır. Bu fenomen hələ ictimaiyyatşünaslar tərəfindən kifayət qədər öyrənilə bilməmişdir. Simvolik, virtual (daxili) dialoq və ünsiyyət yeni mədəniyyət tipini və yeni insanı formalaşdırır. Ünsiyyət yalnız informasiyanın bir növ zahiri qəbulu və əks-əlaqə üzrə ötürülməsinə yönəldiyi üçün, şüurun dərin qatlarının səyləri tələb olunmur. Mədəniyyətin səviyyəsi insanın dolğun, zəngin dünyagörüşü sistemlə müəyyən olunursa, virtual, şou və kommersiya məkanlarında mövcud olan həyat, reklam mifologiyası və s. bəsit, "güzəran" mədəniyyəti təsvirləri bütövlükdə səviyyənin aşağı düşməsinə səbəb olur.
İnsan zəkası yalnız bilik və təcrübəni yaratmaqla kifayətlənmir, həm də onların həyatda məqsədyönlü istifadə olunması prosesini təmin edir. Əldə edilən mütərəqqi nə varsa, keçmişin irsi və təcrübəsi kimi gələn nəsillərə ötürülür.
Tarixi faktların təhlili göstərir ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da beynəlxalq mədəni əlaqələrin inkişafında kəmiyyət üstünlüklərindən əlavə, keyfiyyət də mühüm əhəmiyyət kəsb edir. Bu sahədəki dəyişikliklər dünyada özünə mühüm yer tutmuş informasiya texnologiyalarının tərəqqisidir. Texniki tərəqqinin üstünlüklərindən biri də, məhz beynəlxalq mədəni əməkdaşlıq sistemində əlverişli şəraitin, rahat və maneəsiz əlaqələrin yaradılmasıdır. Yeni tarixi şəraitdə Azərbaycanda Beynəlxalq "İnternet" informasiya şəbəkəsindən istifadəyə təkan verildi. 1996-cı ilin sonlarında "Azinternetservis" firması təşkil olunaraq, tezliklə Azərbaycanda İnternet klubların yaradılmasını sürətləndirdi. Bütün dünyada geniş vüsət tapmış kompüterləşmənin Azərbaycanda reallaşması beynəlxalq mədəni əlaqələrin inkişaf tarixində yeni mərhələni təşkil etdi. Dünyaya beynəlxalq inteqrasiya olunma cəhdi cəmiyyətin mühüm xüsusiyyətinə çevrildi.
"Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, Azərbaycan Elmlər Akademiyasında "Bakı qovşağı" adlı Beynəlxalq Kompyuter Mərkəzinin yaradılması azərbaycanlı alimlərə Transavropa tədqiqat və yaradıcılıq şəbəkəsi ilə əlaqə yaratmağa imkanlar açdı. Çox qısa bir vaxt ərzində azərbaycanlı alimlərin əsərləri, elmi xidmətləri, dünya elminin tanışlığına yol açdı. Təkcə elm, təhsil sahəsində deyil, mədəniyyətin bütün sferalarında beynəlxalq internet şəbəkəsinə qoşulma Azərbaycanda mədəni əlaqələrin gücləndirilməsinə təkan verdi. Hazırda Azərbaycan maddi və mənəvi sərvətlərinin beynəlxalq səviyyədə tanınması, təbliği üçün respublika muzeylərinin, kitabxana fondlarının qeydə alınaraq beynəlxalq ictimaiyyətin ixtiyarına verilməsi sahəsində geniş işlər aparmaqdadır. Bu məqsədlə Azərbaycan Respublikası beynəlxalq səviyyəli tədbirlərin hər birində fəal iştirak edir. Ümumdünya İntellektual Mülkiyyət Təşkilatı (ÜİMT) ilə Azərbaycan Respublikası arasında qurulan əməkdaşlıq da bu sahədə uğurlu hadisələrdəndir. ÜİMT-nın Azərbaycan dövlətinin siyasətinə olan diqqəti dünyanın "WIPONET" beynəlxalq müştərək kompyuter şəbəkəsində iştirak edən ilk beş ölkəsi sırasına Azərbaycanı da daxil etdi. Bu şəbəkə intellektual mülkiyyət sahəsində informasiya mübadiləsinin daha da sürətlə həyata keçirilməsi məqsədinə xidmət edəcəkdir.
Azərbaycan Respublikası həm də Avropa İttifaqının "Tasis-İntellektual mülkiyyət" proqramı üzrə əməkdaşlıq etdiyi dörd MDB dövlətindən biridir. Həmin proqram çərçivəsində Azərbaycan Strind Komitəsinin və Müəlliflik Hüquqları üzrə Piratçılıq Əleyhinə Komissiyanın hazırladığı bütün tədbirlərdə fəal iştirak edir.
Faktların təhlilindən göründüyü kimi, müstəqillik bərpa olunduqdan sonra Azərbaycan Respublikasında beynəlxalq mədəni əlaqələrin inkişafı prosesində yeni mərhələ başlayır. Bu mərhələ həm kəmiyyət, həm də keyfiyyət xüsusiyyətlərinə görə tarixin əvvəlki dövrlərindən köklü şəkildə fərqlənir. Çünki 1991-ci ildən Azərbaycan mədəniyyəti dünya sivilizasiyasına birbaşa suveren və demokratik prinsiplər əsasında inteqrasiya pilləsindən başladı. Bu isə, mədəniyyətin qloballaşması baxımından Azərbaycanın fəal iştirakını göstərir və onun gələcək perspektivlərini müəyyənləşdirir.
Elmin də daxil olduğu mədəniyyət məkanı R.Aslanovanın fikrincə, fövqəladə dərəcədə mürəkkəbdir. Bu məkana qədəm qoymaq onlardan xəbərdar olmağı tələb edir. Əvvəla, mədəniyyət məkanı "şaquli" müstəvidən daha çox "üfüqi" təşkilatlanma, formalaşma qanunauyğunluqlarına malikdir. Burada fərdi seçimlər son nəticədə kollektiv, ictimai seçimləri müəyyənləşdirir. Fərd, subyekt qismində ayrıca götürülmüş insan da, ayrıca xalq və millət də çıxış edə bilər.
Şəxsi xarakter və psixologiya sosial-mədəni reaksiyanın, xarici maraq və mənafelər üçün deyil, mədəniyyətin öz daxili qanunları əsasında reallaşmasını təmin edir. Həm cəmiyyətin və dövlətin maraqları, məhz mədəni-genetik kod vasitəsilə qorunur. Buna görə də informasiya inqilabı və ictimai rəyin manipulyasiyası texnologiyalarının inkişafı şəraitində mədəniyyət təbii-tarixi və milli maraqların sınanmış sistemi, qeyri-müəyyən vəziyyətlərdə "həqiqət meyarının" aşkara çıxarılması üçün əvəzsiz qüvvə kimi çıxış edir.
İntensiv informasiya axını əksər hallarda birtərəfli təzyiq xarakteri daşıyır. Ən vacibi informasiya onu yaradanın da, qəbul edənin də mədəni "izlərini" daşıyır. Belə olan təqdirdə, onu ötürən və qəbul edilən mədəniyyətlər arasındakı fərqin həcmini, onun təsir effektini müəyyən edir. Mədəniyyətlər arasındakı fərqlər nə qədər böyükdürsə, bu təsir də o qədər böyük olur. Müasir mərhələdə informasiyanın yaradılması və ötürülməsi üsullarını, standartlarını, düşüncə stereotiplərini və hətta emosional reaksiyanı da mədəniyyət müəyyənləşdirir. Burada siyasi mədəniyyət, hüquq mədəniyyəti, biznes etikası və s. kimi nəhəng mədəni sistemin ünsürləri iştirak edir.
Vahid ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2013.- 13 noyabr.- S.15.