Sosial müdafiənin Azərbaycan modeli bir sıra dövlətlər
üçün örnək olub
Müsahibimiz Milli Məclisin Sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hadi Rəcəblidir
- Hadi müəllim, Milli Məclisdə 2014-cü ilin büdcə zərfinə daxil olan məsələlərin müzakirəsinə başlanıb. Sosial məsələlər gələn ilin dövlət büdcəsində özünün əksini necə tapır?
- Ulu öndər Heydər Əliyev dühasının xalqa xidmət, xalq üçün çalışmaq siyasətinin qələbəsi və təntənəsi özünü 2013-cü il prezident seçkilərində bir daha bariz şəkildə göstərdi. Möhtərəm Prezidentimiz İlham Əliyev ümumxalq məhəbbətini qazanaraq möhtəşəm qələbə çaldı və yenidən prezident seçildi. Andiçmə mərasimində Prezidentimiz bir daha, başlıca məqsədi xalqa xidmət olan sosial rifah dövlətinə diqqəti cəlb etdi və bu sahədə görüləcək işlərin konturlarını səsləndirdi.
Ümumiyyətlə, ölkəmizin qazandığı uğurlar gələn ilin dövlət büdcəsində də özünün əksini tapır. Büdcənin gəlirləri ÜDM-in 31,4 faizi, xərcləri isə 34,3 faizi həcmində proqnozlaşdırılır. 2014-cü ildə dövlət büdcəsinin gəlirləri 18 mlrd. 384 mln. manat, xərcləri isə 20 mlrd. 63 mln. manat həcmində proqnozlaşdırılır. 2013-cü il üzrə isə bu göstərici müvafiq olaraq 19 mlrd. 159 mln. manat və 19 mlrd. 850 mln. manat gözlənilir. 2014-cü il dövlət büdcəsi gəlirlərinin 9,3 milyard manatını və ya ümumi büdcə daxilolmalarının 50,8 faizini Dövlət Neft Fondundan transfertlər, 7,1 milyard manatını və ya 38,6 faizini Vergilər Nazirliyi, 1,5 milyard manatını və ya 8,2 faizini Dövlət Gömrük Komitəsinin xətti ilə, 0,4 milyard manatını və ya 2,2 faizini büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 0,2 faizini isə digər daxilolmalar təşkil edir. Çox yaxşı haldır ki, tədricən Dövlət Neft Fondundan büdcəyə transfert azalır, qeyri-neft sektoru üzrə daxilolmalar isə artır.
Sosial məsələlərə gəlincə, 2014-cü il üçün sosialyönümlü xərclər dövlət büdcəsi xərclərinin 5,337 mlrd. manat proqnozlaşdırılır. Bu da 2013-cü il proqnozuna nisbətən 5,9 faiz və ya 299 mln manat, 2012-ci ilin icra göstəricisinə nisbətən 597 mln. manat çoxdur. Diqqət çəkən digər məqam ondan ibarətdir ki, 2014-cü ildə qeyri-neft sektoru üzrə daxilolmaların dövlət büdcəsi gəlirlərinin tərkibində xüsusi çəkisi cari ilin proqnozu ilə müqayisədə 7 faiz artacaq.
- Sosial sahənin vacib istiqamətlərindən biri də pensiya islahatlarıdır. Bu islahatlar nə kimi nəticələr verir?
- Ümumiyyətlə, ölkəmizdə davamlı olaraq sosial islahatlar həyata keçirilir. Bu işlərin ən geniş miqyaslılarından biri də pensiya sığorta islahatlarıdır ki, bu da 1 milyon 300 minə qədər insanın güzəranının daha da yaxşılaşmasına xidmət edir. Gələn il üçün, bu hədəflərə xidmət edən Dövlət Sosial Müdafiə Fondunun büdcəsini təqdim etmək üçün, parlamentdə çıxışa hazırlaşarkən son illərin sənədlərini, büdcə materiallarını yenidən bir daha diqqətlə nəzərdən keçirdim. Eyni zamanda, Avropanın bir sıra aparıcı dövlətlərində pensiya yaşının artırılması, müavinətlərin və sosial büdcənin bütövlükdə azaldılması fonunda ölkəmizdə bu istiqamətdə aparılan uzaqgörən və təmkinli siyasətin nə qədər stabil və dinamik olduğu mənim üçün bir daha öz təsdiqini tapdı.
Sosial müdafiənin möhtərəm Prezidentimiz İlham Əliyev modeli artıq onlarla dünya dövləti üçün örnək olmuşdur. Azərbaycanın bu modeli, bu təcrübəsi beynəlxalq təşkilatlar tərəfindən maraqla öyrənilir. Sevindirici haldır ki, bu qurumda elektron hökumət ideyasının gerçəkləşməsi istiqamətində ardıcıl addımlar atılmış, məmur-vətəndaş təması maksimum azaldılmışdır.
- Dövlət Sosial Müdafiə Fondunun gələn il üçün büdcəsini ötən illərdən fərqləndirən cəhətləri nədən ibarətdir?
- Müstəqil Azərbaycan artıq gələn ilə, onlarla islahat proqramlarını geridə qoyaraq Dövlət Sosial Müdafiə Fondunun 2 milyard 928 milyon manatlıq büdcəsi ilə gedir. Nəticədə icmal rəqəmlər 2013-cü ilin proqnoz göstəricisinə nisbətən 300 milyon manat və ya 11,2% çoxdur. Gəlirlərin 60,8%-ni və ya 1 milyard 780,4 milyon manatını məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təşkil edəcəkdir ki, bu da 2013-cü ilin proqnozuna nisbətən, 14,9% və ya 230,3 milyon manat çoxdur.
Mən, bu artıma tam aydınlıq gətirilməsi üçün daha bir neçə müqayisəli rəqəmi qeyd etmək istəyirəm. Təkcə onu demək kifayətdir ki, 2006-cı ildə Sosial Müdafiə Fondunun büdcəsi cəmi 567 milyon manat təşkil edirdisə, bu il bu rəqəm həmin dövrdəkindən 5,2 dəfə çoxdur. Bu, o deməkdir ki, Azərbaycanda pensiyaçılar üçün yaradılan şərait, onlara verilən müavinətlərin, pensiya məbləğlərinin həcmi görün hansı templərlə və nə qədər böyük surətlə artıbdır. Pensiyaların vaxtaşırı artmasıyla bağlı, onun baza hissəsinin yüksəldilməsi daim möhtərəm Prezidentimizin sərəncamları və müvafiq büdcə ayırmaları ilə müşahidə olunur. 2014-cü ildə dövlət büdcəsindən bu məqsədlər üçün ayırmaların həcmi 1 milyard 142 milyon manat nəzərdə tutulur ki, bu da 2013-cü ilin proqnozundan 65 milyon manat çoxdur.
- Hadi müəllim, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin təkcə dövlət büdcəsi hesabına deyil, yığım hesabına da artırılması aktual məsələlərdən biridir. Bu baxımdan, hazırda hansı addımlar atılmaqdadır?
- Dövlət Sosial Müdafiə Fondu ödənişlərin artımına təkcə büdcə hesabına yox, ən əsası yığım imkanlarını artırmaqla da nail olmaq istəyir. Gələn il dövlət büdcəsindən ayırmaların - transfertin xüsusi çəkisinin elə bu baxımdan aşağı düşdüyünü müşayət edirik. Əgər fondun bütün gəlirlərində dövlət büdcəsindən transfertin həcmi 2013-cü ildə 40,9% olmuşdursa, 2014-cü il üçün bu göstərici 38,99% təşkil edəcəkdir.
Bununla bağlı daha bir müqayisəli rəqəmi diqqətinizə çatdırmaq istəyirəm. Təkcə son bir il ərzində möhtərəm Prezidentimiz İlham Əliyevin tələbi və göstərişi əsasında aparılan geniş miqyaslı araşdırmalar və inzibati-hüquqi tədbirlər nəticəsində ölkə üzrə sosial sığortaya cəlb olunanların sayı 650 min nəfər artaraq, indi 2 milyon 600 min nəfərə çatmışdır. Bu o deməkdir ki, Dövlət Sosial Müdafiə Fondunda yığım imkanları artıb və ölkədə daha geniş miqyaslı ehtiyat mənbələri mövcuddur. Elə ona görə də gələn il bu illə müqayisədə sosial sığorta yığımları təxminən 15% çox proqnozlaşdırılıb.
Yığımla bağlı ehtiyat mənbələrindən söhbət edərkən bir məqamı da demək istəyirəm. Təsəvvür edin ki, böyük tikinti şirkətlərinin ümumi pul dövriyyəsi haradasa deyək ki, 1 milyon manatı ötür, amma bu halda əmək haqqı fondu heç 50 min manat belə təşkil etmir. Fikrimizcə, dövriyyə 1 milyondursa, burada mütləq heç olmasa əmək haqqı fondunun 12-15%-indən söhbət getməlidir. Müqayisə üçün deyim ki, başqa ölkələrin, Türkiyənin, Şərqi Avropa ölkələrinin, hətta post sovet məkanında olan dövlətlərin təcrübəsi də bu rəqəmlərin reallıqdan qat-qat aşağı olduğunu təsdiq edir. Rəqəmlər ciddi düşünməyə əsas verir və zənnimcə direktiv sənədlər qəbul etməyə, məsələyə gələcəkdə hökumət səviyyəsində bir daha baxmağa ehtiyac duyulur.
Burada Vergilər Nazirliyinin, Fondun və Əmək Müfəttişliyinin birgə, mütəmadi fəaliyyətinə böyük ehtiyac vardır. Məsələyə münasibət kampaniya xarakteri daşımamalı, əmək müqavilələrinin vaxtında bağlanması idarə-müəssisələrə, sahibkarlara başlıca tələblərdən biri olmalıdır. Bu eyni zamanda sosial sığortadan yayındırılan minlərlə vətəndaşın, fiziki şəxslərin pensiya təminatında müstəsna rol oynaya bilər. Sosial Müdafiə Fonduna cəlb olunmaların artmasıyla yanaşı biz bu vəsaitlərin, daha səmərəli xərclənməsi məsələsini də gündəmdə saxlamalıyıq. Yadınızdadırsa, mən çıxışlarımda fermerlərin, kənddə çalışanların sosial sığortaya cəlb olunmamasından tez-tez danışırdım. Nəticədə nə oldu, çox cüzi miqdarda vəsait ödəyən kənd təsərrüfatı işçisi, ödədiyindən bəzən 50 dəfədən çox pensiya ala bildi. Bu bir tərəfdən yaxşı olsa da, digər tərəfdən ödəmələr simvolik olur, reallığı əks etdirmir, nəticədə israfçılığa gətirib çıxarır.
Digər paradoks. Son illər əlilliyə görə əmək pensiyasına çıxanların sayı günbəgün çox yüksək templərlə artır. Yuvarlaqlaşdırılmış rəqəmlərə diqqət yetirsək: Əlilliyə görə əmək pensiyası alanların 2008 ildə – 286 min; 2009 ildə – 302 min; 2010 ildə – 312 min; 2011 ildə – 325 min; 2012 ildə – 332 min; 2013 ildə – 338 min; 2014 ildə isə – 346 min təşkil edəcəyi gözlənilir. Beləliklə 6 ilə təxminən 61 min artım. Əgər bunu ölkədə bütövlükdə əlillərin artım tempi ilə müqayisə etsək bu heç bir məntiqə sığmır. Ona görə də, hesab edirəm ki, bu məsələlər diqqət mərkəzində olmalıdır.
yap.org.az
Səs.-
2013.- 14 noyabr.- S.10.