Uğur yolu

 

 

Yol anlayışı milli təfəkkürümüzdə qüdsal məzmun kəsb edir. Şifahi xalq əbədiyyatı nümunələrimizdə xalq qəhrəmanlarının zaman-zaman uzun səfərlərə çıxması, mifik varlıqlara, yaxud yağılara qarşı mücadilə apararaq ülvi məqsədlərinə qovuşması ilə bağlı saysız-hesabsız epizodlar mövcuddur. Yolu müqəddəs sayıb ona and içənlərlə bizim günlərdə də az qarşılaşmırıq. Hər kəsin seçdiyi yol isə, ilk növbədə, onun xarakterindən, dünyaya baxışından qaynaqlanır. Xarakter nə qədər kamil və yetkindirsə, yolun cazibəsi bir o qədər güclüdür.

Gedilən yol insan zəkasının qüdrətinin, onun iradə və mənəviyyatının güzgüsüdür. Hər bir insanın həyatı, yaşam tərzi, fəaliyyəti, məram və məqsədləri, nəhayət, cəmiyyət üçün faydası onun seçdiyi yolla bağlıdır. Yolunu düzgün müəyyənləşdirənlər, haqdan sapmayanlar, hər bir sahədə, eləcə də siyasətdə qarşıya qoyduğu hədəflərə uğurla yetişir, başqalarını da bu yolun cazibəsinə çəkə bilirlər.

Zamanın mürəkkəb dolambaclarında fərd və toplum, ümumilikdə, millət olaraq yolumuzu düzgün seçmişik. Gələcək tale yolumuzu da, məhz yaxşı olanı doğru-dürüst dəyərləndirmək, ağı-qaradan, yaxşını-pisdən fərqləndirmək qabiliyyətimiz müəyyənləşdirir. Hər bir uğuru ilə öyündüyümüz doğma Vətənimiz özünənəməxsus, həm də bənzərsiz inkişaf yolu ilə gündən-gündən çiçəklənir, qüdrətlənir, dünya siyasət arenasında layiqli yerini möhkəmləndirir. Müstəqil Azərbaycanın son illərdə inanılmaz dərəcədə dəyişdiyini, zamanı qabaqlayaraq onilliklərə bərabər yol qət etdiyini vicdanının səsini eşidən hər kəs etiraf edir.

Azərbaycan bu gün sürətli inkişafı ilə zamanı da qabaqlayır. Ola bilər ki, kimlərsə bunu adi, qanunauyğun hal kimi qarşılayır. Təbiidir, insan bəzən öz taleyində yaşadığı, içərisində olduğu yenilikləri nəinki tam mahiyyəti ilə dəyərləndirə bilmir, hətta bunlara vərdiş edir. Buna görə kimisə qınamaq, məzəmmət etmək də olmur. Biz artıq ölkəmizin sürətli inkişaf və tərəqqisini, müəyyən mənada, labüd, qaçılmaz, dönməz proses kimi qiymətləndirməyə başlamışıq!

Azərbaycanın son illərdəki inqilabi nailiyyətləri fonunda hər bir yeniliyi, uğuru ictimai həyatın reallığı kimi dəyərləndiririk. Bir zamanlar əlçatmaz olan, xəyal kimi görünən iri layihələrin ani bir zamanda real həyata vəsiqə alması, şəhərlərimizin, rayonlarımızın, hətta kəndlərimizin sürətlə abadlaşaraq göz oxşaması, insanların yaşayış səviyyəsinin ildən-ilə yaxşılaşdırılması çoxlarımız üçün adiləşib. Lakin ötən illərə boylandıqca bu həqiqəti də birmənalı etiraf etməli oluruq: müstəqil Azərbaycan son 20 ildə məhz Heydər Əliyev fenomeni və dahi rəhbərin mükəmməl siyasi ideyalarının qüdrətindən real həyata vəsiqə almış siyasi təşkilatın – Yeni Azərbaycan Partiyasının müəyyənləşdirdiyi yolla inamla irəliləyib, böyük uğurlarına qovuşub.

 

Səfərbəredici ideya

 

Zəmanəsinin böyük ədəbi dühası Viktor Hüqo yazırdı: «Dünyada bütün ordulardan daha güclü bir qüvvə var – bu, vaxtı, zamanı yetişən ideyadır». Sivilizasiyanın təkamülü və inkişafı, insan cəmiyyətinin təşəkkülü, dövlətlərin yaranması prosesində müsbət yüklü ideya və məramlar həqiqətən də təkanverici amil qismində çıxış etmişdir. İnkişaf yönümlü mütərəqqi ideyaların konkret platforma şəklinə salınmasında isə cəmiyyətdəki çoxluğun etimadını qazanmış ümummilli partiya və lider amilinin rolu müstəsnadır.

Tarixi təcrübə göstərir ki, dövlət və cəmiyyət həyatında müstəsna rol oynayan, demokratik, hüquqi dövlətin mühüm atributlarından sayılan ümummilli siyasi partiyalar, adətən, milli tələbatdan yaranırlar. Hər bir demokratik ölkədə əhalinin geniş təbəqələrinin ictimai-siyasi həyatda iştirakı da məhz bu cür partiyaların vasitəsilə reallaşır. Xalq və dövlət maraqlarını özünün praktik fəaliyyətində ifadə etməyən, cılız siyasi məqsədlər ətrafında formalaşan partiyalar cəmiyyətin etimadını qazanmaq, dövlət idarəçiliyində iştirak etmək imkanlarından məhrum olurlar. Xalqdan mandat alaraq hakimiyyət olimpinə yüksəlmiş partiyalar fəaliyyətləri ilə həm də fərdlərin arzu və istəklərinin real təminatçısına çevrilirlər.

Bu gerçəkliklər fonunda əminliklə demək olar ki, Azərbaycanda vətəndaş mənafeyinin və dövlətçilik maraqlarının təminatçısı olmaq kimi çətin və məsuliyyətli missiyanın öhdəsindən ötən 21 ildə uğurla gəlmiş Yeni Azərbaycan Partiyasının yaranması obyektiv tarixi qanunauyğunluqlarla şərtlənmiş, ötən əsrin 90-cı illərinin əvvəlindəki ağır, böhranlı durumun doğurduğu obyektiv tələbat olmuşdur. 2013-ci il noyabrın 21-də yaradılmasının 21-ci ildönümü tamam olan Yeni Azərbaycan Partiyasının, bu mənada, ümummilli siyasi təşkilata, ölkə vətəndaşlarının mütləq əksəriyyətinin inam ünvanına çevrildiyini əminliklə söyləmək olar. Bu müddətdə partiyamızın keçdiyi mürəkkəb və həm də şərəfli inkişaf yolu Azərbaycanın xoas və anarxiyadan, vətəndaş müharibəsi təhlükəsindən sabitliyə, tərəqqiyə, yüksəliyə, hüquqi, demokratik, dünyəvi dövlətə doğru inamlı addımlarını özündə ehtiva edir. Hakim partiyanın xalqla sarsılmaz mənəvi birliyi ötən 21 ildə müstəqil Azərbaycanın inanılmaz intibah yolu keçməsinə, yaxın perspektivdə inkişaf etmiş ölkələr sırasında dayanmaq kimi ciddi bir iddia ortaya qoymasına imkan yaratmışdır. Bəli, günümüzün qüdrətli, müstəqil, inkişaf edən, müasirləşən Azərbaycanı YAP-ın 21 illik fəaliyyətinin qiymətləndirilməsində ən obyektiv istinad yeridir. Əgər partiyanın şanlı tarixini bir cümlə ilə ifadə etməli olsaq, əminliklə deyə bilərik ki, YAP ən mürəkkəb, çətin sınaqlardan şərəflə çıxan, ölkədəki vəziyyəti realistcəsinə qiymətləndirərək xalqının, dövlətinin inkişafı üçün əzmlə çalışan insanları yüksək mənəvi-siyasi ideallar ətrafında birləşdirən alternativsiz siyasi təşkilatdır.

 

Tarixin diktəsi ilə yaranmış partiya

 

Antik dövr filosoflarından Demokrit yazırdı ki, siyasət elm sahəsi olduğuna görə onu həyata keçirənlər yüksək zəkaya, analitik siyasi təfəkkürə malik olmalı, cəmiyyətdəki hadisələrin inkişaf axarını məharətlə duymalıdırlar. Cəmiyyəti, xalqı, hətta kiçik bir qrupu ədalətdə idarə edə bilmək, həlledici çoxluğu razı salmaq, onları konkret amallar uğrunda səfərbər etmək əsl siyasi peşəkarlıq və liderlik məharətidir.

XX əsrdə xalqımızın dünya siyasi arenasına bəxş etdiyi böyük şəxsiyyət – Ulu Öndər Heydər Əliyev də məhz belə xarizmatik lider olaraq böyük siyasi ideyaları ilə cəmiyyətin siyasi, mənəvi-ideoloji birliyini təmin edə bilmişdir. Məhz Heydər Əliyev şəxsiyyətinə olan böyük ictimai inam və etimad ötən əsrin 90-cı illərinin əvvəlində – ölkənin mürəkkəb, ağır dövründə YAP-ın yaranmasına zəmin oldu. Həmin dövrün hadisələrini hamımız yaxşı xatırlayırıq: 1991-ci ilin oktyabrında respublikamız dövlət müstəqilliyinin bərpasına nail olsa da, 1993-cü ilin iyun ayınadək müşahidə olunan hakimiyyət dəyişiklikləri, siyasi qarşıdurmalar, sosial-mənəvi böhran insanların sabaha ümidlərini tamamilə qırmış, cəmiyyətdə xaos və anarxiya mühitini dərinləşdirmişdi.

Belə ağır şəraitdə xalqın tərəqqipərvər qüvvələri, mütərəqqi ruhlu ziyalıları çıxış yolunu Ulu Öndər Heydər Əliyev kimi müdrik şəxsiyyətin hakimiyyətə gəlməsində görür, hər cür riskə rəğmən, bu istəklərini açıq ifadə etməkdən çəkinmirdilər. Həmin illər müəyyən səbəblərdən Naxçıvana gedə bilməyənlər isə MR Ali Məclisinin sədri Heydər Əliyevin ünvanına minlərlə müraciətlər, teleqramlar göndərərək xalqı düşdüyü bu bəlalardan qurtarmağı xahiş edirdilər. Azərbaycanın düçar ola biləcəyi fəlakətlərin qarşısının vaxtında alınması məqsədi ilə xalqın sağlam qüvvələrinin Heydər Əliyevin ətrafında birləşmək niyyəti yalnız bir qrup ziyalının deyil, respublikamızın bütün bölgələrində, şəhər və kəndlərində ayrı-ayrı vətəndaşlar, müxtəlif sosial qruplar arasında eyni zamanda başlanmışdı. İlk dövrlərdə kortəbii başlanan dağınıq fəaliyyət getdikcə daha mütəşəkkil xarakter almış və yeni partiyanın yaradılması üçün cənab Heydər Əliyevə yazılı müraciət edilməsi zərurətini doğurmuşdu.

Müraciəti imzalayanlar yaxşı bilirdilər ki, yeni müstəqillik qazanmış ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Bu tarixi müraciət, əslində, bütün Azərbaycan xalqının istəyi, arzusu, haqlı tələbi idi. Azərbaycan xalqının istəyinə heç zaman biganə qalmayan, özünün qurub-yaratdığı respublikanın dağılmasına dözməyən Heydər Əliyev Vətənin dar günündə haqq səsini ucaltdı, xalqın səsinə səs verdi. Ulu öndər ziyalıların müraciətinə müsbət cavab verərək deyirdi:«Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğulur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində iştirak etməyə hazıram».

Nəhayət, 1992-ci il noyabrın 21-də müstəqil Azərbaycanın çağdaş dövlətçilik tarixində yeni səhifə açan əlamətdar hadisə baş verdi: Naxçıvanda 550-yə yaxın nümayəndənin iştirakı ilə YAP-ın təsis qurultayı keçirildi, Ulu Öndər Heydər Əliyev yekdilliklə təşkilata sədr seçildi. Müstəqilliyə yenicə qovuşmuş Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas strateji xətti seçən YAP tarixi zərurətdən, o illərdə mövcud olmuş ideoloji-siyasi durumun doğurduğu milli tələbatdan yaranırdı.

YAP-ın qısa müddətdə cəmiyyətdə həlledici çoxluq tərəfindən ölkəni idarə etməyə qadir alternativsiz qüvvə kimi qəbul olunması da məhz Ulu Öndər Heydər Əliyevin fenomenal liderlik və idarəçilik keyfiyyətləri ilə şərtlənirdi. 1993-cü ilin məlum iyun böhranı zamanı ölkənin taleyinə biganə olmayan insanlar yaxşı başa düşürdülər ki, Azərbaycanı surətlə fəlakətə sürükləyən məkrli planların qarşısını almağa, düçar olduğu fəlakətlərdən qurtarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. İyun ayının 9-da xalqın və həm də o zaman çıxılmaz vəziyyətə düşmüş AXC-Müsavat hakimiyyətinin təkidli istəyi ilə Bakıya qayıdan ulu öndər təbiətin ona bəxş etdiyi fövqəl idarəçilik keyfiyyətlərindən məharətlə bəhrələnərək xalqımızı vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən qurtardı, çağdaş tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil oldu. İyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi isə ölkədəki kütləvi inamsızlıq, xaos və hərc-mərclik mühitinin aradan qalxmasına, siyasi gərginliyin tədricən azalmasına, sözün həqiqi mənasında, xalqın böyük fəlakətlərdən qurtulmasına real zəmin yaratdı.

 

Gələcəyin hədəfləri

 

YAP-ın ideya məfkurəsini təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri partiyanın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olmaqla yanaşı, Azərbaycanın siyasi gələcəyini, inkişaf prioritetlərini də şərtləndirirdi. Ulu öndərin yeritdiyi siyasət hər bir fərdin maraq və mənafeyini özündə ehtiva etdiyindən, qısa zamanda cəmiyyətin ən müxtəlif zümrələrinin YAP-a sürətli axını başlanmış, onların ictimai-siyasi həyatda fəallığı əhəmiyyətli dərəcədə artmışdı. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, ölkənin siyasi həyatında tutduğu mövqe möhkəmlənmişdi. O, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirdi. Partiyanın yüz minlərlə üzvü dövlət əhəmiyyətli məsələlərin həllinə səfərbər olaraq ölkədə gedən ictimai-siyasi proseslərə fəal surətdə qoşulmuşdu.

Ölkədə xalqın iradəsi ilə baş vermiş qanuni hakimiyyət dəyişikliyi nəticəsində Yeni Azərbaycan Partiyasının iqtidar partiyasına çevrilməsi dövlətin müstəqilliyinin praktik müstəvidə özünü göstərməsi üçün real əsaslar yaratmışdı. Heydər Əliyevin Prezident seçilməsindən sonra müstəqil Azərbaycan dövlətinin hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi sürətlənmişdi. Ulu öndər, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmalı oldu – qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi. Dövlət çevrilişlərinin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, atəşkəsə nail olunması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi.

Ulu öndər Heydər Əliyev sədri olduğu partiyanın rəhbər tutduğu ali prinsiplərin real həyatda tətbiqi üçün bütün imkanlardan istifadə edir, ilk növbədə, cəmiyyətdə qanunçuluğu, hüquq qaydalarını möhkəmləndirməyə çalışırdı. Bu da təsadüfi deyildi – qüvvədə olan Nizamnamənin 1-ci maddəsində görə,«Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün nizamnaməsi və proqramı əsasında - Azərbaycanda hüquqi dövlət, sivil vətəndaş cəmiyyəti, sabit və sosial yönümlü iqtisadiyyat, azərbaycançılığı ehtiva edən milli birlik yaratmaq məqsədilə birgə fəaliyyət göstərən vətəndaşların birləşdiyi parlament tipli siyasi partiyadır».

Ümummilli lider Heydər Əliyev böyük şəxsiyyət olaraq cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görərək bunun üçün bütün zəruri tədbirləri həyata keçirirdi. Məhz Ulu Öndərin gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı. Hüquqa və ədalətə söykənən vətəndaş cəmiyyətinin əsası qoyuldu, onun təkmilləşdirilməsi prosesi uğurla davam etdirildi. 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatı sahəsində YAP-ın qarşıya qoyduğu məqsədləri özündə ehtiva edirdi. Eyni zamanda, həmin gün paralel olaraq Milli Məclisə keçirilmiş ilk seçkilər YAP-ın cəmiyyətdə yüksək nüfuz və potensialını nümayiş etdirməklə, onu güclü iqtidar partiyasına çevirdi, cəmiyyətdəki mövqelərini möhkəmləndirdi.

Bu mərhələdən ictimai-siyasi sabitliyi təmin edən böyük strateq Heydər Əliyev özünün zəngin iqtisadi bilik və təcrübəsi əsasında həm də Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirdi, bu sahədə mövcud problemlərin həlli yollarını elmi-nəzəri və praktiki əsasda göstərdi. Ümummilli lider mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu bir ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini irəli sürərək, onun həyata keçirilməsinə nail oldu. İqtisadi sahədə həyata keçirilən islahatların əsasında bazar iqtisadiyyatının formalaşdırılması yolu ilə ümümi daxil məhsul istehsalını artırmaq, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək məqsədi dayanmışdı. YAP-ın proqramını əsas tutan Ulu Öndər Heydər Əliyev ölkənin bazar iqtisadiyyatı şəraitində özünü tamamilə doğruldan sosial yönümlü inkişaf modelini irəli sürmüş və onun reallaşdırılmasına başlamışdı.

 

Gəncliyə açılan meydan

 

Cəmiyyətin ayrılıqda götürülmüş bir təbəqəsinin və yaxud sosial qrupunun mənafe və maraqlarını qoruyan siyasi təşkilatın, həmçinin ictimai qurumun xalqı, milləti öz arxasınca apara bilməsi həmişə mümkün deyildir. Partiyanın siyasi cəhətdən təşkilatlanaraq monolit qüvvəyə çevrilmək əzmi, ilk növbədə, onun ideoloji-siyasi kursunun bütövlükdə cəmiyyətin maraqlarına cavab verməsi ilə şərtlənir. Yalnız xalqın bütün təbəqələrinin arzu və istəklərini ifadə edən, güclü ideologiyaya, liderə, yüksək intellektual potensiala malik siyasi elitaya və yetkin siyasi strukturlara malik partiya cəmiyyətdəki aparıcı rolunu qoruyub saxlamağa, hakimiyyəti uzun müddət idarə etməyə qadirdir. Bu mənada, ötən illərdə ölkədəki siyasi partiyaların heç biri YAP-la siyasi rəqabət aparmaq imkanında olmamışdır.

Yeni Azərbaycan Partiyasının cəmiyyətin lokomotiv qüvvəsi kimi çıxış etməsinin əsasında həm də xarizmatik lider amili rol oynamışdır. Bu baxımdan, YAP-ın bəzən «Heydər Əliyev partiyası» adlandırılması da obyektiv qanunauyğunluqlara əsaslanır və partiyanın uğurlarında lider amilinin rolunu dolğun şəkildə təcəssüm etdirir. Ulu Öndər Heydər Əliyev 1993-2003-cü illərdə ölkəyə uğurlu idarəçiliyi nəticəsində partiyanın proqramının praktik surətdə gerçəkləşdirilməsini təmin etmiş, eyni zamanda, həmin proqramda yer almış müddəaların praktikliyini sübuta yetirmişdir.

1998-ci ilin prezident seçkilərində YAP-ın layiqli qələbəsi, habelə partiyanın 1999-cu ilin dekabr ayında keçirilmiş I qurultayı onun yarandığı gündən böyük ictimai dəyər kəsb edən milli və ümumbəşəri ideyalarla silahlandığını, konkret dövr üçün qarşıya qoyduğu vəzifələrin öhdəsindən əzmlə gəldiyini bir daha təsbit etdi. 1999-cu il dekabrın 20-21-də Bakı şəhərində keçirilmiş I qurultay Yeni Azərbaycan Partiyasının, Heydər Əliyev ideyalarının təntənəsinə çevrildi. Müstəqil, demokratik ölkəmizin tarixində mühüm siyasi hadisyə çevrilən bu qurultay Heydər Əliyev siyasi xəttinin, dövlətçilik fəaliyyətinin daha bir təntənəsi kimi böyük təəssürat doğurdu.

Ulu Öndər YAP-ın birinci qurultayındakı çıxışında bir sıra məsələlərlə yanaşı, gənclərin partiyanın sıralarında geniş təmsil olunması vacibliyini xüsusi diqqətə çəkir, onların içərisində partiyaya sədaqətli insanların çoxluq təşkil etdiyini deyirdi. Həmçinin vurğulayırdı ki, təşkilatın üzvlərinin cəmi 29 faizinin gənc olması yerli partiya təşkilatlarının işlərində olan nöqsanların, qüsurların, o cümlədən, idarə heyətinin işində olan nöqsanların, qüsurların nəticəsidir. Heydər Əliyev bildirirdi ki, qurultayın gələcək üçün proqramında əsas məsələlərdən biri də Yeni Azərbaycan Partiyasında gənclərin sayını artırmaq, onlara özlərini göstərmək, istedadlarını nümayiş etdirmək üçün şərait yaratmaq, partiyanın tərkibini gəncləşdirməkdən ibarət olmalıdır. Böyük strateqin qarşıya qoyduğu bu vəzifənin icrası istiqamətində ən mühüm addım YAP-ın birinci qurultayında ARDNŞ-in birinci vitse-prezilenti, MOK-nin prezidenti, Milli Məclisin deputatı İlham Əliyevin partiya sədrinin müavini seçilməsi oldu.

Bu tarixi seçim qətiyyən təsadüfi deyildi: 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti vəzifəsinə İlham Əliyev kimi idarəçi və təşkilatçı şəxsin seçilməsi idman və gənclər siyasəti sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açmışdı. MOK Prezidenti İlham Əliyev ölkədə olimpiya hərəkatının genişlənməsini, idman və bədən tərbiyəsinin tərəqqisini, daha geniş coğrafi məkanda təbliğini, habelə Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsini həyata keçirmişdi. İdmana dövlət qayğısı ilə yanaşı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi yolunda ciddi işlər görülmüşdü. Bu sahəyə göstərilən diqqət və qayğı Azərbaycanın milli genefondunun qorunması, habelə gənclərin vətənpərvər və sağlam ruhlu təbəqə kimi tərbiyə edilməsi məqsədindən irəli gəlirdi.

Qurultaydan sonra hakim partiyanın cəmiyyətdəki mövqeləri daha da gücləndi, üzvlərinin sayı 130 mindən 240 minə çatdı. YAP iqtidar partiyası kimi qarşıya qoyduğu bir sıra mütərəqqi islahatları uğurla həyata keçirərək Azərbaycanda sosial-iqtisadi inkişaf meyillərinin sürətlənməsinə, xalqın maraqlarına cavab verən tarazlı xarici siyasət yeritməyə, respublikanın beynəlxalq mövqelərinin və nüfuzunun yüksəlməsinə nail oldu.

 

Böyük qələbələrə doğru…

 

Ötən 21 il YAP-ın cəmiyyətdəki nüfuzunun ən qabarıq göstəricilərindən biri də məhz demokratik seçki şəraitində qazanılan layiqli qələbələr olmuşdur. 1999-cu ildə keçirilən bələdiyyə seçkiləri də YAP-ın inamlı zəfəri ilə başa çatmış, partiyanın yerlərdəki nüfuzundan xəbər verən ən obyektiv göstərici rolunu oynamışdır. Bir il sonra - 2000-ci ilin noyabrında keçirilmiş parlament seçkilərində 124 yerdən 75-ni tutan partiya cəmiyyətdə yüksək reytinq və sosial bazaya malik olduğunu tam təsdiqləmiş, parlamentdə həlledici çoxluğa malik olmaqla xalqın mənafeyi baxımından zəruri olan qərarların qəbulunda əsas söz sahibi kimi çıxış etmişdir. Həmin parlament seçkilərində YAP-ın uğur qazanmasını şərtləndirən ən mühüm amillərdən biri də məhz cənab İlham Əliyevin partiyanın proporsional seçki siyahısına rəhbərlik etməsi, seçki kampaniyasında yaxından iştirakı olmuşdur.

Yeni Azərbaycan Partiyasının 2001-ci il noyabr ayının 21-də keçirilən II Qurultayı da partiyanın tarixində ən əlamətdar hadisələrdən biri kimi xatırlanır. Qurultaydakı çıxışında Ulu Öndər Heydər Əliyev partiyada demokratiyanın təkmilləşdirilməsi, gənclərə, qadınlara daim qayğı göstərilməsi, təbliğat işinin müasir metodlarla qurulması, keyfiyyət və professionallıq səviyyəsinə görə digərlərindən fərqlənən kadrların hazırlanmasını YAP qarşısında mühüm vəzifələr kimi müəyyənləşdirmiş, qurultayda YAP-ın nizamnaməsində müəyyən dəyişikliklər edilmişdir.

Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdıran Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı böyük xidmətlərindən biri də məhz bundan ibarətdir ki, Ümummilli Lider müəllifi olduğu ənənələrin davamlılığını təmin etmiş, dərin zəkası hesabına respublikamızın gələcək uğurlarına ciddi təminat yaratmışdır. Tarixin konkret məqamında Ümummilli Liderin siyasi kursunun davam etdirilməsinin labüdlüyü, şübhəsiz, bu kursun bütünlüklə Azərbaycanın dövlətçilik maraqlarının həyata kecirilməsinə yönəlməsi ilə şərtlənmişdir. Heydər Əliyev kimi böyük siyasətçi və dövlət xadiminin ailəsində yetkinləşərək zəngin dövlətçilik məktəbi əxz edən, müasir bilik və mükəmməl təcrübəyə yiyələnən cənab İlham Əliyev 2003-cü ilin oktyabrında keçirilən prezident seçkilərində layiqli qələbə qazanmış, YAP-ın cəmiyyətdəki mövqelərini daha da gücləndirmişdir. Ötən müddətdə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda son dərəcə vacib amil olan ictimai-siyasi sabitlik qorunub saxlanılmış, iqtisadi inkişafa, vətəndaş sülhünə və həmrəyliyinə, qanunun aliliyinə xidmət edən mükəmməl konsepsiyanın həyata keçirilməsində tamamilə yeni mərhələnin əsası qoyulmuşdur.

Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı, onun ölməz ideyalarından güc alan Yeni Azərbaycan Partiyasının sonrakı seçkilərdə də mütləq qələbə qazanaraq cəmiyyətdəki lider statusunu qoruyub saxlaması təbii qanunauyğunluq kimi nəzərdən keçirilməlidir. Bu nöqteyi-nəzərdən 2013-cü ilin prezident seçkiləri Azərbaycan xalqının Heydər Əliyev ideallarına sədaqətini, Böyük Öndərin müəyyən etdiyi strateji inkişaf kursunu bu gün də əzmlə həyata keçirən möhtərəm Prezident İlham Əliyevin apardığı siyasətin uğurlarına ictimai inamı təcəssüm etdirmişdir. Xalqımız son seçkilərdə bu siyasətin həyatımıza gətirdiyi nailiyyətlərə, dövlətçilik əsasları bu uğurlarla möhkəmlənən, xoşbəxt sabahına doğru inamla irəliləyən Azərbaycana səs vermişdir.

Son seçkilərin nəticələrinə əsasən demək olar ki, YAP-ın ötən 21 il müddətində cəmiyyətin yüksək etimadını qoruyub saxlaması, ilk növbədə, onun ideyalarının ictimai dəyəri ilə şərtlənir. Digər siyasi təşkilatlardan fərqli olaraq, YAP praktik surətdə reallaşdırılması mümkün olmayan populist vədlərdən, yalançı şüarlardan uzaq olmuş, reallıqdan çıxış etmişdir.

Partiyanın fəaliyyət dövrü ərzində onun icra katibliyi səmərəli fəaliyyət göstərmiş, həmfikir insanların qərərgahına çevrilmişdir. İcra katibliyi institutu partiyadaxili səmimiyyəti, yoldaşlıq və əməkdaşlıq ruhunu dərinləşdirmiş və partiya daxilində sağlam ab-havanın qorunmasına xidmət etmişdir. Siyasi Şuranın yığıncaqları diqqətlə hazırlanmış və həmişə ünvanlı problemlərin müzakirəsinə həsr edilmişdir. Ciddi problemlərin həllinə hər bir vətəndaşın mənafeyi baxımından yanaşan partiya, milli iqtisadi inkişaf prioritetlərini müəyyən edərkən Azərbaycanın mövcud imkanlarını nəzərə almış, tarixi ənənələri müasir dünya təcrübəsi ilə birləşdirməyə çalışmışdır.

Partiyanın son seçkilərdəki uğurlarının başlıca səbəblərindən biri də müstəqil Azərbaycanın davamlı və sabit tərəqqi yoluna çıxarılması, onun milli iqtisadi inkişaf modelinin formalaşdırılmasıdır. Məhz bu inkişaf modeli Azərbaycanda 2020-ci ilədək ümumi daxili məhsulun 2 dəfəyədək artımına və respublikamızın inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməsinə imkan yaradır.

 

YAP-çı qadınlar fəal sosial zümrədir

 

Yeni Azərbaycan Partiyasının siyasi təşkilat olaraq ən mühüm cəhəti cəmiyyətin bütün zümlərinin, etnik-milli konfessiyalarının maraqlarına cavab verməsi, onlara siyasi idarəçilikdə geniş meydan açması, hər bir fərdin mənafeyini uca tutmasıdır.

Şübhəsiz, bu gün Azərbaycan cəmiyyətindəki yeniliklərin mütərəqqi xarakteri qadınların yaşam tərzinə, məqsədlərinə, ümumilikdə prinsiplərinə təsirsiz keçmir. Cəmiyyətdə böyük nüfuza, mövqeyə malik olan qadınlarımız bu gün dövlətin hərtərəfli inkişafı və tərəqqisi prosesinə ürəklə dayaq olurlar. Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqın firavanlığına ən ciddi təminatlardan biridir. Respublikada bərqərar olan demokratik mühit və iqtisadi inkişaf ölkə qadınlarının zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. Əminliklə demək olar ki, bu siyasət daimi və dönməz səciyyə daşımaqla, bütövlükdə qadınların cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub saxlamağa imkan verəcəkdir.

YAP-ın ilbəil güclənməsi, sıralarını artırması onun tərkibində qadınların rolunu da gücləndirir. Hakim partiyanın üzvü olan qadınlar idarəetmə orqanlarında, elm, təhsil, mədəniyyət müəssisələrində öncül sıralarda təmsil olunur, ölkəmizin inkişafına layiqli töhfələrini verirlər. Hazırda partiya üzvlərinin 47 faizini qadınlar təşkil edir. Qürürla deyə bilərik ki, 2010-cu ildə keçirilmiş parlament seçkilərinin nəticələrinə görə, YAP-ı Milli Məclisdə təmsil edən xanım deputatların sayı əvvəlki dövrdəki 7 nəfərdən 15 nəfərə yüksəlmişdir.

Bu baxımdan, YAP Qadınlar Şurasının partiya fəaliyyətinin uğurla həyata keçirilməsində özünəməxsus yeri və rolu vardır. YAP Qadınlar Şurası seçki kampaniyalarının uğurla aparılmasında və partiya həyatı ilə bağlı digər tədbirlərdə daim yüksək fəallıq göstərir. Qadınların seçkili orqanlarda təmsilçiliyinin yüksəlməsi, ümumilikdə, zərif cinsin nümayəndələrinin son seçkilərdə aktiv iştirakı da məhz aparılan geniş təbliğat və maarifləndirmə işlərinin nəticəsi sayılmalıdır. Xüsusi vurğulamaq istərdik ki, Azərbaycanın birinci xanımı, UNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın YAP-ın V qurultayında partiya sədrinin müavini seçilməsi bütövlükdə Azərbaycan qadınlarında böyük ruh yüksəkliyi doğurmuşdur.

Azərbaycan bu gün tamamilə fərqli bir inkişaf yolundadır. Bu yol öz həyatiliyini, nicat, tərəqqi, ümid yolu olduğunu Yeni Azərbaycan Partiyasının hakimiyyətdəki son 20 ili ərzində bir daha təsdiqləyir. Heydər Əliyev yolu ilə irəliləyən Azərbaycan inanılmaz uğurları ilə dünyanı heyrətləndirir, məqsədlərinə doğru inamla yol alır. Son prezident seçkilərinin nəticələri də təsdiqləyir ki,ölkə vətəndaşları mövcud iqtisadi kursun davam etlirilməsini ölkənin davamlı və sabit inkişafının alternativsiz yolu hesab edir.

Ümumilikdə, ötən dövrün təhlili, bu qənaətə gəlməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyev siyasi kursunun davam etdirilməsi Azərbaycanda ictimai zərurətə çevrilmişdir. Bu kursu layiqincə davam etdirən dövlət başçısı cənab İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Azərbaycan Prezidentinin ötən 10 ildəki fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli xidmət prinsipi üzərində qurulmuşdur. Əminliklə demək olar ki, Azərbaycan xalqını uğurlu gələcəyə aparan bu siyasət növbəti beş ildə də uğurla davam etdiriləcək, respublikamız Cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf tempini sürətləndirəcək, qabaqcıl dövlətlər arasında layiqli yerini tutacaqdır.

Bu işlərdə YAP-ın özünəməxsus rolu olduğunu görməmək qeyri-mümkündür. Şübhə yoxdur ki, İlham Əliyev kimi qüdrətli liderin böyük intellektual potensialı ilə idarə edilən, minlərlə sadiq ardıcılları və ən başlıcası isə geniş ümumxalq dəstəyi olan YAP ölkəmizin tarixi müqəddəratının həll edilməsində, zəka ilə həyata keçirilən nəhəng dövlət quruculuğu prosesində bundan sonra da yüksək fəallıq, ibrətamiz siyasi prinsipiallıq və mübarizlik nümayiş etdirərək uğur yolu ilə irəliləyəcəkdir.

 

 

Nurlana Əliyeva

YAP İdarə Heyətinin üzvü, YAP Qadınlar Şurasının sədri,

filologiya elmləri doktoru, professor

 Səs.- 2013.- 20 noyabr.- S.8-9.