Xalq şairi Cabir Novruz-80 illik yubileyi qeyd olunub
Tədbir şairin öz səsi ilə “Sağlığında qiymət verin insanlara” şeri ilə açılıb
Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, Siyəzən şəhər Mədəniyyət evində XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi Cabir Novruzun 80 illik yubileyinə həsr olunan “Sağlığında qiymət verin insanlara” adlı ədəbi-bədii gecə keçirilib.
Tədbir şairin öz səsi ilə “Sağlığında qiymət verin insanlara” şeri ilə açılıb. Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov qonaqları salamlayıb bu əlamətdar yubiley münasibətilə bütün Cabir Novruz yaradıcılğını sevənləri təbrik edib.
Tədbirdə filologiya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Məhərrəm Qasımlı, filologiya elmləri doktoru, professor Vüqar Əhməd, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli, “Qızıl qələm” mükafatçısı, nasir, publisist Xeyrəddin Qoca, filologiya elmləri doktoru Rasim Nəbioğlu Cabir Novruzun həyat və yaradıcılığı, ictimai fəaliyyəti barədə maraqlı çıxışlar edib, xatirələrini danışıb.
Cabir Novruz əməkdar incəsənət xadimi, xalq şairi fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülüb. 1995-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilib. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.
Zümrüd
Səs.- 2013.- 23 noyabr.- S.13.