Azərbaycan-YUNESKO əməkdaşlığının
inkişafında ölkənin birinci
xanımı Mehriban Əliyevanın xidməti
YUNESKO - Azərbaycan əlaqələrinin inkişafı ilə bağlı - Ulu Öndər Heydər Əliyev mühüm addım ataraq 1993-cü ilin dekabr ayında Fransa Respublikasında rəsmi səfərdə olarkən YUNESKO-nun baş direktoru Federiko Mayorla görüşmüşdür. Tərəflər öz aralarında əməkdaşlığın genişlənməsi məsələsini və onun sonrakı inkişafının perspektiv planlarını müzakirə etmişdilər.
YUNESKO-nun nizamnaməsinə görə, üzv-dövlət təhsil, elm və mədəniyyətlə məşğul olan qurumların fəaliyyətini YUNESKO-nun işi ilə əlaqələndirmək üçün ilk növbədə, Milli Komissiya yaratmaq yolu ilə müvafiq tədbirlər həyata keçirməlidir. Ona görə də, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması üçün lazımi addımlar atılmış və Ulu Öndər Heydər Əliyev bununla bağlı 21 fevral 1994-cü il tarixində Sərəncam imzalamışdır. Sərəncama əsasən, Milli Komissiya Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində yaradılmış, xarici işlər naziri onun sədri təyin edilmiş və eyni zamanda, sədrə Milli Komissiyanın tərkibini müəyyən etmək səlahiyyəti verilmişdir. Bundan sonra respublikanın müvafiq nazirlik və idarələrin rəhbərlərindən, ziyalılardan və ictimaiyyətin digər nümayəndələrindən ibarət Milli Komissiyanın 25 nəfərlik tərkibi və daimi katibliyi formalaşdırılmışdır. 15 sentyabr 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev YUNESKO ilə Azərbaycan Respublikası arasında qarşılıqlı əlaqələrin inkişaf səviyyəsini nəzərə alaraq, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yeni tərkibi müəyyənləşdirilmişdir. Milli Komissiya Azərbaycanın YUNESKO-dakı siyasətinin əsas istiqamətlərini müəyyən edir.
Bu gün Azərbaycanla YUNESKO arasında əlaqələr davamlı şəkildə həyata keçirilir. Bu istiqamətdə Heydər Əliyev Fondunun apardığı məqsədyönlü fəaliyyəti xüsusi qeyd etməliyik. Azərbaycan maddi və mənəvi irsinin YUNESKO-nun nadir əsərləri sırasına daxil edilməsi beynəlxalq əməkdaşlığın əsas göstəriciləridir. Belə ki, muğam sənətinin, aşıq sənətinin, Novruz bayramının, İçərişəhərin, tar ifaçılığı sənətinin YUNESKO-nun nadir, şah əsərləri sırasına daxil edilməsi Azərbaycanla bu təşkilat arasında olan əməkdaşlığın davamlılığını diqqətə çatdırır. Sözsüz ki, sadaladığımız nadir irsin bu siyahıya daxil edilməsində fondun prezidenti Mehriban Əliyevanın rolu xüsusidir. Belə layihələri həyata keçirən fondun prezidentinin humanizm ideyalarının beynəlxalq aləmdə əks-səda doğurmasının nəticəsidir ki, Mehriban Əliyevaya bu təşkilatın xoşməramlı səfiri adı verilmişdir.
İradə Hüseynova yazır ki, Mehriban xanım Əliyeva bu gün YUNESKO-nun xoşməramlı səfiri kimi fərqli mədəniyyətləri bir araya gətirərək, ümumilikdə, planetin xilası uğrunda əzmlə çalışanların ön cərgəsində dayanıb. O, üzərinə düşən bu ali missiyanı uğurla yerinə yetirməkdədir.
Bu fəaliyyətdən ən çox fayda götürən isə, sözsüz, Azərbaycan mədəniyyətidir. Məhz Mehriban xanım Əliyevanın davamlı səyləri nəticəsində Azərbaycanda musiqi gimnaziyası və musiqi məktəbi tam təmir edildi, minlərlə yeniyetmə və gəncin, ələlxüsus, imkansız ailələrdən çıxmış gənc vətəndaşlarımızın musiqi aləminə qovuşa bilməsi üçün gözəl şərait yaradıldı. 1996-cı ildə Mehriban Əliyevanın təşəbbüsü ilə milli mədəniyyətimizin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus dillərində) çap olunan "Azərbaycan-İrs'' jurnalının yaradılması faktını xüsusi qeyd etməliyik. Səhifələrində indiyədək Azərbaycan mədəniyyəti, ölkəmizin, cəmiyyətimizin ən aktual problemləri barədə bir çox maraqlı materialların, böyük məzmun yükünə malik materialların dərc olunduğu "Azərbaycan-İrs" jurnalının yaradılması hesabına Azərbaycan həqiqətlərinin daha geniş təbliği, milli mədəniyyət nümunələrimizin beynəlxalq ictimaiyyətə çatdırılması yönündə daha bir addım atılmış oldu.
Belə bir missiyanı həyata keçirən Mehriban xanım Əliyevaya YUNESKO-nun verdiyi xoşməramlı səfir missiyası isə ümumilikdə, dünyanın Mehriban xanımın timsalında bütün Azərbaycan xalqına, milli mədəniyyətimizə, folklorumuza, tariximizə, dilimizə, incəsənətimizə göstərdiyi diqqət kimi qəbul olunmalıdır. Bu təyinat həm də Mehriban Əliyevanın timsalında Azərbaycan fədakarlığını və bacarığını beynəlxalq miqyasda təsdiq etməsinə əyani bir sübutdur. Ən nəhayət, bu ad Mehriban xanım Əliyevanın şifahi mədəni irsin və musiqi yaradıcılığı irsinin qorunub saxlanması, inkişafı sahəsində ortaya qoyduğu zəhmətin xoş bəhrəsidir. Qeyd edək ki, indiyə qədər bu ada dünyanın məşhur adamları layiq görülmüşlər. Xoşməramlı səfirlər arasında dünyaşöhrətli musiqiçi Mstislav Rastropoviç, aktrisa Klaudia Kardinale, Mərakeş şahzadəsi Lalla Məryəm, Litva prezidenti Valdis Adamkus, Lüksemburqun böyük hersoqonun xanımı Mariya Tereza və başqalarının adları çəkilir. Bu sırada Azərbaycan nümayəndəsinin də təmsilçiliyi son dərəcə fərəhləndirici bir hadisədir.
Bu gün bütün dünyanın informasiya əsrinə qədəm qoyması, informasiya texnologiyalarının inkişafı sahəsində əldə olunan fantastik nailiyyətlərin az qala hər gün həyatımızda hər hansısa bir dəyişikliyə səbəb olması nə qədər mütərəqqi meyil sayılsa belə, bn inkişaf milli tarixi- mədəni irsə müəyyən təhlükə meyillərini də istisna etmir. Belə bir əyyamda Azərbaycan və ümumilikdə, Cənubi Qafqaz mədəniyyətinin YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın timsalında özünə etibarlı bir hami, xilaskar tapması sevindirici məqam kimi qiymətləndirilməlidir.
"İndi, kütləvi mədəniyyət stereotiplərinin hakim olduğu bir şəraitdə, milli ənənələrin qorunub saxlanılması, onlara qayğı ilə, düşünülmüş münasibət göstərilməsi son dərəcə vacibdir. YUNESKO-nun çoxsaylı vəzifələrindən biri də insanın mənəvi dünyasını qorumaqdır. Odur ki, planetimizdə məskunlaşmış xalqlardan hər birinin milli "Mən"ini daha parlaq əks etdirən qeyri-maddi irs incilərinin qorunması ən aktual vəzifəyə çevrilir" söyləyir Mehriban xanım üzərinə düşən bu vəzifəni şərəflə yerinə yetirir. Onun bu istiqamətdə qazandığı nailiyyətlərə verilən obyektiv qiymət kimi, YUNESKO-nun baş direktoru cənab Koişiro Matsuura Mehriban Əliyevanın gördüyü işlərin təkcə Azərbaycan üçün deyil, bütövlükdə, dünya üçün müstəsna əhəmiyyətə malik olduğunu dilə gətirmişdir: "Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva on il bundan öncə Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaratmış və həmin fondun çərçivəsində böyük işlər görülmüşdür. Mən onun bu sahədəki fəaliyyətini izləyir və yaxından öyrənirdim. Mən gördüm ki, bu sahədə Mehriban xanımın xidmətləri əvəzsizdir və belə qərara gəldim ki, o, YUNESKO-nun xoşməramlı səfiri təyin edilsin. Bu hadisə bir il bundan əvvəl baş verdi. O, bu vəzifəyə təyin olunduqdan sonra Azərbaycanda mədəniyyət sahəsində böyük işlər görmüşdür. Biz onun xüsusilə şifahi və musiqi ənənələrinin qorunması sahəsindəki fəaliyyətini qeyd edirik".
Dünyanın ən nüfuzlu mədəniyyət qurumu rəhbərinin Mehriban Əliyevaya göstərdiyi bu yüksək etimad təbii ki, təkcə bir fərdin deyil, ümumilikdə, bizim hər birimizin uğurumuzdur. Ulularımızdan bizlərə yadigar qalmış mədəniyyət incilərimizin qorunması, bu sərvətin heç bir itkiyə məruz qalmadan gələcək nəsillərə əmanət edilməsi üçün o, dəqiq, məqsədyönlü, konkret fəaliyyət planına malikdir. M.Əliyevanın Bakıda "Qafqaz xalq ənənələri evi"nin yaradılması ilə bağlı YUNESKO qarşısında irəli sürdüyü təşəbbüsü də bu planın tərkib hissəsi kimi nəzərdən keçirilə bilər. Belə bir qurumun təşkili Qafqaz xalqlarına məxsus mədəni irsin qorunması və təbliği baxımından böyük faydalar vəd edir. Bu təşəbbüs eyni zamanda həm də siyasi mahiyyət daşıyır. "Qafqaz xalq ənənələri evi"nin yaradılması Avropa İttifaqının təşəbbüsü ilə Qafqaz regionunda həyata keçirilən "Yeni Qonşuluq Siyasəti"nin icrasına da müəyyən töhfə verə bilər. YUNESKO qeyri-siyasi qurum olsa da, bu təşkilatın toplantıları çərçivəsində müxtəlif problemlərin müzakirəsi zamanı Mehriban xanım Əliyevanın vaxtaşırı surətdə Dağlıq Qarabağ problemini gündəmə gətirdiyini, Azərbaycan həqiqətlərini bütün dünyanın nəzərinə çatdırdığını dəfələrlə müşahidə etmişik.
İradə Hüseynova yazır: "İnsan qəlbini riqqətə gətirən ən əsas cəhət isə bundan ibarətdir ki, onun gördüyü işlərin hər hansı biri təbliğat məqsədlərinə hesablanmayıb. Bütün bunlar Azərbaycan xalqına təmənnasız xidmət nümunəsidir. Əgər ondan işinin mündəricəsi, qarşıya qoyduğu məqsədlər barədə sual etsəniz, belə cavab verəcək: "İstər YUNESKO-nun xoşməramlı səfiri, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm. Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir".
Bu seçim əsrlər boyu xalq üçün məktəblər, xəstəxanalar, teatrlar tikdirən, qəzetlər yaradan, millətimizin gələcəyi naminə həyatını belə əsirgəməyən mesenatlarımızın, maarifpərvərlərimizin, işıqlı insanlarımızın seçimidir. Və bu gün öz seçiminə görə həmin əbədiyyət korifeyləri ilə bir sırada dayanan Mehriban xanım Əliyeva həm də millət vəkili kimi onlarla birgə zamanın fövqünə ucalmaqdadır.
Gülzar İbrahimova "Heydər Əliyev və Azərbaycan qadını" əsərində göstərir ki, Mehriban xanım sözlə deyilməsi mümkün olmayan, davranışı, danışığı, rəftarı ilə insanı özünə cəlb edən elə incə ünsiyyətləri ilə seçilir ki, onu izah etmək, şərh etmək mümkün deyil. Adicə zahiri görünüşü, geyimi, səliqə-sahmanı ilə özü haqqında müsbət emosiyalar oyatmaqla səmimiliyi, mehribanlığı və eyni zamanda, zəngin daxili intellekti ilə qarşısındakını valeh edən bu xanımla ilk dəfə ünsiyyətdə olduğum zaman "liderlərə hamı heyran olur, diqqət kəsilir" fikrinin aksiom olduğuna bir daha əmin oldum. Aqillər doğru deyiblər ki, zəka və istedad məhz iş üstündə, əməl məqamında parlayır. Mehriban Əliyevanın da xeyirxah əməllərinin işığı günəş kimi şəfəq saçaraq ətrafdakıları isidir, həyat eşqini gücləndirir. Bu gün onun Azərbaycan qadınlarının ön cərgəsində olması danılmaz faktdır. Bir tərəfdən liderliyin insana verdiyi xüsusi güc, həyat eşqi, yüksəliş hissi, digər tərəfdən liderlərə xas olan Allah, tale və uğur hissləri ilə xüsusi münasibətdə olması, liderlərə məxsus ümid hissi və həyata nikbin baxışı onun hələ Azərbaycanın parlaq gələcəyi üçün çox işlər görəcəyindən xəbər verir. Malik olduğu soy-kökün genetik yaddaşının təzahür etdiyi Azərbaycan qadınına məxsus ən nəcib, ən ali keyfiyyətləri, mənəvi-əxlaqi dəyərləri özündə birləşdirən və ölkəmizi bütün dünyada ləyaqətlə tanıdan Azərbaycanın Birinci Xanımı - Mehriban Əliyeva böyük məsuliyyət hissi ilə bir sosial roldan (rəhbər, işgüzar qadın), digər sosial rola (dəyərli övlad, ana, xanım) asanlıqla keçməyi bacarır. Dünənin Prezident gəlini, bu günün Prezident xanımı və yəqin ki, gələcəyin Prezident anası olacaq bu xanıma Tanrıdan cansağlığı, uzun ömür diləyirik. İnanırıq ki, yaxın gələcəkdə xeyriyyəçilik sahəsində, mədəniyyətin inkişafında və sülh uğrunda mübarizədə göstərdiyi xidmətlərinə görə, o, "Nobel" mükafatına layiq görüləcək ilk Azərbaycan qızı olacaq.
VAHİD
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2013.- 3 oktyabr.- S.23.