Azərbaycan-Türkiyə arasında elm və təhsil sahəsində əməkdaşlıq
(1990-1992-ci illər)
XX əsrin 90-cı illərindən etibarən, bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də Moskvanın mərkəzi nəzarət və təzyiqinin respublikalar üzərindəki təsirinin azalması ilə birlikdə, türk əsilli sovet respublikaları ilə Türkiyə arasında həqiqi təmas başlamışdı. Bu istiqamətdəki müqavilələrin ilki olan Türkiyə Cümhuriyyəti ilə SSRİ arasında imzalanan 1989-cu il "Mədəni və elmi mübadilə müqaviləsi"nə istinadən, Türkiyə ilə Azərbaycan SSR arasında hazırlanan və 10 yanvar 1990-cı il tarixində imzalanan "Mədəni və elmi mübadilə müqaviləsi" proqramıdır. Bu müqavilə ilə (maddə 11-15) Türkiyə və Azərbaycan həqiqi bir elm adamı, elmi nəşrlər, məlumat, mütəxəssis və heyət mübadiləsini qəbul etməkdə, Türkiyə hər il 12 ədəd lisans və lisansüstü araşdırma, magistr və doktora təqaüdü təminatını, Azərbaycan isə hər il 12 ədəd dil və araşdırma təqaüdü verməyi qəbul etməkdəydi.
Türk cümhuriyyətlərinin təhsil sahəsində Türkiyədən müntəzəm yardım istəmələri və Türkiyəyə tələbə göndərmə tələblərinə cavab olaraq, Türkiyə Cümhuriyyəti 600-ü orta təhsil, 1400 ədədi də ali təhsil olmaqla, 1992-93-cü tədris ilində hər respublikaya 2000 ədəd təqaüdlü tələbə yeri ayırmışdı. Bu qərar, o zamanın baş naziri Süleyman Dəmirəlin 27 aprel-3 may 1992-ci il tarixlərində türk respublikalarına olan səfərində əlaqəli ölkələrə bildirilmiş və imzalanan ortaq bəyannamələrdə yer almışdır. 1992-1993-cü tədris ilində Azərbaycandan Türkiyəyə 310 orta təhsil və 1293 ali təhsil almaq üçün tələbə göndərilmişdir.
Qardaş Türkiyə Cümhuriyyəti ilə, bütün sahələrdə olduğu kimi, elm, təhsil, mədəniyyət və ədəbiyyatla bağlı əlaqələrimiz genişləndikcə, ötən yüzillikdəki 70 illik ayrılığın fəsadları daha sürətlə ortadan qalxır, ölkələrimiz, xalqlarımız arasındakı münasibətlər inkişaf edir, qloballaşma dövründə Türk Dünyasının yeri möhkəmlənir.
Türkiyəli alimlər belə bir yekdil qənaətdə olduqlarını ifadə etmişlər ki, türksoylu ölkələrin həm orta, həm də ali təhsil sistemləri bir-birinə yaxınlaşmalıdır. Akademik çalışmalar sahəsində də əlaqələrimizi möhkəmləndirməliyik. Yəni bir vahid sistem qəbul etməliyik. Və bütün bunları dünyaya tanıtmalıyıq. Əgər türk ölkələri ali təhsil sistemində birliyə gəlsələr, birgə dərslik və proqramlar hazırlasalar, ortaq çalışmalara malik olsalar, sözsüz ki, bütün dünya tərəfindən çox ciddi qəbul ediləcəklər. Lakin bu zaman ortaya dil problemi çıxır. Bəs ortaq bilik, elm, ünsiyyət vasitəsi kimi hansı türkcəni götürməli? Təbii ki, türk dövlətləri tərəfindən bir ünsiyyət dilini qəbul etmək çox vacibdir. Bu ünsiyyət dili nə ədəbi dil, nə də ortaq dildir. Bir dili, yaxud bir türk ləhcəsini əsas götürərək, elm və təhsil sahələrində birgə çalışmalara getməyin vaxtı artıq çoxdan çatıb. Məsələn, vaxtilə rus və ya günümüzdə ingilis dilinin oynadığı rolu indi hansısa bir türkcə mütləq aparmalıdır. Müxtəlit türk dillərindən sözləri götürməklə ortaq bir dil yaratmaq istəyənlərin mövqeyinə hörmətlə yanaşsaq da, fikrimizcə, bu heç də problemin həlli yolu deyildir. Onsuz da indiki texnoloji inqilab vaxtı bütün dillər arasında sıx bir əlaqə vardır, sözlər alınır, sözlər verilir. Bu zaman məsafədən təhsil də asanlaşacaq. Düzdür, ucuz başa gələn bu təhsil formasında insani hisslər, tələbələrin rəqabəti, gənclərin intellekt yarışması zəif olacaq. Bilgi öyrənmək, onu qazanmaq yolları çox fərqlidir və tez-tez dəyişir. Keçən ilin bilgisi ilə builki məlumatlar, elmi dəyərlər arasında böyük fərqlər mövcuddur. Türk Dünyasında yaşayan insanlar yeniliklərdən geri qalmamalı, hər bir dəyişikliklərə birlikdə hazır olmalıdır.
Azərbaycan - Türkiyə mədəni əlaqələrinin ən mühüm əhəmiyyət kəsb edən və nəticələri daha aydın görünən istiqamətlərindən biri və bəlkə də birincisi təhsildir. Bu sahədə Azərbaycan-Türkiyə əlaqələri çox böyük inkişaf tempi qazanmaqdadır. Ötən əsrin 90-cı illərindən başlamış bu inkişaf dinamikasının nəticələri bu gün göz qabağındadır. Artıq bu, bir danılmaz faktdır ki, müasir inteqrasiya prosesində iştirak etmədən, onun imkanlarından faydalanmadan hər hansı bir tərəqqiyə nail olmaq mümkün deyil. Digər bir tərəfdən də həmin proseslərə qoşulmaqla beynəlxalq münasibətlərdə əsas yer tutan dinc yanaşı yaşamaq prinsiplərinin bərqərar olmasına bilavasitə kömək edilir. Türkiyənin yeni yaranmış türk dövlətlərindən fərqli təhsil sisteminə malik olmasına baxmayaraq, yeni dövrdə müasir ixtisaslı kadrların hazırlanması zərurəti bu istiqamətdə əməkdaşlığın başlanmasına təkan verdi. Sözügedən respublikalardakı ali təhsil müəssisələri qapalı sovet təhsil sisteminin tərkib hissəsi idi və burada bir qayda olaraq, standart ixtisaslar öyrədilirdi. Təhsil sahəsində əməkdaşlığın mühüm istiqamətlərini tələbə mübadiləsi, birgə orta məktəblərin, litseylərin və universitetlərin açılması təşkil edir. 1991-2001-ci illər ərzində Türkiyənin bir çox təhsil ocaqları türk respublikalarının müvafiq qurumları ilə qarşılıqlı əməkdaşlıq protokolları imzalamış və çoxsaylı birgə layihələr həyata keçirmişlər. 1992-ci ildə Türkiyənin Təhsil Nazirliyinin Xarici Təhsil İdarəsi "Böyük tələbə layihəsi" adlanan layihə həyata keçirməyə başladı. "Bu çərçivədə 1992-1993-cü təhsil ili üçün Türkiyənin ali təhsil müəssisələri türk dövlətlərindən gəlmiş ilk tələbələri qəbul etdi".
90-cı illərin ilk yarısına aid statistik məlumatlara diqqət yetirərkən məlum olur ki, təhsil sahəsində bu illərdə vəziyyət belə olmuşdur: 1991- 1995-ci illərdə Türkiyədə 1871 nəfər azərbaycanlı, Azərbaycanda isə 2500 türkiyəli tələbə ali təhsil almışdır. Bundan başqa, Türkiyənin Azərbaycanda açdığı Türk Anadolu Litseyində 221 şagird təhsil almışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 02.05.95-ci il tarixli kollegiyasının arayışından aydın olur ki, təqdim edilən dövrdə Türkiyənin Azərbaycanda kapital qoyuluşu 600 milyon ABŞ dolları həcmində olmuşdur.
Respublikamızın Türkiyə ilə elm və təhsil əlaqələrinidə Bakı Dövlət Universiteti xüsusi yer tutur. Universitetin şərqşünaslıq fakültəsində türk dili və filologiyası, türk dili tərcüməçiliyi geniş öyrənilir. BDU-nun jurnalistika fakültəsində də türk dili və ədəbiyyatı tədris edilir. Universitetin Asiya və Afrika ölkələri tarixi kafedrasında isə Türkiyənin tarixi daha əhatəli öyrənilir. Eyni zamanda, BDU-nun alimləri və digər əməkdaşları türk tarixi və fəlsəfəsi, türk dili və filologiyası, Türkiyə iqtısadiyyatı üzrə daim tədqiqat işləri aparır, əsərlər və məqalələr yazırlar.
Azərbaycan - Türkiyə elmi əlaqələrinin inkişafında digər ali məktəblərimizin də rolu böyük idi. Bu əlaqələri daha da inkişaf etdirmək üçün qarşılıqlı görüşlər keçirildi və razılaşmalar əldə edildi. 1990-cı ildə BDU-nun dəvəti ilə İzmirin Egey Universitetinin nümayəndə heyətinin Bakıya səfərində əsas məqsəd Azərbaycanla Türkiyənin ali məktəbləri arasında hərtərəfli əlaqələrin inkişafına yeni təkan vermək idi. Qonaqlar BDU ilə yanaşı Azərbaycan Dövlət Tibb Universitetində, Azərbaycan Dövlət Konservatoriyasında da oldular və Xalq Təhsili Nazirliyində qəbul edildilər.
Göründüyü kimi, bu illərdə yaranmış və inkişaf etmiş Azərbaycan - Türkiyə qarşılıqlı elm və təhsil əlaqələri, bütün obyektiv və subyektiv maneələrə baxmayaraq, iki respublika üçün xeyli səmərəli olmuşdur. Bu dövrdə təhsil sahəsindəki əməkdaşlığı qaydaya salmaq üçün tərəflər bir sıra hüquqi sənədlər hazırlamış, müqavilələr imzalamışlar. Belə hüquqi sənədlərdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 1992-ci il tarixli 662 və 208 saylı qərarları mühüm rol oynamışdır. 1992-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Təhsil Nazirliyi arasında bağlanmış müqavilədə, təhsil sisteminin bütün sahələri ilə yanaşı, tələbə mübadiləsi haqqında da maddə nəzərdə tutulmuşdur. Bu maddəyə əsasən hər iki ölkə qarşılıqlı surətdə ilk illərdə 100 nəfər, sonrakı illərdə isə bu sayı ildə 1000 nəfərə çatdırmaqla tələbə mübadiləsi etmək haqqında razılığa gəlmişlər. Müqaviləyə əsasən Türkiyəyə göndərilmiş tələbələr 32 ali məktəbdə təhsil almışlar.
Türkiyəyə təhsil almağa göndərilmiş gənclərlə yanaşı, 1992-ci ildə 320 nəfər yuxarı sinif şagirdi də litseylərə göndərilmişdir. Bu da, 1991-ci ildə iki dövlət arasında təhsil sahəsində əməkdaşlıq barədə imzalanmış müqavilənin şərtlərinə uyğun şəkildə həyata keçirilmişdir. 1995-ci ildə xarici ölkələrdə təhsil alan gənclərin sayı 2775 olmuş, bunlardan 1853 nəfəri Türkiyə Respublikasında təhsil almışdır. İki ölkə arasında təhsillə bağlı əməkdaşlıq təkcə tələbə mübadiləsi ilə məhdudlaşmamışdır. Azərbaycanda müasir tələblərə cavab verən proqramlara əsasən litsey və universitetlərin açılması təhsil sahəsində əməkdaşlığın digər bir formasıdır.
1992-ci il sentyabrın 21-də Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının İstanbul "Çağ Öyrətim Anonim Şirkəti" arasmda təhsil sahəsində birgə iş haqqında müqavilə imzalanmışdır. Şirkət həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 1995-ci il tarixli 203 saylı qərarı ilə qeydiyyata alınmış Qafqaz Universitetini yatarmışdır. 1993-cü ildən fəaliyyətə başlamış Qafqaz Universiteti hər iki dövlətin elmi-texniki və pedaqoji potensialını birləşdirməklə Azərbaycan dövlətinə beynalxalq proqramlar əsasında kadr hazırlamaqdadır.
Azərbaycanın ali məktəbləri ilə Türkiyənin eyni tədris qurumları ilə əməkdaşlıq müqavilələri də imzalanmışdır. 1992-ci ildə N.Tusi adına ADPU, İstanbul Universiteti ilə İnşaat Mühəndisləri Universiteti isə Ərzurum Atatürk Universiteti və İstanbul Universiteti arasında müqavilə imzalanmışdır. Daha sonra isə Bakı Dövlət Universiteti, İzmir Egey Dövlət Universiteti, Konya Universiteti, Yüzüncü Yıl Universiteti ilə Azərbaycan Dövlət İncəsənət Universiteti, Memar Sinan Universiteti ilə müqavilə imzalanmışdır.
SSRİ-nin süqutu və Azərbaycanın müstəqilliyə qovuşması ərəfəsində Türkiyə ilə Azərbaycan arasında 1990-1992-ci illər dövründə mədəni və elmi mübadilə protokolu ilkin rəsmi sənədlərdən sayıla bilər. Türkiyə Cümhuriyyəti hökuməti ilə Azərbaycan Sovet Sosialist Respublikası hökuməti, Türkiyə Cümhuriyyəti ilə SSRİ arasında imzalanmış olan "1989-1990-cı illər Kültürəl və Bilimsəl Dəyişim Proqramı"nın hökumətlər tərəfindən inkişaf etdirilməsi və aralarındakı elmi və mədəni əməkdaşlığın qüvvətləndirilməsi məqsədilə, 1990-1992-ci illər üçün mədəni və elmi mübadilə protokolu imzalanmışdır. Təhsil əlaqələri sahəsində ilk mühüm rəsmi sənədlərdən biri də Türkiyə ilə Azərbaycan arasında 19 sentyabr 1990-cı ildə keçirilmiş görüşlərlə bağlı protokoldur.
Azərbaycan-Türkiyə əlaqələrinə xüsusi diqqət yetirən Türkiyə rəsmi dairələri Azərbaycanın hələ müstəqillik qazanmadığı illərdə də bu sahəyə ciddi qayğı göstərmişlər. Bunun bir örnəyi olaraq Türkiyə Respublikasının prezidenti Turgut Özalın Azərbaycan Respublikasına 12 mart 1991-ci il tarixindəki səfəri zamanı qarşılıqlı razılaşmaları və birgə bəyannaməni misal gətirmək olar. Türkiyə Cümhuriyyəti Cümhur başqanı Turqut Özalın 15-16 mart 1991-ci il tarixində Azərbaycana bu ziyarəti dostluq, qonşuluq və qarşılıqlı fayda təməllərinə dayanan əməkdaşlıq əlaqələrinin inkişafının bir sübutu olmuş, bu əlaqələrin daha da inkişafı üçün mövcud olan böyük potensialın bir daha təsbitinə vəsilə olmuşdur. İkili əlaqələr mövzusunda Bakıda keçirilən fikir mübadiləsi əsasında Türkiyə və Azərbaycan tərəfi Azərbaycan - Türkıyə mədəniyyət və sosial əməkdaşlığına yeni sürət və istiqamətlər qazandırmağın vacibliyini və bunu mümkün hesab etdiklərini qeyd etmişlər.
Vahid Ömərov,
fəlsəfə
üzrə fəlsəfə doktoru
sƏS.- 2013.- 9 oktybar.- S.15.