Azərbaycan-Osmanlı mədəni
inteqrasiyası: XVI-XX əsrlər
Osmanlı imperiyası Azərbaycanla sıx mədəni əlaqələr qurmuşdur. Rəna Şahbazova göstərir ki, Sultan II Səlimin xarici siyasəti öz fəallığı ilə seçilsə də, məhz onun dövründə Osmanlı imperiyası iki böyük uğursuzluğa düçar oldu: 1) II Səlimin Don-Volqa çaylarını bir kanalla birləşdirmək və bununla da Qara dənizlə Xəzər dənizini bağlamaq layihəsi Krım xanı Dövlət Gərayın xəyanətilə boşa çıxdı və 2) bu sultanın dövründə osmanlılara qarşı böyük bir koalisiya təşkil olundu.
Amasya sülhünün (1555) müddətini uzadan sultan II Səlimin Avropada fəal siyasəti bərpa etdi; bu dəfə ziddiyyət obyekti Venesiyanın iddialar irəli sürdüyü Kipr oldu. 1568-ci ildə Osmanlı imperiyası ilə Avstriya arasında sülh imzalandı, Transilvaniya uğrunda hərbi əməliyyatlar dayandırıldı. Fransanı da öz tərəfinə çəkmək üçün 1569-cu ildə fransızlara verilən imtiyazlar genişləndirildi.
Osmanlı imperiyasına təkbaşına müqavimət göstərmək iqtidarında olmayan Venesiya papaya, İspaniyaya və Səfəvilərə müraciət etdi. Səfəvi şahı Təhmasib osmanlılarla münasibətləri korlamaq istəmədiyindən, Venesiyanın onu antitürk cəbhəsinə qatmaq planı baş tutmadı. Avropadakı müvəqqəti sakitlik papa V Piyin təşəbbüsü ilə türklərə qarşı güclü ittifaq - "Müqəddəs liqa"nı təşkil etməyə imkan verdi. Onun özülünü Venesiya, İspaniya, papalıq təşkil edirdi; əksər italyan şəhərləri bu liqanı dəstəkləyirdi.
7 oktyabr 1571-ci ildə Avstriyalı Don Xuanın komandanlığı ilə xristianların birləşmiş dəniz qüvvələri Lepanto yaxınlığında türk donanmasını məğlub etdi. Avropa dövlətləri bu qələbədən yararlana bilmədilər. Çünki Niderlandda başlamış azadlıq hərəkatını yatırmaq üçün ispan qüvvələri səfərbər edildi; Fransada başlayan dini müharibələr isə fransızların diqqətini Şərq siyasətindən çəkdi. Belə şəraitdə Venesiya osmanlılarla sülh bağladı və Kipr türklərin əlinə keçdi.
Eyni zamanda Lepanto münaqişəsi göstərdi ki, Osmanlı imperiyasında başlayan sosial ziddiyyətlər onun tənəzzülünü doğurmaqdadır. Bu ziddiyyətlər Osmanlı imperiyasının xarici siyasi uğursuzluqları ilə də müşayiət olunurdu. Lepantodan sonra osmanlıların cəlb olunduqları bütün müharibələr çox uzun sürməyə və dövlətin əleyhinə olmağa başladı.
Nizami Süleymanov yazır ki, Səfəvi və Osmanlı dövlətləri arasında gedən uzunmüddətli savaşlar qarşılıqlı iqtisadi əlaqələrin inkişafına ciddi ziyan vursa da, iki ölkə arasında ticarət əlaqələri, hətta müharibələr dövründə da kəsilməmişdi. Bursa və İstanbulda toxuculuq sənayesi tələbatının bir hissəsini Azərbaycanın xam ipəyi ilə ödəyirdi. Təbrizdən Osmanlılara qırmızı ipək aparıb, əvəzində qumaş alırdılar. Venesiya elçisi de Alessandri yazırdı ki, Osmanlıdan Səfəvilərə kim qızıl gətirirsə, mənfəəti yüzə on dörd, gümüş gətirirsə yüzə iyirmi, mis gətirirsə yüzə on dörd və ya iyirmiyə çatır. İngilis taciri A.Edvardsın 1566-cı il yazısına görə, türklər buraya pul kəsmək üçün lazım olan gümüşü gətirib xam ipəyə dəyişirdilər. Onlar hər il Səfəvi ölkəsindən 400-500 at yükü xam ipək alıb aparırlar. Alman alimi Adam Oleari yazırdı ki, Səfəvilərlə Osmanlılar arasında bağlanmış 1639-cu il sazişinə görə dinclik, hətta savaş dövründə də ticarət karvanlarının gediş-gəlişinə maneçilik törədilməməli idi. Həqiqətən də 1639-cu il müqaviləsinin birinci maddəsində göstərilirdi ki, "hər iki tərəfdən vurğunçu, yağmançı, talançı olmamalıdır. Əgər belələri ələ keçsə, hər iki tərəf onları tutub cəzalandınlmalı idi". 27 maddədən ibarət olub, 40 illiyə bağlanmış həmin müqavilə iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi üçün əlverişli şərait yaratmışdı. Müqavilədən üç il sonra, 1642-ci ildə Osmanlı sultanı İbrahimin Səfəvi sarayına göndərdiyi xüsusi elçi Yusif ağa II Şah Abbasla danışıqlar zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələsindən bəhs edərkən şah onun tərəfindən bu əməkdaşlığa heç bir maneçilik törədilməyəcəyinə yüksək səviyyədə təminat vermişdi.
Səfəvi ipəyi Hələb və İzmir şəhərləri vasitəsilə Avropa bazarlarına çıxarılırdı. Fransız səyyahı Tavernyeyə görə Osmanlı ölkəsinə Gilandan üç növ, Şamaxı, Gəncə və Tiflisdən isə iki növ xam ipək ixrac edilirdi. Azərbaycanda yetişdirilən cins döyüş atlarına Osmanlı dövlətində tələbat böyük idi.
Fransız səyyahı Tavernye Səfəvilərdə gömrük sisteminin Osmanlıdakından daha yumşaq olduğunu yazmışdır. Ərzurumda yerləşən Osmanlı gömrük məntəqəsinə Səfəvi ölkəsindən daxil olan bir dəvə yükü barama üçün 80 ekü gömrük haqqı alınırdı. Dəvənin yükü Hindistan parçası olardısa, 100 eküyə qədər, qalan ticarət mallarından isə dəyərinin yüzdə altı faizi qədər gömrük alınırdı. Şamaxı, Gəncə və Tiflis ipəyinin hər batmanına görə 2 ekü, Gilan ipəyinin hər batmanına görə 1,5 ekü gömrük haqqı ödənilirdə.
Tarix elmləri namizədi Y.H.GÖZƏLOVA göstərir ki, Bizans imperiyasının yerində gənc və qüdrətli Osmanlı dövlətinin meydana çıxması Avropanın Şərqlə münasibətləri tarixində yeni bir səhifə açdı. Xaç yürüşləri dövründən başlayaraq Levant ticarətində xeyli imtiyazlar əldə etmiş avropalılar bu imtiyazları itirmələri ilə barışmaq istəmirdilər: beynəlxalq ticarət yollarının mühüm mərkəzlərini tərkibinə daxil edən Osmanlı imperiyası isə onlar üçün bu yolda böyük bir əngəl idi. Eyni zamanda, Osmanlı imperiyası da Böyük Coğrafi kəşflər nəticəsində Qərblə Şərqin karvan ticarətində yaranmış durğunluğun qarşısını almaq, Türkiyənin tranzit ticarət yollarında fəallığını saxlamaqda maraqlı idi. Hələ 1454-cü ildə sultan II Mehmet öz mülklərində Venesiyaya sərbəst ticarət etmək hüququ verir; italyanlara verilən bu imtiyazlar 1513-cü və 1521-ci illərdə genişləndirilərək təkrar təsdiqlənir. Misir türk hakimiyyəti altına keçəndən sonra (1517) məmlüklərin fransızlara, italyanlara və kataloniyalılara verdikləri imtiyazlar da sultan I Səlim tərəfindən saxlanılır.
Yaxın Şərqdə "xüsusi hüquqlara"a malik olduqlarını isbatlamaq üçün avropalılar, daha artıq dərəcədə Fransa hələ Karolinqlər dövründə bağlanan müqavilələri, frank imperatoru Karlla xəlifə Harun ər-Rəşid arasında diplomatik əlaqələrin olduğunu əsas gətirirdilər - guya hələ 799-cu ildə Yerusəlim patriarxının Karla xristianlar üzərində qəyyumluq hüququ verdiyini və bu hüququn xəlifənin özü tərəfindən təsdiqləndiyini sübut etməyə çalışırdılar. Bu istiqamətdə Fransa xüsusi fəallıq göstərərək ilk dəfə osmanlılarla "kapitulyasiya" müqaviləsi ("imtiyazat-i əcnəbiyyə") bağlamağa müyəssər oldu. Belə ki, 1535-ci ildə fransız konsulu Can de lya Fore və sultanın vəziri İbrahim paşanın birgə işləyib hazırladıqları ticarət müqaviləsi 1536-cı ilin fevralında İstanbulda imzalandı. 18 maddədən ibarət "kapitulyasiya"ya görə, Fransa İstanbulda konsul saxlamaq hüququ qazanırdı; fransız tacirləri satdıqları malın 5 %-i dəyərində gömrük haqqı ödəməli idilər; Avropanın digər millətləri fransız bayrağı altında üzə və Osmanlı mülklərində ticarət apara bilərdilər.
Osmanlı imperiyasının Fransa ilə bağladığı bu müqavilə digər kapitulyasiyalar üçün nümunə oldu. Təkcə fransızların özləri ilə bir neçə dəfə (1569, 1579, 1581, 1604, 1743, 1770) kapitulyasiyalar genişləndirilərək təzələndi. Bunlardan əlavə, 1578-ci ildə Toskanaya, 1580, 1593, 1603, 1606, 1622, 1624, 1641-ci illərdə İngiltərəyə, müxtəlif illərdə Hollandiyaya, Avstriyaya, Polşaya, Rusiyaya və İsveçə Osmanlı sultanları tərəfindən müxtəlif imtiyazlar verildi. Qeyd etmək lazımdır ki, kapitulyasiyalar birtərəfli olub yalnız avropalılar üçün imtiyazları nəzərdə tuturdu.
Y.Şirvanova qeyd edir ki, bir sıra dövlətlərin parlamentlərində "erməni genosidi"nə dair vaxtaşırı keçirilən müzakirələr və çıxarılan qərarlarla, əslində, Türk dünyası növbəti "soyuq və sivil səlib yürüşü" ilə üzləşmişdir. Dünyanı "genosid" əfsanəsinə inandırmağa çalışan və bundan strateji məqsədlərinə yetişmək üçün yararlanmaq istəyən ermənilər havadarları ilə birlikdə "türklərin məzlum ermənilərə tarixi zülm"nə dair yalan iddialar irəli sürürlər.
Əslində isə, tarixdə Osmanlı imperiyası qədər dini və milli azlıqlara xoş münasibətilə seçilən ikinci bir dövlət tapmaq çətindir, bəlkə də qeyri-mümkündür.
Çoxsaylı tarixi mənbələr də təsdiq edir ki, ermənilər məhz Osmanlı dövlətində.
- qədim zamanlardan bəri yaşadıqları pərakəndə icmalar vəziyyətindən toplum şəklinə keçə bilmişlər;
- iqtisadi-mədəni dirçəlişə və tərəqqiyə nail olmuşlar;
- Osmanlı imperiyasının bütün təbəələri ilə eyni insani hüquqlara malik olmuşlar;
- yüksək dövlət rütbələrinə yetişmişlər.
Məhz qüdrətli Osmanlı dövlətinin hüdudlarında yaşamaları erməniləri orta əsrlərin xristian Avropasını didib parçalayan məzhəb qovğalarından, tüğyan edən inkvizisiyadan uzaq tutmuş, erməni məzhəbini Bizansın və Roma papasının israrlı təqiblərindən sığorta etmiş, erməni kilsəsinin erməni millətini formalaşdıracaq qüvvəyə çevrilməsinə şərait yaratmışdır. Osmanlı dövlətinin təbəələrinə çevrilməklə ermənilər əsrlər boyu Roma və İranın, Bizans və ərəblərin arasında dəfələrlə bölüşdürülmə obyekti olmaqdan qurtularaq, dinc həyat sürmək və inkişaf etmək imkanı qazanmışlar.
Osmanlı dövlətinin ermənilərə göstərdiyi qayğılar içərisində Kütahyadakı erməni ruhani mərkəzinin paytaxt Bursaya köçürülməsini xüsusi qeyd etmək lazımdır. Bu hadisə "məzlum" xalqın dini-siyasi təşkilatlanması üçün təkan oldu. Sultan Mehmet İstanbul fəthindən sonra bütün tabe xalqlarla möhkəm münasibətlər qurmuş və onlara kifayət qədər geniş muxtariyyət vermişdi. Bununla erməni tarixində "qızıl əsr" adlanan yeni mərhələ başlanır.
Tarix elmləri namizədi G.İ.QARAYEVA göstərir ki, Osmanlı imperiyasının tarixi ümumdünya tarixinin tərkib hissəsidir. Onun tarixinin tədqiqi, təkcə bu dövlətin deyil, eyni zamanda, bu gün Avropa, Asiya və Afrikanın 38 dövlət və federal respublikasının tarixinin, mədəniyyətinin tədqiqinin bir hissəsi deməkdir. Bu mənada, Osmanlı imperiyasının tarixinin tədqiqi aktual elmi əhəmiyyət kəsb etməkdədir.
Osmanlı tarixi, bir çox müasir Balkan və Orta Şərq dövlətlərinin tarixinin ayrılmaz hissəsidir. Professor Karpat xüsusilə qeyd edir ki, "müasir tarixçi və sosioloqlarda, heç şübhə yoxdur ki, "Osmanlı hökmranlığı Cənub-Şərqi Avropa, Orta Şərq və hətta Şimali Afrika cəmiyyətlərində öz izlərini qoymuşdur".
Osmanlı imperiyasının tədqiqi, xüsusilə, qeyri-Avropa cəmiyyətlərinə kifayət qədər sosial-iqtisadi dəyişikliklərin gətirilməsində əsaslı rol oynaya bilər. Ayrı-ayrı xalqların, millətlərin tarixinin ayrıca tədqiqi də, ümumən, Osmanlı tarixinin tədqiqinə bu və ya digər səviyyədə öz töhfəsini verir. Məsələn, Balkan ölkələrinin tarixinin tədqiqi kontekstində inkişaf edən balkanşünaslıq elmi, Osmanlı dövlətinin sosial-iqtisadi və ictimai quruluşuna dair qiymətli fakt və materialların üzərinə işıq salınmasını əsaslandırmış oldu. Bu, xüsusilə, 70-ci illərdə bolqar və yuqoslav tarixçilərinin tədqiqatlarında özünü göstərmiş oldu.
Osmanlı imperiyasının tədqiqi zamanı ön plana çıxan məsələlərdən biri də millətlər məsələsidir. Professor M.Korteptener qeyd edir ki, "Məhz millətlər sistemi, Osmanlı imperiyasında milli azlıqların assimilyasiya olunmasının qarşısını almışdır". Bir sıra sovet-rus tarixçilərinin fikrinə əsasən, çarizmin Rusiya imperiyasında yeritmiş olduğu ruslaşdırma siyasəti ilə müqayisədə Osmanlı imperiyasının millətlərə olan münasibətinin mütərəqqi xarakter daşıdığını söyləyə bilərik.
Osmanlı tarixində ən əsas tədqiqat obyektlərindən biri olan sahə, həm də imperiyanın beynəlxalq münasibətlərinin tədqiq edilməsidir. Osmanlı dövləti həmin münasibətlərin fəal və müstəqil iştirakçısı olmaqla bərabər, Avropadakı beynəlxalq ziddiyyətlərdən yararlanmaq istiqamətində siyasət yeritmişdir.
Osmanlı İmperiyasının beynəlxalq əlaqələri çərçivəsində Azərbaycan-Səfəvi dövləti ilə əlaqələri də kifayət qədər araşdırılmalıdır. Osmanlı-Səfəvi əlaqələri təkcə tarixdə özünə yer almış qüdrətli dövlətlərin tarixi kontekstində deyil, həmçinin, dili, dini, mədəni-mənəvi dəyərləri eyni olan bir millətin dünya tarixinə vermiş olduqları misilsiz töhfələr, eləcə də bu dövlətlərin tarixində türk-islam dünyası üçün özünə yer almış faciələr kontekstində də tədqiq edilməlidir və bu istər Osmanlı tarixi, istərsə də Səfəvi dövləti üçün eyni dərəcədə əhəmiyyət daşıyır.
Professor Tofiq Mustafazadə yazır ki, 1772-ci ildə Səfəvi imperiyasının faktiki süqutundan sonra, onun ərazisinin bir qismi, o cümlədən, Azərbaycanın böyük hissəsi müvəqqəti olaraq Osmanlı imperiyasına birləşdirilmişdir. Fürsətdən istifadə edən Rusiya da Xəzəryanı zonanı ələ keçirmişdir. Osmanlı dövləti Azərbaycan torpaqlarında Səfəvilər dövründə mövcud olan inzibati bölgünü, aqrar münasibətləri və vergi sistemini cüzi dəyişikliklərlə qüvvədə saxlamışdı.
Çox vaxt sancaq adlandırılan yeni əyalətlərin sərhədləri müəyyən dərəcədə keçmiş bəylərbəyliklərin sərhədlərinə uyğun gəlir, ancaq bəzi hallarda onların ərazisi daralıb kiçilmişdi. Əyalətlər (sancaqlar) mahallara bölünürdü. Ən kiçik inzibati vahid kənd idi. Kür çayından şimaldakı Azərbaycan torpaqları (Zahur, İlisu, Ərəş) xüsusi statusa malik olub vassal hakimlər tərəfindən idarə edilirdi. Rusiyada keçmiş Xəzəryanı zolağı istisna olmaqla Şirvanın qalan ərazisində Krım xanlığı nümunəsində Osmanlı sultanının himayəsi altında ayrıca xanlıq mövcud idi.
1726-cı ildə istedadlı sərkərdə Nadir Əfşarın (Təhmasibqulu xan) başçılığı ilə İran dövlətinin yenidən dirçəlməsi həm Osmanlıların, həm də Rusiyanın regiondakı mövqelərini şübhə altına qoydu. Azərbaycan ərazisində hərbi əməliyyatlar bərpa olundu. 1730-cu ildə osmanlılar Təbrizi tərk etdilər. Bu zaman xeyli Osmanlı döyüşçüsü həlak oldu ki, bu da sonradan - 1730-cu ildə İstanbulda sultanın devrilməsi ilə nəticələnən xalq qəzəbinin alovlanması üçün bir qığılcım oldu.
Nüfuzu və şöhrəti hədsiz çoxalmış Nadir zəif və iradəsiz II Təhmasibi 1732-ci ildə devirib onun südəmər oğlunu II Abbas adı ilə şah, özünü isə körpə şahın qəyyumu elan etdi. Daha sonra - 1736-cı ildə isə Nadir özünü şah "seçdirdi". Rusiya öz əzəli rəqibi Osmanlı dövlətini zəiflətməyə çalışaraq Nadirə açıq və gizli yardım edirdi. 1735-ci ildə Nadirlə rus nümayəndəsi arasında bağlanmış Gəncə müqaviləsi açıq-açığına Osmanlıya qarşı yönəlmişdi. Qələbələrdən və Rusiyanın dəstəyindən ruhlanan Nadir artıq Osmanlı imperiyasının öz torpaqlarına iddia edir və hətta İstanbulu tutmaq xülyasına düşmüşdü. Öz hakimiyyətini Osmanlı ərazilərində yaymaq asan olsun deyə, Nadir Türkiyə ilə danışıqlarda şiəliyin sünnülüyün beşinci qolu kimi tanınmasını tələb edirdi. Ancaq Nadir şah 1738-ci ildə Hindistana hərbi səfər etdiyi üçün iki dövlət arasında hərbi əməliyyatlara müvəqqəti olaraq ara verildi.
1918-ci il 28 mayda
Azərbaycan Demokratik Respublikası yarandığı
elan olundu. Azərbaycan Milli Şurası daşnak təcavüzünün
tüğyan etdiyi bir dövrdə qardaş Türkiyənin hərbi köməyi olmadan yaşamağın mümkün olmadığını
yaxşı dərk edirdi. Ona görə də
Azərbaycan nümayəndə
heyəti kömək
almaq məqsədilə
Türkiyəyə yola
düşdü. 1918-ci il iyun ayının 4-də Osmanlı
İmperiyası ilə
Azərbaycan Respublikası
arasında dostluq müqaviləsi imzalandı.
Osmanlı hökuməti qayda-qanunu
və ölkənin təhlükəsizliyini təmin
etmək üçün
ehtiyac olduğu təqdirdə, Azərbaycan
Respublikası hökumətinə
silahlı qüvvələrlə
yardım etməyi öz öhdəsinə götürürdü. Türkiyənin hərbi naziri Ənvər paşanın
qardaşı Nuru paşa 300 nəfər hərbi təlimatçı
ilə Təbrizdən
Gəncəyə göndərilmişdi.
Türkiyənin maliyyə çətinliklərinə
baxmayaraq yeni yaranmış Azərbaycan
hökumətinin xahişinə
cavab olaraq Ənvər paşa ilk yardım kimi Azərbaycana iki milyon türk lirəsi həcmində borc da vermişdi.
Qeyd etmək lazımdır ki, Nuru paşanın
komandanlığı altında
olan Qafqaz İslam Ordusunun şəxsi heyətinin təxminən yarısı
yerli əhalidən toplanmış könüllülərdən
ibarət idi.
1918-ci ilin sentyabrında
Bakının daşnaklardan
təmizlənməsi zamanı
mindən artıq türk əsgər və zabiti şəhid oldu. 1918-1920-ci illərdə Azərbaycan
Cümhuriyyətinin beynəlxalq
aləmdə tanınmasında
da Türkiyə böyük rol oynadı.
Vahid ÖMƏROV,
Fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2013.- 10 oktybar.- S.23.