Azərbaycanla Fransanın mədəni
inteqrasiyasında Ulu Öndər Heydər
Əliyevin rolu
1993-cü ilin oktyabrında Bakıda Fransa səfirliyi binasının açılışında Azərbaycan Prezidentinin həmin mərasimdə iştirakı və çıxışı iki ölkə arasında mədəni əlaqələrin əhatə dairəsinin genişlənəcəyindən xəbər verirdi. Digər maraqlı fakt da Prezident Heydər Əliyevin ilk rəsmi səfəri və müstəqil Azərbaycan dövlətinin Avropaya çıxışının 1993-cü ilin dekabrından məhz Fransadan başlanması hadisəsi idi. Bu səfərində ölkə başçısı təkcə Fransa ilə deyil, digər Avropa ölkələri ilə dostluq və beynəlxalq əməkdaşlığın prinsiplərini də bəyan etdi ki, bu, həm də mədəni əlaqələrə şamil edilirdi. Bunlara aşağıdakılar daxil idi: beynəlxalq hüquq normaları və sivilizasiyalı birgəyaşayış qaydaları ilə tənzimlənən böyük dünya birliyinə inteqrasiya olunmaq; dövlətlərlə hüquq bərabərliyinə, qarşılıqlı-faydalı əməkdaşlığa, qarşılıqlı təhlükəsizliyə və bir-birinin daxili işlərinə qarışmamaq prinsipinə əsaslanan ikitərəfli və çoxtərəfli əlaqələr yaratmaq.
Səfər zamanı məşhur Yelisey Sarayında iki ölkə prezidentlərinin Fransa və Azərbaycan arasında dostluq, qarşılıqlı anlaşma, əməkdaşlıq haqqında imzaladıqları müqavilənin çox böyük siyasi-mədəni tarixi əhəmiyyəti vardı. Bu andan iki dövlətin qarşılıqlı münasibətləri tarixinə yeni bir söz - "dost" sözü əlavə olundu. "İmzalanmış müqavilə mədəniyyət, elm, təhsil sahəsində iki ölkə arasındakı mövcud əməkdaşlığın və tərəfdaşlığın prinsiplərini, xüsusiyyətlərini müəyyən etməklə bərabər, həm də iki dövlətin mənafelərinin üst-üstə düşdüyünü, onlar arasındakı əlaqələrin əhatə dairəsinin və çərçivəsinin tərəflərdən heç birini qane etmədiyini təsdiqlədi. Sənəddə, habelə, hər iki xalqın istək və arzularının, qarşılıqlı mənafeyi və təhlükəsizlik məsələlərinin üst-üstə düşməsi qeyd olunur və onlar arasındakı münasibətlərin bundan sonra yeni miqyas alacağı açıqlanır.
Səfər zamanı Heydər Əliyevin YUNESKO-nun ali direktoru Federiko Majorla görüşünün də mühüm mədəni əhəmiyyəti vardı. Xüsusilə, ali direktorun kabinetində dünyanın görkəmli rəssamlarının əsərlərilə Azərbaycanın xalça ustadı Lətif Kərimovun Ə.Naxçıvaninin təsvirini toxuduğu xalçanın yerləşdirilməsi fransızların Azərbaycan mədəniyyətinə verdiyi yüksək qiymət kimi dəyərləndirilir. Verilən məlumata görə, həmin xalça 1983-cü ildə Bakıda keçirilən beynəlxalq xalça simpoziumunda YUNESKO-nun o vaxtkı ali direktoru A.M.Bouya təqdim olunmuşdu. Görüşdə bildirildi ki, YUNESKO tərəfindən Azərbaycan muğamlarını ifa edən görkəmli tarzən Bəhram Mansurovun diski və kasetləri buraxılacaqdır.
Tarixi faktlardan göründüyü kimi, Azərbaycan-Fransa mədəni əlaqələrinin inkişaf dinamikasındakı keyfiyyət dəyişiklikləri özünü qabarıq şəkildə təzahür etdirirdi. Bu ölkələr arasında qəbul olunmuş müqavilələrdən sonra xüsusilə, dərhal hiss olundu. Belə ki, 1994-cü ildən başlayaraq, Fransa hökuməti Bakıda hər il Fransa filmlərinin həftəliklərini təşkil etməyə başladı ki, bu da ənənəvi səciyyə kəsb etdi. Həftəliklərin keçirildiyi vaxtda bir çox digər tədbirlər də təşkil olunurdu ki, bu da Azərbaycan-fransiz mütəxəssislərinin işgüzar mübadilələrinə geniş imkanlar açırdı. Məsələn, bu həftələrin birində Paris və Strasburq Universitetləri rektorlarının iştirakı ilə Azərbaycan Dillər Universitetində Fransa və Azərbaycan dillərinin qarşılıqlı öyrənilməsi məsələləri geniş şəkildə müzakirə edildi.
Digər ən mühüm hadisə isə Azərbaycan Respublikasının müstəqil olaraq YUNESKO-nun tərkibinə daxil olduqdan sonra (3 iyun 1992) bu ölkədə müxtəlif mədəni tədbirlərin Məhəmməd Füzulinin 500 illik (1994), "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileylərinin yüksək beynəlxalq səviyyədə təşkili oldu. Tanınmış Azərbaycan müğənnisi Alim Qasımovun da məhz həmin beynəlxalq təşkilatın xətti ilə 1994-cu ildə "İlin ən yaxşı muğam ustası" kimi fəxri ada layiq görülməsi də mühüm hadisələrdəndir. Bu faktlar Azərbaycanın beynəlxalq səviyyədə ikitərəfli əlaqələrlə yanaşı, çoxtərəfli mədəni əlaqələrin yaranması baxımından da əhəmiyyət kəsb edirdi.
Beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi zamanı Azərbaycan Prezidenti Heydər Əliyevlə Fransa dövləti və hökumət dairələri ilə görüşlərdə əməkdaşlığın gücləndirilməsi həmişə aktuallıq kəsb edirdi. Xüsusilə, 1997-ci ilin 13-15 yanvar tarixlərində Heydər Əliyevin yenidən bu ölkəyə tarixi səfəri və onun Fransanın prezidenti Jak Şirakla görüşü, bir çox şirkətlərlə ("Elf Akilen", "Total" neft şirkətləri) müqavilələrin imzalanması mədəni əlaqələr sistemində yeni cığırların açılmasını təmin etdi. Belə ki, Azərbaycanla neft istehsalı və istehlakı sahəsində əməkdaşlığa qol qoyan fransız şirkətləri, eyni zamanda, mədəni-kütləvi tədbirlər paketləri də təqdim edərək onların birgə reallaşmasını həyata keçirirlər.
Həmin səfərdə o dövrdə xarici işlər nazirləri olmuş Həsən Həsənovla Erve de Şarett iki ölkənin daha da yaxşılaşmasını təmin edən mədəni mübadilə və əlaqələr haqqında birgə bəyanat imzaladılar. Həmin bəyanatın başlıca istiqamətlərini elmi əməkdaşlıq, təhsil sahəsində mübadilə, ədəbiyyat, musiqi, kino və s. üzrə birgə layihələrin həyata keçirilməsi təşkil edir.
Dövlət və beynəlxalq səviyyələrdə qəbul edilmiş sənədlər Azərbaycan-Fransa mədəni əlaqələrinin intensiv surətdə inkişafına şərait yaratmağa başladı. Əlbəttə, bu prosesdə Fransada fəaliyyət göstərən Azərbaycan diasporunun məqsədyönlü tədbirlərini qeyd etmək vacibdir. Bu məsələyə diqqətilə yanaşmağımızın səbəbi ermənilərin daha çox məhz bu ölkədə sistemli şəkildə, lobbi halında güclənməsi və Azərbaycana, onun mədəniyyətinə böhtançı mövqe tutması faktı ilə bağlıdır. Ona görə də, məhz hal-hazırda XXI əsrin başlanğıcında, digər Avropa ölkələri kimi Fransada Azərbaycan mədəniyyətinin təbliği üzrə Azərbaycanın müvafiq mədəniyyət strukturları ilə yanaşı, diasporun birgə fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan-Fransa mədəni əlaqələrinin tarixi kökləri olduğu qədər də onun inkişaf perspektivləri mövcuddur. Bu sahədə hər iki ölkə tərəfindən aparılan məqsədyönlü siyasətin əməli nəticələri özünü büruzə verməkdədir.
Fransa Milli Məclisində təmsil edilmiş rəsmi qəbulda Ulu Öndər Heydər Əliyev demişdir: "Bugünkü dostluq görüşünə görə sizə təşəkkür etmək istəyirəm. Mən artıq ikinci dəfədir ki, burada - parlamentdə bu dostluq şəraitindəyəm, Fransa-Azərbaycan dostluğu qrupu ilə birlikdəyəm. Çox xoş haldır ki, bizim Fransa parlamentində belə mətin, sarsılmaz, etibarlı dostlarımız var. Güman edirəm ki, bu gün biz bir çox məsələlərdən açıq, ürəyimizcə, səmimi və düz danışdıq. Mən bəzi sözləri çox açıq-aşkar dedim. Elə görünə bilər ki, bu sözlər kiməsə toxunar. Lakin bütün bunlar ona görədir ki, biz burada özümüzə qarşı dostluq münasibətləri hiss edirik.
Qarşılıqlı münasibətlərdə səmimilik hiss etdikdə heç nəyi gizlətmirsən və hər şeyi açıqca bildirirsən. Buna görə də, bizi burada - Fransada narahat edən məsələlərdən açıq danışdıq. Təbiidir ki, bu, erməni lobbisinin, erməni diasporunun fəaliyyətinə aiddir. Bununla yanaşı, mən hiss edirəm, siz ürəkdən istəyirsiniz ki, Ermənistan-Azərbaycan münaqişəsi mümkün qədər tez bir vaxtda aradan qaldırılsın. Buna görə sağ olun.
Sağ olun ki, siz vəziyyəti obyektiv qiymətləndirirsiniz. Bax, bu obyektivlik, ədalətlilik bizim üçün müstəsna əhəmiyyətə malik bir amildir. Biz Fransa ilə yaxşı dostluğa malik olmaq, Fransa-Azərbaycan münasibətlərini bütün istiqamətlərdə inkişaf etdirmək istəyirik. Təkcə neft sənayesində deyil, başqa sahələrdə də əməkdaşlığımızın böyük perspektivləri açılır. Azərbaycanda artıq bir çox Fransa şirkətləri işləyirlər və bütün bunlar dostluğumuzu möhkəmlətmək və inkişaf etdirmək üçün vasitədir. Əminəm ki, Azərbaycanın simasında Fransa etibarlı, səmimi və şərəfli dosta malik olacaqdır. Bu baxımdan parlament, xüsusən, onun nüfuzlu üzvləri - bu stol arxasında əyləşmiş dostlarımız çox iş görə bilərlər.
Mən sizinlə söhbət edir, sizə baxıram və düşünürəm ki, sizin bir çoxunuz Fransa tarixinin bir hissəsidir, De Qoll, Pompidu və başqa prezidentlərin hökumətində nazirlər olmusunuz, bu gün isə parlamentdə işləyirsiniz. Necə böyük səadətdir! Şəxsən mən, ümumiyyətlə, tarixə, eləcə də, öz xalqımın, başqa xalqların tarixinə böyük hörmətlə yanaşıram. Artıq tarixə çevrilən nə varsa, hamısının qədir-qiymətini bilmək və hamısını obyektiv qiymətləndirmək lazımdır. Fransa Respublikası zəngin tarixə malikdir və biz Fransa inqilabının tarixindən çox şey görüb-götürürük. Buna görə də, sizinlə dostluq etmək istəyirik.
Bu səmimi qəbula görə sizə təşəkkür edirəm. Sizə cansağlığı və firavanlıq arzulamaq istəyirəm. Azərbaycana tez-tez gəlin və parlament üzvlərini bizə göndərin. Sizin sağlığınıza! Fransanın şərəfinə, Fransa Respublikasının şərəfinə! Fransa-Azərbaycan dostluğu şərəfinə!"
VAHİD
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
SES QEZETI
Səs.- 2013.- 3 sentyabr.- S.15.