Əli Əhmədov: “Müxalifət
seçki kampaniyasına çox primitiv və həvəssiz
yanaşır“
“Məgər onu Azərbaycandan kənarda prezident
seçəcəklər?”
Yeni Azərbaycan
Partiyasının Sədr müavini-İcra katibi, Milli Məclisin
deputatı Əli Əhmədovun yap.org.az saytına verdiyi
müsahibəsi:
- YAP qarşıdakı prezident seçkilərinə necə hazırlaşır?
- Partiyanın seçki taktikasında istifadə etdiyi bir çox önəmli yanaşmalardan biri prezident, parlament və ya bələdiyyə seçkiləri olmasından asılı olmayaraq ciddi yanaşma ortaya qoymasıdır. 2013-cü ilin prezident seçkiləri də bu baxımdan istisna deyil və YAP budəfəki seçkilərlə bağlı kampaniyaya da çox məsuliyyətlə yanaşır. Bunun ən bariz göstəricilərindən biri kampaniyasının təxminən avqust ayının əvvəllərindən başlamasına baxmayaraq, YAP-ın xeyli müddət, aylarla öncədən seçkilərə hazırlaşmasıdır. Seçki kampaniyası elan olunduqdan sonra üzərimizə düşən vəzifəni çox qısa zamanda və yüksək keyfiyyətlə yerinə yetirməyimizin vacib səbəblərindən biri də budur. Artıq bildiyimiz kimi, partiyamızın namizədi qeydiyyatdan keçib, seçki gündəliyinə uyğun olaraq təbliğat kampaniyasının keçirilməsinə hazırlaşmaqdayıq. Müəyyən edilmiş qrafikə görə Azərbaycanda təbliğat kampaniyası sentyabr ayının 16-dan başlayacaq və partiyamız uğurlu kampaniya aparmaq üçün bütün hazırlıqları görüb.
YAP-ın
böyük insan potensialı var. Partiyamızın bir
çox üzvləri Prezident İlham Əliyevin təbliğat
kampaniyasında yaxından iştirak etmək istədiklərini
bəyan edirlər. YAP seçki hərəkətlərində
onların potensialından geniş şəkildə faydalanmaq
niyyəyindədir. Partiyanın təşkilati
imkanları da genişdir, Azərbaycanın hər bir inzibati ərazi
bölgəsində yerli təşkilatlarımız var, onlar
öz fəaliyyətlərini aktiv şəkildə təşkil
edirlər və kampaniyanın bölgələrdə
uğurla həyata keçirilməsində yaxından
iştirak edəcəklər.
YAP
sıralarında çoxlu sayda gənclər var ki, onlar da
Prezidentimizin seçki kampaniyasının həyata
keçirilməsində yaxından iştirak etmək niyyətlərini
ortaya qoyublar. Beləliklə, böyük insani
və təşkilati potensial imkan verir ki, YAP seçki
kampaniyasına nəinki yaxşı hazırlaşsın, həm
də kampaniyanın yüksək səviyyədə həyata
keçirilməsini təmin etsin.
- Əli müəllim, seçkiöncəsi dönəmdə
ictimai və siyasi subyektlərin fəaliyyətinə
yaradılan şəraiti, o cümlədən mövcud
demokratik mühiti necə dəyərləndirirsiniz?
- Əlbəttə, Azərbaycan demokratik dəyərlərin
və ənənələrin bərqərar olunduğu, həmçinin
demokratik institutların formalaşdığı və sərbəst
fəaliyyət göstərdiyi müasir dövlətdir. Elə cari
ilin seçki kampaniyası və seçkiöncəsi
mühit də bu fikirləri təsdiq edən bariz nümunə
kimi çıxış edir. Belə ki, hər
bir subyektə qanun çərçivəsində bu prosesdə
sərbəst iştirak etmək imkanı yaradılıb.
Artıq 20-ə yaxın şəxs prezident
seçkilərində iştirak etmək niyyətini ortaya
qoyaraq öz namizədliyini irəli sürüb və Mərkəzi
Seçki Komissiyası tərəfindən namizəd qismində
təsdiq olunublar. Şübhəsiz,
bütün bunlar ona dəlalət edir ki, Azərbaycanda
bütün siyasi hüquq və azadlıqlar yüksək səviyyədə
təmin edilib. Bu gün ölkəmizdə
kifayət qədər çox sayda siyasi partiya və Qeyri
Hökumət Təşkilatları fəaliyyət göstərir,
söz və mətbuat azadlığı təmin
edilmişdir.
Beləliklə, gənc və müasir Azərbaycan
dövlətinin müsbət imicini formalaşdıran amillərdən
biri də ölkəmizin demokratikliyidir. İnsan və
vətəndaş hüquq və azadlıqlarının
mütəmadi olaraq təmin və müdafiə olunması,
demokratiyanın inkişafı istiqamətində davamlı
olaraq mühüm addımların atılması Azərbaycanın
seçdiyi inkişaf yolunun aydın təzahürləridir.
Demokratik inkişaf həm də Azərbaycanın
gənc və müasir dövlət kimi dünya birliyinə
sürətli inteqrasiyasını təmin edən ən
mühüm vasitələrdəndir. Azərbaycan
dünya birliyinə və Avroatlantik məkana inteqrasiya kursunu
seçib. Ona görə də demokratiya
Azərbaycan üçün fəaliyyət prinsipidir. Ölkə məhz bu fundamental dəyərlər
üzərində fəaliyyət göstərir və həmin
dəyərlərin daha da möhkəmlənməsinə,
inkişafına xüsusi diqqət yetirir. Bütün
bunların məntiqi nəticəsi kimi, müasir dünya Azərbaycanın
demokratik inkişafını olduqca yüksək qiymətləndirir.
-
Müxalifət cəbhəsində baş verən xaotik,
qeyri-müəyyən proseslərin fonunda "Milli
şura" adlanan qondarma qurumda ziddiyyətlər
müşahidə olunur. Dublyor xarakterli yeni namizədin
irəli sürülməsi fonunda qarşıdurmaların daha
da artdığı radikal müxalifət cəbhəsinin
seçkiöncəsi fəaliyyətini necə qiymətləndirirsiniz?
- Qeyd
etdiyimiz kimi, seçkidə uğur qazanmağın formulu
içərisində seçki kampaniyasına ciddi
hazırlaşmaq əhəmiyyətli rol oynayır. Bu, təkcə Azərbaycana aid deyil, dünyanın
hər bir yerində istənilən özünə hörmətlə
yanaşan siyasi təşkilat seçkidə uğur qazanmaq
niyyətindədirsə, kampaniyaya məsuliyyətlə
hazırlaşır. Yeni Azərbaycan
Partiyası da bunu edir. Bizim Azərbaycan
reallıqları içərisində
qarşılaşdığımız çox vacib məqamlardan
biri ondan ibarətdir ki, bizim rəqiblərimiz şəklində
özlərini vətəndaşlara təqdim etmək istəyən
və müxalifət adlanan qüvvələr seçki
kampaniyasına çox primitiv, həvəssiz və qeyri-ciddi
şəkildə yanaşırlar. Bəlkə də bu
o qədər də dəqiq müqayisə deyil, amma demək
istərdim ki, ciddi tələbələr imtahanlara il boyu
hazırlaşırlar, tənbəllər isə imtahan
günü imtahana hazırlaşmağı yadlarına
salırlar və təbiidir ki, il boyu dərslərinə
hazırlaşan tələblərin əldə etdiyi nəticələrlə
imtaha hazırlaşmağı imtahan günündə
yadına salan tələbərin nəticələri bir-birindən
tamamilə fərqli olur. Eləcə də,
güman edirəm ki, seçkilərə yanaşma tərzləri
bir-birindən fərqli olan siyasi təşkilatların
seçki kampaniyalarının nəticələri də fərqli
olacaqdır.
Seçkinin uğurunu təmin edən vacib məqamlardan
biri olan namizədin müəyyənləşdirilməsi məsələsi
də bütövlükdə seçki kampaniyasına
hazırlığın tərkibinə daxildir. Seçkiyə
seçkidə iştirak edəcək əsas fiquru müəyyənləşdirmədən
abstrakt şəkildə hazırlaşmaq mümkün deyil.
Seçkiyə hazırlaşmaq, hər şeydən
əvvəl, seçkidə iştirak edəcək həlledici
fiqurun müəyyənləşdirilməsi və onun
strategiyasının müəyyən edilməsi zəminində
mümkün olur. Dünyanın hər
yerində uğurlu partiyalar, o cümlədən YAP bu cür
edir. Biz namizədimizi müəyyənləşdirmək
problemi və ya sualı ilə
qarşılaşmamışıq. Çünki
bu bizim seçki ilə əlaqədar həyata
keçirdiyimiz bütün hərəkətlərin baş
sualı olub və bu sual bizim üçün həmişə
aydın cavabı ilə yadda qalıb.
Müxalifət düşərgəsində isə hər
kəsin müşahidə etdiyi kimi, namizəd
axtarışı, müəyyənləşdirilməsi,
elan edilməsi seçkilərin vaxtı elan edildikən xeyli
sonra da müzakirə predmeti olaraq qalmaqda idi. Çox
böyük axtarışlardan sonra onlar seçki
kampaniyasında iştirak etmək üçün namizəd
tapıblar. Əlbəttə, bu, gülməli
səslənir. Seçkidə iştirak
üçün namizədi axtarmırlar və ya tapmırlar.
Seçkidə iştirak etmək
üçün namizədin axtarışı o deməkdir
ki, elə bir namizəd mövcud deyil. Seçkidə
iştirak etmək istəyən partiya üçün
seçki kampaniyası başlamazdan xeyli əvvəl onun namizədi
müəyyən olunur. Hər bir
seçkidə o insanlar namizəd kimi iştirak edirlər ki,
həmin şəxslər onu namizəd kimi irəli sürən
qrup üçün lider olsun. Partiya
özünün lideri qəbul etdiyi şəxslə
seçkiyə qatılır. Seçkiyə
təsadüfi insanları namizəd elan etməklə
qatılmaq uğur gətirə bilməz. Nəticədən
asılı olmayaraq, hər bir siyasi partiya öz liderini
seçki kampaniyasının həlledici fiquru olaraq qəbul
edir.
Vurğulamaq
istərdim ki, Azərbaycan xalqı özünün,öz ailəsinin və dövlətinin taleyinə
o qədər biganə deyil ki, seçkilərdə istənilən
adamın lehinə səs versin. Növbəti beş
ildə Azərbaycanın və ölkə vətəndaşlarının
taley seçkidə veriləcək səslərdən
asıldır. Buna görə də Azərbaycan
xalqının təsadüfi insanlara səs verəcəyini
düşünmək belə mümkün deyil. Müxalifət daxilindəki proseslərə gəldikdə
isə, burada mənzərə daxili ziddiyyətlərlə səciyyələnir
və çaşqınlıq hökm sürür. Çaşqınlıq, əvvəla, ondan ibarətdir
ki, uzun axtarışlardan sonra seçkidə iştirak etmək
üçün tapdıqları namizədin seçki
kampaniyasına qoşulmaq istəmədiyi, seçkiyə
qatılsa belə uğur qazanacağına inam
olmadığı üzə çıxdı. Tapdıqları yeni namizədin müxalifətə
hər hansı bir uğur gətirəcəyinə özləri
də inanmırlar. Bunun adını istər
"vahid namizəd", itərsə də "dublyor namizəd"
qoysunlar, bu, Azərbaycan cəmiyyəti üçün elə
bir əhəmiyyət kəsb etmir. Bu
günlərdə müşahidə etdiyimiz gerçəklik
ondan ibarətdir ki, Azərbaycan cəmiyyətində həm
müxalifətə, həm də onun namizədinə biganəlik
mövcuddur. Bu ondan irəli gəlir ki, Azərbaycan
cəmiyyəti qarşıdan gələn prezident seçkilərində
səs vermək istədiyi namizədi yaxşı
tanıyır, öz mövqeyini və iradəsini də dəfələrlə
açıq şəkildə ifadə edib. Belə olan halda digər namizədlərin uğur
qazanmasına ümid yeri qalmır.
- Seçkilərin yaxınlaşdığı bir dövrdə bəzi xarici dairələrin ölkəmizə qarşı qərəzli çıxışlarının, bəyanatlarının artmasını nə ilə əlaqələndirirsiniz?
- Bu, seçkilər dövründə müşahidə olunan ənənəvi haldır və ayrı-ayrı xarici dairələrin Azərbaycanın daxili işlərinə bu və ya digər formada müdaxilə etmək, təsir göstərmək, Cənubi Qafqaz bölgəsində və Azərbaycanın yerləşdiyi ərazidə maraqlarını təmin etmək niyyətindən irəlin gəlir. Seçki kampaniyaları belə təsirlərin daha da intensivləşdirilməsinə əlverişli imkan yaradır. Güman edirəm ki, haqqında danışdığımız ictimai-siyasi sabitlik və bu sabitliyin söykəndiyi reallıqlar imkan verməyəcək ki, seçkilər dövründə ənənə halını almış təzyiqlər taktikası nəyəsə gətirib çıxarsın.
Təəssüflə qeyd edirəm ki, haqqında danışdığımız təzyiqlər taksikasında bəzən ölkənin daxilindəki qruplardan da istifadə olunur. Azərbaycandakı bəzi müxalifət dairələri ölkəyə kənardan təsir göstərmək istəyən maraqlı qruplarla sinxron fəaliyyət göstərir. Bunun qabarıq ifadələrindən biri odur ki, müxalifətin bəzi namizədləri, bir sıra hallarda isə müxalifət partiyaları özlərinə dəstəyi Azərbaycanın içərisində deyil, ölkədən kənarda axtarmağa meyl göstərirlər. Bir neçə gün bundan əvvəl müxalifətin "dublyor" namizədinin hansısa xarici ölkəyə dəvət edilməsi xəbəri yayılıb. Azərbaycanın prezidenti seçilmək istəyən bir kəs öz dəstəyini niyə ölkədən xaricdə axtarır? Məgər onu Azərbaycandan kənarda prezident seçəcəklər? Yaxud müxalifətin namizədi “bəyənilmək” üçün xaricə getməlidir? Niyə onu Azərbaycandan kənarda “bəyənməlidirlər”? İrəli sürülən namizədlərə münasibətini ifadə edəcək bir subyekt varsa, o da Azərbaycan xalqıdır. Azərbaycanın prezidenti olmaq niyyətinə düşmüş bir insanın həmin niyyətinin həyata keçməsi üçün istinad edəcəyi yeganə bir qüvvə varsa o da Azərbaycan xalqıdır, vətəndaşıdır, seçicisidir. Prezident seçkilərinə qatılan namizədin xarici səfərlər etməsi, özünü xaricilərə tanıtmaq istəməsi, onların xoşuna gəlməyə çalışması və dəstək umması birmənalı şəkildə pislənməlidir. Xarici dövlətlərin Azərbaycanda prezident seçkilərində iştirak etmək istəyən namizədə maraq göstərməsinin özü ölkənin daxili işlərinə qarışmaq cəhdindən başqa bir şey deyil. Bu gün özünün Azərbaycan prezidentliyinə namizədliyini irəli sürüb bəyənilmək üçün xarici ölkəyə səfər edən insanlar Azərbaycana təzyiq göstərməyə çalışan xarici qüvvələrin istəklərinə rəvac verirlər. Bu cür çağırışlara həvəslə gedən insanlar müstəqil ola bilməzlər və onların fəaliyyətləri Azərbaycan xalqının və dövlətinin maraqlarına deyil, həmin xarici dairələrin mənafelərinə uyğundur.
Səs.- 2013.- 3
sentyabr.- S.8-9.