Azərbaycanla İngiltərənin mədəni
inteqrasiyası (XIX-XX əsrlər)
Qərbi Avropa tarixində aparıcı mövqeyini saxlayan qüdrətli ölkələrdən biri də İngiltərədir. Bu ölkə özünün bütün parametrləri ilə - dövlətçilik tarixi, qabaqcıl ictimai-siyasi və iqtisadi quruluşu, yüksək mədəni inkişafı, sivilizasiyası və bir qayda olaraq, sabit sosial sistemi ilə həm Avropada, həm də bütün dünyada nümunəvi ölkələrdən hesab edilir. Azərbaycan üçün dünyanın belə bir nüfuzlu Qərb dövləti ilə mədəni sahədə əlaqələrin qurulması həmişə aktual olmuşdur.
Azərbaycan - İngiltərə mədəni əlaqələrinin tarixi kökləri, hələ çox-çox əvəllərə - orta əsrlərə gedib çıxır. Bu əlaqələrin təşəkkülü, ilk növbədə, İngiltərə ilə beynəlxalq münasibətlərin başlanması tarixi ilə əlaqədardır. Bu tarix XVI əsrə - İngiltərədə yenicə formalaşmağa başlayan ingilis burjuaziyasının dünya ölkələri ilə iqtisadi- ticarət əlaqələrinin qurulması uğrunda mübarizə apardığı dövrə təsadüf edir. Bu dövrdə Azərbaycanda Səfəvi dövləti ilə İngiltərə arasında bağlanan rəsmi sənəd iki ölkə arasında beynəlxalq münasibətlərin gerçəkləşməsinə təkan verdi. İngilis kraliçası Yelizaveta Tüdorun (1558 - 1603) Səfəvi hökmdarı Şah Təhmasibə 25 aprel 1561-ci il tarixdə yazdığı məktubda qeyd olunurdu. Y.Mahmudov "Azərbaycan diplomatiyası" əsərində yazır: "Əgər bizim aramızda, dövlətlərimiz və xalqlarımız arasında xoş məramla belə müqəddəs qonaqpərvərlik hüquqları və ümumi xeyirxah insani xidmətləri müəyyən edilərsə, ürəkdən müdafiə olunarsa və bunlara möhkəm riayət edilərsə, biz ümid edirik ki, bu kiçik başlanğıcdan bizim şərəf və şöhrətimiz naminə və xalqlarımızın böyük faydası naminə böyük nəticələr əldə olunmasına hər şeyə qadir olan Allahın özü kömək edər".
İpək və yun parçalar üzrə ticarətin, iqtisadi əlaqələrin qurulması tacirlərlə yanaşı ingilis səyyahlarının, alim-şərqşünasların, salnaməçilərin Azərbaycana səfər etməsini zəruri etdi ki, bu da mədəni əlaqələrin təşəkkülündə başlıca təkan oldu.
Azərbaycana səfər etmiş orta əsr ingilis səyyahı Antoni Ceng- İnson İngiltərə kraliçası Yelizaveta Tüdorun məktubları ilə (1561 - 1563-cü illərdə) Səfəvi dövlətinə səfər etmiş və Azərbaycan haqqında ilk maraqlı qeydlərini aparmışdı. İngilis səyyahının sənətkarlarımızın əlləri ilə toxunan xalçalardan, parçalardan ağızdolusu danışması bizim üçün daha çox qiymətlidir. Antoni Cenkinson yazır: Y.Mahmudov "İngilis səyyahı Azərbaycanda" əsərində yazır: "Abdulla xanın bir nahar məclisində 290 cür xörək, müxtəlif nemətlər, habelə, meyvə verildi". Bu faktın özü Azərbaycan-İngiltərə mədəni əlaqələri baxımından çox dəyərlidir.
Ticarət və iqtisadi əlaqələr nəticəsində Azərbaycanın sənət nümunələri - xalçası, ipəyi, mahudu, həmçinin, Azərbaycan folkloru, xalq ənənələri haqqında təsəvvürlər təkcə İngiltərə deyil, bütün Avropada onun mədəniyyəti ilə tanışlıqda mühüm amil oldu. Təsadüfi deyil ki, milli qəhrəmanlıq eposu olan "Koroğlu" da məhz ilk dəfə İngiltərədə çapdan çıxmışdır.
Azərbaycan-İngiltərə mədəni əlaqələrinin təşəkkülü, formalaşması tarixində Nizami Gəncəvinin yaradıcılığına olan güclü maraq xüsusi əhəmiyyət kəsb edirdi. Bu dövrdə ingilis şərqşünaslığında öyrənilən əsas aparıcı mövzulardan biri də məhz Nizami yaradıcılığı, klassika idi. Nizami Gəncəvinin yaradıcılığı ayrı-ayrı münasibətlərin inkişafına birbaşa təsir göstərmişdi. Azərbaycan-İngiltərə mədəni-ədəbi münaqişələrin perspektiv inkişafına birbaşa təsir göstərməsidi. Hətta faciə janrının görkəmli nümayəndəsi, böyük ingilis dramaturqu Vilyam Şeksperin məşhur "Romeo və Cülyetta" faciəsinin Nizami Gəncəvi yaradıcılığından əxz olunduğu haqqında elmi mülahizələr də şərqşünaslıqda öz təsdiqini tapmışdı. XVII əsrin sonu XVIII əsrin əvvəllərində yaşayıb- yaratmış V.Şekspirin "Romeo və Cülyetta"sını "Qərbin "Leyli-Məcnun"u da adlandırırlar. "Dünya şöhrətli şərqşünas İ.Y.Kraçkovski ilk dəfə belə bir fikir irəli sürmüşdür ki, Nizaminin "Leyli və Məcnun" poemasının təsiri altında yazılan Qərbin sənət əsərələri içərisində V.Şekspirin "Romeo və Cülyetta" əsəri xüsusilə diqqəti cəlb edir".
V.Şekspir yaradıcılığı Azərbaycan-İngiltərə mədəni əlaqələri sistemində çox böyük rol oynamışdı. İstər ədəbiyyatda, istər teatr, istərsə də təsviri sənətdə bu ingilis klassikinin əsərlərinə müraciət, onun yaradıcılığının təsiri özünü qabarıq şəkildə göstərir ki, bu haqda yeri gəldikcə söhbət aparılacaq.
Dünya klassiki səviyyəsinə ucalmış N.Gəncəvi yaradıcılığı, onun ədəbi irsi tarixin sonrakı çağlarında ingilis alim-tədqiqatçılarının, şərqşünas və tərcüməçilərin əsas fəaliyyət obyektinə çevrilmişdi. Onun dünya səviyyəsində məşhurlaşmasında, Avropada böyük maraqla qarşılanmasında ingilis dilli şərqşünaslarının rolu çox böyükdür. "İngilis şərqşünaslığının atası" hesab edilən Vilyam Cons, C.Atkinson, K.Vilson, V.Klark, F.Darab bu sahədə xidməti olan şərqşünaslardandır.
Azərbaycan-İngiltərə mədəni əlaqələrinin sistemsiz, qeyri-ardıcıl, davamsız səciyyə kəsb etməsi, ilk növbədə, həmin ölkələrlə siyasi əlaqələrin fraqmentarlığı ilə bağlıdır. Azərbaycan ədəbiyyatı, folkloru ingilis şərqşünaslığının diqqətini cəlb etsə də bu mədəni əlaqələr sistemində cüzi hiss olunurdu. XVI əsrin 80-ci illərindən Səfəvi dövləti ilə İngiltərənin əlaqələrinin kəsilməsi ilə müşahidə olunan siyasi münasibətlərdə bir də XIX əsrin 70-ci illərində canlanma oldu. İngilis kapitalistlərinin Azərbaycan neftinə göstərdikləri ciddi səylər və iş birliyi Şekspir yaradıcılığına diqqətin artmasına başlıca səbəb oldu. Şekspirin yaradıcılığı ilə milli dramaturgiyanın banisi M.F.Axundov da maraqlanır. 1892-ci ildə Haşımbəy Vəzirov "Otello" faciəsini Azərbaycan dilinə çevirir. 1904-cü ildə isə, baş rolda özü çıxış etməklə, bu əgər ilk dəfə olaraq Şuşada Azərbaycan dilində tamaşaya qoyulur. İki ildən sonra - 1906-cı ildə Ə.Haqverdiyev Şekspirin digər faciəsini - "Hamlet"i tərcümə etmiş və bu dünya şöhrətli əsərdən parçalar səhnələşdirilmişdir.
S.Tağıyevin qeyd etdiyi kimi, 1882-ci ildə Londonda Haqqard və Streynjin "Hekayəti-vəziri- xani Lənkəran" - "fars pyesi" kitabı çapdan çıxmışdır. Kitabın müəllifləri səhv olaraq bu pyesi fars pyesi adlandırmışlar. Bu cür səhvlər M.F.Axundzadə əsərlərinin bütün Avropa nəşrlərində özünü göstərmişdir. Hətta bir çox Avropa şərqşünasları M.F.Axundzadəni fars dramaturqu kimi təqdim etmiş, əsərlərini də fars dilində yazdığını qeyd etmiş və yaradıcılığı haqqında səhv məlumatlar vermişlər.
Haqqard və Streynj kitaba yazdıqları ön sözdə səhv olaraq pyesi "İrana səfər edən səyahətçilər, rezidentlər və Hindistanda tələbələr üçün fars danışıq dilinə dair dərs vəsaiti kimi" təqdim edirlər: "Tehranda naşirlərin özü fars dilini öyrənərkən bu cür vəsait tapa bilməzlər".
Müəlliflər əsərin müəllifi Mirzə Fətəli Axundzadə haqqında ötəri məlumat verirlər: "Nəşr etdiyimiz bu pyesi Tehranda çap olunmuş kitabdan əldə etmişik...! Müəllif Mirzə Cəfər həqiqətən Fəth-Əli adlanan birisinin ancaq tərcüməçisidir. Fəth-Əli öz əsərlərini Azərbaycan-türk dilində yazmışdır. Onun orijinalını biz əldə edə bilmədik. Buna baxmayaraq, türk dilindən tərcümə edilmiş pyeslərin təhlili göstərir ki, dialoqlarda ifadə olunan frazeogizmlər fars dili üçün çox xarakterikdir. Mətndə istifadə olunan məsələlər sırf İrana aiddir".
1901-ci ildə Londonda məşhur ingilis alimi Enifoniys Vilson "Dünyanın görkəmli klassikləri" adlı kitabda türkdilli ədəbiyyatlardan bəhs edərkən M.F.Axundzadə və Məhəmməd Füzuli haqqında da məlumat vermişdir. E.Vilson ingilis dilinə tərcümə etdiyi "Mürafiə vəkillərinin hekayəti" pyesi haqqında da geniş bəhs etmişdir.
E.Vilson Osmanlı ədəbiyyatının III dövründə türk nasirlərinin Avropa ədəbiyyatının təsiri altında əsərlər yazdığına işarə edərək ən geniş yayılmış janrlar olan dram və komediyaların isə Avropa deyil, türk üslubunda yazıldığını göstərmişdir: "Əgər Molyer öz əsərlərində parislilərin monarxiya zamanı həyat tərzlərini və canlı danışıq dillərini əks etdirirdisə, Mirzə Fətəli Axundzadə əsərlərindən birində keçən əsrin sonlarında (XIX əsrdə) İstanbuldakı məhkəmə və istintaq proseslərinin xarakterini əks etdirirdi. İstanbulda ədəbiyyatın intensiv inkişafı ona yalnız dram sahəsində deyil, jurnalistika sahəsində özünü göstərməyə imkan vermişdi".
E.Vilson M.F.Axundzadəni "ali dərəcəli orijinal dramaturq" kimi səciyyələndirərək onun əsərlərinin dəfələrlə İstanbulda nəşr olunduğunu qeyd edir: "Öz dramında Fətəli canlı detallarla türk həyat tərzini göstərmişdir. Əsərdə Şərq məhkəmələrində hökm sürən ikiüzlülük və fırıldaqçılıq ifşa olunmuşdur."
Azərbaycan-İngiltərə mədəni əlaqələrinin formalaşması tarixində V.Şekspirin təsiri əsas amillərdən biri kimi dəyərləndirilməlidir. Azərbaycan milli professional teatrının yaranmasında da bu dünya şöhrətli ingilis dramaturqunun yaradıcılığının təsiri güclüdür. 1910-cü ildə Bakıda dramaturqun "Otello" əsəri səhnələşdirilmiş və aktyor Ərəblinski dünya "otelloları" sırasına yeni bir ifaçı kimi daxil olmuşdur. Bir neçə ildən sonra - 1919-cu ildə həmin əsər yeni quruluşda səhnələşdirilmişdir. O vaxt Otellonu A.M.Şərifzadə də oynamışdı. 1920-ci ildə isə Sidqi Ruhullanın benefisi münasibətilə Azərbaycan səhnəsində ilk dəfə olaraq "Kral Lir"dən parçalar göstərilmişdi.
Azərbaycanın 70 illik tarixini əhatə edən sovet hakimiyyəti dövründə İngiltərə ilə mədəni əlaqələr digər kapitalist dövlətləri ilə aparılan "qapalı cəmiyyət" siyasəti əsasında yerinə yetirilirdi. Hər iki xalqın ədəbiyyatına maraq qarşılıqlı idi. Sovet dövründə bir çox ingilis yazıçı və şairlərinin əsərləri Azərbaycan dilinə tərcümə edildi. E.Voynçin "Ovod", Daniel Defonun "Robinzon Kruzo", Conatan Sviftin "Qulliverin səyahətləri", Ç.Dikkensin "Pipp", Mavn Ridin "Başsız atlı" əsərləri nəşr olunaraq kütləvi şəkildə oxucuların ixtiyarına verildi. Şekspirin sonetləri şair Tələt Əyyubov tərəfindən tərcümə edilərək sonra kütləvi şəkildə çap olundu.
Sovet ideologiyasının təbliği məqsədilə Azərbaycanın şair və yazıçılarının sovet hakimiyyətinin ilk və sonrakı çağlarında Böyük Britaniyaya səfərləri mədəni mübadilənin populyar formalarından idi. Bu sahədə mübadilələr qarşılıqlı idi. Eyni populyarlığın nümunəsini İngiltərədə N.Gəncəvi, M.Füzuli, Ə.Xaqani, M.P.Vaqif, M.F.Axundov, M.Ə.Sabir, C.Məmmədquluzadənin ingiliscəyə tərcüməsi və İngiltərədə böyük tirajla nəşr edilməsi faktında göstərmək olar.
Azərbaycanda sovet hakimiyyəti illərində Şekspir yaradıcılığına maraq artdığına görə, Azərbaycan teatrı bu klassikin əsərlərinə müraciət etmişdir. Sovet quruculuğunun ilk çağlarında "Otello" daha tez-tez oynanılan tamaşalardan sayılır. Baş rolu Otellonun ifaçısı Şərifzadə idi.
1925-ci ildə Otello rolunu Bakıda ilk dəfə olaraq gənc aktyor Ülvi Rəcəb də ifa etmişdi. Məhz elə həmin ildə dramaturq Cəfər Cabbarlı "Hamlet"i yenidən tərcümə etmiş, bunun əsasında Azərbaycan Dövlət Akademik Dram Teatrı 1926-cı ildə bu tamaşanı Şərq üslubunda səhnələşdirmişdi.
VAHİD
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2013.- 4 sentyabr.- S.15.