Azərbaycanla İngiltərənin mədəni inteqrasiyası sovet dövründə (XX əsrin 50-70-ci illərində)

 

    

     Sovet dövründə Şekspir yaradıcılığının şah əsərlərindən sayılan bu dramın Azərbaycan teatrına təsiri xüsusiyyətlərini C.Cəfərov belə izah edirdi: "Bu tamaşa öz metodoloji prinsipləri etibarilə ciddi etirazlar doğursa da, səhnə tariximizdə böyük bir hadisə olmuş və Hamlet rolunun ifaçısı Abbas Mirzə Şərifzadənin şöhrətini Azərbaycandan çox-çox uzaqlarda yaymışdır. A.M.Şərifzadə yerli və mərkəzi mətbuatın etiraf etdiyi kimi çox mükəmməl və özünəməxsus məziyyətləri olan bir Hamlet yaratmağa müvəffəq olmuşdur. 1930-cu ildə A.M.Şərifzadə Hamlet rolunda Leninqrad, Moskva və Kazanda çıxış etmişdi".

     "Hamlet"dən sonra Az.DADT-ı "Şıltaq qızın yumşalması" (1929), "Maqbet" (1936), "Romeo və Cülyetta" (1937), "Kral Lir" (1941), "On ikinci gecə" (1946), "Qış nağılı" (1955), Gənc Tamaşaçılar Teatrı "İki veronalı" (1955), "Antoni və Kleopatra" (1964) tamaşaları səhnələşdirilmişdir.

     Qeyd edildiyi kimi, Şekspirin əsərləri Azərbaycan teatrı üçün laboratoriya əhəmiyyəti kəsb edirdi. Aktyor və rejissor yaradıcılığı imkanlarının üzə çıxarılması üçün bu əsərlərin əhəmiyyəti böyükdür. 1936-cı ildə göstərilən "Maqbet" tamaşası hökumətin xüsusi qərarı ilə mükafatlandırılmış, belə ki, tamaşanın rejissoru A.A.Tuqanova və Ledi Maqbet rolunun ifaçısı M.Davudovaya fəxri adlar verilmişdir.

     II Dünya və Böyük Vətən müharibəsi çağlarından sonra SSRİ-nin xarici siyasəti çərçivəsində Azərbaycan-İngiltərə beynəlxalq mədəni əlaqələri daha çox ədəbiyyat və elm sahələrində münasibətlərin canlanmasında təzahür olunurdu. İngilis və Azərbaycan ədəbiyyatına olan qarşılıqlı maraq yeni-yeni tərcümələrin, kitabların nəşrində özünü büruzə verirdi. Ədiblərin bir-birilə mübadiləsi hər iki xalqın qarşılıqlı tanışlığına əhəmiyyətli təsir göstərirdi. II Dünya müharibəsindən, o cümlədən, faşizmə son qoyulduqdan sonra sovet dövləti qazandığı nüfuzu daha da möhkəmlətmək, müharibə zamanı müttəfiq olduğu dövlətlər qarşısında, xüsusilə, Qərb ölkələrində üstünlüyü qoruyub saxlamaq məqsədilə mədəni əlaqələrin qurulmasına vacib məsələlərdən biri kimi yanaşdı. Ədəbiyyat xadimlərinin qarşılıqlı ezamiyyətləri, jurnalistlərin mübadiləsi bu sahədə daha çox tətbiq olunan mədəni vasitələrdən oldu.

     H.Hacıyev "Sülh və tərəqqi naminə" beynəlxalq əməkdaşlıq əsərində yazır ki, əsərləri ingilis dilinə tərcümə olunmuş Azərbaycan şair və yazıçılarını mütaliə edən ingilis yazıçısı Ketmen Frensis Xauqevtin etirafı diqqətəlayiqdir: "Mən ilk kəşfçiyəm. Mən özümü Kolumb və Kortes ilə birlikdə hiss edirəm. Mən özüm üçün yeni bir ölkə açmışam".

     Azərbaycanın xalq şairi Səməd Vurğunun 1947-ci ildə Böyük Britaniyaya səfərinin məqsədi də məhz bununla bağlı idi. Londondan təəssüratlarla qayıdan görkəmli şair "Avropa təəssüratları" silsiləsindən şeirlərini çap etdirdi. Həmin silsiləyə "London qarısı". "Banket", "Marksın qəbri" və s. aiddir. Xüsusilə, "Karl Marks"a ithaf etdiyi şeirində S.Vurğun Londonun Köhnə Heyget qəbiristanlığında dəfn olunmuş kommunizm ideologiyasının banisini hüznlə yad edir.

     Bu cür mübadilələr ilk növbədə, sosializmin tərənnümü və ləbliğatı məqsədini daşıyırdı. Ədəbi əlaqələr Azərbaycan-ingilis ədəbiyyat nümayəndələri arasında əməkdaşlığın yaranmasına təkan oldu. 1954, 1965, 1970, 1975, 1989-cu illərdə SSRİ ilə İngiltərə dövlətləri arasında beynəlxalq münasibətlərin istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı rəsmi səfər və görüşlərdə mədəni əlaqələrin genişləndirilməsi məsələsi beynəlxalq səviyyələrdə, hüquqi aktlarda öz təzahürünü tapdı. Xüsusilə, ikitərəfli münasibətlərdə mədəni əlaqələrin genişləndirilməsi ayrıca bir müddəa kimi təsbit olundu. İmzalanan saziş sənədlərində musiqi, elm, ədəbiyvat sahələrində əməkdaşlığın canlandırılması, inkişafı önəmli yer tutan məsələlərdən birinə çevrildi. SSRİ-nin xarici və mədəni siyasəti çərçivəsində Azərbaycan-İngiltərə mədəni əməkdaşlığı, xüsusilə, ötən əsrin 50-70-ci illərinin inkişaf dinamikası ilə irəliləyirdi. İngilislər Azərbaycan mədəniyyətinə maraq göstərməyə başladı. Bu dövrdə artıq bütün Avropada tanınmağa başlayan Q.Qarayev və F.Əmirovun simfonik əsərləri Londonda da böyük maraq və sevgilə qarşılandı. İngiltərənin musiqi kollektivlərinin repertuarında bu bəstəkarların əsərləri müəyyən yer tutdu. 1965-ci ilin mayında Londonun iri konsert zallarından biri olan Royal festival -hollda F.Əmirovun simli orkestr üçün bəstələdiyi simfoniya London simfonik orkestri tərəfindən ifa olundu. Orkestıə RSFSR-in əməkdar artisti Gennadi Rojdestvenski dirijorluq edirdi. Tərif söyləməyə "qənaət" edən ingilis musiqi ictimaiyyəti Azərbaycan bəstəkarının bu uğurunu və istedadını yüksək qiymətləndirdi. "Tayms" qəzetinin musiqişunası öz məqaləsində F.Əmirovun bu əsəri yüksək sənətkarlıqla, heç bir cüzi qüsuru olmadan bəstələdiyini bildirdi.

     "Faynenş tayms" qəzeti isə, bəstəkarın istedad və bacarığının gücünün ilahi qüdrət olduğunu vurğulamışdı. "Sovet mədəniyyəti" qəzetinin müxbiri ilə müsahibəsində bəstəkar Fikrət Əmirov Londonda Azərbaycan klassik musiqisini xalqının tarixində ilk dəfə olaraq təqdim etdiyinə görə qürur duyduğunu və bu səmimi qəbuldan məmnun olduğunu söyləmişdir. SSRİ Dövlət Akademik Böyük Teatrının balet truppası sonrakı illərdə İngiltərədəki qastrol proqramına istedadlı Azərbaycan bəstəkarı Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletini də daxil etmişdi. Balet Londonda yüksək qiymətləndirilmiş, ingilis tamaşaçılarının rəğbətini qazanmışdı.

     Artıq İngiltərədə Azərbaycan musiqisi haqqında çox gözəl rəy formalaşmışdı ki, bu da Azərbaycan-ingilis musiqiçiləri və bəstəkarları arasında yaradıcılıq əlaqələrinin formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərirdi. Qeyd etdiyimiz kimi, Azərbaycan-İngiltərə mədəni əlaqələrində Şekspir yaradıcılığı daim mühüm rol oynayıb. İstər ədəbiyyatda, istərsə də teatrda bu görkəmli faciə ustadının əsərlərinə müraciət bütün tarixi çağlar üçün aktual olub. Artıq XX əsrin 60-cı illərində Şekspirin əsərlərinin tərcüməsinə müraciət edənlərin sayı artır, "Sonetlər"in (1955), "Seçilmiş əsərləri"nin (1962), "Sonetlər və poemalar"ın (1964) yeni variantı Azərbaycan oxucusuna təqdim olunur.

     M.Mərdanovun Azərbaycan, rus və ingilis dillərində nəşr etdirdiyi "Şekspir Azərbaycan səhnəsində" albomu, müəllif T.Yusifbəylinin rus dilində "Şekspir Azərbaycan Dövlət Dram Teatrı səhnəsində" mövzusunda elmi əsəri Azərbaycan-ingilis mədəni əlaqələrinin davamlı olduğuna bir sübutdur. Bu sahədə əlaqə və mübadilələr ikitərəfli idi. 1964-cü ildə Londonda Vilyam Şekspirin anadan olmasının 400 illiyinə həsr olunmuş yubiley təntənəsinə dəvət olunmuş Azərbaycan SSR-in xalq artisti M.Mərdanovun "Azərbaycan teatrının yaradıcılıq fəaliyyətinin təkmilləşdirilməsində Şekspir yaradıcılığının rolu" mövzusundakı nitqi dramaturqun həmvətənlərinin diqqətini cəlb etmişdi.

     50-70-ci illərdə Azərbaycan-İngiltərə mədəni əlaqələri sistemində elmi əlaqələrin də xüsusi yeri vardır. Elmdə əldə olunan bəşəri nailiyyəllərin hər iki ölkənin alimləri tərəfindən yaradıcılıq mübadiləsi yolu ilə mənimsənilməsi bu əlaqələrin get-gedə inkişafına əhəmiyyətli dərəcədə təsir göstərirdi kimya, fızika, riyaziyyat, geologiya, tibb, fıziologiya elmləri sahəsində çalışan R.İsmayılov, T.Abdullayev, M.Qaşqay, Y.Musabəyova, M.Topçubaşov, Z.Xəlilov, A.Qarayev, Ə.Quliyev, H.Əliyev, D.Ağalarova, F.Vəkilova, L.Kərimov və başqalarının adı artıq ingilis alimlərinə çox yaxşı tanış idi. Adları çəkilən bu alimlərlə İngiltərə elm xadimləri arasında şəffaf əməkdaşlıq qurulmuşdur. Bir çox elmi mülahizə və fikirlərlə mübadilə aparan əməkdaşlar birgə elmi nəticələr əldə edirdilər. Azərbaycan elminin görkəmli alimi Mirəli Qaşqay İngiltərə Minerologiya Cəmiyyətinin üzvü seçilmişdi. Cəmiyyətin 1960-cı illərdə çıxan "Elmi əsərləri" toplusunda Azərbaycan alimi, geologiva-minerologiya elmləri doktoru A.Səidovun elmi işinin nəticələri dərc olunmuşdur. Tanınmış ingilis mineroloqu alim R.Makenzi əməkdaşlıq məqsədilə Bakıya ezamiyyətə gəlmiş, alim Səidovla elmi mübadilə etmişlər. O, bu əməkdaşlıqdan məmnun qaldığını və İngiltərədə gilin mineroloji tədqiqi zamanı Səidovun təklif etdiyi ultrasəs şüalanması metodundan istifadə etdiyini bildirmişdi. Alim-mineroloq, professor A.Səidov Londonda elmi məclis və toplantıda çıxış etmək üçün dəvət almışdı.

     Azərbaycan alimi Xudu Məmmədovun məşhur ingilis alimi C.Bernal ilə sıx əməkdaşlığı da elmi əlaqələrin inkişafına çox kömək edirdi. Akademik C.Hüseynovun "Neft-boy maddəsi"nin kəşfi 1963-cü ildən başlayaraq bir çox xarici ölkə alimləri ilə yanaşı, İngiltərə mütəxəssisləri və elmi ictimaiyyətinin də diqqətini cəlb etmişdir. Azərbaycan Dəniz Neft Elmi-Tədqiqat və Layihələşdirmə İnstitutunun laboratoriya müdiri R.Hacıyevin "yaş polad səthlərin korroziyadan qorunması üçün xüsusi rənglər və onların xassələri" haqqında Amsterdamda (Hollandiya) çağrılmış IV Beynəlxalq Konqresdə etdiyi məruzə ingilis aliminin diqqətini cəlb etmiş və bu haqda hər iki alim arasında mübadilə aparılmışdır. Neft kimyası sahəsində azərbaycanlı alimlərin əldə etdiyi uğurlardan digər avropalı alimlərlə yanaşı, ingilis alimləri də iqtibas etmişlər. "Azərbaycan kimya junralı", "Nelt və qaz" jurnalı, "Qaz kondensat və neft yataqlarının istismarı məsələsi", "Transformator yağlarının keyfiyyətini yaxşılaşdırmaq yolları" məcmuələri, akademik Y.Məmmədəliyevin "Nitrillər kimyası", T.Şahtaxtinskinin SSRİ Elmlər Akademiyasının həqiqi üzvü A.Topçiyevlə birgə yazdığı "Müasir sintetik materialların istehsalında neftin əhəmiyyəti", M.Nağıyevin "Kimya texnologiyasında resirkulyasiya prosesləri haqqında təlim", F.Vəkilovanın "Kobaltın geokimyası" monoqrafiyaları İngiltərədə də geniş yayılmışdi. Bu illərdə mikrodalğalı elektroskopiya üzrə İngiltərədə keçirilən beynəlxalq konfransda alimlərdən L.İmanov və İ.Muxtarovun məruzələri marağa səbəb olmuşdu.

     Elmi əlaqələr elmi idarə və müəssisələrlə də aparılırdı. Azərbaycan SSR EA Arxitektura və İncəsənət İnstitutunun alimi L.Kərimovun İngiltərə xalça mütəxəssisləri ilə əməkdaşlığı çox faydalı və səmərəli səciyyə kəsb edirdi. İngiltərədəki "Şərq xalçaları manufakturası" firması tərəfindən nəşr etdirilən "Şərq xalçaları" monoqrafiyasında L.Kərimovun əsərlərindən geniş istifadə olunmuşdur. İngilis həmkarlarının xahişi ilə L.Kərimov Azərbaycanın, o cümlədən, Bakının xalçaçılıqla məşğul olan yüzə yaxın qəsəbə və kəndinin adını, xalçaların növ və çeşidlərini, qrup və tiplərini, bədii və texnoloji xüsusiyyətlərini də müəyyənləşdirmişdi.

     İngiltərənin Kembric Universitetinin professoru Minorski və digərləri akademik M.Şirəliyevin əsərləri ilə maraqlanmış, alimlə ünsiyyət saxlamışdı. Qarşılıqlı mübadilələr nəticəsində hər iki ölkənin təhsil və tədris sahəsindəki işləri ilə yaxından tanışlıq aparılırdı. 1956-cı ilin noyabrında London Universitetinin rektoru D.Cefferin rəhbərliyi ilə maarif işçilərindən ibarət nümayəndə heyəti Azərbaycan məktəblərində tədris-tərbiyə işinin qoyuluşu ilə hərtərəfli tanış olmaqla yanaşı, müəllimlərlə, elm və mədəniyyət xadinləri ilə də görüşmüşlər. Nümayəndə heyəti həmçinin ali məktəblərdə və elmi-tədqiqat müəssisələrində, Azərbaycan EA-da olmuşlar, buradakı ziyalılarla əməkdaşlıq etmişlər. İngilislərin yaxşı tanıdıqları Azərbaycan bəstəkarı F.Əmirovun "Sevil" operasına tamaşa etmək  qonaqlara böyük zövq vermisdi.

    

 Vahid Ömərov,

 fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2013.- 5 sentyabr.- S.15.